Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4047/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq ödəmənin tutulmasının qanunsuz hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın, iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiya məbləğindən tutulmaya dair “qərarının” əsassız hesab edilməsi və cavabdehin pensiyasından tutmalarla əlaqəli hərəkətləri qanunsuz hesab edilsin. İddiaçıya təyin olunmuş pensiya məbləğinin, 2022-ci ilin aprel ayından tutulmuş hissəsinin, birdəfəyə iddiaçıya geri ödənilməsinin təmin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 08 iyun 2012-ci il tarixdən, iddiaçı sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib və müxtəlif dövrlərdə pensiyasına artımlar edilməklə 2022-ci ilin aprel ayına kimi ay üzrə 612 manat ödənilib. Lakin 2022-ci ilin aprel ayından pensiya olaraq əvvəlki pensiyası hər ay 56,70 manat azaldılmaqla iddiaçıya 554,82 manat olaraq ödənilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından iddiaçıya ünvanlanan, “artıq ödənilmiş pul vəsaiti haqqında” 01 sentyabr 2022-ci il tarixli, **********9 №-li məktubla: “ əsassız hesab etdiyim səbəblər göstərilməklə xx.xx.2012-xx.xx.2013,xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 892,80 manat mənə guya artıq pul vəsaiti, xx.xx.2013-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində isə ümumilikdə 155,70 manat əskik pul vəsaiti ödənilib. Nəticədə 737,10(892,80-155,70) manat artıq pul vəsaiti ödənilib. Ona görə də hər ay 56,70 manat məbləğində pul əmək pensiyamdan tutularaq büdcəyə bərpa edilir”. İddiaçı cavabdehə ünvanladığı şikayət ərizəsi ilə cavabdehin “artıq ödənilmiş pul vəsaiti haqqında” 01 sentyabr 2022-ci il tarixli, **********9 №-li məktubunda qeyd olunanların, o cümlədən cavabdehin hərəkət və hərəkətsizliyinin qanunsuz olduğunu bildirərək pensiyasının 2022-ci ilin aprel ayından tutulmuş hissəsinin iddiaçıya geri ödənilməsini tələb etmişdir. Lakin, cavabdeh özünün 04 oktyabr 2022-ci il tarixli, **********2 №-li, “artıq ödənilmiş pul vəsaiti haqqında” məktubunu iddiaçıya göndərməklə əvvəlki, 01 sentyabr 2022-ci il tarixli, **********9 №-li, “artıq ödənilmiş pul vəsaiti haqqında” məktubda yazılanların demək olar ki, eyni məzmununu iddiaçıya ünvanlamışdır.
3. İddiaçının müraciətin cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, ona Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən 8 iyun 2012-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Aparılan araşdırma zamanı məlum olmuşdur kı, 8 iyun 2012-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 330,00 manat, qulluq stajına görə əlavə 74 manat, ixtisas dərəcəsinə görə əlavə 22,00 manat, mükafatlarla müavinətlərin cəminə gorə əlavə 220,62 manat olmaqla orta aylıq əmək haqqı 608,36 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 10 il 2 ay 7 gun qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (608,36 manat; 55 faizi- 334,60 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən ona xx.xx.2012-xx.xx.2013-cü tarixləri arasındakı dovr ərzində ümumilikdə 5942,73 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 6069,97 manat ödənilib. Buna görə də həmin dovr üzrə ona 125,24 manat artıq pul vəsaiti ödənilib. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü iİ tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 385,00 manat, qulluq stajına gorə əlavə 41, 70 manat ixtisas dərəcəsinə görə əlavə 40,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 257,39 manat olmaqla orta aylıq əmək haqqı 724,09 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarıxınədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 10 il 2 ay 7 gun qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (724,09 manat) 55 faizi-398,25 manat məbləğində hesablanmalı olduğu halda, 396,15 manat müəyyən edilməklə xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 107,10 manat əskik pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında" Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək nensivasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdırilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 2017-cı il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına gorə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki ış stau aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına gorə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqmm artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 10 il 2 ay 7 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 33,89 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-cı il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 430,00 manat, qulluq stajına görə əlavə 46,57 manat ixtisas dərəcəsinə görə əlavə 40,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 287,48 manat olmaqla orta aylıq əmək haqqı 804,05 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-cı il 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (724,09 manat) ilə 1 mart 2018-cı il tarixindən sonrakı orta aylıq əmək haqqı (804,05 manat) arasındakı fərq məbləğinin (79,96 manat) 33,89 faizı-27,10 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (398,25 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 425,35 manat məbləğində hesablanmalı olduğu halda, 422,65 manat müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 48,60 manat əskik pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu ıl tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 645,00 manat, qulluq stajına görə əlavə 69,85 manat, ixtisas dərəcəsinə gorə əlavə 40,00 manat, mükafatlarla müavinətlərin cəminə gorə əlavə 431,22 manat olmaqla orta aylıq əmək haqqı 1186,07 manat təşkil emişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (804, 05 manat) ilə 1 sentvabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1186,07 manat) arasındakı fərq məbləğinin (382,02 manat) 33,89 faizi- 129,47 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (425,35 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 554,82 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən ona xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 17199,42 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 17966,98 manat ödənilib. Buna görə də həmin dövr üzrə sizə 767,56 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən ona xx.xx.2012-xx.xx.2013-cü il, xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 892,80 manat artıq pul vəsaiti, xx.xx.2013xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində isə ümumilikdə 155,70 manat əskik pul vəsaiti ödənilib. Nəticədə 737,10 (892,80-155,70) manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 737,10 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hər ay 56,70 manat məbləğində olmaqla əmək pensiyasından (554,82 manat) tutularaq büdcəyə bərpa edilir. Məlumat üçün bildirilmişdir ki, cari ilin aprel ayından etibarən əmək pensiyası 554,82 manat müəyyən edilib. Bundan başqa 1 yanvar 2022-cı ıl tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əiavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-cı il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında yardım ödənilir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına İddiaçı tərəfindən ünvanlanmış 16 sentyabr 2022-ci il tarixdə daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Cavabdeh məhkəmənin nəzərinə çatdırır ki, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı pensiya məbləği cari ilin aprel ayından etibarən qanunvericiliyə uyğunlaşdırılaraq 554,82 manat müəyyən edilib, həmçinin iddiaçıya xx.xx.2012xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 737,10 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 737,10 manat pul vəsaitinin 340,20 manat hissəsi xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib, qalıq artıq ödəmə 396,90 manat təşkil edir. Cavabdeh bildirir ki, 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla İddiaçı “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilir. Əlavə olaraq cavabdeh qeyd edir ki, iddiaçıya əmək pensiyasının hesablanması və artıq ödənilmiş pul vəsaiti haqqında 1 sentyabr 2022-ci il tarixli **********9 nömrəli məktubla ətraflı məlumat verilib. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Cavabdeh qeyd edir ki, hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir, inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdeh öz etiraz ərizəsində qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci, 67.2-ci, 67.6.2-ci və 67.7-ci maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maraqlı şəxs səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda etimadın qorunması hüququna istinad edə bilməz. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Eyni zamanda cavabdeh bildirir ki, həmin Qanununun 67.2-ci, 82.1-ci, 82.2-ci, 82.3-cü maddələrinin tələblərinə riayət etməklə inzibati orqan olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əlverişli inzibati aktını ləğv etmək və ödənilmiş pul vəsaitinin qaytarılması barədə inzibati akt qəbul etməklə vətəndaşın qeydiyyat ünvanı üzrə icraya yönəltmək hüququ var. Cavabdeh bildirir ki, həmin Qanunun 82-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: - borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; - pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; - inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakt 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Odur ki, cavabeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi xx.xx.2012-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müəyyən edilmiş 737,10 manat artıq ödəmənin tutulmasına dair hərəkətlər qanunsuz hesab edilərək tutulmuş məbləğin iddiaçıya geri qaytarılması kimi dəyişdirilmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə tələbin təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə (iddianın dəyişdirilməsinə etiraz etmədən) iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
8. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara məhkəmə icraatı qaydasında baxılır.
9. Hazırki iddia inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır.
III.Məhkəmənin mövqeyi
10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan : 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
11. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması zamanı pensiyaçının razılığı tələb olunmalıdır.
13. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
14. Digər tərəfdən şəxsin razılığı olmadığı təqdirdə inzibati orqanın öz təşəbbüsü ilə pensiyadan tutmaya dair hərəkətlərin aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Müvafiq tutulma pensiyaçının razılığı olmadığı təqdirdə məhkəmə qərarı əsasında həyata keçirilə bilər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh xx.xx.2012-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 737,10 manat artıq pul vəsaitinin ödənilməsini müəyyən edərək həmin vəsaitin 340,20 manat hissəsini xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının razılığı olmadan əmək pensiyasından tutulmuş, qalıq artıq ödəmə isə (hazırkı iş üzrə qərar qəbul edilən tarixə) 396,90 manat təşkil edir. Həmin artıq ödəmənin tutulmasına iddiaçının müvafiq razılığının olduğu müəyyən edilmir. Odur ki, həmin hərəkətlər qanunsuz hesab edilərək iddiaçının razılığı olmadan tutulmuş pensiya məbləği iddiaçıya geri qaytarılmalıdır.
15. Odur ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində əmək pensiyasından tutulmasına dair hərəkətlər qanunsuz hesab edilməli və nəticələri aradan qaldırılmalıdır.
16. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
17. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. xx.xx.2012-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müəyyən edilmiş 737,10 manat artıq ödəmənin tutulmasına dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilərək tutulmuş pensiya məbləği iddiaçıya geri qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva