Məhkəmə qərarları › İş №2-1(112)-4041/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4041/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4041/2022 05.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndələri X3 və X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı «Kompliment” MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “yükün buraxılması” tələbəi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Kompliment” MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin ünvanına daxil olan və tərəflərindən 2021-ci ilin iyun ayında GB**********9943 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh tərəfindən qeyri-qanuni olaraq uzun müddət ərzində buraxılmamasının və daşıyıcıya məxsus anbarda saxlanılmasının qanunsuz hesab edilməsi, həmin gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən buraxılması haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «Kompliment” MMC Azərbaycan Respublikasında kosmetik və tibbi vasitələrin topdan satışı ilə məşğul olur (VÖEN **********). Həmin müxtəlif markalı kosmetik və tibbi vasitələr Böyük Britaniyanın “Yuma Medikal” LP-si tərəfindən əsasən malların istehsal edildiyi Koreya Respublikasından göndərilir. 2021-ci ilin iyun ayında Böyük Britaniyanın “Yuma Medikal” LP-si tərəfindən Bakı şəhərinə «Kompliment” MMC-nin ünvanına Cənubi Koreyadan “TwAc eyes” ticarət nişanlı kosmetik vasitələr göndərilmiş, yükün gömrük rəsmiləşdirilməsi aparılmış, lakin malları Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən sərbəst dövriyyəyə buraxılmamış və həmin İdarənin əməkdaşları tərəfindən əsassız olaraq saxlanılmışdır. «Kompliment” MMC ilə Böyük Britaniynın “Yuma Medikal” LP-si arasında bağlanmış 09 mart 2021-ci il tarixli, 011KOMP/2021 nömrəli müqaviləyə əsasən həmin LP onların MMCyə CİP Bakı şərti ilə “TwAc eyes” ticarət nişanlı kosmetik vasitələrini satır. “Yuma Medikal” LP-si onlara göndərilən “TwAc eyes” ticarət nişanın sahibidir. Həmçinin “TwAc eyes” kosmetik məhsullarının istehsalçısı və qlobal distribyutorudur. Həmin məhsullar əsasən Cənubi Koreyada müasir texnoloji avadanlıqlarda istehsal olunur. Qiymət siyasətini və qiymət strategiyasını “Yuma Medikal” LP özü müəyyənləşdirir. İstehsal və göndərilmə yerindən asılı olmayaraq həmin şirkətlə İddiaçı MMC arasında “TwAc eyes” kosmetik vasitələrinin sövdələşmə qiyməti (invoys qiyməti) 5,40 ABŞ dolları (5 dollar qırx sent) məbləğində müəyyən edilmişdir. Aralarında imzalanmış həmin müqaviləyə əsasən “Yuma Medikal” LP-si Cənubi Koreyada istehsal etdiyi “TwAc eyes” kosmetik vasitələrini İddiaçı MMC-yə həm Koreyadakı, həmçinin digər ölkələrdəki anbarlarından, istənilən nəqliyyat vasitəsi ilə Bakı şəhərinə göndərə bilər və bu amillərin malların keyfiyyət və qiymətinə təsiri ola bilməz. 2019-2020-ci illər ərzində həmin məhsullar qeyd olunan qiymətlərlə onların ünvanına 7 dəfə göndərilmiş və Hava Nəqliyyatında Baş Gömrük İdarəsində gömrük rəsmləşdirilməsi aparılmışdır. Lakin, 2020-ci ilin sentyabr ayından onların MMCyə qarşı gömrük əməkdaşları tərəfindən qərəzli münasibət göstərilir, ünvanlarına daxil olan bütün yüklər əsassız olaraq uzun müddət ərzində saxlanıldıqdan və bununla bağlı onlar yuxarı orqanlara və ya məhkəməyə şikayətlər etikdən sonra buraxılır. Məqsədəyönlü şəkildə onlara küllü miqdarda zərər vurulur, yüksək məbləğlərdə anbar pulları ödətdirilir. Belə ki, təyyarə ilə ünvanlarına daxil olan yüklərin gömrük rəsmiləşdirilməsi məqsədəyönlü şəkildə cavabdeh tərəfindən gecikdirilir, nəticədə malları uzun müddət ərzində daşıyıcıya məxsus, yəni "xxxx" MMC-nin “GHC” filialındakı anbarında qalır. Həmin anbarda isə malların saxlama haqqı Dövlət Gömrük Komitəsinin gömrük anbarlarındakı qiymətlərdən 50 dəfə artıqdır. Gömrük əməkdaşlarına rəsmi olaraq müraciət edilərək, mallarının verilməsiniöz anbarlarında saxlasınmasını xahiş etsələrdə, şifahi qaydada cavab olaraq rəhbərliklərinin buna razı olmadığını bildirmişlər. 2021-ci ilin 13 iyun tarixində ünvanlarına Koreya Respublikasından təyyarə ilə YM080621-KOM nömrəli invoysla göndərilmiş “TwAc eyes” kosmetik vasitələri dərhal tərəflərindən GB**********9943 sorğu nömrəli bəyannamə ilə cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə bəyan edilmişdir. X5 (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin internet saytının (www.customs.qov.az) «e-Gömrük xidmətləri” bölmələrində yerləşdirilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə X2 qəbulu” bölməsindəki gömrük orqanının müvafiq elektron bildirişlərindən də, görünür ki, həmin yükə dair təqdim etdikləri GB**********9943 sorğu nömrəli bəyannamələrinin 14 iyun 2021-ci il tarixdə, saat 17:14-də növbəyə qəbul olunmuş; 16 iyun 2021-ci il tarixdə, saat 08:57-də gömrük rəsmiləşdirilməsi başlamış və GB-dəki məlumatlar təqdim olunan sənədlər əsasında gömrük orqanında yoxlanılmışdır. Həmin tarixdə saat 11:16-da isə rəsmiləşdirməyə təqdim olunan sənədələrin düz olması qeyd olunmuş və 761,65 AZN məbələğin ödənilməsi tələb olunmuşdur. Göstərilən məbləğ tərəflərindən bank vasitəsi ilə dərhal ödənilmiş, lakin bu günədək malları cavabdeh gömrük orqanı tərəfindən buraxılmamış və malları daşıyıcının anbarında qalmışdır. Bildirirlər ki, GB**********9943 nömrəli bəyannamədə göstərilən qiymətlər müvafiq müqavilədə və invoysda göstərilən həqiqi sövdələşmə qiymətlərinə uyğundur. Gömrük orqanına təqdim olunan sənədlər isə düzdür. Bu gömrük orqanının müvafiq elektron bildiriş sistemindəki 16 iyun 2021-ci il tarixli, saat 11:16-da qeydlərdə də, öz əksini tapmışdır. Belə ki, həmin qeydlərə əsasən rəsmiləşdirməyə təqdim olunan sənədlər düzdür. Tələb olunan gömük rüsumu və ödənişləri isə dərhal tərəflərindən tam ödənilmişdir. Buna görə də mallarının cavabdeh gömrük orqanı tərəfindən bu gunədək buraxılmaması qərəzlidir, əsassız və qanunsuzdur. Gömrük orqanından GB**********9943 nömrəli bəyannamələrinin, bəyannamə ilə birlikdə təqdim etdikləri sənədlər və ya ödədikləri gömrük dəyəri ilə bağlı onların ünvanına bu günədək hər hansı bir irad, yazılı bildiriş, məktub və ya digər sənədlər daxil olmamışdır. Dəfələrlə yuxarıda qeyd olunanlarla bağlı Dövlət Gömrük Komitəsinə və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin ünvanına yazılı və şifahi şikayət etmələrinə baxmayaraq, bu günədək onlara rəsmi cavab verilməmiş, malları buraxılmamış və əsassız olaraq daşıyıcının anbarında saxlanılmışdır. Cavabdeh əsassız və qanunsuz olaraq mallarını buraxmaqdan imtina edir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılması xahiş olunmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia tələbinə qarşı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük idarəsində araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, **********3 nömrəli aviaqaimə ilə Koreya Respublikasından göndərilən, İddiaçı MMC-nin Böyük Britaniyanın "xxxx" şirkəti ilə imzaladığı 09.03.2021-ci il tarixli 11KOMP/2021 saylı müqaviləyə və 08.06.2021-ci il tarixli YM080621-KOM saylı invoysa əsasən dəyəri 1080 ABŞ dolları göstərilən, mənşə ölkəsi Koreya Respublikası olan 200 ədəd “Twac booster system” nişanlı dəriyə qulluq üçün vasitələrin gömrük rəsmiləşdirilməsi üçün 14.06.2021-ci il tarixdə **********9943 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. “Gömrük tarifi haqqında” Qanuna əsasən Azərbaycan Respublikasına eyni və ya təqribən eyni vaxtda ixrac məqsədilə satılan eyni və ya eynicinsli malların sövdələşmə qiyməti statistik məlumatlar əsasında müqayisə edilərək müəyyən uyğunsuzluqlar aşkar edildiyindən, yüklərin (malların) dəyərində müəyyən düzəlişlərin edilməsi məqsədə müvafiq hesab edilmişdir. Həmin malların dəyərinin İddiaçı MMC tərəfindən düzgün bəyan edilibedilməməsinin dəqiqləşdirilməsi məqsədilə ixracatçı şirkətin Koreya Respublikasının gömrük orqanlarına təqdim etdiyi invoys sənədlərinin və gömrük bəyannaməsinin sürətlərinin göndərilməsi ilə bağlı 11.11.2021-ci il tarixli 1900-012/001-25/003438 nömrəli məktubla Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə müraciət olunmuş və həmin İdarənin vasitəsi ilə ixracatçı ölkəyə sorğu göndərilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 220.1-cu maddəsinə əsasən malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 162.2-ci maddəsinə əsasən, “Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir.” Həmin Məcəllənin 163.1-ci maddəsində qeyd olunmuşdur ki, “Gömrük bəyannaməsinin təsdiqi gömrük borcu yaratdıqda malların buraxılışı həmin gömrük borcunu təşkil edən gömrük ödənişlərinin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir." İddiaçı MMC-nin gömrük rəsmiləşdirilməsinə təqdim olunan **********9943 sorğu nömrəli gömrük bəyannaməsi gömrük dəyərində müvafiq düzəlişlərin aparılması üçün deklaranta qaytarıldıqdan sonra həmin tələb yerinə yetirilməmiş və müvafiq gömrük ödənişləri ödənilmədiyinə görə yük sərbəst dövriyyə üçün buraxılmamışdır. Şifahi məhkəmə iclasında iddiaçının nümayəndələri iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - «Yuma Medical» LP (satıcı) ilə İddiaçı MMC arasında 09.03.2021-ci il tarixdə 011KOMP/2021 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən «satıcı» invoyslarda göstərilən tibbi və kosmetik avadanlıq və vasitələri müqavilənin imzalandığı tarixdən etibarən Bakı şəhərinə tədarük edir «Alıcı» isə, malları qəbul edir. «Satıcı» bu müqavilənin predmeti olan malları dünyanın istənilən ölkəsindən, istənilən istehsalçıdan, istənilən nəqliyyat vasitəsi ilə «Alıcıya» göndərə bilər. Lakin, bu amillərin malların keyfiyyət və qiymətinə təsiri ola bilməz. «Alıcı» ünvanına daxil olan yüklərin gömrük rəsmiləşdirilməsini həyata eçirərək, bütün gömrük rüsum və yığımlarını ödəyir, malları qəbul edir. Müqavilənin 2-ci bəndinin 1-ci abzasına əsasən “TwAc eyes” kosmetik vasitələrinin CİP Bakı sövdələşmə qiyməti dəyişdirilmədən əvvəlki müqavilələrə uyğun saxlanılsın və aşağıdakı kimi bir daha təsdiq edilsin: TwAc eyes – 5,40 (beş dollar qırx sent) ABŞ dolları TwAc 2.0 – 13,80 (on üç dollar səksən sent) ABŞ dolları TwAc 3.0 – 15,00 (on beş dollar) ABŞ dolları Müqavilənin 4-cü bəndinə əsasən “satıcı” – hava və ya digər nəqliyyat vasitəsi ilə invoysda göstərilən malları 3-cü bəndə uyğun olaraq 3 həftə ərzində Bakı şəhərinə çatdırır. Vaxtından əvvəl malların çatdırılmasına icazə verilir. “Alıcı” malları gömrük əməliyyatlarını həyata keçirərək öz obyektinə çatdırır. -14.06.2021-ci il tarixli **********9943 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, mal göndərən /ixracatçı "xxxx" Böyük Britaniya mal qəbul edən/idxalatçı İddiaçı MMC olmaqla cəmi 200 ədəd dəriyə qulluq üçün vasitələr/TwAc eyes kosmetik vasitələri invoys dəyəri 1080 ABŞ dolları, gömrük dəyəri 1836 manat, hesablanmış gömrük ödənişi 761,65 manat qeyd edilmişdir. -Yuma Medical LP tərəfindən verilmiş YM080621-KOM 08.06.2021-ci tarixli invoysda 200 ədəd kosmetik vasitəyə görə 1080 ABŞ dolları ödənişin edilməsi qeyd olunmuşdur. -107OST421190001C nömrəli 09.07.2021-c il tarixli ödəniş tapşırığından görünür ki, Kompliment MMC tərəfindən Yuma Medical LP-nin xeyrinə kosmetik vasitələr üçün 1080 ABŞ dolları məbləğində köçürmə həyata keçirilmişdir. - İdxal olunan malların aviaqaiməsindən görünür ki, Yuma Medical LP tərəfindən Kompliment MMC-yə göndərilən kosmetik məhsulların HS kodu:3304.99-9000 invoys nömrəsi YM080621-KOM kimi qeyd edilmişdir. - 14.06.2021-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, cəmi 761,65 manat məbləğində gömrük rüsumu, ödənişləri və yığımları büdcəyə ödənilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-25/2021 nömrəli, 01.02.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi İddiaçı MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materialla Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmədə müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin adına "xxxx" Şirkəti tərəfindən **********5 nömrəli aviaqaimə əsasında 2 yer, brutto çəkisi 13 kq, gömrük dəyəri 1080 ABŞ dolları, yəni 1836 manat olan “Twac eyes adlı kosmetik vasitə (gel)” adlı yük göndərilmişdir. "xxxx" Şirkəti tərəfindən verilmiş YM030920 nömrəli invoysda “Twac eyes adlı kosmetik vasitənin (gel)” 1 ədədinin dəyəri 5.40 ABŞ dolları, 200 ədədin dəyəri 1080 ABŞ dolları təşkil etdiyi qeyd olunmuşdur. Eyni zamanda, "xxxx" Şirkəti Azərbaycan Respublikasının məhkəmə və dövlət orqanlarına 11 dekabr 2020-ci il tarixli məktub ünvanlayaraq, YM030920 nömrəli hesab-fakturada qeyd edilən qiymətlərin və digər parametrlərin doğruluğunu təsdiq etmişdir. Bundan əlavə də, İddiaçı MMC-nin adına "xxxx" Şirkəti tərəfindən “Twac eyes adlı kosmetik vasitə (gel)” adlı eyni qiymətə göndərilmişdir. İddiaçı MMC tərəfindən də, malların dəyərinə uyğun gömrük rüsumları ödənilmişdir. Göründüyü kimi, İddiaçı MMC gömrük ödənişlərini (borcunu) ödəməkdən az miqdarda yayınmamışdır. Sözügedən qərarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İddiaçı MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşin faktiki hallarından müəyyən olunmuşdur ki, iddiaçı “Yuma Medical” LP arasında olan müqavilə münasibətləri zəminində müqavilə predmetini təşkil edən malları almış, həmin malların Azərbaycan Respublikasına idxalı zamanı müvafiq gömrük prosedurlarından keçmiş, zəruri olan gömrük rüsumunu ödəmiş, lakin malın gömrük orqanı tərəfindən buraxılmasına icazə verilməmişdir. Cavabdeh inzibati orqan risk təhlili nəticəsində gömrük dəyərində şübhə yarandığına görə gömrük rəsmiləşdirilməsinə təqdim olunan **********943 sorğu nömrəli gömrük bəyannaməsi gömrük dəyərində müvafiq düzəlişlərin aparılması üçün dekalaranta qaytarıldıqdan sonra həmin tələb yerinə yetirilməmiş və müvafiq gömrük ödənişləri ödənilmədiyinə görə yük sərbəst dövriyyə üçün buraxılmamışdır. Malları ixrac edən ixracatçı şirkətin Koreya Respublikasının gömrük orqanlara təqdim etdiyi invoys sənədlərinin və gömrük bəyannaməsinin surətlərinin göndərilməsi ilə bağlı 11.11.2021-ci il tarixli, 1900-012/001-25/0003438 nömrəli məktubla Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə müraciət etmiş və həmin idarənin vasitəsilə ixracatçı ölkəyə sorğu göndərmişdir. İşdən görünür ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir:

1. İddiaçı MMC-nin ünvanına daxil olan və İddiaçı MMC tərəfindən 2021-ci ilin iyun ayında GB **********9943 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən əsassız olaraq uzun müddət saxlanılmasının qanunsuz hesab edilməsi;

2. İddiaçı MMC-nin ünvnaına daxil olan və İddiaçı MMC tərəfindən 2021-ci ilin iyun ayında GB **********9943 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən buraxılması. Məhkəmə iddia tələbinin 1-ci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hesab edilir. Yalnız həmin üsuldan istifadə etmək mümkün olmadıqda digər üsullardan hər biri ardıcıl olaraq tətbiq edilə bilər. Bir sonrakı üsulun gömrük dəyərinin təyin edilməsi zamanı tətbiqi yalnız o halda mümkün olur ki, digər üsulla gömrük dəyərinin müəyyənləşdirilməsi mümkün olmasın. Hazırki iş üzrə cavabdeh tərəfindən isə iddiaçı tərəfindən idxal olunan məhsullara münasibətdə gömrük dəyərinin müəyyənləşdirilməsi zamanı qanunvericiliyin müddəalarına əməl edilməmişdir. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə müəyyən edildiyi kimi iddiaçı əslində mala çəkilən xərcin 1080 ABŞ dolları olduğunu, gömrük orqanına təyin edilən invoysun nəzərə alınmalı olduğunu iddia edir. Göründüyü kimi, iddiaçı gömrük dəyərinin müəyyən edilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi sövdələşmə qiymətinin əsas götürülməsində iddialıdır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun “Malların sövdələşmə qiyməti üsulu” adlanan 13-cü maddəsindən də, göründüyü kimi gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur, bu şərtlə ki, alıcının dəyərləndirilən mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri, malların dəyərinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər istisna olmaqla), satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasın, alıcı tərəfindən mallara dair sərəncam verilməsindən və ya onların istifadəsindən satıcı birbaşa və ya dolayı yolla mənfəət əldə etməsin, əgər bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsinin aparılması mümkün deyilsə, bu Qanunun 13.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, malların alıcısı və satıcısı əlaqəli şəxslər olmasınlar, alıcı ilə satıcı əlaqəli şəxslər olduğu halda, onlar arasındakı münasibətlər mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etməsin əv ya idxalatçı malların sövdələşmə qiymətinin bu Qanunun 13.7-ci maddəsinin tələblərinə cavab verdiyini sübut etsin. Cavabdeh qismində çıxış edən gömrük orqanı öz növbəliyində invoysda göstərilən sövdələşmə qiymətini nəzərə almamış, Koreya ixrac gömrük bəyannaməsi adı ilə əldə etmiş olduğu məlumata istinad edərək, qanunvericilikdə səciyyələnmiş mallarının gömrük dəyərinin müəyyən edilməsi üsullarından istifadə etməmişdir. Diqqətəlayiq hal odur ki, “Gömrük tarifi haqqında” Qanunda göstərilən gömrük dəyərinin müəyyən edilməsi üsullarının heç birində gömrük dəyərini müəyyən etmək üçün xarici malların istehsal və göndərildiyi ölkədə rəsmiləşdirilmiş ixrac gömrük bəyannaməsindən istifadə edilməsi nəzərdə tutulmamışdır. Digər tərəfəndən nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən ünvanlanmış sorğuya cavab məktubunda Azərbaycan Respublikası Milli X6 Qanunvericilik Şöbəsi bildirmişdir ki, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi (Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət) gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Malların gömrük dəyərini sövdələşmə qiyməti (dəyərləndirilən mallara eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eyni malların sövdələşmə qiyməti), bunlar da mümkün olmadıqda eynicinsli malların sövdələşmə qiymət (dəyərləndirilən mallarla eyni və təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eynicinsli malların sövdələşmə qiyməti) tətbiq olunur. Yuxarıda qeyd olunan dəyərləndirmə üsullarının tətbiqi mümkün olmadıqda isə malların gömrük dəyəri çıxılmış dəyər üsulu ilə müəyyənləşdirilir. Göründüyü kimi həm qanunvericilik, həmçinin də Azərbaycan Respublikası Milli X6 Qanunvericilik Şöbəsinin məktubu idxal olunmuş malların dəyərləndirilməsi mexanizmini təsvir etmişdir ki, həmin dəyərləndirilmənin aparılmasının əsaslarından biri sövdələşmə üsulu ilə həyata keçirilir. Lakin, cavabdeh inzibati orqan qanunvericiliyin və normativ hüquqi aktların tələbləri çərçivəsində hərəkət etməmiş, bununla da, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək vəzifələri vardır. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: malların sövdələşmə qiyməti ilə; eyni malların sövdələşmə qiyməti ilə; eynicinsli malların sövdələşmə qiyməti ilə; dəyərin çıxılması üsulu ilə; dəyərin toplanması üsulu ilə; ehtiyat üsulu ilə. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən bu Qanunun 18.1-ci maddəsinə müvafiq olaraq malların gömrük dəyəri malların ixrac ölkəsinin daxili bazarındakı qiyməti əsasında müəyyən edilə bilməz. Qanunvericiliyin tələbindən də, göründüyü kimi malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hesab edilir. Yalnız həmin üsuldan istifadə etmək mümkün olmadıqda digər üsullardan hər biri ardıcıl olaraq tətbiq edilə bilər. Bir sonrakı üsulun gömrük dəyərinin təyin edilməsi zamanı tətbiqi yalnız o halda mümkün olur ki, digər üsulla gömrük dəyərinin müəyyənləşdirilməsi mümkün olmasın. İş materialları ilə müəyyən olunur ki, “Yuma Medical” LP şirkəti ilə İddiaçı MMC arasında bağlanmış 09.03.2021-ci il tarixli 11KOMP/2021 saylı müqaviləyə əsasən mənşə ölkəsi Koreya Respublikası olan və 08.06.2021-ci il tarixli YM080621-KOM saylı invoysa əsasən dəyəri 1080 ABŞ dolları olan 200 ədəd kosmetik vasitələri olan yük iddiaçı tərəfindən gömrük rəsmiləşdirilməsi üçün 14.06.2021-ci il tarixdə GB**********9943 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. İddiaçı tərəfindən malların bəyan edilməsi "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi” Qaydalarına uyğun həyata keçirilmiş, həmçinin, Gömrük Məcəlləsinin 148-ci maddəsi ilə bəyannaməçi kimi üzərinə düşən bütün vəzifələr tam icra edilərək zəruri olan 761.65 manat məbləğində gömrük rüsumu ödənilmiş, lakin malın gömrük orqanı tərəfindən buraxılmasına icazə verilməmişdir. Halbuki, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi malların sövdələşmə qiymətini əks etdirən invoysu cavabdeh orqana bəyan etmişdir. Cavabdeh iddiaya qarşı öz mövqeyində göstərmişdir ki, təhlil nəticəsində gömrük dəyərində şübhə yarandığına görə qeyd olunan bəyannamə bəyannaməçiyə qaytarılmışdır. Məhkəmə cavabdehin qeyd olunan dəlili ilə razılaşmayaraq qeyd edir ki, gömrük işində risklərin idarə edilməsi Gömrük Məcəlləsinin 100 və 101-ci maddələri ilə tənzimlənir. Belə ki, həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən gömrük işində risklərin idarə edilməsi (risk menecmenti) məlumatların toplanması, məlumat bazasının yeniləşdirilməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyəcək ziyanın dərəcəsinin qiymətləndirilməsi və riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədi ilə gömrük orqanları tərəfindən sistematik işlənib hazırlanan və mütəmadi həyata keçirilən tədbirlərdir. Qeyd olunan maddənin təhlilindən görünür ki, həmin maddələrdə risk təhlili nəticəsində malların gömrük orqanı tərəfindən buraxılmaması və ya bəyannamənin geri qaytarılması nəzərdə tutulmamışdır. Məhkəmə iddia tələbinin 2-ci hissəsi ilə bağlı qeyd edir ki, gömrük münasibətlərini tənzimləyən hüquqi aktlarda saxlanc anlayışı geniş olaraq təsvir olunmuşdur. Saxlanc dedikdə, hər hansı bir malın saxlanılması başa düşülür. Gömrük münasibətləri saxlancın 2 növdə həyata keçirilməsini şərtləndirmişdir: 1) müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi; 2) müvəqqəti saxlanc anbarına yerləşdirilməsi. Qanunvericilik hər iki halda saxlancın mexanizmini müəyyən etmişdir ki, bu zaman müvafiq olaraq mühüm olan elementlərə nəzərə yetirilməlidir. Birinci halda, gömrük ərazisinə gətirilən malların mal sahibi tərəfindən gömrük orqanına təqdim edilərək bəyan edildiyi zaman mallar saxlanc xüsusi gömrük prosesuduru altında yerləşdirilə bilər. İkinci halda isə, yəni müvəqqəti saxlanc anbarına yerləşdirilməsi üçün mütləq qaydada mülkihüquq münasibətləri, yəni mal sahibi və gömrük orqanı arasında müqavilə bağlanılmalıdır. Nəzərə alınmalıdır ki, hər iki halda cavabdeh tərəfindən mübahisə predmetini təşkil edən malların saxlancının həyata keçirilməsi üçün əsas olmamışdır. Belə ki, iddiaçı mal sahibi kimi daxil olan xarici malları müvəqqəti saxlanca verilməsini bəyan etməmiş, əksinə həmin malları ümumi dövriyyə buraxılmasını bəyan etmiş, o cümlədən də həmin malların müvəqqəti saxlanc anbarına yerləşdirilməsi üçün gömrük orqanı ilə hər hansı mülki-hüquqi müqavilə bağlamamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş İddiaçı MMC-yə məxsus malların buraxılmaması, anbarda yerləşdirilməsi bir mənalı qanunvericiliyin tələblərinin pozulmsına səbəb olmuşdur. Gömrük Məcəlləsinin 89-cu (Gömrük nəzarətinin minimum müddətdə həyata keçirilməsi tələbinə riayət olunması) maddəsinə əsasən, gömrük orqanları, bəyannaməçi və mallar barədə səlahiyyəti olan digər şəxslər gömrük nəzarətinin həyata keçirilməsi üçün zəruri olan minimum müddətə riayət etməyə borcludurlar. Həmin Məcəllənin 152.1-ci maddəsinə əssən gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun həmin maddədə göstərilən şərtlərə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əssən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Həmin Məcəllənin 160.3-cü maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan malların adlar və növlər üzrə ayrı-ayrı qablaşdırılmaması gömrük orqanlarına gömrük bəyannaməsində göstərilən mallar haqqında məlumatların düzgünlüyünün yoxlanmasına imkan vermirsə, bu Məcəllənin 160.1-ci maddəsində nəzərdə tutulan müddət mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən malların adlar və növlər üzrə ayırması üçün tələb olunan müddətədək gömrük orqanının qərarı ilə uzadılır. Bu müddət 7 (yeddi) gündən çox olmamalıdır. Həmin Məcəllənin 162-ci (Malların buraxılışı) maddəsinə əsasən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə isə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 176.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. Həmin Məcəllənin 322.1-ci maddəsinə əsasən gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; malların gömrük dəyərinin təyin olunması; malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi. Həmin Məcəllənin 322.2-ci maddəsinə əsasən gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. Həmin Məcəllənin gömrük rəsmiləşdirilməsinin başlanmasını və başa çatmasını tənzimləyən 104-cü maddəsində müəyyən edilmişdir ki, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Yuxarıda istinad olunan normadan da, görünür ki, gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Eyni zamanda istinad olunan normadan görünür ki, ekspertizasının aparılmasının məqsədi malların gömrük dəyərinin təyin olunmasını müəyyən etməkdir. Məhkəmə araşdırması zamanı cavabdeh gömrük orqanı tərəfindən gömrük rəsmləşdirilməsi zamanı hər hansı sənədlərin çatışmaması barədə iddiaçıya müraciətin olunması, bundan başqa malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizanın keçirilməsi müəyyən edilməmişdir. Halbuki İddiaçı MMC-in gömrük orqanına təqdim etdiyi bəyannamə və sənədlər gömrük orqanı tərəfindən yoxlanılmış və onların düz olması müəyyən olunmuşdur. Belə ki, YM0806211-KOM nömrəli invoysla daxil olmuş «TwAc eyes» kosmetik vasitələri dərhal iddiaçı tərəfindən GB**********9943 nömrəli bəyannamə ilə bəyan edilmiş, tələb olunan gömrük rüsum və ödənişləri ödənilmişdir. X5 (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin internet saytının (www.customs.gov.az) “e-Gömrük xidmətləri” bölmələrində yerləşdirilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə X2 qəbulu” bölməsindəki gömrük orqanının müvafiq elektron bildirişlərindən də görünür ki, həmin yükə dair təqdim olunan GB**********9943 nömrəli bəyannamə 14 iyun 2021-ci il tarixdə saat 17:14-də növbəyə qəbul olunmuş, 16 iyun 2021-ci il tarixdə saat 08:57-də gömrük rəsmiləşdirilməsi başlamış və GB-dəki məlumatlar təqdim olunan sənədlər əsasında gömrük orqanında yoxlanılmışdır. Həmin tarixdə saat 11:16-da isə rəsmiləşməyə təqdim olunan sənədlərin düz olması və 761.65 AZN məbləğin ödənilməsi tələb olunmuşdur. Daha sonra gb-dəki məlumatlar ilə təqdim olunan sənədlər uyğun olmadığı üçün geri qaytarılmışdır. İddiaçı şirkət tərəfindən həmin məbləğ tam şəkildə ödənilmişdir. Göründüyü kimi, gömrük orqanı tərəfindən ilk olaraq GB qəbul olunmuş, hətta gömrük ödənişlərinin həyata keçirilməsi tələb olunmuş, lakin sonradan əsassız səbəbə görə malın buraxılmasına icazə verilməmişdir. Cavabdeh malların dəyərinin İddiaçı MMC tərəfindən düzgün bəyan edilməməsini və gömrük dəyərinə düzəliş olunmasını bildirsə də, hər-hansı çatışmazlıq və ya uyğunsuzluğun olduğu hallarda bu barədə iddiaçıya bildiriş vermək, bununla bağlı onu yazılı və şifahi qaydada məlumatlandırmaq Gömrük Məcəlləsinin 70.1-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifələrinə aid edilmişdir. Belə ki, Gömrük Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, şəxsin və ya onun nümayəndəsinin bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərini, o cümlədən digər prosedurları pozmaqla malları idxal və ixrac etməsi, gömrük dəyərini düzgün bəyan etməməsi, gömrük güzəştlərindən təyinatı üzrə, yaxud düzgün istifadə etməməsi barədə kifayət qədər əsas olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri yazılı bildiriş göndərməklə onlardan bu Məcəllənin 70.2-ci maddəsində göstərilən müddəti əhatə edən müvafiq sənədlərin təqdim olunmasını tələb edirlər. Lakin, cavabdehin bu məzmunda iddiaçıya hər hansı bildiriş verməsi, bununla bağlı onu hər hansı formada məlumatlandırması, ümumiyyətlə gömrük rəsmiləşdirilməsinin hansı səbəbdən baş verməməsi barədə hər hansı informasiya verməsi, yəni məsələ ilə əlaqədar iddiaçını gömrük orqanına gəlməsi barədə dəvət etməsi, lakin iddiaçının gəlməməsi, iddiaçının təqsirli hərəkətsizliyindən – gömrük rəsmiləşdirilməsinin gecikdiyi müəyyən olunmamışdır, nə də gömrük orqanı bu halları təsdiq edəcək məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, iş materialları ilə müəyyən olunur ki, malların ölkəyə idxal olunduğu barədə məlumatlandırıldıqdan sonra iddiaçı ardıcıl surətdə, israrlı şəkildə, ləngimələrə yol vermədən öz üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması ilə cavabdeh orqan tərəfindən bəyannamənin qaytarılmasına səbəb olan hallar öz təsdiqi tapmadığından iddiaçı tərəfindən qanuni əsaslarla gətirilən malları əsassız saxlamaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan təqdirdə, məhkəmə qeyd edir ki, İddiaçı MMC tərəfindən 2021-ci ilin iyunayında GB**********9943 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən əsassız olaraq uzun müddət saxlanılması qanunsuz hesab edilməli, yük cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən buraxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 73, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin ünvanına daxil olan və İddiaçı MMC tərəfindən 2021-ci ilin iyun ayında GB**********9943 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qeyriqanuni olaraq uzun müddət ərzində buraxılmaması və daşıyıcıya məxsus anbarda saxlanılması qanunsuz hesab edilsin. İddiaçı MMC-nin ünvanına daxil olan və İddiaçı MMC tərəfindən 2021-ci ilin iyun ayında GB**********9943 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yük cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən buraxılsın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar