Məhkəmə qərarları › İş №2-1(112)-4049/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4049/2024

12.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4049/2024 12.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 yanvar 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 7.03.1962-ci il təvəllüdlüdür. xx.xx.1980-ci il tarixindən 2.06.1982-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur (2 il, 16 gün). ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Bakı Zinyət Zavodunda (“Soyuzyuveliprom”) Alət sexində ikinci dərəcəli işlərin təqsimçisi işləmişdir (5 ay 21 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək həmin zavodda 1 saylı sexində quraşdırıcı-zərgər işləmişdir (2 ay 5 gün), xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək həmin zavodun 1 saylı sexində şəbəkəçi-zərgər şagirdi və şəbəkəçi-zərgər işləmişdir (2 il 9 ay 15 gün), xx.xx.1985-ci il tarixdə SSRİ Cihaz Naziri müavinin xx.xx.1985-ci il tarixli 315 saylı əmrinə əsasən Bakı Zinət Zavodunun adı “Yuvelirprom” Bakı İstehsalat Birliyinə dəyişdirilmişdir. xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək həmin zavodun 6 saylı sexində şəbəkəçi-zərgər işləmişdir (2 il 5 ay 17 gün), xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.06.92-ci il tarixli 306 saylı Qərarına əsasən “Yuvelirprom” Bakı İB-nin adı dəyişdirilib “Yuvelirprom” Azərbaycan İB olmuşdur. xx.xx.1987-ci il tarixdən xx.xx.2012-ci il tarixədək həmin birliyin 1 saylı sexində quraşdırıcı zərgər işləmişdir (24 il 7 ay 13 gün, xx.xx.2006-cı il tarixədək 18 il 1 ay 11 gün), xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə zərgər-qiymət qoyan vəzifəsinə qəbul edilmişdir. İddiaçı 9.10.2023-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 1.11.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin ümumi iş stajınız 25 ildən az (21 il 10 ay 10 gün) (xx.xx.1979-xx.xx.1980, xx.xx.1980-xx.xx.1982, xx.xx.1982-xx.xx.1982, xx.xx.1982xx.xx.1983, xx.xx.1983-xx.xx.1983, xx.xx.1984-xx.xx.1983, xx.xx.1986xx.xx.1984,xx.xx.1987-xx.xx.1986, xx.xx.1990-xx.xx.1987, xx.xx.1991-xx.xx.1991. xx.xx.1992-xx.xx.1991, xx.xx.1992-xx.xx.1992, 30.04 1993-xx.xx.1992, xx.xx.1993xx.xx.1993, xx.xx.1993-xx.xx.1993, xx.xx.1993-xx.xx.1993, xx.xx.1997-xx.xx.1994, 31. ı 2.2000-xx.xx.2000, xx.xx.2001 -xx.xx.2001, xx.xx.2002-xx.xx.2002, xx.xx.2002xx.xx.2002, xx.xx.2003-xx.xx.2003, xx.xx.2003-xx.xx.2003, xx.xx.2003-xx.xx.2003, xx.xx.2004-xx.xx.2004, 3011.2004-xx.xx.2004, xx.xx.2005-xx.xx.2005, xx.xx.2005xx.xx.2005, xx.xx.2005-xx.xx.2005, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər, 2006-cı ildən sonrakı dövr üçün 3 il 1 ay)) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19272,86 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və ona pensiya hüququnun yarandığı tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, bir neçə dəfə pensiya təyinatı orqanına müraciət etsə də, hər dəfə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilib. Sonuncu dəfə cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilib. Onun 02 mart 1983-cü ildən - 21 oktyabr 1987-ci ilədək və 22 oktyabr 1987-ci ildən - 03 iyun 2012-ci ilədək əmək stajı var. İşlədiyi işlərin güzəştli şərtlərə görə, yaşa görə əmək əmək pensiyasına çıxmaq hüququnun olması barədə ətraflı arayış var. Onun 61 yaşı 07 aprel 2023-cü ildə tamam olub. Qanuna əsasən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyənlərin yaş həddi 5 il azaldılmaqla yəni, 57 yaşından etibarən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olsa da, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edib. Cavabdeh orqanın ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanunsuz və əsassızdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Həmçinin etirazda əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 1-2-27/2-420/2023 nömrəli arxiv arayışına əsasən, işlədiyi dövrlər ərzində müəyyən aylar, müvafiq arayışın qeyd hissəsinə əsasən isə 1998-1999, 2009, 2011-2012-ci illərdə ümumiyyətlə əmək haqqı almadığı müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsində (11) Qaynar üsulla metalın üzlənməsi bəndində (11.9) zərgər və bədii məlumatları qaralayanlar peşəsi nəzərdə tutulmuşdur. Lakin İddiaçı xx.xx.1983-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində şəbəkəçi zərgər, quraşdırıcı zərgər peşələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi peşələr yuxarıda qeyd olunan peşəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. İddiaçı iddia ərizəsində “Qanuna əsasən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyənlərin yaş həddi 5 il azaldılmaqla, yəni 57 yaşımdan etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olsa da, cavabdeh təşkilat hər dəfə müxtəlif bəhanələrlə mənə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edib” ifadəsini qeyd etmişdir. Buna münasibətdə bildirməyi zəruri hesab edirlər ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (65-5=60 yaş), 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Lakin yuxarıda qeyd olunduğu kimi qanunla tələb olunan ikinci və üçüncü şərtlər ödənilmir. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin hallarına görə, iddiaçı 7.03.1962-ci ildə doğulmuş, onun 60 yaşı 7.03.2022-ci il tarixdə tamam olmuşdur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: ümumi iş stajının 25 ildən az olması (xx.xx.2023-cü il tarixli 1-2-27/2-420/2023 nömrəli arxiv arayışına əsasən, işlədiyi dövrlər ərzində müəyyən aylar, müvafiq arayışın qeyd hissəsinə əsasən isə 1998-1999, 2009, 2011-2012-ci illərdə ümumiyyətlə əmək haqqı almadığı); güzəştli iş stajının olmaması; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməsi; İddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən, əmək kitabçasında qeyd olunan iş stajı (hərbi xidmət dövrü daxil olmaqla) 21 il, 10 ay, 10 gündür. Cavabdeh iddiaçının xx.xx.1979-xx.xx.1980, xx.xx.1980-xx.xx.1982, xx.xx.1982xx.xx.1982, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983-xx.xx.1983, xx.xx.1984-xx.xx.1983, xx.xx.1986-xx.xx.1984,xx.xx.1987-xx.xx.1986, xx.xx.1990-xx.xx.1987, xx.xx.1991xx.xx.1991. xx.xx.1992-xx.xx.1991, xx.xx.1992-xx.xx.1992, 30.04 1993-xx.xx.1992, xx.xx.1993-xx.xx.1993, xx.xx.1993-xx.xx.1993, xx.xx.1993-xx.xx.1993, xx.xx.1997xx.xx.1994, 31. ı 2.2000-xx.xx.2000, xx.xx.2001 -xx.xx.2001, xx.xx.2002-xx.xx.2002, xx.xx.2002-xx.xx.2002, xx.xx.2003-xx.xx.2003, xx.xx.2003-xx.xx.2003, xx.xx.2003xx.xx.2003, xx.xx.2004-xx.xx.2004, 3011.2004-xx.xx.2004, xx.xx.2005-xx.xx.2005, xx.xx.2005-xx.xx.2005, xx.xx.2005-xx.xx.2005, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər, 2006-cı ildən sonrakı dövr üçün 3 il 1 ay işlədiyi dövrü (ümumilikdə 21 il 10 ay 10 gün) sosial sığorta stajına daxil etmiş, xx.xx.2023-cü il tarixli 1-2-27/2-420/2023 nömrəli arxiv arayışında əmək haqqı göstərilməyən dövrləri, həmçinin 1998-1999, 2009, 2011-2012-ci illəri sosial sığorta stajına daxil etməmişdir. Yuxarıda qeyd edildiyi kimi, hazırda qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir. İddiaçının əmək kitabçasında qeyd olunan bəzi dövrlər üzrə ona əmək haqqı ödənilməsinin müəyyən edilməməsi iddianın əsaslılığına təsir etmir və özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas vermir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə qeyd edir ki, göstərilən hal iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Bu mənada, iddiaçının ümumi və xüsusi iş stajı barədə məlumatlar həm onun əmək kitabçasında, həm də güzəştli stajla bağlı verilmiş arayışda təsdiq edilmişdir. Cavabdeh sözügedən sənədlərin mötəbərliyini istisna edəcək hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, əmək kitabçasındakı müvafiq qeydlərin həqiqiliyinin ciddi şübhə doğurduğuna dair cavabdeh tərəfindən bildirilənlər anlaşılmaz olmaqla əsaslı görünmür. Nəzərə alınmalıdır ki, məhkəmənin yalnız cavabdehin şübhəsini əsaslı hesab etdiyi hallarda həmin məsələləri xidməti vəzifəsinə görə aydınlaşdırmaq borcu vardır. Müvafiq olaraq cavabdeh istinad etdiyi şübhənin əsaslılığına dair sübutlar təqdim etməlidir. Lakin hazırkı işdə bu, baş verməmişdir. Digər tərəfdən, iddiaçının Bakı Zərgərlik zavodunda işlədiyi dövrün 2006-cı il yanvarın 1-dək iş stajı kimi nəzərə alınmalı olması ilə bağlı məhkəmə bir daha qeyd edir ki, hazırda qüvvədə olan və yuxarıda istinad olunan “Qaydalar”da da 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. Beləliklə, sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının hərbi xidmət dövrü nəzərə alınmaqla təqvim illəri üzrə ümumi iş stajı 25 ildən çoxdur. Cavabdehin mübahisə etdiyi digər məsələ iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Azərsuvenir (Azərbaycan Suvenirləri)” Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 aprel 2022-ci il arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilədək şəbəkəçi-zərgər, xx.xx.1987-ci ildən-xx.xx.2012-ci ilədək 2-ci sənət kimi quraşdırıcı-zərgər peşələrində keçmiş Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində işləmişdir. İşlədiyi müddətdə o, nümunə əsasında zərgərlik məlumatları və onların hissələrini bədii səviyyədə hazırlamışdır. İş əsnasında o zərgərlik məlumatlarının üzərində qaynaq işləri aparıb. Məmulatı qaynaq edən zaman, azbest, bor turşusu, xlor turşusu istifadə edib. Qaynaq işini aparmaq üçün benzindən istifadə etmişdir və açıq alovla işləmişdir. İş əsnasında o xüsusi eskizlərə baxaraq zərgərlik məmulatlarının üzərinə mina üçün pəncərə düzəldib, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salıb. Sonuncu mərhələdə qiymətli metallardan toplanmış ovuntuları əridib, yeni növ zərgərlik məmulatlarını istehsal etmək üçün külçə hazırlayıb. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına müvafiq olaraq, həmin qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” –“Zərgər və bədii məlumatları qaralayanlar” – zərərli sahəyə uyğundur. Təqdim edilən arayışa əsasən iddiaçının 29 il, 3 ay, 4 gün güzəştli stajının olması müəyyən edilir. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qüvvədə olan qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. Lakin iddiaçının 60 yaşı tamam olduğu zaman (7.03.2022-ci il tarixdə) qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsində qanunla tələb olunan ümumi və güzəştli iş stajı ilə yanaşı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də şərtləndirilmişdir. Məhkəmə sorğusu əsasında iddiaçının xx.xx.2023-cü il tarixində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 19272,86 manat təşkil etdiyi müəyyən olunmuşdur. Bu isə həmin dövr üzrə tələb olunan pensiya kapitalından azdır. Eyni zamanda məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsində fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti götürülmüş və həmin qanun xx.xx.2022-ci il tarixdə dərc edilmişdir. Azərbaycan Respublikasının “Normativ hüquqi aktlar haqqında” Qanunun 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanununvericiliyin sadalanan normaları təhlil edildikdə müəyyən olunur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşından deyil, pensiya kapitalı tələbinin aradan qalxması barədə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdə yaranmışdır. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar