Məhkəmə qərarları › İş №2-1(112)-4040/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4040/2021

06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4040/2021 06.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, “xxxx” QSC-yə və Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı yataqxananın balans sahibinin müəyyən edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, “xxxx” QSC-yə və Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı ünvan 2 ünvanında yerləşən yataqxananın balans sahibinin müəyyən edilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə hazırlıq iclası xx.xx.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1980-ci ildən hal-hazıra kimi “xxxx” QSC-nin Biləcəri Lokomativ deposunda işləyir. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 33 nömrəli sərəncamına əsasən ona Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən 92 saylı yataqxananın ümumi sahəsi 40 kv.m olan 2 otaqlı, ******* saylı xidməti orderi ilə mənzil verilmişdir. O və ailə üzvləri həmin yaşayış sahəsində qeydiyyatda olsalar da, həmin bina kimin balansında olması müəyyən edilmədiyindən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələbinə müvafiq olaraq konstitusion hüquqlarından istifadə edə bilmirlər. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Azərbaycan Dövlət Dəmir Yollarına məxsus yaşayış binalarının balansına götürülməsi haqqında” xx.xx.2001-ci il tarixli, 193 aylı sərəncamına əsasən, Bakı şəhər ərazisində Azərbaycan Dövlət Dəmir yoluna məxsus yaşayış binalarının (evlərin) ümumşəhər maraqları nöqteyi-nəzərindən vahid texniki istismarına riayət etməklə idarə olunmasını təmin etmək məqsədilə, Azərbaycan Dövlət Dəmir Yolunun xx.xx.2001-ci il tarixli, 41-H saylı və Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2001-ci il tarixli, 11/7-120 saylı müraciətlərinə əsaslanaraq Azərbaycan Dövlət Dəmir Yoluna məxsus Binəqədi, Qaradağ, Əzizbəyov, Xətai, Nərimanov, Nəsimi, Nizami, Suraxanı, Sabunçu və Səbail şəhər rayonlarının ərazisində yerləşən, sahəsi 300263 kv.m olan mövcud yaşayış fondu Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir. Azərbaycan Dövlət Dəmir Yolu rəisinin xx xxxx 2001-ci il tarixlİ, 46/H saylı əmrinə əsasən Bakı şəhəri ərazisində Azərbaycan Dövlət Dəmir Yoluna balansında olan yaşayış binalarının vahid texnik istismarına riayət etməklə, idarə olunmasını təmin etmək və Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 193 saylı sərəncamını nəzərə alaraq, Azərbaycan Dövlət Dəmir Yoluna məxsus Bakı şəhəri ərazisində yerləşən mənzil və onlara xidmət edən sahələri Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx xxxx 2001-ci il tarixli, 46 nömrəli sərəncamından görünür ki, Azərbaycan Dövlət Dəmir Yolunun xx.xx.2001-ci il tarixli, 41-H nömrəli məktubuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 193 nömrəli sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yoluna məxsus yaşayış binaları əvəzsiz olaraq Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bu məqsədlə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2001-ci il tarixli, 11 saylı və Azərbaycan Dövlət Dəmir Yolunun xx.xx.2001-ci il tarixli, 59/H saylı birgə əmrinə uyğun olaraq yaradılmış təhvil-təslim komissiyası tərəfindən göstərilən yaşayış binaları inventarlaşdırılaraq xx xxxx 2001-ci il tarixli akt əsasında balansdan balansa qəbul edilmişdir. Təəssüflər olsun ki, bu günə kimi ünvan 3 ünvanda binanın (yataqxananın) balans sahibi müəyyən edilməmişdir. Bununla əlaqədar “xxxx” QSC-nin rəhbərliyinə ərizə ilə müraciət etmişdir. “xxxx” QSC-nin İnfrastruktur Departamentinin xx.xx.2018-ci il tarixli, İD-461/1 nömrəli cavab məktubunda bildirilir ki, Y.Hüseynov küçəsində yerləşən 92 saylı yataqxana “xxxx” QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli X2 balansında deyildir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx xxxxx 2019-cu il tarixli, 02/08-11-11/1-58-070 saylı cavab məktubunda bildirilir ki, məsələ ilə əlaqədar tərəflərindən “xxxx” QSC-nin nəzdində fəaliyyət göstərən “xxxx” MMC ilə yazışmalar aparılmış, hazırda binanın sahibi dəqiqləşdirilir. X1 Komitəsinin xx xxxxx 2020-ci il tarixli, **********08 nömrəli cavab məktubunda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət xxxxının Registri haqqında Əsasnamə”yə əsasən Azərbaycan Respublikasında dövlət xxxxının Registrində daşınmaz dövlət xxxxının qeydiyyata alınması həmin xxxx sərəncamında olan subyektlər tərəfindən təqdim olunmuş sənədlər əsasında aparılır. Lakin, qeyd olunan bina barədə heç bir dövlət müəssisəsi, idarə və təşkilat tərəfindən məlumat verilmədiyinə görə həmin bina dövlət xxxxının Registrində qeydiyyata alınmamışdır. X1 Komitəsi yanında Daşınmaz xxxxın Dövlət Reyestri Xidmətinin xx xxxxxxx 2020-ci il tarixli, **********45 nömrəli cavab məktubunda da, eyni məzmunlu cavab verilmişdir. Binəqədi RİHBnin Biləcəri qəsəbə inzibait ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli, 14- 8/M-10 nömrəli cavab məktubunda bildirilir ki, məktubda adı çəkilən binalar əvvəllər Azərbaycan Dövlət Dəmir Yolunun balansında olmuşdur. Hal-hazırda hansı təşkilatın balansında olduğu barədə nümayəndəlikdə rəsmi məlumat yoxdur. Cavab məktublarından da, görünür ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 92 ünnvanında yerləşən yataqxananın balans sahibinin kim olması məlum deyildir. Ona görə də, hesab edir ki, həmin yataqxananın balans sahibi müəyyən olunmadığı üçün yataqxananın balans sahibi məhkəmə qaydasında araşdırılmalı və sahibi müəyyən edilməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, iddia tələbinə inzibati məhkəmə icraatında baxılması üçün iddiaçıya yardım etmək məqsədi ilə məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13 və 48.1-ci maddələrinə müvafiq olaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, natamam faktiki məlumatların tamamlanması, eləcə də, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması tövsiyyə edilmiş, lakin İddiaçı dəqiqləşdirilmiş iddia tələbini məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, “xxxx” QSC-yə və Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı ünvan 4 ünvanında yerləşən yataqxananın balans sahibinin müəyyən edilməsi tələbinə mövcud vəziyyətdə inzibati icraat qaydasında baxılması mümkün olmadığından iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30-cu maddəsinin müddəalarına əsasən - 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər; 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər; 30.3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış edir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir oluna bilməz; 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır; 30.5. Hər bir prosessual həmiştirakçı müstəqil şəkildə inzibati prosesdə iştirak etmək hüququna malikdir. Bütün prosessual həmiştirakçılar istisnasız olaraq məhkəmə iclaslarına çağırılmalıdır. Hazırki iddiadan cavabdehlər qismində çıxış edən tərəflərin prosessual həmiştirakçı qismində çıxış etməsinin mümkünlüyü isə müəyyən edilmir. Digər tərəfdən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı xxxx tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Göründüyü kimi, iddiaçı tərəfindən qaldırılmış hazırki iddia tələbinin, yəni “ünvan 4 ünvanında yerləşən yataqxananın balans sahibinin müəyyən edilməsi barədə qərar qəbul edilməsinə dair” iddia tələbinin” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hər hansı birinə aidliyi müəyyən olunmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından yoxlanılarkən mümkünlük şərtlərinə cavab vermədiyi müəyyən edildiyindən, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibat Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar