Məhkəmə qərarları › İş №2-1(112)-4042/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4042/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4042/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X14, üçüncü şəxslər X1, X4 və X7, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X8, X13, X15, X9 və X16) «fərdi yaşayış evinə bölgü sxemi aparılaraq payçıların hər birinə ayrılıqda reyestdən çıxarışların verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR İİN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X8, X13, X15, X9 və X16) «fərdi yaşayış evinə bölgü sxemi aparılaraq payçıların hər birinə ayrılıqda reyestdən çıxarışların verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı və onun qardaşları tərəfindən birgə vəsaitləri hesabına inşa edilmişdir. Sonradan həmin fərdi yaşayış evi onların razılığı əsasında bacısı X5 adma rəsmiləşdirilmişdir. Bununla bağlı Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən seriya FM 000732 nömrəli “qeydiyyat vəsiqəsi” verilmişdir. Bundan sonra bacısının müraciəti əsasında DƏDRX tərəfindən MH seriyalı ******* nömrəli reyestdən çıxarış verilmişdir. Daha sonra bacısı Səkinə Kazımova qeyd edilən fərdi yaşayış evinin onun və qardaşlarının arasında paylara bölünməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı DƏDRX-ə müraciət etmişdir. Lakin o, həmin ərəfədə gözlənilmədən vəfat etmişdir. Bundan sonra bacısının əri onun vərəsəsi qismində qeyd edilən hərəkətlərin tamamlanması ilə bağlı işləri görmüş və nəticədə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X8 (qardaşı arvadı – 66.5 kv.m), X9 (bacısının əri – qalan hissə), X13 (qardaşı – 87.4 kv.m), X16 (qardaşı arvadı – 87.4 kv.m), X17 (qardaşı – 116.5 kv.m), İddiaçı (iddiaçı özü – 523.2 kv.m) paylı mülkiyyətə verilərək müvafiq reyestrdən çıxarışlar verilmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 4 mərtəbədən ibarətdir. Reyestrdən çıxarışda adları qeyd edilən şəxslərin hər birinin öz mənzili vardır. Gələcəkdə yarana biləcək hər hansı mübahisələrin və ya fikir ayrılığının qarşısını almaq məqsədi ilə paylı mülkiyyətdə olan həmin fərdi yaşayış evinin hər bir paylı mülkiyyətçisinə yaşadıqları mənzillərin qeydiyyata alınaraq hər birinin payı tam olmaqla müvafiq reyestdən çıxarışların verilməsi məqsədəmüvafiq olardı. Adıçəkilən fərdi yaşayış evinin tikiliş planı və forması paylı mülkiyyətçilərə tam mülkiyyət hüquq əsasında qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsinə imkan verir. Hesab olunur ki, mübahisə predmeti olan fərdi yaşayış evinə verilmiş Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən FM seriyalı 000732 nömrəli qeydiyyat vəsiqəsində fərdi yaşayış evinin ümumi sahəsi və yaşayış sahəsi düzgün qeyd edilsə də, sonradan verilmiş çıxarışlarda mənzilin ümumi sahəsi və yaşayış sahəsinin ölçüləri düzgün qeyd edilməmişdir. Odur ki, mübahisə predmeti olan fərdi yaşayış evinin yerində müvafiq ölçmə işləri aparılması zərurət təşkil edir. Eyni zamanda qeyd edilir ki, ərizədə göstərilən xüsusatların icrası qanunvericiliklə də mümkündür. Belə ki, AR Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci madəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1, 2.2-ci maddələrinə əsaslanaraq, məhkəmədən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin onunla üçüncü şəxslər (X8, X13, X15, X9 və X16) arasında bölgüsü aparılmaqla hər birinə ayrılıqda reyestdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barəıdə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında (27 mart 2021-ci il tarixli məktubunda) aşağıdakılar qeyd olunmuşdur: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid bölgü sxeminin tərtib edilməsi ilə bağlı İdarəyə 17 dekabr 2020-ci il tarixdə müraciət etmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 87.4 kv.m hissəsi X13, 66.5 kv.m hissəsi X8, 116.5 kv.m hissəsi X10, 523.2 kv.m hissəsi İddiaçı, 87.4 kv.m hissəsi X11, 310.1 kv.m hissəsi və torpaq sahəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsi ilə digər payçılara məxsus hissələr bir dam altında yerləşir və fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Həmçinin, fərdi yaşayış evinin yerləşdiyi 0.069 torpaq sahəsi X3 adına dövlət reyestrində qeydiyyatdan keçdiyindən, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 13.7-ci maddəsinin tələblərini və yuxarıda qeyd edilənləri nəzərə alaraq konstruktiv cəhətdən vahid olan binanın iki və daha çox əsas tikililərə bölünməsi mümkün olmamışdır. Göstərilənlərə və İPM-in 48.2-ci maddəsinə, AR Mülki Məcəlləsinin 220-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 13.7, 23-cü maddələrinə, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 71-ci maddələrinə, AR Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiqlənmiş «Ara məsafələri ilə bağlı müfəssəl Qaydalar»ın 9-cu bəndinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına tərəflər və üçüncü şəxslər X8, X13, X15, üçüncü şəxs X6ün nümayəndəsi gəlmişlər, digər üçüncü şəxs X16 gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəısində göstərilənləri təssdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən X21 iddiaya etiraz etdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X8, X13 və X15, üçüncü şəxsin nümayəndəsi X12 iddiaya etiraz etmədilər və onun təmin olunmasını xahiş etdilər. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Həmin Qanunun 2.1-ci maddəsinəgörədaşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 10.1-ci maddəsinəgörəhüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: (3.2.1) qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə, (3.2.2) qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə, (3.2.3) Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda, (3.2.4) daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda, (3.2.5) daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə, (3.2.6) daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. Qaydaların 3.3-cü bəndinə görə daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə AR Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırkı Əmlak Məsələləri Dövlət Xidmətinə) müraciət edir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə qeyd edir ki, mövcud inzibati praktikaya əsasən hazırkı iddiaçının iddia tələbində qaldırdığı məsələ (paylı mülkiyyətdə olan mənzilin bölgü sxeminin tərtib olunması) payçıların notarial qaydada və ya digər müvafiq formada təsdiqlənərək tərtib olunmaqla şərtləndirilir və hazırkı cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Bundan başqa, nəzərə alınmalıdır ki, müvafiq bölgü sənədlərinin mövcud olduğu halda, payçılara məxsus əmlakların hamısına dair reyestrdə eyni zamanda ayrılıqda (iddiaçının tələbinə görə) qeydiyyat aparılması və reyestrdən çıxarışın verilməsi onlara “ayrılıqda ünvan verilməsi” ilə şərtləndirilir. Bununla bağlı isə, inzibati orqana payçıların hamısının birgə müraciəti, imtina olunduqda isə məhkəmədə birgə iddia qaldırması zəruridir. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarına toxunma ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqlənmir. Odur ki, məhkəmə iddianı mümkün saymır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar