Məhkəmə qərarları › İş №2-1(112)-4034/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4034/2023

11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4034/2023 11.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları

1. İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, müraciətin aidiyyəti üzrə göndərildiyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – Cavabdeh) xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilmişdir. Təqdim edilən əmək kitabçasının surətinə əsasən iddiaçının sığorta stajı 22 il 7 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 11 il 7 ay sığorta stajına uyğun olaraq 9.418,75 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək 5.669,76 manat olmaqla, ümumilikdə 15.088,51 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34.560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1977-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Cəbrayıl rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 43 saylı arxiv arayışına əsasən xx.xx.1993-cü il tarixində Cəbrayıl rayonu işğal olunduğu üçün əmək kitabçasının surətində qeyd olunmuş Cəbrayıl rayon Yenikənd orta məktəbinin xx.xx.1977-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan əmr kitabları və əmək haqqı cədvəlləri saxlanılmamışdır. Bu səbəblə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

2. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı 29 aprel 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması

3. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Cəbrayıl rayonunda anadan olmuşdur. xx.xx.1977-ci il tarixdə Cəbrayıl rayonu Yenikənd kənd orta məktəbinə pioner baş dəstə rəhbəri təyin edilmişdir. 1993-cü il tarixdə rayonu Erməni işğalçıları tərəfindən işğal olunandan sonra Bakı şəhərində məskunlaşmışdır. 1994-cü il tarixdə Nazirlər Kabinetinin qərarına əsasən iş yerindən məhrum olunmuş müvəqəti işsiz kimi orta aylıq əmək haqqı verilməyə başlamış, xx.xx.2016-cı il tarixə kimi orta aylıq əmək haqqı almışdır. Həmin tarixdən əmək haqqı dayandırılmışdır. Həmin vaxt stajı olmasaydı ona orta aylıq əmək haqqı verilməzdi. Onunla işləyənlər ondan çox təqaüd alırlar. O, bunu aradan qaldırmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, cavab olaraq bildirilmişdir ki, ona pensiya təyin edilərkən nəzərdə tutulmuş əmək stajı yoxdur. Lakin nəzərə alınmalıdır ki, 1977-ci il tarixdən 2016-cı il tarixədək əmək atajı 39 il təşkil edir. Onun həmin illərdə işləməsini təsdiq edən əmək kitabçası vardır. Eyni zamanda təhsil şöbəsindən müvafiq arayış təqdim edilə bilər.

4. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı və ona əlavəni müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi

7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

8. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

9. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2ci maddəsinə əsasən Qanunun 7-ci maddəsində qadınların yaş həddi 1 iyul 2021 – 30 iyun 2022 üzrə 62 yaş 6 aydır.

10. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2021 – 30 iyun 2022 üzrə qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 62 yaş 6 ayının tamam olması 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması.

11. İşdə olan AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə doğulmuş, 62 yaş 6 ayı xx.xx.2022-ci ildə tamam olmuşdur.

12. Deməli, iddiaçı ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş tələbini ödəyir.

13. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, işdən görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 11 il 7 ay sığorta stajına uyğun olaraq 9.418,75 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək 5.669,76 manat olmaqla, ümumilikdə 15.088,51 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir (əmək kitabçasında qeyd olunan bütün dövrlər qəbul edildikdə belə, bu məbləğ tələb olunan pensiya kapitalından azdır).

14. Belə olan halda aydındır ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun xx.xx.2022-ci il tarixə azı 25 il sığorta stajı olmalıdır.

15. İşdə olan xx.xx.1977-ci il tarixli 0397 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1977-ci ildə pioner işçiləri hazırlayan respublika məktəbində təhsil almış, xx.xx.1977-ci il tarixdə ona pioner baş dəstə rəhbəri ixtisası verilmişdir.

16. İddiaçıya məxsus 103853 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci ildə ərizəsinə əsasən Yenikənd kənd orta məktəbinə pioner baş dəstə rəhbəri təyin edilmiş, Cəbrayıl rayonu işğal olunduğundan Nazirlər Kabinetinin xx.xx.1994cü il tarixli 181 saylı qərarına əsasən İddiaçı adı dondurulmuş əmək haqqı alanların siyahısına salınmış, ona orta aylıq əmək haqqı ödənilmiş, Nazirlər Kabinetinin xx.xx.1994cü il tarixli 181 nömrəli qərarının icra müddəti artırılmadığı üçün orta aylıq əmək haqqının ödənilməsi dayandırılmış və xx.xx.2016-cı il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “d” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

17. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;...

18. İstinad olunan normalar nəzərə alınmaqla iddiaçıya məxsus sənədlərdəki dövrlər nəzərə alındıqda müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumilikdə 25 ildən çox (28 il 4 ay 5 gün) ümumi sığorta stajı vardır.

19. xx.xx.2006-cı ildən sonra qüvvəyə minmiş ƏPQ-nin 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

20. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin.

21. İşdə olan iddiaçının xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatdan görünür ki, iddiaçı barəsində 2006-2016-cı illərdə məcburi sosial sığorta haqları ödənilmiş, onun xx.xx.2006-cı il tarixdən sonra 11 il sığorta stajı olmuşdur.

22. Belə olan halda aydın olur ki, iş materiallarına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 28 il 4 ay 5 gün, xx.xx.2006-cı ildən xx.xx.2016-ci il tarixədək isə 11 il iş stajı olmaqla, ümumilikdə 39 il 4 ay 5 gün iş stajı mövcuddur.

23. İşdən görünür ki, cavabdeh bu halı qəbul etməyərək, Cəbrayıl rayon Yenikənd orta məktəbinin xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan əmr kitabları və əmək haqqı cədvəlləri saxlanılmadığından iddiaçının həmin dövrləri əhatə edən 15 il 11 ay 26 gün stajını onun sığorta stajına daxil etməmiş və nəticədə iddiaçının 25 ildən az sığorta stajının olmasına istinad edərək, ona imtina cavabı vermişdir.

24. Belə ki, işdə olan Cəbrayıl rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 78 nömrəli arxiv arayışından və xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.1993-cü il tarixdə Cəbrayıl rayonunun uşğal olunması ilə əlaqədar Cəbrayıl rayon Yenikənd orta məktəbinin xx.xx.1993-cü il tarixədək arxiv sənədləri işğal zonasında qalmışdır.

25. Məsələnin araşdırılması ilə bağlı məhkəmə tərəfindən zəruri sorğular verilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Cəbrayıl rayon Təhsil sektoru məhkəmə sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli 21 nömrəli məktubundan göstərmişdir ki, Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixində işğal olunduğu zaman, arxiv sənədləri işğal ərazisində qaldığı üçün 1993-cü ildən 2006-cı ilədək işğaldan əvvəlki dövrlərə aid hüquqi əhəmiyyətli faktlara vətəndaşların işlədiyi müəssisələrin əməkdaşlarının, müəssisələrin rəhbərlərinin iştirakı ilə tutulmuş aktlar, şahid ifadələri, yazılmış izahatlar əsasında qiymət verilirdi. Lakin 2006-cı ildən sonra məcburi köçkünlərin işğaldan əvvəlki dövrlərə aid hüquqi əhəmiyyətli faktlarının müəyyən edilməsi məhkəmələr tərəfindən icra olundu. Cəbrayıl rayon Dağ Tumas kənd sakini xx.xx.1959-ci il təvəllüdlü İddiaçı məxsus 103853 nömrəli əmək kitabçasının 2 və 3-cü səhifələrində qeyd olunan xx.xx.1977-xx.xx.1993-cü illərdə Yenikənd orta məktəbində işləməsi ilə bağlı qeydlər həmin müəssisənin əməkdaşlarının iştirakı ilə bağlanmış akt və vətəndaş tərəfindən yazılmış izahat əsasında əmək kitabçasına yazılaraq rəsmiləşdirilmişdir.

26. Məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cü maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

27. Həmin normaya əsasən qəbul edilmiş və aktın tərtib edildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

28. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Əsasnamənin 16-cı bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir.

29. İşdən görünür ki, iddiaçının 1977-1993-cü illərdəki iş stajı barədə sənədlərini hərbi əməliyyatlarla əlaqədar əldə etmək mümkün deyildir.

30. Belə olan halda həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının müvafiq iş stajı Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilməli olduğu halda, işdən görünür ki, bu dövr məktəbin əməkdaşlarının iştirakı ilə bağlanmış akt və vətəndaş tərəfindən yazılmış izahat əsasında müəyyən olunmuş və buna uyğun olaraq əmək kitabçasında müvafiq qeyd aparılmışdır.

31. Məhkəmə hesab edir, iddiaçının əmək kitabçasındakı qeydlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən deyil, müəssisənin işçiləri tərəfindən akt əsasında müəyyən edilməsi onun səlahiyyətində və məsuliyyətində olmamışdır.

32. İddiaçının işlədiyi müəssisə, həmçinin 2006-cı ildən aldığı əmək haqqı və ödənilən məcburi sosial sığorta haqları onun əmək kitabçasındakı qeydlərin həqiqətə uyğun olduğunu təsdiq edir.

33. Məhkəmə qeyd edir ki, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə cavabdeh tərəfindən qaldırıldığından formalaşmış məhkəmə təcrübəsinə əsasən əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır.

34. Lakin iş materialları ilə əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilmir, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübut təqdim edilməmişdir.

35. Bundan əlavə, Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1020/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı).

36. O da qeyd edilməlidir ki, “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 181 nömrəli qərarına əsasən Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanlarına büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 2017-ci il yanvarın 1-dək orta əmək haqlarının verilməsini təmin edilməsi həvalə olunmuşdur. Həmin Qərarın 4-1-ci bəndinə əsasən büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışmış, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə pensiya yaşına çatdıqda, orta aylıq əməkhaqqının verilməsi dayandırılır.

37. İşdən görünür ki, iddiaçı da bu katerqoriya şəxslərə aid olmuş, onun Cəbrayıl rayonu işğal olunanadək həmin rayonda işləməsi dövlət tərəfindən qəbul edilərək, iddiaçıya hər ay orta aylıq əmək haqqı ödənilmiş, cavabdeh də bu halı mübahisələndirməyərək qəbul etmişdir.

38. Deməli, iddiaçının xx.xx.1993-cü ildə işləyən şəxs olması dövlət tərəfindən qəbul edildiyindən, burada müəyyən edilməli əsas hal iddiaçının Cəbrayıl rayonu işğal olunanadək neçə il işləməsi olmuşdur.

39. İddiaçı bununla bağlı əmək kitabçasını təqdim edərək arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etməsinə baxmayaraq, bununla bağlı hər hansı bir sübutu, yəni iddiaçının xx.xx.1977-ci ildə deyil, daha gec əmək fəaliyyətinə başlamasına dair sübutu məhkəməyə təqdim edə bilməmişdir.

40. Buna görə də, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh xx.xx.1977-xx.xx.1993-cü illərdəki əmək fəaliyyəti dövrünü şübhə altına alan heç bir mötəbər sübutu təqdim etmədiyindən, onun həmin dövrü iddiaçının sığorta stajına daxil etməməsi qanunsuz olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

41. Həmin dövrü sığorta stajı kimi qəbul etdikdə isə müəyyən olunur ki, iddiaçının xx.xx.2016-ci il tarixə 25 ildən çox, 39 il 4 ay 5 gün sığorta stajı mövcuddur. Deməli, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan hər iki şərti ödəmişdir.

42. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 62 yaş 6 ayının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar