Məhkəmə qərarları › İş №2-1(112)-4047/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4047/2020

02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4047/2020 02.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1 Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrdə dəyişiklik edilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrdə dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının “poliqon rəisi” vəzifəsinə təyin olunmağı haqqında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 1191 ş/h nömrəli, xx.xx.N-ci il tarixli əmrində müvafiq dəyişiklik edilərək İddiaçı yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə aşağı vəzifəyə keçirilməyinin qeyd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsinin tələbi baxımından xx xxxx 2020-ci il tarixdə iddiaçıya məktub ünvanlayaraq iddianın Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilməsi hüququ izah edilmişdir. xx xxx 2020-ci il tarixdə iddiaçı tərəfindən məhkəmənin dəftərxanası vasitəsilə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edilmişdir. Məhkəmə iddiaçı tərəfindən ötürülmüş prosessual müddətin üzürsüz səbəbdən ötürüldüyü qənaətindədir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1992ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1993-cü il tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində müxtəlif zabit vəzifələrində xidmət etmişdir. xx xxx 2005-ci il tarixdən xx.xx.N-ci il tarixədək Azərbaycan Respublikası Sərhəd Qoşunlarının 2006, N və N hərbi hissələrində “qərargah rəisinin müavini- Qoşunların hazırlığı bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.N-ci il tarixli, 1191 ş/h nömrəli əmri ilə tutduğu vəzifədən azad olunaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasında “poliqon rəisi” vəzifəsinə təyin olunmuş, (yaşıyla əlaqədar olaraq xidmət mənafeyi naminə bərabər vəzifəyə adı altında aşağı maaşlı vəzifəyə), lakin bu zaman həmin əmrdə onun yaşıyla əlaqədar olaraq xidmət mənafeyi naminə daha aşağı maaşlı vəzifəyə keçirilməyi göstərilməmişdir. Daha sonra o Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin 1122 ş/h nömrəli, xx.xx.2011-ci il tarixli əmri ilə “Hərbi xidmət haqqında” Qanunun 18-ci maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən “polkovnikleytenant” hərbi rütbəsində həmin vəzifədən də ehtiyata buraxılmışdır. Nəticədə 2011-ci ildə ehtiyata buraxılarkən ona əmək pensiyası Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasında xidmət edərkən tutduğum “poliqon rəisi” vəzifəsinin vəzifə maaşı əsas götürməklə təyin edildi ki, bunu o ədalətsiz və qanunsuz hesab edir. O xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının “poliqon rəisi” vəzifəsinə təyin olunmağı haqqında AR Dövlət Sərhəd Xidməti rəisinin 1191 ş/h nömrəli, xx.xx.N-ci il tarixli əmrində müvafiq dəyişiklik edilərək onun yaşıya əlaqədar olaraq xidmət mənafeyi naminə aşağı vəzifəyə keçirilməyinin qeyd oluunması barədə göstəriş verilməsi xahişi ilə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciətinə xx.xx.2020-ci il tarixli, K/99/4/A-181 №-li məktubla imtina cavabı verilmişdir. İmtina cavabını əsassız və qanunsuz hesab edir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.N-ci il tarixli, 1191 ş/h nömrəli əmrində müvafiq dəyişiklik edilərək yaşı ilə əlaqədar xidmət mənafeyi naminə aşağı maaşlı vəzifəyə keçirilməsi öhdəliyinin cavabdeh Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İş üzrə toplanmış müvafiq sənədləri Məhkəməyə təqdim etməklə bildiririk ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı, xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1993-cü il tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində müxtəlif vəzifələrdə xidmət etmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.N-ci il tarixədək 2006 (Şəki sərhəd dəstəsi) nömrəli hərbi hissədə qərargah rəisinin müavini-qoşunların hazırlığı bölməsinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmət etmiş, xx.xx.N-ci il tarixdə Dövlət Sərhəd Xidməti rəisinin 1191 ş/h nömrəli əmri ilə N nömrəli hərbi hissədə qərargah rəisinin müavini-qoşunların hazırlığı bölməsinin rəisi vəzifəsindən Dövlət Sərhəd Xidmətinin Akademiyasına (bərabər vəzifəyə ştat üzrə polkovnik-leytenant) poliqon rəisi vəzifəsinə dəyişdirilmişdir. İddiaçı xx.xx.2011-ci il tarixədək Dövlət Sərhəd Xidməti Akademiyasının poliqon rəisi vəzifəsində xidmət etmiş və DSX rəisinin xx.xx.2011-ci il tarixli, 1122 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin “j” bəndinə əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Qeyd olunanlardan görünür ki, İddiaçı qeyd olunan sonuncu vəzifəsində 3 (üç) ilə qədər müddətdə xidmət etmiş və xx.xx.2011-ci il tarixdə öz arzusu ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı nə DSX Akademiyasında, nə də Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra olan 10 (on) ilə qədər bir müddət ərzində iddia ərizəsində göstərdiyi tələblə bağlı heç vaxt DSX-nə müraciət etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci (iddia müddəti) maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin maddənin 2- ci bəndinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, əsassız olduğundan rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəf inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini buraxmışdır. İş materiallarında olan xx xxxxxx N-ci il tarixli əmrdən görünür ki, polkovnik-leytnant İddiaçı N saylı hərbi hissənin qərargah rəisinin müavini-qoşunların hazırlığı bölməsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətinin Akademiyasına poliqon rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bundan əlavə, İddiaçı xx.xx.2011-ci il tarixədək Dövlət Sərhəd Xidməti Akademiyasının poliqon rəisi vəzifəsində xidmət etmiş və Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2011-ci il tarixli, 1122 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin “j” bəndinə əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Göründüyü kimi iddiaçı poliqon rəisi vəzifəsində 3 (üç) ilə qədər müddətdə xidmət etmiş və xx.xx.2011-ci il tarixdə öz arzusu ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi 1191 ş/h saylı, xx xxxxxx N-ci il tarixli Əmrdən məlumatlı olması və qeyd olunan əmri qanunla müəyyən edilmiş 30 gün müddəti ötürməklə mübahisələndirmişdir. Göstərilən hallar məhkəməyə iddiaçının onun barəsində qəbul edilmiş xx xxxxxx N-ci il tarixli, 1191 ş/h nömrəli əmrdən onun daha əvvəl məlumatının olması qənaətinə gəlməsinə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İddiaçı cavabdehin xx xxxxxx N-ci il tarixli, 1191 ş/h saylı əmrini qanunvericliklə müəyyən edilmiş müddətdən sonra mübahisələndirmiş, bununla da həmin qərarı mübahisələndirmək imkanını itirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müddətin buraxılmasına səbəb olmuş hallara dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, qəbul edilmiş inzibati aktı şərtləndirən hallar həmin dövr ərzində iddiaçıya məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət olunmadığından hazırkı iddia mümkün sayıla bilməz. Beləliklə, hazırkı iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərti ödənilmir və buna görə də hazırkı iddia mümkün sayılmamalıdır. Bütün göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 38, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının “poliqon rəisi” vəzifəsinə təyin olunmağı haqqında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 1191 ş/h nömrəli, xx.xx.N-ci il tarixli əmrində müvafiq dəyişiklik edilərək İddiaçı yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə aşağı vəzifəyə keçirilməyinin qeyd olunması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar