Məhkəmə qərarları › İş №2-1(112)-4037/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4037/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4037/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayonu (keçmiş Əzizbəyov), Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 96 saylı sərəncamı ilə İddiaçı adına Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfindəki ərazidə bağ evinin tikilməsi üçün ayrılmış 1000 m2 torpaq sahəsinin plan və ölçülərinin tərtib edilməsi, həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq İddiaçı adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xəzər Rayonu (keçmiş Əzizbəyov), Buzovna Bələdiyyəsinin xx xxxx 2006-cı il tarixli, 96 saylı sərəncamı ilə İddiaçı adına Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfindəki ərazidə bağ evinin tikilməsi üçün 1000 kv.m torpaq sahəsi ayrılmışdır. Xəzər Rayonu (keçmiş Əzizbəyov), Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 96 saylı sərəncamının 1-ci bəndində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq ayrılmış 1000 kv.m torpaq sahəsinin baza qiymətinə satılması qeyd olunmuşdur. Bu səbəbdən xx.xx.2006-cı il tarixdə Xəzər rayonu (keçmiş Əzizbəyov), Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alqı-satqısına dair Akt imzalanmış və xx xxxx 2006-cı il tarixdə Buzovna Bələdiyyəsinin xüsusi bank hesabına 800 (səkkiz yüz) manat keçirmişdir. xx.xx.2019-cu il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən ərazidə bağ evinin tikilməsi üçün ayrılmış 1000 kv.m torpaq sahəsini dövlət reyestrindən qeydiyyatdan keçirərək çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ********** №li ərizə ilə müraciət edilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi xx.xx.2019-cu il tarixli, **********41 saylı cavab məktubu ilə Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən ərazidə bağ evinin tikilməsi üçün ayrılmış 1000 kv.m torpaq sahəsinə çıxarışın verilməsinə imtina vermişdir. İmtinaya səbəb kimi Xəzər Rayonu (keçmiş Əzizbəyov), Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alqı-satqısına dair aktı keçmiş DTXK-i tərəfindən təsdiq edilməməsi və elektron bazada sözügedən torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmaması, həmçinin ayrılmış torpaq sahəsinin guya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisinə aid olunması, yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi, dörd torpaq sahəsinin eyni hasar daxilində olduğundan notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməməsi göstərilmişdir. 2006-cı ildən bu günə kimi sözügedən torpaq sahəsi iddiaçının istifadəsiındədir və hər il Buzovna Bələdiyyəsinə torpaq vergisi ödənilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan ərazi dəmir-torla çəpərlənmiş və sözügedən torpaq sahəsi ilə ara məsafəsi 15 metrdir. Sözügedən torpaq sahəsinin 35 kv-luq YS "Zabrat” - YS 492 hava elektrik verilişi xəttinin mühafizə zolağı ilə ara məsafəsi 22 metrdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli, 103 №li qərarına əsasən 35 kv-luq hava elektrik verilişi xəttinin mühafizə zolağı 15 metr təyin edilmişdir. Həmçinin sözügedən torpaq sahəsi 35 kV-luq YS «Zabrat» - YS 492 hava elektrik verilişi xəttinin mühafizə zolağına qədər yarımçıq, digər qonşularla isə bütöv daş hasar daxilindədir. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 №li fərmanına istinad etsə də, Torpaqların Alqı- Satqısına dair Aktı keçmiş DTXK tərəfindən təsdiq edilməsini əsaslandıra bilmir. Cavabdeh sözügedən torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olması barədə məlumatın elektron bazada aşkar olunmadığını qeyd edir və əlavə olaraq sözügedən ərazinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olmasını bildirir. Əgər həmin ərazi barədə elektron bazada heç bir məlumat yoxdursa, deməli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olması faktı da yoxdur. Beləliklə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi inzibati icraat zamanı işin bütün faktiki və hüquqi cəhətdən hallarını hərtərəfli, tam və obtektiv araşdırmamış, əsassız olaraq formal mülahizələrə istinad etmiş, heç bir sənəd, sübut təqdim etmədən tələbin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də iddiaçının pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı tərəfindən təqdim edilmiş torpaqların alqı-satqısına dair aktı keçmiş DTXK-i tərəfindən təsdiq edilməmiş və elektron kadastr bazaya əsasən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə (neft quyusu var) aiddir və yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşmiş, dörd torpaq sahəsi eyni hasar daxilində olduğundan notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməsi və ya mərzlənməsi (hasarlanması) məqsədəuyğundur. Bununla yanaşı yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur və istinad bildirən məlumat yoxdur. Ona görə də iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmpasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli **********41 saylı imtina məktubunda qeyd edilir: Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən torpaq sahəsinə aid dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli ərizənizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, tərəfinizdən təqdim edilmiş torpaqların alqı-satqısına dair aktı keçmiş DTXK-i tərəfindən təsdiq edilməmiş və elektron kadastr bazaya əsasən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin bildiririk ki, ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə (neft quyusu var) aiddir və yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşmiş, dörd torpaq sahəsi eyni hasar daxilində olduğundan notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməsi və ya mərzlənməsi (hasarlanması) məqsədəuyğundur. Bununla yanaşı yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur və istinad bildirən məlumat yoxdur. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir, torpaq sahəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən tərəfinizdən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2006-cı il tarixli 96 nömrəli sərəncamının surətindən (Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə təqdim edilmiş surəti) görünür ki, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfindəki ərazidə qeyri-qanuni istifadə etdiyi 1000m2 zəbt olunmuş torpaq sahəsi bağ evinin tikilməsi üçün «Torpaq məcəlləsi»nin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq vətəndaş İddiaçı (ünvan: ünvan 2 xx.xx.2006-cı il tarixli ərizəsi) baza qiyməti ilə satılması, vətəndaş İddiaçı ilə torpağın satın alınmasına dair müvafiq qaydada alqı-satqı aktının tərtib edilməsi barədə Sərəncam verilmişdir. İş materiallarında olan İddiaçı ilə Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi arasında imzalanmış Torpaqların alqı-satqısına dair aktın surətindən (Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə təqdim edilmiş surəti) görünür ki, Buzovna bələdiyyə ərazisində 1000 kv.m torpaq sahəsi İddiaçı satılmışdır. İş materiallarında olan xx.xx.2006-cı il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı torpaq alqı-satqısına görə Bakı şəhər Buzovna Bələdiyyəsinin hesabına 800 manat pul ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli **********90 saylı məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən torpaq sahəsinə aid dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə poçt vasitəsilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Vətəndaşa **********41 qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli məktubla cavab verilmiş və təqdim etdiyi sənədlər vətəndaşa geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarilxi məktubdan görünür ki, cavabdehin müraciətində göstərilən torpaq sahələrinə təkrar baxış keçirilərkən müəyyən edilmişdir ki, bu torpaq sahələri neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin hüdudları daxilində yerləşir və bu torpaqlar yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin qeyd olunmuş torpaq sahələri “Azneft" İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin fəaliyyətdə olan neft quyusunun mühafizə zonasında yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlardır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (1-ci cümlənin xx.xx.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (4-cü cümlənin xx.xx.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2006-cı il tarixli 96 nömrəli sərəncamına əsasən Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfindəki ərazidə qeyri-qanuni istifadə etdiyi 1000m2 zəbt olunmuş torpaq sahəsinin bağ evinin tikilməsi üçün iddiaçıya baza qiyməti ilə satılması, iddiaçı ilə torpağın satın alınmasına dair müvafiq qaydada alqı-satqı aktının tərtib edilməsi qeyd edilmişdir. Lakin bu zaman sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmamışdır. Eyni zamanda iddiaçı ilə Bələdiyyə arasında imzalanmış Torpaqların alqı-satqısına dair akt torpaq şöbəsinin müdiri tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Bundan başqa, torpaq sahəsinin alqı-satqına dair iddiaçı ilə Bələdiyyə arasında müqavilə bağlanmamışdır, məhkəməyə belə bir müqavilə təqdim edilməmişdir. Eyni zamanda qeyd olunan torqaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı mövcud deyildir, iddiaçıya torpaq sahəsinin ayrılması bələdiyyə sədrinin sərəncamına əsasən həyata keçirilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən isə göründüyü kimi, torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Məhkəmə əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqanın imtina məktubundan, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, ayrılmış torpaq sahəsi yaxınlıqdan keçən yüksək gərginlikli (35.0 kV) elektrik xəttinin mühafizə zolağında yerləşir, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazilərinə aiddir, bu torpaq sahələri neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin hüdudları daxilində və “Azneft" İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin fəaliyyətdə olan neft quyusunun mühafizə zonasında yerləşir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Bu səbəbdən də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi və sair” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar