Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4043/2024 16.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov küçəsində yerləşən 41 nömrəli evin və həmin evin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyət hüququnun mərhum Paşa Ağabəy oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov küçəsində yerləşən 41 nömrəli evin və həmin evin yerləşdiyi faktiki ölçüsü 0,0725 ha təşkil edən torpaq sahəsinin mərhum Paşa Ağabəy oğluna məxsusluğu barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov küçəsində yerləşən 41 nömrəli evin və həmin evin yerləşdiyi faktiki ölçüsü 270 kv.metr təşkil edən torpaq sahəsinin mərhum Paşa Ağabəy oğluna məxsusluğu barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məmmədyarov küçəsi ev 41 mərhum qaynatası Paşa Ağabəy oğlunun adına qeydə alınmışdır. Paşa Ağabəy oğlu xx.xx.1959-cu il tarixdə vəfat etmişdir. Mərhumun adına qeydə alınmış evə dair ünvan 3iat ofisində vərəsəlik işi açılmış və mərhumun adına çıxarışın verilməsi üçün cavabdehə müraciət edilmişdir. Tərəfindən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məmmədyarov küçəsi ev 41 üzərində Paşa Ağabəy oğlunun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin İdarənin ona ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilir ki, elektron kadastr məlumatlarına əsasən, fərdi yaşayış evinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsi zonasında yerləşir. Həmçinin təqdim edilmiş, texniki pasportda həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. Qeyd olunanlarla yanaşı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 805,28 kv. m. olsa da, faktiki 725 kv. m. təşkil edir. Bundan əlavə, texniki pasporta əsasən, konfiqurasiya və ölçü fərqləri mövcuddur. Lakin hesab edir ki, cavabdehin imtinası əsassızdır. Sözügedən evin yaxınlığında olan elektrik xətləri evin inşasından sonra çəkilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən, fərdi yaşayış evi elektrik verilişi xəttinin istismarına heç bir maeəçilik törətmədiyini bildirirərək qeydiyyata alınmasına etiraz etmir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 805,28 kv. m. olsa da, faktiki 725 kv. m. təşkil etməsi barədə cavabdehin arqumenti formal xaraqterli olmaqla mərhumun hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina üçün əsas hesab edilə bilməz. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 27 noyabr 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: xx.xx.2024-cü il tarixdə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və müvafiq məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirirlər ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Təqdim edilmiş texniki pasportda həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 805.28 kv.m qeyd olunsa da, faktiki 725.0 kv. m. təşkil edir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evi ikimərtəbəli olmaqla, daş hasarla iki hissəyə ayrılmışdır. İddiaçının istifadəsində olan evin ikinci mərtəbəsində sahəsi 14.91 kv. m. yaşayış otağı və 5.41 kv. m. köməkçi sahəsi olan sahə və eyni ölçülərlə evin birinci mərtəbəsi iddiaçıya məxsusdur. Evə bitişik 6.8 x 3.3 m. ölçülərlə əlavə otaq inşa edilmişdir. Fərdi yaşayış evinin digər payçıya məxsus hissəsi “A” tikilisinin ikinci mərtəbəsində sahəsi 20.63 kv. m. olan otaqdan və ona bitişik sahədən sonradan inşa edilmiş köməkçi sahələrdən ibarətdir. Evin birinci mərtəbəsi istifadəyə yararsızdır. Bundan əlavə, texniki pasporta əsasən konfiqurasiya və ölçü fərqləri mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X2 etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Azərbaycan SSR Kommunal Mənzil Təsərrüfat Nazirliyi tərəfindən 1962-ci ilin yanvar ayında Paşa Ağabəy oğlunun adına tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlər texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov küçəsində yerləşən 41 nömrəli fərdi yaşayış evi 1880-ci ildə inşa olunmaqla, “A” tikilisi iki mərtəbədən ibarətdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 805,28 kv. metr kimi qeyd olunmuşdur. AZ-İİ seriyalı 298226 №-li xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Paşa Ağabəy oğlu xx.xx.1959-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1959-cu ilin 08-ci ayının 10 günündə 117 № ilə qeyd edilmişdir. İddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 3iat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxsinə ünvanlanmış 105 №-li, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı ünvan 3iat ofisinə müraciət edərək xx.xx.1959-cu il tarixdə vəfat etmiş Paşa Ağabəy oğlundan qalmış miras əmlaka (ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan Paşa Ağabəy oğlunun hüquqları Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinim təmin olunması xahiş edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 13-13/2-2/06-4-A-2237-5/2023 saylı, xx.xx.2023-cü il tarixli arayışından (surəti) müəyyən olunur ki, qeyd olunan arayış İddiaçı verilmişdir ondan ötəri ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci İİ10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalan”nın 5a saylı bəndinə əsasən ona məxsus, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan fərdi yaşayış evi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyi və qeydiyyata alınmasına etiraz etmədikləri bildirilmişdir. ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış və Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş **********398 №-li ərizəsində İddiaçı ünvan 7 ünvanında yerləşən torpaq sahəsinin ölçüsünün sənəd üzrə 805,3 kv. m-dən azalaraq faktiki 270 kv. m. olmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmənin müvafiq sorğusu əsasında DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********0 saylı xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin texniki vəziyyətini əks etdirən müayinə aktının təsdiq edilmiş surətindən müəyyən olunur ki, fərdi yaşayış evinin hüquq müəyyənedici sənəd üzrə sahəsi 158,81 kv.m., torpaq sahəsi texniki pasportla 0.080528 ha, fərdi yaşayış evinin faktiki sahəsi 61,27 kv.m., torpaq sahəsinin faktiki sahəsi 0,0725 ha olduğu, ərazinin üç tərəfdən yol bir tərəfdən qonşu sahələrdə əhatə olunduğu, ərazinin şimal sərhəddində daş hasardan 0,5 m. məsafədə 6.0 kv.m. elektrik transfarmatoru olduğu, fərdi yaşayış evinin iki mərtəbəli olduğu, paylı mülkiyyətdə olduğu və daş hasarla iki hissəyə ayrıldığı, ərizə ilə müraciət edən şəxsin istifadəsində olan evin ikinci mərtəbəsində sahəsi 14,91 kv. m. yaşayış otağı və 5,41 kv. m. köməkçi sahəsi olan sahə və eyni ölçülərdə evin birinci mərtəbəsinin məxsus olduğu, evə bitişik şəkildə 6,8 x 3,3 m. ölçülərlə əlavə otağın sonradan inşa edildiyi qeyd olunmuşdur. Eyni zamanda evin digər payçıya məxsus hissəsi “A” tikilisinin ikinci mərtəbəsində sahəsi 20.63 kv. m. olan otaqdan və ona bitişik sahədə sonradan inşa edilmiş köməkçi sahələrdən ibarət olduğu, evin birinci mərtəbəsinin istifadəyə yararsız olduğu qeyd edilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş **********73 №-li xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizəsinə baxılmışdır. Elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin təqdim edilmiş texniki pasportda həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. Qeyd olunanlarla yanaşı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 805.28 kv. m. qeyd olunsa da, faktiki 725.0 kv. m. təşkil edir. Bundan əlavə, texniki pasporta əsasən konfiqurasiya və ölçü fərqləri mövcuddur. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2- ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Tətbiq edilən hüquq. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ... Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə) ...
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi. 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.
İnzibati-Prosessual Məcəllə:
58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...
68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndinin həmin dövrdə qüvvədə olan redaksiyasına görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2023-cü il tarixli, 202 nömrəli Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2023-cü il, “Xalq” qəzeti, 24 iyun 2023-cü il, № 133) ilə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir. Yeni redaksiyaya görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İş materiallarından göründüyü kimi, mübahisəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan SSR Kommunal Mənzil Təsərrüfat Nazirliyi tərəfindən 1962-ci ilin yanvar ayında adına “Şəxsi mülkiyyət hüququ ilə evlər texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmiş mərhum Paşa Ağabəy oğlunun vərəsəsi qismində İddiaçı tanınmışdır. Cavabdeh inzibati orqanın dəlillərinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbindən imtina olunarkən, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləməsinə; təqdim edilmiş texniki pasportda həqiqiliyi təsdiqlənməmiş düzəliş edildiyinə; fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 805.28 kv. m qeyd olunsa da, faktiki 725.0 kv. m. təşkil etdiyinə; fərdi yaşayış evinin ikimərtəbəli olmaqla, daş hasarla iki hissəyə ayrıldığına və iddiaçının istifadəsində olan evin ikinci mərtəbəsində sahəsi 14.91 kv. m. yaşayış otağı və 5.41 kv. m. köməkçi sahəsi olan sahə və eyni ölçülərlə evin birinci mərtəbəsinin iddiaçıya məxsus olduğuna, evə bitişik 6.8 x 3.3 m. ölçülərlə əlavə otaq inşa edildiyinə; fərdi yaşayış evinin digər payçıya məxsus hissəsi “A” tikilisinin ikinci mərtəbəsində sahəsi 20.63 kv. m. olan otaqdan və ona bitişik sahədən sonradan inşa edilmiş köməkçi sahələrdən ibarət olduğuna; evin birinci mərtəbəsinin istifadəyə yararsız olduğuna; bundan əlavə, texniki pasporta əsasən konfiqurasiya və ölçü fərqlərinin mövcudluğuna istinad olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə baxışı zamanı əslinə baxış keçirilmiş Azərbaycan SSR Kommunal Mənzil Təsərrüfat Nazirliyi tərəfindən 1962-ci ilin yanvar ayında tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlər texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportun “ev sahibinin familiyası (soyadı) adı və atasının adı bölməsində “X4 “qızı”” qeyd olunmuş daha sonra “qızı” sözünə düzəliş edilərək “oğlu” kimi göstərilmişdir ki, qeyd olunmuş olunan düzəliş qanunvericiliyin tələbinə görə həmin sənədin mötəbərliyinə şübhə etməyə əsas vermir. İddiaçı tərəfindən qanuni əsaslarla mərhum Paşa Ağabəy oğlunun və daha sonra onun vərəsələrinin istifadəsində olmuş mübahisəli torpaq sahəsinin sənəd üzrə müəyyən edilmiş 805,28 kv. metrindən hazırda faktiki istifadədə olan 270 kv. metrinə dair məxsusluq barədə arayışın (çıxarış) verilməsi barədə notarial qaydada təsdiq olunmuş ərizə cavabdeh orqana təqdim olunmuşdur ki, qeyd olunan hal iddiaçının qanunla müəyyən edilmiş hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Belə ki, mübahisəli daşınmaz əmlakın elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsi mərhum Paşa Ağabəy oğluna məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Eyni ilə, torpaq sahəsinə hüququn qeydə alınması - bunun üçün əsaslar yarandığı halda, istinad edilən normanın tətbiqi imkanını aradan qaldırmır. Bundan əlavə "xxxx" ASC tərəfindən verilmiş arayışda qeyd olunan fərdi yaşayış evinin elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyi və qeydiyyata alınmasına etiraz etmədikləri bildirilmişdir. İmtinanın digər əsaslarına gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin fəaliyyətini tənzimləyən Əsasnamənin tələblərinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifəsidir. Beləliklə cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov küçəsində yerləşən 41 nömrəli evin və həmin evin yerləşdiyi faktiki ölçüsü 270 kv. metr təşkil edən torpaq sahəsinin mərhum Paşa Ağabəy oğluna məxsusluğu barədə arayışın (elektron çıxarış) İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev