Məhkəmə qərarları › İş №2-1(112)-404/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-404/2023

03.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-404/2023 03.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı dəqiqləşmə verərək Q-195 nömrəli bağ sahəsinə dair iddiaçının adına çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə bu dəfə iddiaçının özü tərəfindən imzalandığından, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı müraciət etmiş, lakin imtina verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ərazi sovxoz ərazisidir, yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir və ərazinin bir hissəsi yola düşür. Halbuki istinad və məsafələrin qeyd edilməməsi iddiaçının təqsir sferasına aid deyil.Torpaq sahəsinin vicdanlı istifadəçisi olaraq sərəncam əsasında torpaq sahəsi ona verilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsi Qala 3 nömrəli Zeytunçuluq sovxozunun ərazidir və yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir. Həmçinin göstərilən torpaq sahəsinin bir hissəsi ümumi istifadədə olan yolun ərazisidir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin sərəncamı ilə iddiaçıya Q-195 nömrəli 1200 kv.m torpaq sahəsi ayrılmışdır, həmçinin torpaq sahəsinə yerləşmə cizgisi verilmişdir. İş üzrə mütəxəssis rəyinin alınması barədə qərardad qəbul edilmiş və mütəxəssis rəyi alınmış və rəydə qeyd edilmişdir ki, Q-195 nömrəli torpaq sahəsinə dair təqdim edilmiş cizgidə miqyas, koordinatlar və hər hansı istinad nöqtələrindən məsafənin olmaması səbəbindən sərəncamla ayrılan torpaq sahəsinin koordinatlarını, naturada yerini və faktiki ölçüsünü müəyyən etmək mümkün olmamışdır. Lakin, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin naturada yeri və faktiki ölçüsü müəyyən edilmişdir. Adıçəkilən torpaq sahəsi Zeytunçuluq Sovxozunun ərazisi hüdudlarında olmaqla sərəncam verilən tarixdə Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olmuşdur. Mövcud torpaq sahəsinin 0,0204 hissəsi şərq tərəfdən, qəsəbə yolun kənar hissəsindən ümumi istifadə üçün nəzərdə tutulan sahədən artırılmışdır. Yerləşmə cizgisində yuxarıda adıçəkilən səbəblərdən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin uyğunluğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə ekspertiza mərkəzinin ekspert rəyindən görünür ki, mütəxəssis rəyində olan müəyyən edilmiş hallar həmin rəydə də öz təsdiqini tapmışdır. Cavabdehin imtina məktubundan görünür ki, ərazi sovxoz ərazisidir, yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir və ərazinin bir hissəsi yola düşür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun): -8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanınaverilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, icra hakimiyyəti orqanı tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsaslardan biri sayılır. Lakin, adıçəkilən sərəncama istinad edilməklə faktiki iddiaçının istifadəsində olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatından imtinada məhkəmə hesab edir ki, cavabdeh haqlı sayılmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli Torpaq Məcəlləsinin: 23-cü maddəsinə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir; 29-cu maddəsinə görə, müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir; 97-ci maddəsinə əsasən, dövlət torpaq kadastrı torpaqların hüquqi vəziyyətinə, torpaq mülkiyyətçiləri, sahibləri, istifadəçiləri və icarəçiləri arasında, eləcə də kateqoriyalar üzrə bölüşdürülməsi haqqında, torpağın kəmiyyət və keyfiyyət xarakteristikasına və xalq təsərrüfatı üçün dəyərliliyinə dair zəruri məlumatları və sənədləri özündə əks etdirir. Dövlət torpaq kadastrının məlumatları torpaqlardan istifadə və onların mühafizəsi planlaşdırılarkən, torpaqlar verilərkən və geri alınarkən, torpağa görə haqq müəyyən edilərkən, yer quruluşu işləri aparılarkən, təsərrüfat fəaliyyəti qiymətləndirilərkən və eləcə də torpaqlardan istifadə və onların mühafizəsi ilə əlaqədar digər tədbirlər həyata keçirilərkən mütləq tətbiq edilməlidir. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, yer quruluşu, xəritələşdirmə, torpaq, aqrokimya, geobotanika və digər axtarıştədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir; 99-cu maddəsinə görə, yer quruluşu torpaq münasibətlərinin nizamlanması və torpaq ehtiyatlarından istifadə məsələlərinin həll edilməsi üzrə hüquqi, iqtisadi və texniki tədbirlər sistemini özündə birləşdirir. Yer quruluşu xalq təsərrüfatının bütün sahələrində torpaqlardan elmi surətdə əsaslandırılmış səmərəli istifadənin təşkilinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir; 101-ci maddəsinə əsasən, yer quruluşu işlərini xüsusi dövlət torpaq orqanı dövlət büdcəsi hesabına həyata keçirir. Sadalanan qanun normalarının təhlili göstərir ki, iddiaçının mübahisəli daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının yaranmasından bəhs etmək üçün: 1) RİH başçısının xx.xx.1998-ci sərəncamı yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında qəbul edilməli idi; 2) bu sərəncamla əldə olunan əmlak hüquqları qüvvəyə minməli idi. Lakin iş üzrə bu iki şərt yerinə yetirilmir. Belə ki, adıçəkilən yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında qəbul edildiyini təsdiq edəcək həmin dövrdə fəaliyyət göstərən dövlət torpaq və kadastr orqanları tərəfindən tərtib edilən heç bir sənəd mövcud deyildir, iddiaçı da onda adıkeçən sənədlərin olduğunu irəli sürmür. Sonuncu belə bir sənəd kimi Qala qəsəbə nümayəndəsi tərəfindən tərtib edilmiş yerləşmə cizgisinə istinad edilir ki, sərəncam qəbul edilən dövrdə deyil, ondan sonra tərtib olunduğu müəyyən edilən, lakin tarix müəyyən edilməmiş yerləşmə cizgisi işin digər halları da nəzərə alınmaqla mötəbər sayıla bilməz. Odur ki, sərəncamının qəbul edilməsi yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilmədiyindən, habelə, iddiaçının bu sərəncamla əldə etdiyi fərz olunan əmlak hüquqları qüvvəyə minmədiyindən, onun faktiki istifadəsində olan daşınmaz əmlakla bağlı mülkiyyət hüquqları yaranmamışdır. Yuxarıda qeyd edildiyi kimi həmin sərəncam əsasında tərtib edilmiş yerləşmə cizgisinin mötəbər olmaması işin digər halları ilə də sübut olunur. Belə ki, yerli icra hakimiyyəti orqanına sərəncam, yerləşmə cizgisi və onun tərtib edilməsinə dair sənədlər barəsində məlumat verilməsi üçün sorğu göndərilmiş, sorğuya cavab məktubu ilə həmin sənədlərin aidiyyəti arxiv orqanında olduğu müəyyən edilmiş, arxivə verilən sorğuya cavab məktubundan isə müəyyən edilmişdir ki, sərəncam mövcud olsa da sərəncama hər hansı cizgi əlavə edilməmişdir. Göründüyü kimi cizginin mötəbərliyi şübhəlidir. İş materiallarında olan ekspert rəyi ilə isə müəyyən edilir ki, yerləşmə cizgisində miqyas, koordinatlar, hər hansı istinad məsafələri qeyd edilmədiyindən həmin ərazinin hansı sahəyə aid olması, eləcə də iddiaçının faktiki istifadəsində olması müəyyən edilmir. Lakin, ekspert rəyi ilə o, müəyyən edilir ki, faktiki istifadədə olan torpaq sahəsi ümumiyyətlə Əzizbəyov Rayon İcra Hakimiyyətinin yox, Qala 3 nömrəli sovxozun ərazisi 13 iyun 2008-ci il tarixli sərəncama qədər, yəni torpaq barədə iddia olunan sərəncam ayrılarkən Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olmuş ərazi olmuşdur. Göründüyü kimi faktiki istifadədə olan torpaq sahəsi həmin sərəncam əsasında ayrılmışdırsa belə, Əzizbəyov Rayon İcra Hakimiyyəti öz səlahiyyətlərini aşaraq balansında olmayan, digər icra orqanının balansında olan torpaq sahəsinə dair inzibati akt qəbul edilmişdir ki, hazırkı iş üzrə ümumiyyətlə sərəncamın faktiki istifadədə olan torpaq sahəsinə aid olması halı müəyyən edilmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, sərəncamın mötəbərliyi barədə əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. Belə ki, həmin sərəncamla Əzizbəyov Rayon İcra Hakimiyyətinin balansında olmuş əraziyə dair hər hansı torpaq sahəsi iddiaçıya ayrılmalı ola bilər ki, iddiaçı bununla bağlı Xəzər Rayon İcra Hakimiyyətinə müraciət edərək həmin sərəncam əsasında ona real olaraq ayrılması nəzərdə tutulan torpaq sahəsinin naturada müəyyən edilməsi və düzgün yerləşmə cizgisinin çəkilməsi ilə bağlı müraciət edə bilər. Lakin, hər bir halda həmin sərəncama istinad edilməklə hal-hazırda faktiki istifadədə olan torpaq sahəsinin iddiaçının mülkiyyətə verilməsindən söhbət gedə bilməz. Belə ki, həmin sərəncam Abşeron Rayon İcra Hakimiyyətinin balansında olan torpaq sahəsi ilə bağlı olmuşdur ki, nəzərə alınmalıdır ki, iddiaçının faktiki istifadəsində olan torpaq sovxoz ərazisi olmuşdur. Lakin imtinanı qanuni və əsaslı edən hal təkcə bununla bağlı olmayıb, həmçinin də mövcud torpaq sahəsinin bir hissəsinin ümumi istifadədə olan yol sahəsi olması ilə bağlıdır ki, təbii haldır ki, ümumi istifadədə olan yolun iddiaçıya ayrılmasından məhkəmə hesab edir ki, söhbət gedə bilməz. Beləliklə, Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olduğundan, iddia tələbi rədd olunmalıdır. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin olunmadığından, ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (yüz iyirmi dörd) manat məbləğində prosessual xərcin X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi iddiaçının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar