Məhkəmə qərarları › İş №2-1(112)-404/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-404/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-404/2021 24.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və "xxxx" ASC-yə) qarşı ölkədən çıxışa qoyulmuş məhdudiyyətin aradan qaldırılması öhdəliyinin qoyulması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (üçüncü şəxs "xxxx" ASC-yə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin üzərinə onun ölkədən çıxışına qoyulmuş məhdudiyyətin aradan qaldırılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq icraatı mərhələsində iddiaçının nümayəndəsi və vəkilinin ərizəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi cavabdehlərin sırasından çıxarılaraq 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 2001-ci ildə iddiaçının məlumatı olmadan ona məxsus sənədlər bir qrup şəxs tərəfindən qanunsuz istifadə olunaraq adına “Murad” firması (VÖEN 3********) qeydiyyatdan keçirilmişdir. O, bu barədə məlumatı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində “Murad” firmasının külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.4-cü maddəsi ilə cinayət işi üzrə araşdırma aparılan zaman öyrənmişdir. Həmin araşdırmada onun “Murad” firması ilə heç bir əlaqəsi olmadığı öz təsdiqini tapmışdır. Həmin xüsusatla bağlı ibtidai araşdırma aparılmış cinayət işi üzrə cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunsa da, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən həmin qərarın surətinin ona təqdim edilməsindən guya aidiyyəti şəxs olmadığından imtina edilmişdir. O da artıq məsələnin həll olunduğunu və onun həmin şirkətə hər hansı bir aidiyyətinin olmamasının sübut olunduğunu düşünərək bir daha bu məsələni qabartmamışdır. 30.07.2019-cu il tarixdə növbəti məzuniyyətə çıxaraq, 05.08.2019-cu il tarixində Rusiya Federasiyasında həm müalicə almaq, həm də orada yaşayan dostunu ziyarət etmək məqsədi ilə qatarla gedərkən, Azərbaycan-Rusiya sərhəddində yerləşən postda sənədləri yoxlandıqdan sonra sərhəd qulluqçuları tərəfindən ölkədən çıxışına məhdudiyyət olduğu bildirilərək, ölkədən çıxışıma icazə verilməmiş və onu Bakıya qaytarmışlar. Ölkədən çıxışına qoyulmuş məhdudiyyətin səbəbini araşdırandan sonra ona məlum olmuşdur ki, “Murad” firmasının "xxxx" ASC-yə olan bank borcuna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən ölkədən çıxışına məhdudiyyət qoyulmuş, bununla da sərbəst hərəkət etmək hüququ pozulmuşdur. Onun özü xəstədir, daimi müalicəyə ehtiyacı vardır. Müalicə alması üçün Rusiya Federasiyasına və digər ölkələrə getməlidir. Lakin bu günədək onun ölkədən çıxışına dair məhdudiyyət götürülməmişdir. O, dəfələrlə email vasitəsi ilə, yazılı olaraq və şifahi qaydada Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etsə də, bu günə qədər ölkədən çıxışına qanunsuz olaraq qoyulmuş məhdudiyyəti götürməmişlər. O, Azərbaycan Respublikası Sərhəd Xidmətinə məhdudiyyətin səbəblərinin öyrənilməsi üçün yazılı formada müraciət etmiş və ona yazılı olaraq bildirmişlər ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. O, dəfələrlə üçüncü şəxs olan "xxxx" ASC-yə müraciət etsə də, onun banka borcu olmamasını sübut etsə də ona bildirmişlər ki, şifahi olaraq ona inanırlar, lakin heç bir köməklik edə bilmirlər. Eyni zamanda ona banka guya borcu olması ilə bağlı sənədlər də təqdim edilməmişdir. Bununla da onun müraciətləri cavabsız qalmışdır. Bu səbəbdən hüquqlarının müdafiə edilməsi üçün vəkillə müqavilə bağlamalı olmuş və vəkil tərəfindən bu məsələ ilə bağlı cavabdeh "xxxx" ASC-yə verilmiş 27.08.2019-cu il tarixli 139 saylı və Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə verilmiş 28.08.2019-cu il tarixli 141 saylı sorğular, o cümlədən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məhdudiyyətə əsas olmuş səbəblər barədə məlumat verilməsi və onun ölkədən çıxışına qoyulmuş məhdudiyyətin aradan qaldırılması ilə bağlı 15.10.2019-cu il tarixli müraciəti ümumiyyətlə cavablandırılmadığından, konstitusion hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənim istirahət, məzuniyyət və sərbəst hərəkət etmək hüquqlarım pozulmuşdur. Hesab edirəm ki, cavabdehlər tərəfindən mənim ölkədən çıxışıma qoyulmuş məhdudiyyət qanunsuz və əsassızdır. Cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində mənim konstitusion hüquqlarım pozulduğundan və pozuntunun aradan qaldırılması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığım müraciətimdən 35 gündən yuxarı müddət keçməsinə baxmayaraq, cavabdeh bu qanunsuzluğun aradan qaldırılmasına münasibətdə hərəkətsizlik nümayiş etdirdiyindən, mənim hüquqlarım məhkəmə qaydasında bərpa olunaraq, cavabdehlərin üzərinə mənim ölkədən çıxışıma qoyulmuş məhdudiyyətin məhkəmə qərarına əsasən aradan qaldırılması vəzifəsi qoyulmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şihafi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, şifahi məhkəmə baxışı iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarından görünür ki, iddiaçı ölkədən çıxışına məhdudiyyət qoyulubqoyulmaması, qoyulduğu təqdirdə onun qoyulmasına əsas olmuş səbəbləri barədə məlumatın verilməsini və həmin məhdudiyyətin aradan qaldırılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Müraciətə cavab verilməsi iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, şəxsin ölkədən çıxışa qadağa müxtəlif səbəblərdən məhkəmə qərarı, öhdəliyin yerinə yetirilməməsi, cərimənin ödənilməməsi və s. səbəblərdən yalnız səlahiyyəti orqanlar tərəfindən qoyula bilər. İddiaçı iddia tələbi üzrə ölkədən çıxışına qoyulmuş məhdudiyyətin səbəbini araşdırarkən ona “Murad” firmasının "xxxx" ASC-yə olan borcuna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən ölkədən çıxışına məhdudiyyət qoyulmasını göstərsə də, lakin öz tələbini əsaslandıracaq hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir və məhkəmə araşdırması nəticəsində iddiaçının İddiaçı oğlunun ölkədən çıxışına hər hansı məhdudiyyət qoyulması öz təsdiqini tapmamışdır. Bununla belə məhkəmə araşdırması dövründə iddiaçının iddia ərizəsində göstərdiyi məsələlərlə bağlı araşdırılma aparılması məqsədilə müvafiq sorğular göndərilmişdir. Belə ki, İddiaçı Azərbaycan Respublikası ərazisindən giriş-çıxışına hər hansı məhdudiyyət olub-olmaması, olduğu təqdirdə buna əsas olmuş sənədlərin surətinin məhkəməyə göndərilməsi sorğu əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən daxil olmuş 30 mart 2020-ci il tarixli, 33/1682 saylı məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq edilməmişdir. Həmçinin “Murad” firmasının (VÖEN 3********) barəsində qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar sorğu əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentindən tələb edilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq 29 mart 2020-ci il tarixli, **********609600 saylı məktub əsasında “Murad” firması barədə cinayət işi üzrə qəbul edilmiş xitam qərarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti İstintaq İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X1 tərəfindən verilmiş **********902300 saylı, 31 may 2012-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, “Murad” firmasında vergiləri ödəməkdən yayınma cinayəti 2001-2002-ci illərdə törədildiyindən və həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən bu əməl az ağır cinayət hesab olunduğundan, eyni zamanda, həmin məcəllənin 75.1.2-ci maddəsində göstərildiyi kimi, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsini nəzərə almaqla, Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə başlanmış 73954 nömrəli cinayət işin icraatına cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Həmin qərar əsasında müəyyən edilənlərdən görünür ki, toplanmış sənədlər üzrə 06 yanvar 2009-cu il tarixli qərarla məhkəmə-xətşünaslıq ekpertizası təyin edilmişdir. Məhkəmə-xətşünaslıq ekpertizasının 03.02.2009-cu il tarixli 279 nömrəli rəyindən görünür ki, “Murad” firmasının adından olan ciddi hesabat blanklarında, bank çeklərində, bəyannamələrdə, mətbəə sənədlərində olan əlyazma və imzalar ABB-nin Nəsimi filialında işləmiş şəxslərə məxsus deyil. Eyni zamanda, həmin rəydə qeyd olunmuşdur ki, «Murad» firmasının nizamnaməsində və razılıq ərizəsində İddiaçı adından olan imzalar onun özünə məxsusdur. Bu xüsusatla əlaqədar əlavə dindirilmiş İddiaçı həmin imzaların ona məxsus olmamasını və rəylə razı olmadığını ifadəsində bildirmişdir. Məhkəmə tərəfindən sorğu əsasında iddiaçının Azərbaycan Respublikası ərazisindən giriş-çıxışına hər hansı məhdudiyyətin qoyulub-qoyulmaması ilə bağlı məlumat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən tələb edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhkəməyə daxil olmuş 05 yanvar 2021-ci il tarixli, 007-34- 1221 saylı məktubdan görünür ki, İdarəyə daxil olmuş müraciət "xxxx" ASC-nin külli miqdarda pul vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı istintaq edilən cinayət işinə əlavə edilmişdir. Həmçinin “Murad” firması və ya İddiaçı "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsinin mövcud olub-olmaması, müqavilə mövcud olduğu halda həmin müqavilənin, müqavilə üzrə kredit borcu üzrə məlumat və maliyyə arayışının məhkəməyə təqdim edilməsi "xxxx" QSC BOKT-dan tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" QSC BOKT tərəfindən verilmiş 3-11/889 saylı, 22 may 2020-ci il tarixli məktubdan görünür ki, “Murad” firması və İddiaçı kredit borcları "xxxx" QSC BOKT-a təhvil verilmədiyindən həmin şəxslərlə "xxxx" ASC arasında kredit müqaviləsinin mövcud olub-olmamasına dair hər hansı məlumat yoxdur. Göründüyü kimi iddiaçının adına qeydiyyatdan keçirilmiş “Murad” firması barədə Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə başlanmış 73954 nömrəli cinayət işinin icraatına cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verildiyindən, iddiaçının göstərdiyi əsasla, yəni “Murad” firmasının "xxxx" ASC-yə olan bank borcuna görə cavabdeh tərəfindən ölkədən çıxışına məhdudiyyət qoyulması barədə iddiasında göstərdiyi dəlilləri məhkəmə əsaslı hesab etmir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən onun ölkədən çıxışına məhdudiyyət qoyulduğunu iddia edərək, həmin məhdudiyyətin götürülməsini xahiş etsə də, öz tələbini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə araşdırması nəticəsində cavabdeh tərəfindən iddiaçının ölkədən çıxışına məhdudiyyətin qoyulması öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar