Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4042/2024 03.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçı Vyaçeslovovnanın və vəkili Vəkil iştirakları ilə, İddiaçı Vyaçeslovovnanın cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Vyaçeslovovna cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin imtinasının əsassız hesab edilməsi, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 17 nömrəli evin 1 nömrəli mənzilinin onun adına sosial kirayə müqaviləsinin bağlanmasına sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsində yerləşən ümumi sahəsi 49,01 kv.metr olan 17 nömrəli evin 1 nömrəli mənzili nənəsi mərhum X6 istifadəsində olub. Binəqədi RİH-nin 10 iyul 2012-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 17 nömrəli evin 2 otaqlı, yaşayış sahəsi 33,0 kv.m olan 1 nömrəli mənzilinin sosial kirayə müqaviləsi dəyişdirilmiş və iddiaçının nənəsi X14 mənzilin sosial kirayə müqaviləsi üzrə kirayəçi hesab edilmişdir. O 2017-ci ildə rəhmətə gedib. Hələ onun sağlığında və onun ölümündən sonra da nəvəsi həmin mənzildə qeydiyyatda olmaqla yaşamışdır və bu gün də həmin ünvanda yaşayır. İddiaçının nənəsinin valideynləri də öldüyü günə qədər həmin ünvanda yaşayıblar. Qeyd edilən mənzilin faktiki mülkiyyətçisi nənəsi olduğu üçün onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməlidir. Nənəsinin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilməsinə səbəb vərəsəlik işinin açılmasıdır. Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi. Natəvan küçəsi, ev 17, 1 nömrəli mənzilini nənəsi X7 adına ilkin hüquqi qeydiyyata alınması və həmin mənzilə dair onıın mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Həmin idarədən xx.xx.2023-cii il tarixli məktubla imtina edilmiş, imtina “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1.1-ci maddəsinə əsasən Azərbaşean Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənəndək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olması ilə əsaslandırmışdır. Bundan sonra mənzilə kirayə müqaviləsi bağlanması məqsədi ilə Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti 31 oktyabr 2023-cü il tarixli məktubla imtina vermişdir. Cavabdeh imtinasını həmin evə aid orderin aşkar olunmaması ilə əsaslandırmışdır. Cavabdehin imtinası əsassızdır və Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 17 nömrəli evin 1 nömrəli mənzilini iddiaçının adına sosial kirayə müqaviiləsinin bağlanmasına sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməlidir. Binəqədi RİH-nin 10 iyul 2012ci il tarixli sərəncamından çıxarışın surətindən də görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 17 nömrəli evin 2 otaqlı, yaşayış sahəsi 33,0 kv.m olan 1 nömrəli mənzilinin sosial kirayə müqaviləsi dəyişdirilmiş və vətəndaş X14 mənzilin sosial kirayə müqaviləsi üzrə kirayəçi hesab edilmişdir. Nənəsi dünyasını dəyişənə qədər də və bundan sonra da o bu mənzildə yaşamışdır. Mənzilə iddiaçının qeydiyyatındadır və istifadə hüququ vardır. Ona görə də onunla sosial kirayə müqaviləsi bağlanmalıdır. Həmin bina 1960cı illərdə inşa olunmuş binadır. Həmin vaxtlar evlərə order verilmirdi. Ancaq sosial kirasə müqaviləsi bağlanırdı ki, bu müqavilələr də var. Mənzil zəbt olunmayıb, bu mənzili hansısa bir orqan tərəfindən verilib. Cavabdehin imtinası əsassızdır, iddia təmin edilməlidir. Bakı səhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 17 nömrəli evin 1 nömrəli mənzilini iddiaçının adına sosial kirayə müqaviləsinin bağlanmasına sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda qeyd olunmuşdur ki, İddiaçı Vyaçeslovovna xx.xx.2023-cü il tarixli 5-10/2-F-17- 091/2023 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə dair mərhum vətəndaş X7 adına olan sosial kirayə müqaviləsinin onun adına rəsmiləşdirilməsinə köməklik göstərilməsini xahiş etmiş, lakin iddiaçının təqdim etdiyi sənədlərdən sözügedən mənzilə dair order Rayon İcra Hakimiyyətinə təqdim edilmədiyindən müraciətin müsbət həll olunması mümkün olmamışdır. Bu barədə vətəndaşa ətraflı cavab verilmişdir. Göründüyü kimi, Rayon İcra Hakimiyyəti iddiaçının müraciətlərinə rədd cavabı verməmiş, cavablarda müraciətlərdə qaldırılan məsələ ilə əlaqədar olaraq qüvvədə olan qanunvericiliyin tələbləri barədə müvafiq izahatlar verilərək, mövcud nöqsanlar aradan qaldırıldıqdan sonra müraciətinə yenidən baxılacağı bildirilmişdir. İddiaçı yuxarıda qeyd olunan tələblə məhkəmədə iddia qaldırsa da iddia tələbini əsaslandırmamışdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.3-cü maddəsinə əsasən yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən də göründüyü kimi belə bir qərar mövcud deyildir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanının 1.3-cü maddəsinə əsasən həmin Məcəllənin 28.4-5-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) və 56.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. İddiaçı Vyaçeslovovna Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmamışdır. Həmçinin, sözügedən mənzilə dair order və sosial kirayə müqaviləsinin bağlanılmasına dair qərar da mövcud deyildir. Belə olduğu təqdirdə onunla sosial kirayə müqaviləsinin bağlanması mümkün deyildir. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır və yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikasının Nazirlər Kabineti) təsdiq olunur. Lakin, yaşayış sahəsinin birtipli forması müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilməmişdir. Belə olduğu halda sual yaranır ki, hal-hazırda yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikasının Nazirlər Kabineti) təsdiq olunmadığı təqdirdə, iddiaçının iddia tələbi məhkəmə tərəfindən təmin olunarsa məhkəmə qərarının icrasının həyata keçirilməsi necə mümkün ola bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasını, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericlikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmin qərarın 4.1-ci maddəsinə əsasən İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.AR İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. AR İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılması barədə məhkəmə qərardad qəbul edir.Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddiaçının iddia tələbi Rayon İcra Hakimiyyətinə qarşı əsassız olduğu üçün cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsində qeydə alınmış xx.xx.2017-ci il tarixli, 878183 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2017-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 506 nömrəsi ilə qeydiyyat aparılmışdır. Həmin məktuba əlavə olunmuş sənədlərdən görünür ki: - Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 107 Saylı Mənzil - Kommunal İstismar Sahəsinin 98 saylı Şəxsi Hesabına əsasən, ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzildə xx.xx.1954-xx.xx.2007-ci illərdə 1922-ci il təvəllüdlü X10, xx.xx.2007-xx.xx.2017-ci illərdə 1942-ci il təvəllüdlü X14, xx.xx.2014-cü ildən bu günə qədər 1996-cı il təvəllüdlü İddiaçı qeydiyyatda olmuşdurlar. X11 gəlini X14 ilə, İddiaçı nənəsi X14 ilə yaşamışdır. -Kirov rayon X12 İcraiyyə komitəsinin xx.xx.1983-cü il tarixli 19/122 nömrəli qərarından görünür ki, X3 vəfat etməsi ilə əlaqədar ünvan 2 ünvanında yerləşən 33 kv.m-lik iki otaqlı mənzilə dair şəxsi hesab vərəqəsinin arvadı X5 adına 2 nəfər ailə üzvü (özü və oğlu) keçirilməsi qərara alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X18 Miqrasiya İdarəsinin xx.xx.2023-ci il tarixli 18/2-39826/2023 nömrəli məktubunda bildirilmişdir ki, qeyd etdiyiniz ünvan 3 ünvanında xx.xx.1996-cı il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil - Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 107 Saylı Mənzil - Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 69 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, ev 17 ünvanı Binəqədi Rayon İcra Hakimiyyətinin balansındadır. ünvan 3-də faktiki olaraq xx.xx.2014-cü il tarixdən İddiaçı qeydiyyatdadır və yaşayır. Məhkəmə sorğusuna əsasən Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubu ilə göndərilmiş Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının sərəncamından xx.xx.2012-ci il tarixli 109 nömrəli qərardan görünür ki, Binəqədi Rayon İcra Hakimiyyətinə vətəndaş X14 ərizə ilə müraciət edərək, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi, 17 saylı evin 1-ci mənzilinin sosial kirayə müqaviləsinin öz adına dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Sənədlərin araşdırılmasından görünür ki, yuxarıda qeyd olunan mənzildə vətəndaş L.İ.Filyukina ailə tərkibi 1 nəfərlə (özü) pasport qeydiyyatında olaraq yaşayır. Mənzilin sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçisi olan X11 xx.xx.2007-ci il tarixdən mənzildən pasport qeydiyyatından çıxarılmışdır (102 saylı MKİS-in xx.xx.2012-ci il tarixli 1732 saylı arayışı). ünvan 4 saylı evin 2 otaqlı, yaşayış sahəsi 33,0 kv.m. olan 1-ci mənzilinin sosial kirayə müqaviləsi dəyişdirilmiş və vətəndaş X7 mənzilin sosial kirayə müqaviləsi üzrə kirayəçisi hesab edilməsi qərara alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-18965/2023 nömrəli əlavə olunmuş sənəddən görünür ki, daşınmaz dövlət əmlakı haqqında Registrdən Çıxarışa əsasən 1920-ci ildən istismara verilmiş ünvan 4 ünvanında yerləşən yaşayış binası 2 mərtəbəli binanın balanssaxlayıcısı Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi olmaqla bina 714 qeydiyyat nömrəli, ***-*******8 registr nömrəsi ilə dövlət əmlakı kimi qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2- 46446/2023 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı adına ölkə ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlaklar haqqında məlumatın verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X18 Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-1645/2024 nömrəli məktubunda bildirilmişdir ki, sorğu edilən xx.xx.1996-cı il təvəllüdlü İddiaçı Vyaçeslav qızı xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilədək ünvan 6 ünvanında, xx.xx.2014-cü ildən isə ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X18 Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-2143/2024 nömrəli məktubunda bildirilmişdir ki, qeyd etdiyiniz ünvan 7 ünvanında xx.xx.1922-ci il təvəllüdlü X13 və xx.xx.1996-cı il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil - X4 xx.xx.2024-cü il tarixli 58 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi 17 saylı yaşayış binası Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmiş, hazırda da MKTB-nin balansındadır. (Balanssaxlayıcı təşkilat MKTB-dir.) Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi 17 saylı bina Dövlət Mənzil Fonduna aid yaşayış binasıdır. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil - Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 107 Sayli Mənzil - Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 04 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, ev 17 ünvanı Binəqədi Rayon İcra Hakimiyyətinin balansındadır. ünvan 3-də faktiki olaraq xx.xx.2014-cü il tarixdən İddiaçı qeydiyyatdadır və yaşayır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 5-10/2-F-17-091/2023 nömrəli məktubunda bildirilmişdir ki, təqdim etdiyiniz sənədlərin arasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, ev 17 ünvanında yerləşən 1 saylı mənzilin orderi aşkar edilməmişdir. Belə ki, kirayə müqaviləsinin dəyişdirilməsini istiədiyiniz mənzilə dair order tərəfinizdən Binəqədi rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra məsələyə müraciətiniz əsasında yenidən baxılacaqdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, 17 nömrəli evin 1 nömrəli mənzilinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin nənəsi mərhum X1, özünün mərhumun sağlığında və hazırda vəfatından sonra həmin mənzildə qeydiyyatda olmaqla yaşadığını, X8 vəfat etdiyini əsas gətirərək sözügedən mənzilə dair kirayə müqaviləsinin onunla bağlanması barədə sərəncam verilməsi ilə bağlı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, cavabdeh iddiaçının mənzilə dair orderinin olmadığına istinad edərək müraciətin təminindən imtina etmişdir. İddiaçı hazırkı tələbində cavabdehin qeyd edilən imtinasını əsasız hesab edərək mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırkı iddiaçının tələbi kirayə müqaviləsinin bağlanması barədə sərəncamın - iddiaçı barəsində əliverişli inzibati aktın qəbul edilməsidir ki, qeyd edilən tələb məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2023-cü il tarixli imtinasından sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, 17 nömrəli bina dövlət mənzil fonduna aid olmaqla Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla sərəncamvericisi qismində Binəqədi Rayon İcra Hakimiyyəti çıxış edir. İş materiallarından müəyyən olunur ki, sözügedən binada 1 nömrəli 2 otaqlı mənzilin ilkin kirayəçisi X2muş, sonuncunun vəfatından sonra həmin mənzilə dair şəxsi hesab vərəqəsi Kirov rayon X12 İcraiyyə komitəsinin xx.xx.1983-cü il tarixli 19/122 nömrəli qərarı ilə arvadı X5 adına keçirilmişdir. Sözügedən 2 otaqlı mənzildə X11 xx.xx.1954-xx.xx.2007-ci illərdə 1942-ci il təvəllüdlü gəlini X14 ilə birgə yaşamış, X5 vəfatı ilə əlaqədar xx.xx.2007-ci il tarixdən mənzil qeydiyyatından çıxarılmış, daha sonra xx.xx.2007-ci ildən mənzilin istifadəçisi olmuş X14 həmin mənzildə yaşamış, xx.xx.2017-ci ilədək mənzilin istifadəçisi olmuş və o rəsmi olaraq xx.xx.2012-ci il tarixdən yerli icra hakimiyyətinin sərəncamı ilə sözügedən mənzilin sosial kirayə müqaviləsi üzrə kirayəçisi qismində tanınmışdır. Təqdim edilmiş MKİS-nin məlumatı, eləcə də pasport qeydiyyat tarixi barədə əldə edilmiş sorğuya cavablardan İddiaçı hələ nənəsi X7 sağlığında onunla birgə faktiki yaşadığı və xx.xx.2014-cü ildən mübahisəli mənzilə qeydiyyata alındığı görünür. Mənzil Məcəlləsinin: -59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. -59.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. -59.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. -60.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. -62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. -68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. -68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. -69.1-ci maddəsinə görə kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. -69.2-ci maddəsinə əsasən kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. -69.3-cü maddəsinə görə vətəndaşların kirayəçinin ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsində kirayəçinin yeni ailə üzvünün qeyd olunması zəruriliyi hissəsində dəyişikliyə səbəb olur -81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. -82.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər -82.5-ci maddəsinə görə sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Sadalanan normalardan görünür ki, sosial kirayə müqaviləsi üzrə mənzilin kirayəçisi tanınmış şəxsin öz ailə üzvlərini və ya onunla birgə təsərrüfat aparan digər ailə üzvlərini kirayəçisi olduğu mənzilə köçürmək hüququ vardır. Kirayəçinin həmin mənzilə başqa şəxsin köçürməsi halı kirayə müqaviləsində kirayəçinin yeni ailə üzvünün qeyd olunması əsası ilə dəyişikliyə səbəb olur. Eyni zamanda kirayəçi vəfat etdiyi halda kirayəçinin ailə üzvləri vəfat etmiş kirayəçinin yerinə özlərinin mənzilin kirayəçi kimi tanınmasını və yaxud kirayə müqaviləsinin adına bağlanmasını tələb etmək hüququ vardır. Hazırkı iş üzrə müəyyən olunur ki, mənzilin sosial kirayə müqaviləsi üzrə sonuncu kirayəçisi kimi tanınmış X14 mənzilin kirayəçisi kimi tanınması barədə xx.xx.2012-ci il tarixli sərəncamdan sonra onunla birgə yaşayan nəvəsi İddiaçı da nəzərə alaraq kirayə müqaviləsinin dəyişdirilməsini tələb etməsə də İddiaçı faktiki olaraq X7 sağlığında həmin mənzildə onunla birgə yaşamış, birgə təsərrüfat aparmış, xx.xx.2014-cü ildən həmin mənzilə pasport qeydiyyatına alınmış, mənzilin kirayəçisi X7 xx.xx.2017-ci ildə vəfatından sonra da iddiaçı həmin mənzildə hazırkı tarixədək faktiki yaşayır. Mənzilin balansaxlayıcısı mənzil kirayəçisinin vəfatı ilə bağlı kirayə müqaviləsinə xitam verməmiş, mənzili geri tələb etməmiş, hazırkı halda mənzil iddiaçının yaşayış yeri olmaqla faktiki istifadəsindədir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin mənzilə dair orderin təqdim edilməməsini müraciətin təminindən imtinaya dair irəli sürdüyü dəlillərini formal mülahizə kimi qiymətləndirir. İddiaçının hazırkı halda qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə əsasən kirayə hüquq münasibətlərindən irəli gələn “qazanılmış hüququ” mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X17 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X16-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddia predmeti olan mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsindən imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Odur ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 17 nömrəli evin 1 saylı mənzilinə dair İddiaçı Vyaçeslovovna ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi vəzifəsi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14, 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 17 nömrəli evin 1 saylı mənzili ilə bağlı İddiaçı Vyaçeslovovna ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi vəzifəsi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4042/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4042/2024
03.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver