Məhkəmə qərarları › İş №2-1(112)-4031/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4031/2024

22.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4031/2024 22.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı “cavabdehin 02 noyabr 2023-cü il tarixli N00019092 saylı xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina qərarının qanunsuz hesab edilməsi və X5 Universiteti tərəfindən iqtisadçı ixtisası üzrə verilmiş TOTU N0000105 nömrəli, xx.xx.2017-ci il tarixli diplomun tanınması ilə bağlı şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Təsviri hissə

1. İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı “cavabdehin 02 noyabr 2023-cü il tarixli N00019092 saylı xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina qərarının qanunsuz hesab edilməsi və diplomun tanınması ilə bağlı şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “cavabdehin 02 noyabr 2023-cü il tarixli N00019092 saylı xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina qərarının qanunsuz hesab edilməsi və X5 Universiteti tərəfindən iqtisadçı ixtisası üzrə verilmiş TOTU N0000105 nömrəli, xx.xx.2017ci il tarixli diplomun tanınması ilə bağlı şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin 09 aprel 2024-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-2017-ci illərdə Gürcüstanın Tbilisi şəhərində yerləşən Açıq Təhsil Universitetində iqtisadçı ixtisası üzrə təhsil almış və həmin universiteti müvəffəqiyyətlə bitirərək Humanitar və Sosial Elmlər Şurasının 10 iyul 2017-ci il tarixli 10 saylı qərarı ilə onun adına TOTU N000105 nömrəli xx.xx.2017-ci il tarixli diplom verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları”nın təsdiq edilməsi haqqında 3 fevral 2023-cü il tarixli qərarı qəbul edildikdən və bu məqsədlə qəbul edilmiş 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ləğv edildikdən sonra tanınma ilə bağlı sənədləri müvafiq qaydada ikinci dəfə TKTA-ya (Təhsildə Keyfiyyət Təminat Agentliyi) təqdim etmiş, xx.xx.2023-cü il tarixdə imtina almışdır. Səbəbi normativ təhsil müddətində xarici ölkədə az olmağı ilə əsaslandırılmışdır. İnzibati orqan imtina edərkən təhsil müddətində xarici ölkədə az olduğunu sübüt edən günləri faktiki rəqəmlərlə göstərməmişdir. İddiaçının hesablamalarına görə onun oxuduğu müddətdə xaricdə 389 gün, yəni birinci dərs ilində 167 gün, ikinci dərs ilində 149 gün, üçüncü dərs ilində 26 gün və dördüncü dərs ilində 47 gün olmuşdur. Bu da orta hesabla 97,25 gün edir. Yalnız 3-cü dərs ilində xaricdə az olmağı səbəbi ixtisasa uyğun vətəndə işləməyi, təcrübə keçməyi və xəstəliyi ilə bağlı olmuşdur. 3cü kursada xarici ölkədə az olmağı formal xarkter daşımışdır. Belə ki, 3-cü kursdan ixtisasıla bağlı vətəndə işləməyi və təcrübə keçməyi oxuduğu universitetdən razılıq verilmişdi və təsdiq üçün lazımı sənədləri təqdim etmişdir. İxtisas üzrə işləməyən tələbələrdən dərsdə iştirak etmək ciddi tələb olunurdu.İddiaçı indiyək bu sahədə işləyir və işinin öhdəsindən də layiqincə gəlir. Təhsil müddətində qanuni olaraq xarici ölkənin şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini də almışdır. Bu özü bir daha xarici ölkədə uzun müddət olduğunu sübut edir. Eyni zamanda, xəstələnənə kimi Universitetin idman həyatında yaxından iştirak etmiş və Azərbaycan bayrağını zirvəyə qaldırmışdır. İddiaçının xaricdə oxuduğu müddətdə təhsilin kredit sistemi ilə tədrisi tətbiq edilib və 200-250 kredit müəyyənləşdirilib. Bu krediti yığmaq məcburidir, o da müvafiq olaraq 245 kredit yiğmışdır. Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi əsasnamənin 2.3 bəndinə görə kredit üzrə auditoriya dərsləri 15 həftə müəyyən olunur. Tələbələrin həftəlik auditoriya və auditoriyadan kənar ümumi yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya dərsləri 30 saatı aşmamalıdır, yəni qəti olaraq 30 saat olacağı tələb olunmur, az da ola bilər. Məcburi hall sayılmır. Tədris olunan fənlərin hansı səviyyədə mənimsənilməsi məsələsinə qiymət verilməsi təhsil aldığı ölkədəki müəssisənin və ya orada fəaliyyət göstərən Dövlət İmtahan Komissiyasının səlahiyyətlərinə aiddir. İşlədiyi müddətdə nəzəri biliklərini praktikada tətbiq edir, təchizat sahəsində SAP ERP proqramından sərbəst istifadə edərək həmkarlarına bu proqramda işləmək üçün təcrübə keçmişdir. Rus və ana dilində sərbəst danışa bilir, mühasibat kursunu keçərək müvafiq sertifikata yiyələnmişdir. Paralel olaraq, Rusiyanın Sankt-Peterburq şəhərində Admiral Makarov adına Dənizçilik Akademiyasında İİ kursda qiyabi təhsil alır. İnzibati orqan qərar qəbul edərkən tanınmaya əsas verən bütün digər halları nəzərə almamış formal xarakterli bir amilə söykənərək vətandaş üçün lüzumsuz problem yaratmaqla hansı məqsədə xidmət etdiyinin fərqinə varmamışdır. Elm və Təhsil Nazirliyi və TKTA iddiaçının ali təhsil almağına, işlə təmin olunmağına heç bir maddi və mənə yardım göstərməmişdir. Öz vəsaiti və bacarağı hesabına oxuyub diplom almışdır. Bu diplom Avropa regionunun bütün ölkələrində tanınır, təkcə vətəndə yox. İddiaçı cavabdehin mövqeyini əsassız və qanun hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmənin sərəncamına əsasən təqdim edilmiş iddia ərizəsinə etirazında cavabdeh göstərmişdir ki, iddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə elektron ərizə sistemi vasitəsilə xx.xx.2023-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. İş üzrə inzibati icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən aparılmış, Qaydanın nəzərdə tutduğu tanınmaya dair tələblər üzrə uyğunsuzluq müəyyən edildiyi üçün xx.xx.2023-cü il tarixində ona tanınma haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İddiaçının müraciəti əsasında aparılmış inzibati icraat zamanı onun xarici ali təhsil aldığı ölkədə olmasını yoxlamaq məqsədilə sərhədkeçmə məlumatları tədqiq edilmiş, onun təhsil aldığı illər üzrə xarici ali təhsil aldığı ölkədə olma müddətləri aşağıdakı kimi müəyyənləşdirilmişdir: 13-14 - 4 ay 22 gün, 14-15 - 4 ay 2 gün, 15-16 - 26 gün, 16-17 - 1 ay 12 gün İddiaçı 2017- ci ildə tədris dövrünü başa vurmuş onun təhsil müddəti pandemiya dövrünə təsadüf etməmişdir. İddiaçı xüsusilə tədrisin son iki ilində əyani təhsilalma formasına uyğun olaraq ali təhsil müəssisəsində tədris prosesində iştirak üçün təhsil müəssisəsinin yerləşdiyi ölkədə olmamış, bunu öz iddia ərizəsində əmək fəaliyyətilə əlaqələndirmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əyani təhsilalma formasında təhsilalanların tamştat əmək fəaliyyəti ilə məşğul olması nəzərdə tutulmamış, ali təhsil müəssisələrində yalnız qiyabi formada təhsilalanlara bununla bağlı təhsil məzuniyyətinin verilməsi göstərilmişdir. Eyni zamanda, iddiaçı təhsil aldığı dövrdə əmək fəaliyyətilə məşğul olduğu üçün ara verikdə akademik məzuniyyət götürməli və növbəti illər üçün akademik məzuniyyət dövründə yaranmış borcların ödənilməsi üçün əlavə müddətlərdə ali təhsil müəssisəsində dərslərdə və imtahanlarda iştirak etməli idi. İnzibati icraat zamanı iddiaçı tərəfindən akademik məzuniyyət barədə sənədlər təqdim edilməmiş, habelə sonrakı illər üçün həmin akademik borcun ödənilməsi üçün ali təhsil alınan xarici ölkəyə gediş müşahidə olunmamışdır. İddiaçı 4 illik təhsil müddətini 4 ildə bitirmiş, natamam formada iştirak edilmiş son 2 tədris ili üçün növbəti illər üzrə əlavə olaraq tədris prosesində iştirak etməmişdir. İddiaçı təhsil aldığı son iki il üzrə Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ aktlara uyğun olaraq əyani təhsilalma forması üzrə minimum normativlərin ödənməsi üçün nəzərdə tutulmuş müddətin qarşılığında xarici ali təhsil aldığı ölkədə olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. Əsaslandırma hissə

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.3.inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. 34.1-cü mаddəsinə əsаsən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. 35.1-ci maddəsinə əsasən, Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə etirazı, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

İİİ. Faktiki hallar və sübutlar

İddiaçı məhkəməyə sübut qismində ona məxsus olan AA******* nömrəli şəxsiyyət vəsiqəsini, C00117084 nömrəli xarici pasportunu, ambulator, stasionar xəstənin xəstəlik tarixindən çıxarışlar, ******* nömrəli əmək kitabçası, TOTU 000105 nömrəli diplomu, TOTU 000105 nömrəli dipoma əlavəni, cavabdehin 02 noyabr 2023-cü il tarixli, NA00019092 nömrəli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərarını məhkəməyə təqdim etmişdir.

İV. Məhkəmənin mövqeyi

Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş 11 aprel 1997-ci il tarixli «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın 6.1-ci maddəsində də razılığa gələn tərəfə belə bir səlahiyyət verilir ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.

8. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nə əsasən:

1-1. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 2.2.2. cavabdeh xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir. 3.1.4. xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək cavabdehin vəzifələrinə aid edilmişdir.

9. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

11.1. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər aşağıdakılardır: 11.1.3. təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün acıq və bərabər imkanlı olmasını təmin etməkdədir Qanunun 11.1.4-cü maddəsinə görə, yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq. 11.1.5. cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialina tələbatının ödənilməsi üçün real zəmin yaratmaqdan ibarətdir. 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani;13.1.2. qiyabi;13.1.3. distant (məsafədən);13.1.4. sərbəst (eksternat). 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. 27.3. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək;

Qeyd edilən normalardan göründüyü kimi, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. İşin faktiki hallarına əsasən iddiaçıya X5 Universiteti tərəfindən iqtisadçı ixtisası üzrə əyani təhsil haqqında diplom verilmiş və həmin diplom Gürcüstan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının xarici ali təhsil aldığı ölkədə olması aşagıdakı kimi olmuşdur: birinci il- 4 ay 22 gün, ikinci il- 4 ay 2 gün, üçüncü il- 26 gün, dördüncü il -1 ay 12 gün.

10. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarına əsasən:

4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması).

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən:

3.2.2. ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. 3.2.7. tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 3.2.7.1 auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; 3.2.7.2 auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; 3.2.7.3 təcrübələrdə iştirak etməsi; 3.2.7.4 laboratoriya işlərini yerinə yetirməsi; 3.2.7.5 kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; 3.2.7.6 imtahanlara hazırlığı və imtahanları verməsi; 3.2.7.7 buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən: 2.8. əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir, 2.11-ci bəndinə əsasən bakalavriat səviyyəsində bütün təlim müddətində təcrübəyə 8-18 həftə ayrılır. İxtisaslardan asılı olaraq, təcrübənin müddəti ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir və tədris planında öz əksini tapır. 2.13. bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır, 2.14-cü bəndinə əsasən tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr yekun dövlət attestasiyasına buraxılırlar, 2.15-ci bəndinə əsasən yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir, 2.16-cı bəndinə əsasən yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir, 2.17-ci bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (tibb təhsilində 300-360 kredit) müəyyənləşdirilir. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.

13. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarxli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydalarına əsasən: 5.1. Tələbəyə (xüsusi təyinatlı ali təhsil müəssisələrinə münasibətdə yalnız həmin müəssisələrdə təhsil alan mülki şəxslərə) akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir: 5.1.1. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətinə (2 ildən çox olmamaqla), səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə – xidmətdən tərxis edilənədək;5.1.2. ailə vəziyyətinə görə (təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyən edilmiş hallar üzrə) - 2 il müddətinədək;5.1.3. səhhətinə görə – həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışında (və ya qərarında) göstərilən müddətə (2 ildən çox olmamaqla); 5.1.4. sosial məzuniyyətə çıxdıqda – qanunvericiliklə müəyyən olunmuş müddətə;5.1.5. dövlət proqramları və təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota çərçivəsində Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrə təhsil almağa getdikdə – bakalavriat proqramlarında təhsil alanlara münasibətdə 1 (bir) ildən, magistratura proqramlarında təhsil alanlara münasibətdə 6 (altı) aydan çox olmamaqla;5.1.6. xaricdə öz hesabına təhsil aldıqda – 1 (bir) il müddətinədək. 5.2. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti tədris semestrindən (yaz və ya payız semestrindən) buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası (magistraturada təhsil alanlara münasibətdə ixtisaslaşması) və təhsilalma forması üzrə kadr hazırlığı aparılmadıqda tələbə həmin müəssisədə mövcud təhsilalma formasında və ali təhsil müəssisəsi tərəfindən müəyyən olunan uyğun ixtisasda (magistraturada təhsil alanlara münasibətdə ixtisas daxilində digər ixtisaslaşmada) təhsilini davam etdirə bilər. Bu zaman bu Qaydaların 2.7-2.12-ci bəndlərinin tələbləri nəzərə alınır. Magistratura səviyyəsində akademik məzuniyyətdən qayıdan şəxsin əvvəl təhsil aldığı ixtisas, ixtisaslaşma və təhsilalma forması üzrə heç bir təhsil müəssisəsində kadr hazırlığı aparılmırsa, o, Nazirlik tərəfindən müəyyən olunan uyğun ixtisas və ixtisaslaşma üzrə (bu zaman şəxsin əvvəl təhsil aldığı və bərpa olduğu ixtisasların eyni ixtisaslar qrupuna daxil olması nəzərə alınır) öz təhsil müəssisəsində təhsilini davam etdirə bilər. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” ilə müəyyən edilmiş normativdən az olmayaraq müddətdə Gürcüstan Respublikası Açiq Təhsil Universitetində təhsil aldığını sübuta yetirə bilməmişdir. Məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçı 2015-2016 və 2016-2017-ci tədris illərində əyani təhsilalma formasına uyğun olaraq ali təhsil müəssisəsində tədris prosesində iştirak üçün təhsil müəssisəsi yerləşdiyi Gürcüstan Respublikasında çox qısa müddətdə olmuşdur. İddiaçı bunu əmək fəaliyyətilə əlaqələndirmişdir. Halbuki əmək qanunvericiliyi ilə əyani təhsilalma formasında təhsilalanların tamştat əmək fəaliyyəti ilə məşgul olması nəzərdə tutulmamışdır. Bundan əlavə, iddiaçı təhsil almasının dayandırılması ilə bağlı akademik məzuniyyətdə olmasına dair hər hansı bir dəlil göstərməmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarına görə, iddiaçı əyani təhsil aldığı ölkənin ərazisində qısa müddətdə olmuşdur, yəni cavabdehin etirazında göstərildiyi kimi təhsilin normativ müddətinin tələbinə əməl edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtinası qanuna uyğun olmuşdur.

14.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

2.0.2.İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı “cavabdehin 02 noyabr 2023-cü il tarixli N00019092 saylı xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina qərarının qanunsuz hesab edilməsi və X5 Universiteti tərəfindən iqtisadçı ixtisası üzrə verilmiş TOTU N0000105 nömrəli, xx.xx.2017-ci il tarixli diplomun tanınması ilə bağlı şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar