Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4044/2021 04.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı Beyləqan rayon İcra və Probasiya şöbəsi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, cavabdehin müraciətə cavab verməsindən imtinanın qanunsuz hesab edilməsi və müraciətə cavab verilməsi vəzifəsinin onun üzərinə qoyulması tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı Beyləqan rayon İcra və Probasiya şöbəsi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, iddia qaldıraraq, cavabdehin 03 fevral 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməməsinin qanunsuz hesab edilməsi; 03 fevral 2020-ci il tarixli şikayət ərizəsinə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məhkəmə qərarının icra edilməməsi barədə şikayət ərizəsi ilə müraciət edərək, məhkəmə qərarının icra edilməsinə köməklik göstərməsini xahiş etmişdir. Şikayət ərizəsi Nazirliyin ümumi şöbəsinə təqdim edilib. Lakin cavabdeh şikayət ərizəsinə cavab verilməsini təmin etməmişdir. Cavabdehin şikayət ərizəsinə cavab verməməsi qanunsuz və əsassız hesab edilməli və şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 57-ci madddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan və üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. İddiaçıya, cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, iddiaçı, cavabdeh və üçüncü şəxs müvafiq olaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və məhkəmə iclasına gəlmədiyindən, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən, cavabdeh və üçüncü şəxs isə gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlanmış şikayət məktubunda göstərilmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli 2(020)-1187/2019 saylı məhkəmə əmrinə əsasən nümayəndəsi olduğu kreditor X1 borclu X4 qarşı “pul tələbinə dair” ərizəsi təmin edilərək borclu, X3 1.610 (bir min altı yüz on) manat məbləğində pulun alınaraq kreditor X2 ödənilməsi qərara alınmışdır. Məhkəmənin qeyd edilən əmri qanuni qüvvəyə minib və icraya yönəldilib. Lakin məhkəmə əmrinin qanunla müəyyən edilmiş müddətdə icra edilməsi üçün zəruri icra tədbirlərinin görülməsi təmin edilməyib. Borclunun axtarılması barədə qərar qəbul edilməsi, borclunun ölkədən çıxmaq hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimatla müraciət edilməsi, borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi barədə tələbkar tərəfdə məlumat yoxdur. İş üzrə qəbul edilmiş məcburi tədbirlər barədə qərarlar tələbkar tərəfə göndərilməyib. Göstərilənləri nəzərə alaraq İcra və probasiya şöbəsinin qanunsuz hərəkətlərinin araşdırılması xahiş olunmuşdur. T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.12.2015-ci il tarixli qərarında qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, “İnzibati icraat haqqında” Qanunun əsas anlayışlarının əks olunduğu 2-ci maddəsinin 3-cü bəndinə görə maraqlı şəxs dedikdə - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin maddənin 4-cü bəndinə əsasən isə ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 71.2-ci maddəsinə əsasən, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Göstərilən normaların məzmunundan görünür ki, maraqlı şəxslər öz hüquq və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə şikayət vermək hüququna malikdirlər. İPM-nin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqana hüquqlarının müdafiəsi üçün müraciət etdiyi şəxsin - X1 nümayəndəsi (qanunda nəzərdə tutulmuş yaxın qohumu və ya vəkil) olması barədə məhkəməyə heç bir sənəd (etibarnamə, order) təqdim etməmişdir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı Beyləqan rayon İcra və Probasiya şöbəsi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, cavabdehin müraciətə cavab verməsindən imtinanın qanunsuz hesab edilməsi və müraciətə cavab verilməsi vəzifəsinin onun üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4044/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4044/2021
04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver