Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4036/2020 04.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi ilə, İddiaçı Adil qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi, həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq iddiaçının adına çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Adil qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu (keçmiş Əzizbəyov) Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 98 saylı sərəncamı ilə İddiaçı Adil qızının adına Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfindəki ərazidə bağ evinin tikilməsi üçün ayrılmış 1000 kv.m torpaq sahəsinin plan və ölçülərinin tərtib edilməsi, həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi barədə tələb irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu (keçmiş Əzizbəyov) Buznovna Bələdiyyəsinin 27 mart 2006-cı il tarixli, 98 saylı sərəncamı ilə İddiaçı Adil qızının adına Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfindəki ərazidə bağ evinin tikilməsi üçün 1000 kv.m torpaq sahəsi ayrılmışdır. Xəzər rayonu (keçmiş Əzizbəyov) Buznova Bələdiyyəsinin xx.xx.2006-cı il tarilxi, 98 saylı sərəncamının 1-ci bəndində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq ayrılmış 1000 kv.m torpaq sahəsinin bazar qiymətinə satılması qeyd olunmuşdur. Bu səbəbdən xx.xx.2006-cı il tarixdə Xəzər rayonu (keçmiş Əzizbəyov) Buzovna Bələdiyyəsi ilə İddiaçı Adil qızı arasında Torpaqların Alğı-satqısına dair akt imzalanmış və xx.xx.2006-cı il tarixdə Buznovna Bələdiyyəsinin xüsusi bank hesabına 800 (səkkiz yüz) manat keçirtmişdir. xx.xx.2019-cu il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən ərazidə bağ evinin tikilməsi üçün ayrılmış 1000 kv.m torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyesstrindən Qeydiyyatdan keçirərək çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ********** №-li ərizə ilə müraciət edilmişdir. Lakin, cavabdeh xx.xx.2019-cu il tarixli, **********69 saylı cavab məktbu ilə Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən ərazidə bağ evinin tikilməsi üçün ayrılmış 1000 kv.m torpaq sahəsinə çıxarışın verilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi Xəzər rayonu (keçmiş Əzizbəyov) Buzovna Bələdiyyəsi ilə İddiaçı Adil qızı arasında Torpaqların X2 keçmiş DTXK-ı tərəfindən təsdiq edilməməsi və elektron bazada sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmaması, həmçinin ayrılmış torpaq sahəsinin guya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisinə aid olunması, dörd torpaq sahəsi eyni hasar daxilində oluğundan notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməməsi göstərilmişdir. İddiaçı 2006-cı ildə sözügedən torpaq sahəsində bağ evi inşa etmiş və orada yaşayır. Hər il Buzovna Bələdiyyəsinə əmlak və torpaq vergisi ödəyir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan ərazi dəmir-torla çəpərlənmiş və sözügedən torpaq sahəsi ara məsafəsi 700 metrdir. Həmçinin qeyd edir ki, sözügedən torpaq sahəsi yalnız iddiaçının yaxın qohumu X1 məxsus torpaq sahəsi ilə eyni hasar daxilindədir və öz ararlarında notariat təsdiqlənmiş razılıq ərizəsi vardır. Digər qonşularla sözügdən torpaq sahəsi arasında bütöv daş hasar var. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanına istinad etsə də, Torpaqların X2 keçmiş DTXK-i tərəfindən təsdiq edilməsini əsaslandıra bilmir. Cavabdeh sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın elektron bazada aşkar olunmadığını qeyd edir və əlavə olaraq sözügedən ərazinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olmasını bildirir. Əgər həmin ərazi barədə elektron bazada heç bir məlumat yoxdursa, deməli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olması faktı da yoxdur. Beləliklə, cavabdeh inzibati icraat zamanı işin bütün faktiki və hüquqi cəhətdən hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, əsassız olaraq formal mülahizələrə istinad etmiş, heç bir sənəd, sübut təqdim etmədən tələbin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Buna görə də, iddiaçının pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə onun iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı Bakı şəhəri Əzizbəyov rayonu Buznova Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 98 saylı qərarı ilə ona ayrılmış 1000 kv.metr torpaq sahəsinə dair plan ölçünün tərtib edilməsi və qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsini cavabdehdən xahiş etmişdir. Lakin, cavabdeh müraciətin təmin edilməsindən xx.xx.2019-cu il tarixli, **********69 saylı məktubla imtina etmişdir. İmtinanın əsasları kimi – tərəflərindən təqdim edilmiş torpaqların X2n keçmiş DTXK-i tərəfindən təsdiq edilməməsi və elektron bazaya əsasən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar edilməməsinə, həmçinin elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olmasına və dörd torpaq sahəsi eyni hasar daxlində yerləşdiyindən notarial qaydada təsdiq edilmiş bölgü sxemin təqdim edilməsi və ya mərzlənmənin (hasarlanma, sənəd üzrə 1000 kv.m göstərilsə də, faktiki 4800 kv.m təşkil edir) məqsədəuyğun hesab edilməsi, bununla yanaşı yerləşmə cizgisində heç bir istinad bildirən məlumatın olmaması və bu səbəblərdən ərizənin icrasının tərəflərindən mümkün olmamasına istinad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən iddiaçıya ünvalnamış 18 aprel 2020-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən və istifadəsində olan torpaq sahəsinə yerində baxış keçirilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, WGS-84 koordinat sistemində aşağıda qeyd olunan koordinatlardakı 0.10 ha torpaq sahəsi SOCAR-ın daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin hüdudlarında olmaqla, Bakı ŞİH-nin xx.xx.1999-cu il tarixli, 673 saylı sərəncamı ilə mülkiyyətçiyə (dövlətə) geri qaytarılmış torpaq sahəsinin hüdudaları daxilində yerləşir X 418386.97 Y 4485539.99; X 418406.52 Y 4485539.41; X418405.81 Y4485490.06; X 418386.26 Y 4485490.50. Qeyd olunan torpaq sahəsi neft və qaz boru kəmərlərinin mühafizə zonasından kənarda yerləşir. Məhkəmə iddiaçı tərəfindən bələdiyyə qərarı ilə ona ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasının tələb olunduğunu nəzərə alaraq, iş üzrə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Buznovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 98 saylı qərarı ilə İddiaçı Adil qızının Buzovna- Maştağa yolunun sol tərəfindəki ərazidə qeyri-qanuni istifadə etdiyi 1000 kv.m zəbt olunmuş torpaq sahəsi bağ evinin tikilməsi üçün İddiaçı Adil qızına ayrılmışdır. Eləcə də, torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, lakin aktın tarixi və nömrəsi qeyd olunmamışdır. Həmçinin torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə iş materiallarında aşkar edilməmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Buznovna Bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin situasiya planı tərtib edilmişdir. Lakin ayrılmış torpaq sahəsi ilə bağlı həmin dövrdə mövcud olmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyinin alındığı iş materialları ilə müəyyən edilmir. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin: 1-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllələrində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir; 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir; 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin («DTXK») yerli qurumları həyata keçirirlər. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 6.5ci maddəsində nəzərdə tutulmıış «müvafıq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini DTXK-nın yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsələri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisəyə tətbiq edilməli maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçı tərəfindən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.3). Belə ki, Bakı şəhəri Əzizbəyov rayonu Buznovna Bələdiyyəsinin 98 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə ayrılmış Buzovna-Maştağa yolunun sol tərəfindəki ərazidə yerləşən 1000 kv.m torpaq sahəsi ilə bağlı müvafiq icra hakimiyyətinin rəyinin olmasına dair məhkəməyə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Bundan əlavə, mübahisəli torpaq sahəsinin planlaşdırılması layihəsinin Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması, eləcə də iddiaçının müraciətindən çıxarışın hazırlanması üçün həmin dövrdə fəaliyyət göstərən DTXK Bakı şəhər şöbəsinə göndərilməsi, sonuncunun bələdiyyənin və iddiaçının iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirməsi və ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu işlərini (planlama) aparması, həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlanması iş materialları ilə təsdiqini tapmır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçıya ayrılmış torpaq sahəsi neft və qaz boru kəmərlərinin mühafizə zonasından kənarda yerləşsə belə, iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilmədiyindən, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4036/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4036/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver