Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4032/2022 11.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qarşı nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilməsinin qanunsuz hesab edilməsi və zərərin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qarşı nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilməsinin qanunsuz hesab edilməsi və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən DYP əməkdaşı tərəfindən saxlanılmış, və onlar cərimə ödənilməməsi ilə bağlı olaraq nəqliyyat vasitəsi üzərinə həbs qoyulduğunu bildirmişlər. Onlara həmin qərarın məhkəmə qaydasında mübahisələndirilməsi ilə bağlı sənədlər təqdim edilsə də cərimə meydançasına nəqliyyat vasitəsinin yerləşdirilməsini həyata keçirdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək iddianın iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatı dinləyib, iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 04 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərə şamil edilmir. İnzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi inzibati xətalara dair işlərə aidiyyəti üzrə baxılmasında səlahiyyətli məhkəmə qismində ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri çıxış edir. Məhkəmə isə hazırkı iddia tələblərinə dair işin inzibati xətalara dair iş olması və hazırkı mübahisəyə baxılmasında səlahiyyətli məhkəmənin inzibati məhkəmə əvəzinə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsi olması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddia tələbindən də müəyyən edilir ki, iddiaçı inzibati cərimələrlə bağlı qərarların məhkəmə qaydasında mübahisələndirilməsinə baxmayaraq bunu nəzərə almayan cavabdehin əməkdaşlarının avtonəqliyyat vasitəsini cərimə meydançasına aparılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və zərərin ödənilməsini xahiş edir. Aydın məsələdir ki, inzibati orqanlar üzərinə inzibati işə baxan məhkəmə tərəfindən vəzifənin qoyulması, onların hərəkətlərinin qanunsuz hesab edlməsi, bununla bağlı zərərin ödənilməsi üçün inzibati orqanın icra etməli olduğu vəzifənin, qanunsuz hesab ediləcək hərəkətinin ilk növbədə publik hüquqdan törəməsi zəruri şərtdir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə görə inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı işdə də publiklik baxımından şərtlər ödənilir. Belə ki, cavabdeh tərəf inzibati orqandır və yaranmış mübahisə publik hüquq münasibətlərindən yaranmış mübahisədir. Lakin, cavabdehliyi inzibati orqan və orqanlar daşıyan bütün publik hüquq münasibətlərindən törəmiş mübahisələr inzibati icraat və eləcə də inzibati məhkəmə icraatı qaydasında həll edilmir. Yuxarıda da qeyd olunan müddəalardan göründüyü kimi, eləcə də “İnzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Beləliklə, inzibati xətalara dair işlər üzrə inzibati orqanların apardığı və ya aparmalı olduğu icraat inzibati icraat haqqında qanunvericiliklə tənzimlənə bilmirsə, bunun davamı kimi həmin icraatda nəticəsində yaranmış məhkəmə mübahisələrinə də inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Göründüyü kimi, mübahisənin publik hüquq münasibətlərindən yaranması hər bir halda inzibati məhkəməni səlahiyyətli etmir. Publik hüquq sahəsinə aid olan spesifik münasibətlər var ki, məsələn cinayət, cinayət prosessual, inzibati xəta və s həmin hüquqla tənzimlənən münasibətlər üçün spesifik tənzimləmə müəyyən edilmişdir ki, həmin işlərin spesifikliyi də ixtisaslaşmış orqan və ixtisaslaşmış məhkəmələrin yaranmasına səbəb olmuşdur. Qeyd olunan səbəbdəndir ki, inzibati məhkəmə qaydasında inzibati orqanın inzibati xəta sferasına hər hansı hərəkətinin və ya hərəkətsizliyinin qanunsuz olub-olmamasını yoxlamaq mümkünsüz olur. Belə ki, spesifik bilik tələb edən həmin məsələlərin aydınlaşdırılması üçün mütləq qaydada inzibati xəta qanunvericiliyin müvafiq tələblərinin mükəmməl qaydada nəzəri və praktiki baxımından öyrənilməsi zərurəti yaranır ki, hazırkı halda həmin qanunvericiliyin mükəmməl qaydada nəzəri və praktiki baxımından bilinməli olmasının inzibati məhkəmədən tələb edilməsi məhkəmələrin ixtisaslaşması ilə bağlı tələblərə birbaşa ziddir. Bununla bağlı olaraq, hazırkı qəbildən olan işlərin ümumi yurisdiksiyalı məhkəmələrdə inzibati xəta barədə işlərə baxan hakimlər tərəfindən baxılmalı olması ilə bağlı qayda müəyyən edilmişdir. Belə ki, fəaliyyətinin əsas hissələrindən biri inzibati xətalara dair inzibati orqanların hərəkətlərindən şikayət və digər bu xarakterli materiala baxan ixtisaslaşmış məhkəmənin cavabdehin inzibati xəta fəaliyyətinin subyektləri arasında yaranmış mübahisəyə daha peşəkar səviyyədə baxılması başa düşüləndir. AR İXM-nin: 86.1. İnzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədi ilə səlahiyyətli vəzifəli şəxs bu Məcəllə ilə müəyyən edilmiş hallarda aşağıda göstərilən tədbirləri tətbiq edir: 86.1.8. nəqliyyat vasitəsini saxlama və onun istismarını qadağan etmə. 86.2. İnzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin qanunsuz tətbiqi nəticəsində dəymiş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada ödənilir. 150.1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.11. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Göründüyü kimi inzibati cərimə növündə inzibati tənbehlə bağlı müvafiq ödənişin edilməməsinə görə həmin qərarın icrası və digər aidiyyəti tədbirlər məhz inzibati xəta haqqında qanunvericiliklə tənzimlənir. Həmin icraat inzibati icraat və inzibati məhkəmə icraatından fərqli icraat hesab olunur və həmin sahədə yaranan məhkəmə mübahisələri də göstərilən sahə üzrə ixtisaslaşmış məhkəmələrdə həll olunur. Doğrudur ki, cinayət prosessual qanunvericilikdən fərqli olaraq inzibati xəta fəliyyətini həyata keçirən inzibati orqanın istənilən qərarından, hərəkət və hərəkətsizliyindən şikayət verilməsinin prosedur qaydası inzibati xəta haqqında qanunvericiliklə müəyyən edilməmişdir. AR İXM-nin 6.3-cü maddəsinə görə isə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İlk baxışdan göründüyü kimi, iddiaçının inzibati xəta sahəsində inzibati orqanın əməkdaşının hərəkət və hərəkətsizliyindən şikayətə dair inzibati xəta üzrə prosedur qaydanın olmaması və bununla əlaqədar prosedur qaydanın oxşar qanunvericilik normaları ilə tənzimlənə bilinməcəyi halının mövcudluğu görünsə də, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR İXM-də hazırkı məsələ birbaşa tənzimlənməsə də, AR CPM-də hərəkət və hərəkətsizlikdə müdafiə barədə prosedur qayda müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM): 449.1 və 450-cı və digər aidiyyəti maddələri cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsi, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılması qaydalarını müəyyən edir. Məlumdur ki, xarakter baxımından inzibati xəta və cinayət və cinayət prosessual hüquq publik hüquq sferasına daxildir və şəxslərlə inzibati orqanlar arasında yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirirlər. Belə ki, AR İXM-nin 12.1-ci maddəsinə əsasən vu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. AR CM-nin 14.1-ci maddəsinə görə vu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Göründüyü kimi sadəcə əməlin ictimai təhlükəli olub-olmaması meyarı törədilmiş və törədilməsi ehtimal olunan əməllə bağlı inzibati orqanın tərəfi olduğu icraatı müəyyən edir. Belə olduğu təqdirdə də məhkəmə hesab edir ki, inzibati xəta sahəsində inzibati orqanın hərəkət və hərəkətsizliyindən şikayət də cinayət prosessual qanunvericiliklə oxşar normalar nəzərə alınmaqla rayon məhkəmələri tərəfindən qiymətləndirilməlidir. İddianın maddi və mənəvi zərərin vurulmasına görə cavabdehdən kompensasiyanın ödənilməsinə dair hissəsi ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki, zərərin ödənilməsi ilə bağlı iddia hərəkətlərin qanunsuz hesab edilməsinə dair ilkin iddiadan asılı olan iddiadır və ilkin iddia inzibati məhkəmə qaydasında baxıla bilmədiyinə görə həmin iddiadan törəyən kompensasiyanın ödənilməsi iddiasının inzibati məhkəmə icraatı qaydasında baxılmasından söhbət gedə bilməz. Həmçinin, qeyd edilməlidir ki, həmin iddia AR İPM-nin 2.2.7-ci maddəsində qeyd edilən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ilə eyniyyət təşkil etmir. Belə ki, AR İXM-nin 86.2-ci maddəsindən də görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin qanunsuz tətbiqi nəticəsində dəymiş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada ödənilir. Eyni zamanda, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Qanunun: Maddə 1: Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 8)şəxsinbarəsindəictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda,miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Vurulmuş ziyanın ödənilməsi hüququna malik olan şəxs vəfat etdikdə, vurulmuş ziyanın ödənilməsi hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada onun vərəsələrinə keçir. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2)müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3)ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4)hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 7 Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Göründüyü kimi hazırkı iddia üzrə maddi və mənəvi zərərin ödənilməsi məsələsinə baxılması ümumiyyətlə inzibati məhkəmə icraatı qaydasında həll edilən iddia hesab edilmir. Həmin iddia AR İPM-nin 2.2.7-ci maddəsində qeyd edilən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ilə eyniyyət təşkil etsəydi belə iddia həmin hissədə yenə də mümkün sayılmayacaqdı. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı ilkin olaraq inzibati orqana müraciət mövcud deyil. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Əlavə olaraq qeyd olunur ki, məhkəmə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçı ilə müzakirə etmiş, iddiaçı iddia ərizəsinin nəzərə alınaraq iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddia mümkün sayılmasın. İddiaçıya hazırkı tələbi ilə aidiyyəti üzrə inzibati xətalar dair işlər üzrə məhkəmə icraatı qaydasında baxılması üçün səlahiyyətli ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah edilir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-4032/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4032/2022
11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver