Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-404/2025 03.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Tərəflərin iştiralı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə təqdim edilmiş sənədlərə uyğun çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə təqdim edilmiş sənədlərə uyğun olaraq faktiki ölçü olan 37.5 kv.metr olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsini alqı-satqı yolu ilə əldə etmişdir. Hazırda mülkiyyətindədir. Daha sonra həmin yaşayış sahəsini qeyri-yaşayış sahəsinə çevirmək məqsədilə qanunvericiliyə uyğun qaydada müvafiq orqana müraciət etmişdir. Müraciəti nəticəsində bütün lazımi sənədlər hazırlanaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X6 1 saylı Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməsi məqsədilə İcra Hakimiyyəti tərəfindən ona verilmişdir. Bundan sonra İdarə tərəfindən mütəxəssis ayrılmış və həmin mütəxəssis qeyd olunan ünvana baxış keçirərək yaşayış sahəsinin ölçü və sxemlərini aparmışdır. Bunun üçün o, 731.50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırlanan sənədlərdən də görünür ki, yaşayış sahəsinin çıxarışa əsasən 24.30 kv.metr olmasına baxmayaraq faktiki olaraq 37.50 kv.metr təşkil edir. Bu fakt hazırlanan sənədlərlə sübuta yetirilmişdir. Lakin buna baxmayaraq mənə qeyri-yaşayış sahəsinin eskiz lahiyəsinə uyğun olmayaraq 23.20 kv.metr ölçülü qeyri-yaşayış barədə çıxarış verilmişdir. Həmin çıxarış verilərkən qeyd etdiyim faktlar nəzərə alınmamış və faktiki ölçü 24.30+13.20 kv.m hesablanmamışdır. Həmin qeyri- yaşayış sahəsinin sənədləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, İdarə tərəfindən müxtəlif bəhanələr gətirilərək qeyri-yaşayış sahəsi bugünədək sənədləşdirilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirmək istəyir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin bu hərəkəti tamamilə əsassız və qanunsuz olmuşdur. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********75 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman qeyri-yaşayış sahəsinə artırılmış əlavə sahələrin binanın konturundan kənarda, binada birdən artıq sahəyə xidmət edən ümumi istifadə üçün nəzərdə tutulmuş torpaq sahəsində inşa edildiyi müəyyən olunmuşdur. Məlumat üçün bildirilir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 23.2 kv.m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına dövlət keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin qeydiyyatı üçün haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.10.1.-ci maddəsinə əsasən tikintisinə icazə əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə təqdim edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu obyektlərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsi aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. X2 ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 24.25 kv.m, yaşayış sahəsi 16 kv.m, yardımçı sahəsi isə 8.25 kv.m olan 1 otaqlı mənzili X1 mülkiyyətinə vermişdir. xx.xx.2022-ci il tarixli MKS-nın aktından görünür ki, baxış zamanı məlum oldu ki, mənzil Azəbaycan Respublikası ƏMDKR yanında DƏDRX-nın veridiyi çıxarışa əsasən 24.30 kv.m-dır. Lakin yerində ölçmə zamanı məlum oldu ki, mənzilin ümumi sahəsi 37.5 kv.mdır.Mənzilin ölçüləri arasındakı fərq uzun illər öncə təmir tikinti və rekonstruktiv dəyişikliklər səbəbindən yaranmışdır.Mənzildən hal-hazaırda qeyri- yaşayış sahəsi kimi istifadə olunur və heç kimə mane olmayan giriş və çıxışı vardır. Akt Nəsimi rayon İcra Hakimiyyətinə təqdim etmək üçün verilir. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində Fəaliyyət göstərən Texniki Komissiyanın 88 nömrəli xx.xx.2022-ci il tarixli qəbul aktından görünür ki, komissiyanın keçirdiyi texniki baxış zamanı gəldiyi qərara əsasən, vətəndaş X3 məxsus ünvan 5 saylı evin 66 saylı mənzilin ümumi sahəsinin 37,5m2 hesab olunmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində Fəaliyyət göstərən Texniki Komissiyanın 88 nömrəli xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, komissiyanın keçirdiyi texniki baxış zamanı gəldiyi qərara əsasən, vətəndaş Abduio' Elmira Şamil qızına məxsus ünvan 5 saylı evin 66 saylı mənzilin ümumi sahəsinin 37,5 m2 hesab olunmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab edir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ********** saylı xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 135 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehin iddaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli **********75 nömrəli məktubundan görünür ki, sözügedən qeyri-yaşayış sahəsinə bitişik inşa edilmiş əlavə sahənin yerləşdiyi tikintialtı torpaq sahəsinə dair sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra-çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri yaşayış sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi çıxarış üzrə 24.3 kv.m, sərəncam üzrə 37.5 kv.m, faktiki olaraq 36.4 kv.m-dır. Obyektin mövcüd vəziyyəti eskiz olub. Konfiquratsiyası təqdim edilmiş təsdiqlənmiş eksizə uyğundur. 4 və 5 saylı sahələr binanın konturundan kənar yerləşir. 1 saylı sahədə pəncərə qapı ilə əvəz olunub ( layihədə öz əksini tapıb). Ofis kimi işləyir. Cavabdehin xx.xx.2024-cü il tarixli **********88 saylı məktubundan görünür ki, ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlərin, o cümlədən arxiv texniki pasportunun təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Sorğu ilə əlaqədar olaraq sözügedən əmlaka dair müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Qeyri yaşayış sahəsinin xx.xx.2023-cü il tarixli 04/1855 nömrəli texniki pasportundan görünür ki, 1923-cü ildə tikilmiş 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsinin konstruktiv elementlərinə daxildir: daxili və xarici divarı m/daşı, elektrik təchizatı vardır. Xidmət sahəsi 20 kv.m, dəhliz 1,9 kv.m, sanitar qovşaq 1,3 kv.m olmaqla cəmi sahəsi 23,2 kv.m-dir. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2022-ci il tarixli 189 nömrəli sərəncamından görünür ki, vətəndaş İddiaçı ərizəsi və 49 saylı MKİS-in xx.xx.2022-ci il tarixli aktı əsas götürülmüş, vətəndaş İddiaçı məxsus ünvan 5 saylı evin 66 saylı mənzilin ümumi sahəsi 37,5 m2 hesab olunmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsina keçirilmişdir. Cavabdeh qurum tərəfindən təqdim edilmiş Nizami küçəsi 135 saylı evin 66 saylı mənzilinin eskiz planından görünür ki, mənzilin ümumi sahəsi 37,5 kv.m-dir. Yaşayış sahəsi 19,8 kv.m, yardımçı sahələr 9,9 kv.m və 7,8 kv.m qeyd edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli **********96 saylı məktubuna əsasən sözügedən mənzilin yerləşdiyi binaya dair texniki pasport haqqında məlumat aşkar edilməmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. II. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 135 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2022-ci il tarixli 189 nömrəli sərəncamına əsasən mənzilin ümumi sahəsi 37,5 m2 hesab olunmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. Sözügedən sərəncamda mənzilin sahəsi arasındakı fərqin uzunillər öncə mənzildə aparılmış rekonstruksiya və əsaslı təmir işləri nəticəsində yarandığı qeyd edilmişdir. Beləliklə, məhkəmə müəyyən edir ki, X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyriyaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Həmin Məcəllənin 20.4-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Cavabdeh qurum imtina əsası kimi əlavə sahələrin artırılması, həmin sahənin binanın konturundan kənarda, binada birdən artıq sahəyə xidmət edən ümumi istifadə üçün nəzərdə tutulmuş torpaq sahəsində inşa edildiyini qeyd etsə də, məhkəmənin sorğusuna cavab olaraq binanın layihəsinin, mərtəbəlilik planınn, texniki sənədlərinin, binaya və ya mənzilə dair arxiv texniki pasportun cavabdeh qurumda mövcud olmadığını bildirmişdir. Belə olan halda caavbdeh qurumun mənzildə (qeyri-yaşayış sahəsində) artırılmanın mövcudluğunu hansı müqayisəli sənədə əsasən müəyyən etməsi aydın deyil. Məhkəmə müəyyən edir ki, iddiaçının ona məxsus Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 11C saylı binanın 1-ci mərtəbəsində yerləşən, hüquqmüəyyənedici sənədlər üzrə mövcud sahəsi 37,5 kv.m olan qeyri-yaşayış sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan formada bütün şərtlər mövcuddur, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2022-ci il tarixli 189 nömrəli sərəncamı qüvvədədir, iddiaçının qeyd edilən qeyri-yaşayış sahəsinə hüquqmüəyyənedici sərəncam üzrə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var və cavabdehin imtinası qanunun güddüyü məqsədə mütənasib deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dövlət reyestrində dəyişiklik edilərək sahəsinin 37.5 kv.metr kimi qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-404/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-404/2025
03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver