Məhkəmə qərarları › İş №2-1(112)-4038/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4038/2021

01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4038/2021 01.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması və pensiyaya çıxdığı müddətdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasının 2013-2020-ci illərdə xidmətini nəzərə alaraq yenidən hesablanması və pensiyaya çıxdığı müddətdən yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ona qanunvericiliklə müəyyən edilmiş pensiyasının tam məbləğdə hesablanaraq verilməsindən imtina edilməklə, qanunsuz olaraq az hesablayaraq verməkdə davam edərək onun qanunla qorunan hüquqlarını pozmaqda davam edir. Cavabdehin sonuncu dəfə tərtib etdiyi 22.11.2020-ci il tarixli, **********0 nömrəli əsassız və qanunsuz məktubu ilə onun əsaslı tələbi təmin edilməmişdir. O, 1991-ci ildən 25 yanvar 2020-ci ilədək X4 xüsusilə X8 İdarəsində YPX inspektoru kimi xidmətdə olmuş, cavabdeh orqana məlumat vərəqəsi xidmət illərinə uyğun verilsə də, cavabdeh qanunsuz olaraq onun pensiyasını 2013-cü il tarixədək xidməti illərini nəzərə alaraq hesablayıb. O, 2013-cü ilin may ayında X2 təqaüdə çıxdıqdan sonra ona əmək pensiyası təyin edilmiş, lakin, 2013-cü ilin sentyabr ayında yenidən X4 X5 əmri ilə xidmətə bərpa olunduqdan sonra xidmətə davam etmişdir. O, 2013-cü ilin sentyabr ayından 25 yanvar 2020-ci il tarixinədək yenidən X4 xidmətdə olmuşdur. Cavabdeh isə ona məlum olmayan səbəbdən xidməti illərini az hesablayır və bu da, onun aldığı pensiyanın az olmasına səbəb olur. Cavabdeh orqan onun 2013-2020-ci illər xidmət etdiyi dövrdə fərdi hesabında qeydə alınmış sığorta pensiya kapitalını nəzərə almadan onun pensiyasının yenidən hesablanması və ödənilməsindən imtina etmişdir. Cavabdeh orqan həmin Qanunun 9.6-cı maddəsində qeyd edilən sonuncu təminat xərcliyi hesablanmır əsası ilə onun 2013-2020-ci illər xidməti illərini nəzərə almadan əsassız olaraq imtina etmişdir. Bundan başqa, cavabdeh orqan 20 noyabr 2013-cü il tarixli məlumat vərəqsi ilə pensiyasının hesablanması hissəsində də, yanlışlığa yol vermişdir. O, cavabdeh orqana müraicət edərkən də, qeyd etmişdir ki, 2013-2020-ci illər yenidən xidmətdə olmuş və həmin illərə görə Daxili İşlər Nazirliyindən təqaüdə çıxdıqdan sonra yeni məlumat vərəqi cavabdeh orqana göndərilmişdir. O, cavabdehdən 2013-2020-ci illərdə xidmət etdiyi dövrdə fərdi hesabında qeydə alınmış sığorta pensiya kapitalını nəzərə alaraq, pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı barəsində Azəbraycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş sonuncu məlumat vərəqəsi nəzərə alınmaqla, o cümlədən 2013-2020-ci illərdə olan xidmətini nəzərə almaqla pensiyasının yenidən hesablanması və pensiyaya çıxdığı müddətdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət (etiraz) bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur”. “Əmək pensiyaları haqqında” Azəbraycan Respublikası Qanununun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda qeyd edilən maddələrdən göründüyü kimi, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı onların müvafiq qurumlar tərəfindən tərtib edilmiş “Məlumat vərəqi”ndəki təminat xərcliyinə əsasən təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.3 və 37.3.1-ci maddələrində qeyd edilən sığorta və yığım hissələri, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya məbləğlərinə aid deyil və şamil edilə bilməz. Belə ki, hərbi qulluqçuların pensiya təminatı yığım hissəsində yığılan pensiya kapitalı ilə deyil, təminat xərcliyindən hesablanır. Bütövlükdə hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təyinatı onların vəzifə, rütbə maaşları, xidməti illərinə görə faiz əlavəsi və s. Kimi ümumilikdə təminat xərcliyini təşkil edir. “Əmək pensiyaları haqqında” Azəbraycan Respublikası Qanununun 1.0.5-ci maddəsində qeyd edildiyi kimi hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təyinatı, təminat xərcliyindən hesablanır ki, təminat xərcliyi də (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Xüsusi olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən “Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır”. Eyni zamanda bildirirlər ki, Qanunun 9.6-cı maddəsinin sonuncu cümləsinə əsasən hərbi qulluqçunun yalnız fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləğləri iki cür müəyyənləşdirilir: 1) fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ; 2) güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. Qeyd olunanları nəzərə alaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsində qeyd olunanların güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən, güzəştli şərtlərlə ödənilən əmək pensiyasından imtina etməklə sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti rayon şöbəsinə müraciət etməlidir. Məhkəmənin 2-1(112)-4038/2021 saylı, 02.02.2021-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlrar İdarəsi tərəfindən 22.03.2021-ci il tarixli, 022/26-4023- 1221 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, İddiaçı 12.09.1991-ci ildən 13.05.2013-cü il tarixədək və 21.12.2013-cü ildən 26.01.2020-ci il tarixədək X4 sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmiş, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru vəzifəsində xidmət edərkən Səbail RPİ-nin 25.01.2020-ci il tarixli, Ə8ş/h-065-20 nömrəli əmri ilə “Azərbaycan Respublikasının X4 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 5-ci bəndinə əsasən (xidmətdə olmanın son yaş həddinə çatdığına görə) xidmətdən xaric olunmuşdur. İddiaçı X4 xidməti müddəti: təqvimi hesablama ilə - 29 il, 08 ay, 18 gün, imtiyazlı hesablama ilə - 34 il, 09 ay, 18 gün təşkil etmişdir. İddiaçı qeyd olunan xidmət müddətinə uyğun “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında məlumat vərəqi” Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunaraq Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin mülahizələrinə və dəlillərinə qiymət verərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 02 noyabr 2020-ci il tarixli, **********0 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş 20 noyabr 2013-cü il tarixli, 188 nömrəli məlumat vərəqəsi əsasında Mərkəzi Filial tərəfindən ona 14 may 2013cü il tarixindən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməklə ödənilmişdir. Sözügedən orqan tərəfindən onun X4 yenidən xidmətə cəlb olunması ilə əlaqədar olaraq ona pensiya ödənişi 31 avqust 2017-ci il tarixindən dayandırılmışdır. X2 xidmətdən yenidən tərxis olunması ilə əlaqədar 27 yanvar 2020-ci il tarixindən hesablanmaqla 20 noyabr 2013-cü il tarixli, 188 nömrəli məlumat vərəqəsinə uyğun olaraq pensiya ödənişi tam məbləğdə bərpa olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Ərizələrdə qeyd etdiyi məsələ ilə bağlı Mərkəzi Filial tərəfindən araşdırma aparılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə məruzə edilmişdir. Məruzənin nəticəsi olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin 01.07.2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11-20.1.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda, onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır. Sözügedən Qanunun 01.07.2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.5-ci maddəsində isə həmin şəxslərə penisya təyinatından sonra eyni vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin “qeyd” hissəsində 2017-ci ilin iyulun 1-dək Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmk pensiyasına əlavələr təyin edilmiş, Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Göstərilənləri nəzərə alaraq, xidmətə yenidən 01.07.2017-ci il tarixinədək cəlb edildiyi üçün ona keçmiş dövr üzrə ödənilməmiş əmək pensiyasının Qanunun 37.7-ci maddəsinə uyğun olaraq hesablanmaqla ödənilməsi Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar, “Əmək pensiyaları haqqında” Qanunun sözügedən müddəalarına uyğun olaraq əmək pensiyası 1 sentyabr 2017-ci il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 19667.50 manat pensiya məbləğinin 1215.16 manat hissəsi cari ilin sentyabr və oktyabr aylarında ona ödənilmiş, qalan 18452.35 manat hissəsinin isə noyabr ayından etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (683.42 manat) pensiyasının (801.91 manat) üzərinə əlavə olunmaqla (801.91 + 683.42 = 1485.33 manat) müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. İşdə olan iddiaçıya məxsus pensiya işindən müəyyən edilir ki, Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı İddiaçı pensiya təyin edilməsi ilə bağlı 20.11.2013-cü il tarixli “Məlumat vərəqəsi” tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilmişdir. Sözügedən məlumat vərəqəsində iddiaçının cəmi iş stajı 28 il 8 ay 13 gün, təminat xərcliyi 731.35 manat təşkil etmişdir. Həmin məlumat vərəqəsinə əsasən iddiaçıya 13/2599 nömrəli, 10.12.2013-cü il tarixli qərarla 14.05.2013-cü il tarixdən ömürlük pensiya təyin edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi tərəfindən 24.02.2020-ci il tarixli, 027-850-1220 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edilərək, Daxili İşlər Nazirliyinin xətti ilə 13.05.2013-cü il tarixdən pensiya alan İddiaçı DİN-in 21 dekabr 2013-cü il tarixli əmrinə əsasən 21.12.2013-cü il tarixdən X4 xidmətə yenidən qəbul edilməsi ilə əlaqədar olaraq pensiya ödənişinin dayandırılmasına göstəriş verilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi tərəfindən 29.02.2020-ci il tarixli, 027-318-1220 nömrəli məktubla Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı İddiaçı pensiya təyin edilməsi ilə bağlı tərtib edilmiş “Məlumat vərəqəsi” aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Məlumat vərəqəsində İddiaçı cəmi xidmət illəri 34 il 9 ay 18 gün, təminat xərcliyi 1176.55 manat göstərilmişdir. -iddiaçı tərəfindən 10.04.2020-ci il tarixli və 23.04.2020-ci il tarixli məktublarla müraciət olunaraq, onun 2014-cü ildən yenidən işə qayıdaraq, DİO-dakı 34 il 9 aylıq iş stajını nəzərə almaqla ona ayrılmış əmək pensiyasının düzgün hesablanmasını xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya 14 may 2013-cü il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməklə ödənilmişdir. İddiaçı DİN-in 21.12.2013-cü il tarixli əmrinə əsasən X4 xidmətə yenidən qəbul edilmiş, 26.01.2020-ci il tarixədək X4 sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmiş, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru vəzifəsində xidmət edərkən Səbail RPİ-nin 25.01.2020-ci il tarixli, Ə8ş/h-065-20 nömrəli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər oqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 5-ci bəndinə əsasən (xidmətdə olmanın son yaş həddinə çatdığına görə) xidmətdən xaric olunmuşdur. İddiaçının X4 yenidən xidmətə cəlb olunması ilə əlaqədar olaraq ona pensiya ödənişi 31 avqust 2017-ci il tarixindən dayandırılmışdır. X2 xidmətdən yenidən tərxis olunması ilə əlaqədar 27 yanvar 2020-ci il tarixindən hesablanmaqla 20 noyabr 2013-cü il tarixli 188 nömrəli məlumat vərəqəsinə uyğun olaraq iddiaçının pensiya ödənişi tam məbləğdə bərpa olunmuşdur. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, daxili işlər orqanlarına yenidən bərpa olunaraq xidmət etdiyi 14.05.2013-26.01.2020-ci illər üzrə fərdi hesabında qeydə alınmış sığorta pensiya kapitalının nəzərə alınaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin imtinasında və etirazında mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarına əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı onların müvafiq qurumlar tərəfindən tərtib edilmiş “Məlumat vərəqi”ndəki təminat xərcliyinə əsasən təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 6.3 və 37.3.1-ci maddələrndə qeyd edilən sığorta stajı və yığım hissələri, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya məbləğlərinə aid deyil və şamil edilə bilməz. Belə ki, hərbi qulluqçuların pensiya təminatı yığım hissəsində yığılan pensiya kapitalı ilə deyil, təminat xərcliyindən hesablanır. Bütövlükdə hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təyinatı onların vəzifə, rütbə maaşları, xidmət illərinə görə faiz əlavəsi və s. kimi ümumilikdə təminat xərcliyini təşkil edir. Məhkəmə cavabdehin imtinasında və etirazındakı mövqeyini əsassız hesab edərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı pensiya təyin edildikdən sonra hərbi qulluğunu davam etdirsə belə, bu halda qanunverici pensiyanın yenidən hesablanması üçün məlumat vərəqəsinin tərtib edilməsini nəzərdə tutmamışdır (“Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsi). Bundan əlavə, işləyən əmək pensiyaçılarının əmək pensiyalarının sonrakı dövr üzrə yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 37.3-cü maddəsində nəzərdə tutulmuşdur. Qanunun 37.3.1-ci maddəsində hərbi qulluqçulara tətbiq edilməsini istisna edən hərhansı müddəa mövcud deyildir. Cavabdeh iddiaçıya “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın tətbiq edilməli olduğunu və pensiyanın təminat xərcliyinə əsasən hesablanmalı olduğunu bildirsə də, qeyd edilən normaların məzmunundan aydın olur ki, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə deyil, fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. İddiaçının hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin, o, pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən qanunun tələblərinə əsasən pensiyası, o, yenidən təqaüdə çıxdığı 27.01.2020-ci il tarixdən yenidən hesablana bilər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş sonuncu məlumat vərəqəsində 2013-2020-ci illərdə olan xidməti (fərdi hesabında qeydə alınmış pensiya kapitalı) nəzərə almaqla pensiyasının yenidən hesablanması və pensiyaya çıxdığı (27 yanvar 2020-ci il) müddətdən yaranmış fərqin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar