Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4033/2024 06.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X5 “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iddiası üzrə inzibati işə 6 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2003 №-li, xx.xx.2000-ci il tarixli Sərəncamı ilə Sulu-Təpə yaşayış sahəsində yerləşən, “Rəşad-R” müstəqil kiçik müəssisəsinə ayrılmış, 600,0 kv.m ölçüdə olan torpaq sahəsi, fərdi yaşayış evinin tikintisi üçün, əlavə edilmiş cizgi əsasında vət. İddiaçı ayrılmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...İdarənin arxiv məlumatlarına əsasən təqdim edilmiş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 2003 saylı sərəncamı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 10-cu sırada yerləşən, 2 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq sonradan özgəninkiləşdirilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 2003 saylı Sərəncamına əsasən və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixli 27465 saylı qeydiyyat nömrəsi ilə qeydə alınmış plan və ölçüdə qeyd edilən koordinatlar əsasında Sulu-Təpə ərazisində yerləşən, ümumi sahəsi 600,00 kv.m olan torpaq sahəsinin 200,00 kv.m-nə dair mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla iddiaçının adına çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, torpaq üzərində fərdi yaşayış evi də iddiaçı tərəfindən inşa olunmuşdur. Torpağa dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün ərizə ilə hüquqmüəyyənedici sənədlərlə cavabdehə müraciət olunmuş, lakin ərizənin göndərilməsindən 35 gün keçməsinə baxmayaraq, heç bir cavab verilməmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başcısını xx.xx.2000-ci il tarixli 2003 saylı sərəncamı əsasında Bakı şəhər, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 10-cu sırada yerləşən, 2 saylı fərdi yaşayış evi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonradan X2 adına özgəninkiləşdirilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti göstərilən torpaq sahəsi **********98-10301 reyestr nömrəsi ilə X2 istifadəsində olan torpaq sahəsinin bir hissəsidir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçülər və sahə qeyd olunmayıb, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş plan və ölçü sənədində qeyd olunan perimetrik ölçülər ilə faktiki vəziyyətdəki perimetrik ölçülər arasında isə fərq mövcuddur. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 200 kv.m təşkil edir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbi müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, üçüncü şəxs satdığı evə və torpağa hazırda heç bir iddiası yoxdu. Onun iddiası ona ayrılmış 6 sot torpağın üçüncü şəxs satdığı hissə istisna olmaqla yerdə qalan 2 sot hissəsi ilə bağlıdır. İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya qarşı verilmiş etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxsə izahatında bildir ki, iddiaçı ona 4 sot torpaq və üzərində fərdi yaşayış evi satıb. Qalan 2 sot torpaq sahəsi ilə onun torpaq sahəsi faktiki ayrılıb. Qonşu torpaq sahələridir. Onun mülkiyyətində olan torpaq sahəsi istisna olmaqla yerdə qalan 2 sota münasibətdə iddia tələbinin təmin olunmasına heç bir etiraz yoxdur. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2003 №-li, xx.xx.2000-ci il tarixli Sərəncamı ilə Sulu-Təpə yaşayış sahəsində yerləşən, “Rəşad- R” müstəqil kiçik müəssisəsinə ayrılmış, 600,0 kv.m ölçüdə olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün, əlavə edilmiş cizgi əsasında iddiaçıya ayrılmış, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. İddiaçı həmin torpaq sahəsinin 0,02034 ha hissəsini və həmin hissəsində yerləşən 6 otaqlı 2 saylı fərdi yaşayış evini üçüncü şəxs X1 özgəninkiləşdirmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 10-cu sırada yerləşən, 2 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq sonradan özgəninkiləşdirildiyini bildirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, nəticədə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Həmçinin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən etirazında aşağıdakılara istinad etmişdir: 1) Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti göstərilən torpaq sahəsi **********98-10301 reyestr nömrəsi ilə X2 istifadəsində olan torpaq sahəsinin bir hissəsidir. 2) Təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçülər və sahə qeyd olunmayıb, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş plan və ölçü sənədində qeyd olunan perimetrik ölçülər ilə faktiki vəziyyətdəki perimetrik ölçülər arasında isə fərq mövcuddur. 3) İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 200 kv.m təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0., 8.0.8-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı təşkil edir. Həmin normalara görə, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.4-cü bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir. İddiaçı hüquqmüəyyənedici sənəd kimi Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2003 №-li, xx.xx.2000-ci il tarixli Sərəncamına istinad edir ki, həmin sənəd daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. Məhkəmə cavabdehin imtinası və etirazının dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbini dəqiqləşdirərək, Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 2003 saylı Sərəncamına əsasən və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixli 27465 saylı qeydiyyat nömrəsi ilə qeydə alınmış plan və ölçüdə qeyd edilən koordinatlar əsasında Sulu-Təpə ərazisində yerləşən, ümumi sahəsi 600,00 kv.m olan torpaq sahəsinin 200,00 kv.m-nə dair mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla iddiaçının adına çıxarışın və plan ölçünün verilməsi tələbini sürülmüşdür ki, bununla da cavabdehin imtina əsasları olaraq qeyd etdiyi 1-ci və 3-cü hallar aradan qalxmışdır. Belə ki, cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mövcud iddia zamanı göstərilən DTXK-nın kadastr planı verilmiş 0,0209 kv.m hissə digər şəxsə satılmış fərdi yaşayış evinin baş planı üzrə (sərəncamı üzrə) 0,06 ha sahənin cənub-qərb tərəfdən bir hissəsidir. Mövcud istifadə vəziyyəti yaşayış vəziyyəti yaşayış məntəqələrinin torpaqlarıdır. İş üzrə iddiaçının və üçüncü şəxsin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı ona ayrılmış 600 kv.metr torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasənm 0,02034 ha hisəsini, faktiki olaraq isə 400 kv.m və üzərində yerləşən fərdi yaşayış evini üçüncü şəxsə satmışdır. İddiaçı isə hazırda üçüncü şəxs satdığı və üçüncü şəxsin istifadəsinə olan həmin hissəyə deyil, yerdə qalan digər 200 kv.m hissəyə dair iddia verib. Tərəflərin izahatlarında həmçinin müəyyən edilir ki, torpaq sahələri faktiki olaraq ayrılmış və qonşu torpaq sahələridir. Tərəflərin bir-birlərinin istifadəsində olan torpaq sahələrinə heç bir iddiaları yoxdur. Məhkəmə ikinci halla bağlı qeyd edir ki, göstərilən hal da iddiaçının müraciətinin təmin edilməsindən imtina üçün əsas sayıla bilməz. Göstərilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd verəcəyi təqdirdə həmin fərqi (uyğunsuzluğu) aradan qaldırmaq, torpaq sahəsinin hüquqmüəyyəndici və texniki sənədlərini torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırmaq cavabdeh İdarənin vəzifəsidir. Məhkəmə qeyd edir ki, göstərilən hallar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, imtinada qeyd edilən hal torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas deyildir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 2003 saylı Sərəncamına əsasən və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixli 27465 saylı qeydiyyat nömrəsi ilə qeydə alınmış plan və ölçüdə qeyd edilən koordinatlar əsasında Sulu-Təpə ərazisində yerləşən, ümumi sahəsi 600,00 kv.m olan torpaq sahəsinin 200,00 kv.m-nə dair mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə çıxarışın və plan ölçünün verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-4033/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4033/2024
06.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver