Məhkəmə qərarları › İş №2-1(112)-4049/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4049/2021

10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4049/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə yaranmış fərq məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə yaranmış fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı xx xxxxxx 1960-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. 1 mart 1976-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 5 yanvar 1982-ci il tarixdən əmək fəaliyyətini davam etdirməklə “Azneft” (“Xəzərqazmaneftqazsənaye”) İstehsalat Birliyinin N.Nərimanov adına X8 İdarəsində dəniz şəraitində buruqlara xidmət üzrə çilingər və bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingər (operator) peşəsində işləmişdir. 7 sentyabr 1983-cü il tarixdə həbs olumağı ilə əlaqədar olaraq, işdən azad edilmişdir. 31 avqust 1983-cü il tarixdən 26 aprel 1985-ci il tarixədək Azərbaycan SSR DİN-in İƏMİ-nin UA-38/3 saylı X6 (3 saylı X6) cəza çəkərkən fəhlə işləmiş, həbsdən azad olunandan sonra 13 iyun 1985-ci il tarixdə yenidən işə bərpa olunmuş və əmək fəailyyətini hal-hazıra kimi də davam etdirir. Onun əmək pensiyası güzəştli şərtlərlə 52 yaşdan deyil, 50 yaşdan təyin edilməli idi. Lakin ona pensiya 52 yaşda təyin olunmuşdur. Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda göstərilən işlərdə işləmiş kişilər 50 yaşına çatdıqda və azı 20 il stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışdıqda pensiya təminatı yaranır. 1997-ci ilin avqustun 1-dək 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajı olduğundan, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 1997-ci ilin avqustun 1dək qüvvədə olan 13-cü maddəsinin “a” bəndinə əsasən 50 yaşdan yaranmışdır. Ona görə də sözügedən Qanuna istinad edərək, yanvar 2010-cu ildən ümumi staja görə pensiya təyin olunması və yanvar 2010-cu ildən aprel 2012-ci ilə qədər hesablanmamış pensiya məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsini cavabdeh DSMF Qaradağ rayon şöbəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Onun iddiası təmin olunmuşdur. Məhkəmə bu barədə 2- 1(81)-1912/2016 saylı iş üzrə 14 iyul 2016-ci il tarixdə qərar qəbul etmişdir. Həmin qərar qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Hal-hazırda isə, ona yanvar 2010-cu ildən bu günə kimi verilən pensiya düzgün hesablanmamışdır. Belə ki, onun pensiya hüququ 1997ci ilin avqustun 1-dək yarandığından, yəni həmin dövrdə 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajı olduğundan, güzəştli şərtlərlə pensiya hüququ Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 1997-ci ilin avqustun 1-dək qüvvədə olan 13-cü maddəsinin “a” bəndinə əsasən 50 yaşdan yaranmışdır və pensiya əmək haqqına uyğun təyin edilməli idi. Ona görə də iddiaçı hesab edir ki, orta aylıq əmək haqqının 85 faiz məbləğində pensiya almalıdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdən güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş qaydada təyin edilir. Məhz bu səbəbdən hesab edilir ki, ona pensiya orta aylıq əmək haqqının 85 faizi ilə təyin olunmalı idi. Bununla əlaqədar iş üzrə cavabdeh təşkilata müraciət etsə də, qurum məsələnin həllindən rəsmi qaydada imtina etdişdir. Əmək pensiyasının məbləği 1 yanvar 2006-ci il tarixədək olan sosial sığorta stajına, 1 yanvar 2006-ci il tarixdən sonrakı dövr üzrə isə ödənilmiş məcburi dövlət sığorta haqlarına əsasən hesablanmalıdır. 1 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş qanunveriçiliyə əsasən əmək pensiyaları hazırki Qanun qüvvəyə mindiyi tarixə qədər (1 aynvar 2006-ci il tarixədək) olan dövr üzrə orta aylıq əmək haqqına 1 yanvar 2006-ci il tarixdən sonrakı dövr üzrə isə, ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarına əsasən hesablanmalıdır. Göründüyü kimi, iddiaçı 50 yaşında 20 ildən artıq ümumi əmək stajına (yəni, 1976-ci ildən əmək fəaliyyətinə başlayıb fasiləsiz işlədiyi üçün), 10 ildən yuxarı xüsusi stajı olduğuna görə (yəni, 1987-ci ildən fasiləsiz zərərli işlərdə işlədiyi üçün) ona pensiya 85 faizlə (yəni orta aylıq əmək haqqına əsasən) ödənilməlidir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddiaçıya 2010-cu ilin yanvar ayından təyin olunmuş əmək pensiyasının yenidən, yəni orta aylıq əmək haqqının 85 faizi ilə hesablanmasını, eyni zamanda həmin vaxtdan hal-hazıra kimi 85 faizlə verilməli əmək pensiyasının fərq məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilir: - İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona əmək pensiyasının orta aylıq əmək haqqının 85 faizi miqdarında hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçının 1 avqust 1997-cı ilədək 20 ildən artıq ümumi, 10 ildən aydan artıq xüsusi iş stajı olmuşdur. Halhazırda qüvvəyə minmiş və icra olunmuş məhkəmə qərarına əsasən ona «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası 29 yanvar 2010-cu il tarixdən, yəni 50 yaşdan təyin edilmişdir. İddiaçı hesab edir ki, onun pensiyası 01 yanvar 2010-cu ilədək qüvvədə olan qanuna uyğun olaraq, yəni əmək haqqına əsasən hesablanmalıdır. Lakin iddiaçının tələbi qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə iddiaçının pensiya hüququ onun 50 yaşı tamam olduğu 29 yanvar 2010-cu il tarixdən yaranmışdır. Əgər onun pensiya hüququ 50 yaşı tamam olduğu 29 yanvar 2010-cu ildən yaranırsa, bu halda hesablama, hüququn yarandığı an qüvvədə olan qanunvericiliyin normalarına əsasən aparılmalıdır. 29 yanvar 2010-cu il tarixdə qüvvədə olan qanunvericilikdə isə («Əmək pensiyaları haqqında» AR Qanununun 10 və 27-ci maddələri) pensiyanın iddiaçının arzuladı qaydada orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanmalı olduğuna dair müddəalar nəzərdə tutulmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 10.2-ci maddəsinə və 27-ci maddəsinə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD №li Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01 yanvar 2010-cu il tarixindən qüvvəyə minmişdir. Bu dəyişikliklərlə 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan pensiya hesablanmasının aparılması qaydası dəyişdirilmişdir. Beləliklə, 1 yanvar 2006-cı il tarixdən 1 yanvar 2010-cu il tarixədək pensiyanın bir hesablama qaydası, 1 yanvar 2010-cu il tarixdən etibarən isə başqa hesablama qaydası tətbiq edilməyə başlanılmışdır. İddiaçıya pensiya təyin edilən zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» AR Qanununun 10.2-ci maddəsində deyilir ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçının əmək pensiyasının hesablanması zamanı «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə istinad etməsi qanunsuzdur. Belə ki, həmin maddəyə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Beləliklə, həmin maddənin tələblərindən göründüyü kimi, qanunverici həmin maddə ilə ancaq pensiyanın təyin edilməsini əvvələr qüvvədə olan qanunvericiliklə müəyyən edilməsi açıq surətdə göstərmişdir. Şərh edilənlərə əsaslanaraq və İPM-in tələblərini rəhbər tutaraq, məhkəmədən İddiaçı iddiasının təmin edilməsi barədə qərar çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X3 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı xx xxxxxx 1960-cı il tarixdə doğulmuşdur və 2006-cı ilin yanvar ayının 1-dən 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına malik olduğundan, müvafiq məhkəmə qərarı əsasında ona DSMF orqanı tərəfindən 50 yaşdan, yəni 29 yanvar 2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı ona təyin olunmuş əmək pensiyasının hesablanma qaydası ilə razılaşmır və tələb edir ki, pensiyanın məbləği onun işlədiyi dövrdə müvafiq əmək haqqı nəzərə alınmaqla hesablanmalı idi. İddiaçı cavabdeh orqana bununla bağlı müraciuət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 35-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, aşağıdakılar Fondun fəaliyyət istiqamətlərinə aiddir: əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək. Məhkəmə hazırkı iddianı mümkün sayır. Bu nəticə ondan yaranır ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ var, DSMF orqanına müraciət etmiş və imtina cavabı almışdır, bununla da inzibati mübahisə mövcuddur, cavabdeh qaldırılan məsələ üzrə səlahiyyətli qurumdur, iddianın nüvünə görə iddia müddəti nəzərdə tutulmur və iddianın mümkünsüzlüyü ilə bağlı hər hansı xüsusat mövcud deyil. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə ilk növbədə aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Əmək pensiyaları haqqında» AR Qanununun 10.2-ci maddəsinin 1 yanvar 2010cu il tarixədək qüvvədə tələblərinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH- yaşa görə əmək pensiyasının sığorta hissəsidir, PS- bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK- sığortaolunannın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T-göslənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 27.1-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmənin qənaəti belədir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 10 və 27-ci maddələrinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş tələbləri hazırkı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanarkən tətbiq edilə bilməz. Bu qənaət ondan irəli gəlir ki, iddiaçı xx xxxxxx 1960-cı il tarixdə doğulduğundan, onun 50 yaşı 29 yanvar 2010-cu il tarixdə, yəni «Əmək pensiyaları haqqında» AR Qanununa edilmiş müvafiq dəyişiliklər qüvvəyə mindikdən sonra tamam olmuşdur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ da elə həmin gün yaranmışdır. Diqqət yetirilməlidir ki, pensiya qanunvericiliyinin müddəaları, o cümlədən «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsi əvvəlki dövrdə bu Qanunda göstərilən müvafiq işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaların “yaşa” və “staja” görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun təyin edilməsini müəyyən etsə də, “pensiyanın hesablanma qaydası”nın da əvvəlki qanunvericiliyə uyğun aparılmasını nəzərdə tutmur. Ona görə də pensiyanın hesablanması qanunvericiliyin pensiya hüququnun yarandığı vaxt qüvvədə olan tələblərinə uyğun qaydada həyata keçirilməlidir. Hazırkı iddiaçının əmək pensiyası hüququ isə, 2010-cu ilin yanvar ayının 29-da, yəni «Əmək pensiyaları haqqında» AR Qanununun 10 və 27-ci maddələrinə edilmiş müvafiq dəyişikliklər qüvvəyə mindikdən sonra yaranmışdır. Odur ki, iddiaçının “pensiyanın yenidən hesablanması” barədə tələbi əsaslı sayıla bilməz. İddiaçının ikinci tələbi – “keçmiş dövr üzrə fərq məbləğinin ödənilməsi” tələbi ikin tələbdən asılı və törəmədir. Ona görə də ilkin tələb əsaslı olunmadığı halda, pensiyanın hesablanmasında fərq məbləği də yaranmır və bu səbəbdən həmin tələb də təmin oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilə bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar