Məhkəmə qərarları › İş №2-1(112)-4036/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4036/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4036/2021 04.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdeh2 MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər 370078 saylı poçtun rəisinə, Cavabdeh2 MMC-nin şöbə müdirinə və Cavabdeh2 MMC-nin baş direktoruna qarşı “poçt göndərişlərinin ünvana çatdırılması və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər 370078 saylı poçtun rəisinə, Cavabdeh2 MMC-nin şöbə müdirinə və Cavabdeh2 MMC-nin baş direktoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvanına göndərilən bütün növ məktubların poçt qutusuna salınmasını, ona vurulmuş maddi ziyana görə 1000 manat və mənəvi ziyana görə 1500 manat, cəmi 2500 manat məbləğinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, cavabdehlər qismində qeyd edilmiş şəxslərin inzibati icraatda cavabdeh qismində həmiştirakçılığına yol verilmədiyini, həmçinin qeyd edilən cavabdehlərin inzibati akt qəbul etmək səlahiyyətinə malik olan fiziki və ya hüquqi şəxs olmadığından, hazırki tələblə göstərilən cavabdehlərə qarşı iddiaya inzibati icraat qaydasında inzibati məhkəmədə baxılması yolverilməz olduğu bildirilmiş və iddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası xx xxxx 2021-ci il tarixə saat 12:45-ə təyin edilmişdir. Mümkünlük iclasınadək və iclas zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh2MMC-dən, xüsusən 370078 saylı poçtdan narazı olduğunu, ona göndərilən məktubların ünvanına çatdırılmadığını bildirərək, iddianın mümkün sayılaraq, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iddia tələbinə etiaz edərək, Cavabdeh2 MMC-nin və poçt şöbələrinin inzibati orqan olmadığını, iddia ərizəsində adı çəkilən məsul şəxslərin poçt göndərişlərinə dair məsələlər üzrə inzibati akt qəbul etmək səlahiyyətinə malik olmadığını bildirərək, iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən və iddia ərizəsinin məzmunundan görünür ki, hazırki iddia tələbi ilə iddiaçı Cavabdeh2 MMC-yə, 370078 saylı poçta və onların məsul şəxslərinə qarşı iddia irəli surərək, cavabdehlərin üzərinə öhdəlik qoyulmasını və ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Halbuki, iddia ərizəsində göstərilmiş Cavabdeh2 MMC, 370078 saylı poçta rəhbərliyi inzibati orqan deyildir. “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Cavabdeh2 MMC və poçt şöbələri inzibati orqan kimi müəyyən olunmamışdır. Odur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh2 MMC və poçt şöbələri inzibati orqan olmadığını və tərəflər arasında inzibati hüquqi münasibətdən irəli gələn mübahisənin olmadığını nəzərə alaraq Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə inzibati icraat qaydasında baxıla bilməz. Bundan əlavə Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının hazırki tələblə, həmçinin maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə qeyd edilən cavabdehlərə müraciəti olmamış, buna dair iddiaçı tərəfindən sübut təqdim olunmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub olmamasını... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə iddiaçıya izah edir ki, iddiaçı hazırki tələbində dəqiqləşdirmə həyata keçirməklə, Cavabdeh2 MMC-nin və ya poçt şöbəsinin yerləşdiyi yer üzrə rayon(şəhər) məhkəməsinə mülki qaydada iddia ilə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdehlər 370078 saylı poçtun rəisinə, Cavabdeh2 MMC-nin şöbə müdirinə və Cavabdeh2 MMC-nin baş direktoruna qarşı “poçt göndərişlərinin ünvana çatdırılması və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar