Məhkəmə qərarları › İş №2-1(112)-4034/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4034/2025

23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4034/2025 23.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzildən X3 və X1 mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsisı öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir və bu barədə xx.xx.2012-ci il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır. Qeyd olunmuş tarixdən mənzil iddiaçının mülkiyyətindədir. Lakin qanunvericilik ilə qorunan mülkiyyət və istifadə hüquqlarını həyata keçirə bilmir, çünki həmin mənzildə X3, X2 bu günə kimi qeydiyyatdadırlar. Adıçəkilən şəxslərin bu mənzilə mülkiyyət və ya istifadə hüquqlarının olmamasına baxmayaraq, bu günə kimi qeydiyyatdan çıxmaqdan imtina edirlər və bununla da iddiaçının konstitusiya ilə qorunan hüququnu birbaşa pozurlar. Qeyd olunmuş mənzilə iddiaçı heç bir sərəncam verə bilmir, çünki üçüncü şəxslərin yazılı razılığı tələb olunur. ASAN Xidmətdən ******* saylı AR Daxili İşlər Nazirliyininin Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışından görünür ki, iddiaçıya məxsus olan mənzildə X3, X2 qeydiyyatdadılar. Üçüncü şəxlərin mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsisı barədə iddiaçı tərəfindən Bakı şəhəri Nəsimi rayonu Pasport Qeydiyyat şöbəsinə məktubla müraciət olunub, həmin şəxslərin mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsisı xahiş edilmişdir. Lakin Polis İdarəsi 05 aprel 2025-ci il tarixli məktub ilə tələbin təmin edilməsinədn imtina etmiş və bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi bildirilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən mümkün sayılmamalıdır. Belə ki, iddiaçı tərəfi təmsil edən Vəkil əvvəlki məhkəmə iclasına gəlmiş, iddiaçının tanımadığını, X5 ilə müqavilə bağlayaraq hüququn ötürülməsi ilə iddiaçı tərəfi təmsil etdiyini bildirmişdir. Məhkəmə tərəfindən qanunvericiliyin tələbləri ona izah olunmuş, iddia ərizəsini imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmiş və bunun üçün müddət təyin edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Göstərilən hüquqi yardıma baxmayaraq, tələb olunan sənədlər məhkəməyə təqdim edilməmişdir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İPM-in 25-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslər və dövlət orqanları və ya bələdiyyələr inzibati məhkəmə icraatında iştirak etmək hüququna malikdirlər. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. İPM-nin 1.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Göründüyü kimi, inzibati məhkəmə icraatı iştirakçılarının həm vəkil, həm də yaxın qohumları vasitəsilə təmsil olunmaq hüququ vardır. Hazırkı iş üzrə X5 tərəfindən iddiaçının yaxın qohumu olmasına dair sənəd məhkəməyə təqdim edilməmiş, eyni zamanda onun adına verilmiş, notariat qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli etibarnamədə İddiaçı adından iddia qaldırmaq və onu məhkəmədə təmsil etmək səlahiyyətləri nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edilən MPM-in 149.1-ci maddəsinin tələblərində də iddia ərizəsinin iddiaçı və ya onun imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmalı olduğu xüsusilə qeyd edilir. Bu hal da o qənaətə gəlməyə əsas verir ki, etibarnamədə iddia ərizəsinin imzalanması üçün verilmiş səlahiyyət xüsusi vurğulanmalı və etibar edilən şəxsə iddia ərizəsinin imza edilməsi səlahiyyətinin verilməsi aşkar qeyd edilməlidir. Hazırkı halda isə X5 iddiaçının nümayəndəliyini təsdiq edən sənədlərini məhkəməyə təqdim edə bilməmişdir. Bu isə hazırkı iddia tələbinə baxılmasında iddiaçının hüquqi marağının mövcudluğunu şübhə altına salır. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, “Məhkəmələrə tövsiyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər. Tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri). Tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır. Prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (15.1-15.3-cü bəndlər). Beləliklə, aparılmış arşadırma ilə məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi onu imzalamaq səlahiyyəti verilmiş şəxs (vəkil və ya yaxın qohum olmaqla) tərəfindən imzalanmadığından, eyni zamanda hüquqi yardım göstərilməsinə baxmayaraq, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadığından hazırkı iş üzrə iddianın mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar