Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4042/2023 06.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 06 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən pensiyanın azaldılması barədə inzibati aktların və hərəkətlərin qanunsuz hesab edilməsi, pensiyanın bərpa edilməsi və ötən dövr üzrə ödənilməmiş pensiya məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********3 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2013-cü il tarixdən yaşa görə pensiyaya çıxmış və dövlət qulluğunda 13 il 9 ay 9 gün qulluq stajı nəzərə alınmaqla, qanunvericiliyə uyğun olaraq ona orta aylıq əmək haqqının (577,81 manat) 70 faizi (404,47 manat) məbləğində əmək pensiyası və dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə ödənilməsinə başlanılmışdır. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən dövlət qulluqçularının əmək haqqlarının artırılması ilə əlaqədar, bir neçə dəfə, o cümlədən xx.xx.2013 və xx.xx.2018 tarixlərində pensiyanın təyin edilməsi üçün əsas götürülmüş əmək haqqındakı artımlar nəzərə alınmaqla pensiyası yenidən hesablanaraq ona ödənilmişdir. Sonuncu dəfə “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixdən pensiyasının məbləği 630 manatdan artırılaraq 886 manat müəyyən edilmiş və ödənilməsinə başlanılmışdır. Lakin xx.xx.2022-ci il tarixdən heç bir əsas olmadan əmək pensiyasının məbləği azaldılaraq, 726,56 manat müəyyən edilmiş və ödənilməsinə başlanılmışdır. Müraciətinə baxmayaraq, pensiyanın azaldılması barədə qərar təqdim edilməmiş və yalnız məktubla pensiyamın yenidən hesablanması zamanı 2013-cü ildə səhvə yol verilərək, pensiyanın artıq ödənildiyi bildirilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixdən Fondun Nəsimi rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********2 nömrəli artıq ödənilmiş pul vəsaiti haqqında məktuba əsasən xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı 10914,29 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Aparılmış araşdırma əsasında müəyyən olunmuşdur ki, İddiaçı 3 iyul 2013-cü il tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 430,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 86,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 61,81 manat olmaqla orta aylıq emək haqqı 577,81 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-cİ il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 13 il 9 ay 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (577,81 manat) 70 faizi-404,47 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək ümumilikdə 1996,26 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 1429,26 manat ödənilmişdir. Bu səbəbdən həmin dövr üzrə İddiaçı 567,00 manat əskik pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən İddiaçı 1 dekabr 2013-cü il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 540,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 108,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 77,63 manat olmaqla orta aylıq əmək haqqı 725,63 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 13 il 9 ay 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (725,63 manat) 70 faizi-507,94 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək ümumilikdə 25904,94 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 31014,11 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə İddiaçı 5109,17 manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017- ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 13 il 9 ay 9 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 45,83 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən iddiaçının 1 mart 2018-ci il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 595,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 119,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 85,53 manat olmaqla orta aylıq əmək haqqı 799,53 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci İİ 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (725,63 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (799,53 manat) arasındakı fərq məbləğinin (73,90 manat) 45,83 faizi-33,87 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyasının (507,94 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının 541,81 manat məbləğində hesablanmalı olduğu halda, 630,02 manat müəyyən edilməklə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay ödənilmişdir. Bu səbəbdən həmin dövr ərzində İddiaçı 1587,78 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən iddiaçının 1 sentyabr 2019-cu il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 895,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 179,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 128,66 manat olmaqla orta aylıq əmək haqqı 1202,66 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (799,53 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqı (1202,66 manat) arasındakı fərq məbləğinin (403,13 manat) 45,83 faizi-184,75 manat 1 sentyabr 2019-cu il tarixədək hesablanmış pensiyasının (541,81 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 726,56 manat manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əassən, iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 21796,80 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 26581,14 manat ödənilib. Bu səbəbdən həmin dövr üzrə İddiaçı 4784,34 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək 567,00 manat əskik pul vəsaiti, xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək 11481,29 manat artıq pul vəsaiti ödənilmişdir. Nəticədə ümumilikdə 10914,29 (11481,29-567,00) manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Müvafiq məktubda həmçinin 10914,29 manat heç bir əsas olmadan artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə İddiaçı əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına təqdim etməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********3 №-li xx.xx.2022ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarın surətindən görünür ki, iddiaçının pensiya məbləği 937,19 manatdan 726,56 manata endirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun məqsədi Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. 21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: ... 21.1.7. pensiya təminatı və dövlət sosial sığortası; ... 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiya) 23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. 32-1.1-ci madəsinə əsasən, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya): 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: ... 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”:
3. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.
10. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır.
11. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır.
12. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 2.0.10. Əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt. 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. İş materiallarından görünür ki, iddiaçıya təyin edilmiş əmək pensiyası cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli qərarla yenidən hesablanmışdır. Pensiyanın azaldılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Həmçinin qəbul edilən qərar ümumiyyətlə əsaslandırılmamış, qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmişdir. Yəni, cavabdeh inzibati orqan iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakı ilə aparmadan, qeyd olunan qərarla iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Digər tərəfdən, məhkəmə hesab edir ki, iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı qərarın ləğvi barədə tələb təkcə yuxarıda şərh olunduğu kimi prosessual baxımdan deyil, həmçinin maddi hüquqi baxımdan da əsaslıdır. Belə ki, mübahisələndirilən inzibati aktda pensiyanın yenidən hesablanması hər hansı dəlillə əsaslandırılmasa da, cavabdehin mütəxəssisi məhkəmə iclasında izahatında bildirmişdir ki, pensiyanın yenidən hesablanması nəzərə alınan son 24 aylıq dövrdə (xx.xx.2001-xx.xx.2003) ödənilən mükafatlardan irəli gəlir. Belə ki, dövlət qulluqçusu il ərzində 3-4 dəfə mükafat ala bildiyi halda, iddiaçının əmək haqqı arayışında hər ay mükafat alması göstərilmişdir. Birincisi mütəxəssisin izahatı qərarın əsaslandırılması kimi qəbul edilə bilməz. Əsaslandırma inzibati aktda təsbit olunmalıdı. İkincisi, yuxarıda da göstərildiyi kimi, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. Həmin arayış iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********3 №-li, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********3 №-li, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov