Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4049/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X1 (Ünvanı: Balakən rayonu, Tülü kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Məhkəmə mübahisələri üzrə iş şöbəsinin böyük mütəxəssisi) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin xx.xx.2021-ci il tarixli **********9 saylı artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən 14 aprel 2014-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxtı qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 576 manat, qulluq stajına görə vəzifə maaşının 5% miqdarında əlavə 28,80 manat, ixtisas dərəcəsinə görə əlavə 80 manat, mükafatlarla müvinətlərin cəminə görə əlavəsi 190,67 manat olmaqla orta aylıq əmək haqqı 875,47 manat təşkil etmişdir və ona 474,07 manat pensiya təyin edilmişdir. Lakin cavabdeh təşkilatın xx.xx.2021-ci il tarixli **********9 saylı qərarında xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ona 2157,61 manat məbləğində artıq ödənilmiş həmin pulun 10 gün müddətində cavabdeh təşkilatın hesabına köçürülməsini tələb edirlər və ona göndərilmiş məlumatda bildirir ki, ona 474,07 manat deyil 411,47 manat əmək pensiyası təyin edilməli idi, 2021-ci ilin avqust ayından etibarən isə əmək pensiyamın 519,44 manat müəyyən edilərək kart hesabına köçürülməsini bildirirlər. İddiaçı cavabdeh təşkilatın qeyd etdiyi qərarı ilə razı deyil, hesab edir ki, o əmək pensiyasına çıxarıldığı vaxt qüvvədə olan qanunvericiliyə əsasən düzgün olaraq 474,07 manat məbləğində pensiya təyin edilmişdir. Sonradan qəbul edilmiş qanunvericilik isə mövcud qanunvericiliyin tələblərinə əsasən ona şamil edilməməlidir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən 17 aprel 2015-ci il tarixində iddiaçıya sabiq dövlət qulluqçusu kimi əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırılmaları zamanı məlum olmuşdur ki, 17 aprel 2015-ci il tarixində onun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 576,00 manat, qulluq stajına görə vəzifə maaşının 5 faizi miqdarında əlavəsi 28,80 manat, ixtisas ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 190,67 manat olmaqla orta aylıq əmək haqqısı 875,47 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən onun 6 il 3 ay 7 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (875,47 manat) 47 faizi-411,47 manat məbləğində hesablanmalı olduğu halda, 474,07 manat müəyyən edilməklə xx.xx.2015-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr ərzində iddiaçıya 2157,61 manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası ’nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 6 il 3 ay 7 gün dövlət qulluğu stajına görə onun əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 20,83 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 633,25 manat, qulluq stajına görə vəzifə maaşının 5 faizi miqdarında əlavəsi 31,66 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 209,67 manat olmaqla ümumilikdə orta aylıq əmək haqqısı 954,58 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada onun 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqısı (875,47 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (954,58 manat) arasındakı fərq məbləğinin (79,11 manat) 20,83 faizi-16,48 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (411,47 manat) üzərinə əlavə olunmaqla onun əmək pensiyası 427,95 manat məbləğində hesablanmalı olduğu halda, 492,04 manat müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr ərzində ona 1153,62 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən iddiaçının 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 951,25 manat, qulluq stajına görə vəzifə maaşının 5 faizi miqdarında əlavəsi 47,56 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 315,00 manat olmaqla orta aylıq əmək haqqısı 1393,81 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqısı (954,58 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısı (1393,81 manat) arasındakı fərq məbləğinin (439,23 manat) 20,83 faizi-91,49 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (427,95 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının 519,44 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən ona xx.xx.2019-xx.xx.2021 -ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 11947,12 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 13065,80 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 1118,68 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4429,91 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə onun yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından tərəfimizdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada tərtib olunmuş xx.xx.2021-ci il tarixli **********9 nömrəli “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərar iddiaçının ünvanına göndərilmişdir. Daha sonra İddiaçı xx.xx.2021-ci il tarixində Mərkəzi Filiala daxil olmuş ərizəsində artıq ödənilmiş vəsaitin onun əmək pensiyasından tutulmasına razılıq verdiyi bildirilmişdir. Bu səbəbdən də həmin vəsait vətəndaşın əmək pensiyasından hər ay 26,00 manat olmaqla tutularaq büdcəyə bərpa edilir. Bu barədə xx.xx.2022-ci il tarixli **********0 nömrəli əmək pensiyasından tutulma haqqında məktubla vətəndaşa məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Nərimanov Rayon Şöbəsi tərəfindən İddiaçı 17 aprel 2015-ci il tarixində iddiaçıya sabiq dövlət qulluqçusu kimi əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 4429,91 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmiş və bu barədə ididaçıya xx.xx.2021-ci il tarixli məktubla məlumat verilmişdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli məktubla Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona ödənilmiş artıq vəsaitin onun pensiyasından tutulumasına etiraz etmədiyini bildirmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarı ilə xx.xx.1972-ci il tarixində anadan olmuş Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 1C, mənzil 11 yaşayan (qeydiyyatda olan) İddiaçı xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 4429,91 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. İddia tələbindən görünür ki, iddiaçı hazırkı iddia ilə cavabdehin xx.xx.2021-ci il tarixli **********9 saylı artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında qərarının ləğv edilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinin birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının (iddiaçının) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.9-cu maddəsinə əsasən aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2021ci il tarixli **********9 nömrəli (artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə) qərarı maddi hüquq (iddiaçının razılığı əsasında) və inzibati icraat haqqında hüquq normalarına uyğun qəbul edildiyindən, yəni mövcud qanunvericiliyə əsasən qəbul edildiyindən, qanunidir və ləğv edilə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin xx.xx.2021-ci il tarixli **********9 saylı artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında qərarının ləğv edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-4049/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4049/2022
31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver