Məhkəmə qərarları › İş №2-1(112)-405/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-405/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-405/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məsxux olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci bağlar döngəsi, 56A nömrəl torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim edilən yerləşmə cizgisində dəqiq istinad, məsafələr qeyd edilmədiyindən, həmçinin perimetrik ölçü və konfiqurasiyada fərqlər olduğundan sənədin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan əlavə, təqdim edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının 1785 nömrəli xx.xx.1996-cı il tarixli sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci bağlar döngəsində yerləşən 56A nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci bağlar döngəsində yerləşən 56A nömrəli 1200 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun vəfat etmiş X3 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci bağlar döngəsində yerləşən 56A nömrəli torpaq sahəsi və onun üzərində tikilmiş yarımtikili uzun illərdir, iddiaçının mülkiyyətində və istifadəsindədir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 1785 №-li, xx.xx.1996-cı il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində “Köhnə Bağlar” ərazisində yerləşən torpaq sahəsi iddiaçının atası X2 adına sənədləşdirilmişdir. Torpaq vergisinin də iddiaçının atasından alınması həmin sərəncamda qeyd olunmuşdur. İddiaçının atası X4 xx.xx.2008ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 28 saylı notariat ofisində vərəsəlik işi açılmışdır və iddiaçı mərhum atasının vərəsəsi kimi tanınmışdır. Sözügedən torpaq sahəsi üzərində ev 2004-cü il tarixdən tikilməyə başlamışdır. Hətta bununla bağlı Səbail Rayon İcra Hakimiyyətinin cizgisi tərtib olunmuşdur. Həmin cizgidə torpaq sahəsinin ümumi sahəsi 0.12 ha qeyd olunmuşdur. Faktiki olaraq həmin hissədə iddiaçı ev tikməyə başlamışdır, lakin evi tam tikib bitirməmişdir. Hazırda həmin ev yaşayışa yararsız və yarmtikili vəziyyətdədir. Lakin evə dair su, işıq, qaz təchizatları quraşdırılmış, qanunda nəzərdə tutulmuş qaydada müqavilələr bağlanaraq iddiaçının adına rəsmişləşdirilmişdir. Belə ki, həmin ünvana dair enerjiyə məxsus 0505009D56A0000 nömrəli abonent kodu iddiaçının mərhum atasının adına rəsmiləşdirilmiş, bundan başqa suya aid **********0001 və **********00001 nömrəli abonet kodları iddiaçının adına qeydiyyata alınmışdır. Həmçinin həmin ünvana ********** saylı telefon nömrəsi də təyin olunmuşdur. Buradan da aydın görünür ki, sözügedən əmlak iddiaçının mülkiyyətindədir. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəmə təqdim etdiyi etirazda qeyd edilmişdir ki, İddiaçı tərəfindən təqdim edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının 1785 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Həmçinin təqdim olunan sərəncam mərhum X2 adına verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus daşınmaz əmlaka dair çıxarışın tərtib edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin vahid elektron kadastr baza məlumatlarına əsasən təqdim edilən yerləşmə cizgisində dəqiq istinad, məsafələr qeyd edilmədiyindən, həmçinin perimetrik ölçü və konfiqurasiyada fərqlər olduğundan sənədin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan əlavə yerləşmə cizgisi xx.xx.2004-cü il tarixində verilmişdir. Belə ki, 1991-1999-cu illərdə qüvvədə olan Torpaq Məcəlləsinin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, yerləşmə cizgisində torpaq sahəsinin ölçüsü 1200 kv.m qeyd olunsa da, faktiki olaraq 1490 kv.m təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1785 nömrəli sərəncamından görünür ki, Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud olan bağ sahəsinin X2 adına sənədləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsində Nümayəndəsi tərəfindən verilmiş 22 noyabr 2004-cü il tarixli 1404 nömrəli cizgidən görünür ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1785 nömrəli sərəncamı ilə X3 ayrılmış, Badamdar qəsəbəsi 2 yaşayış massivi, 1-ci bağlar döngəsi, 56A nömrəli 1200 kv.metr torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. Bakı şəhəri 28 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2008-ci ildə vəfat etmiş X4 ilə əlaqədar Bakı şəhəri 28 saylı notariat ofisində vərəsəlik işi açılmış və İddiaçı vərəsə kimi tanınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi hər tərəfdən daş hasarla sərhədlənmişdir. Faktiki sahəsi 1490.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən yerləşmə cizgisində dəqiq istinad, məsafələr qeyd olunmuşdur. Həmçinin perimetrik ölçü və konfiqurasiyada fərqlər mövcuddur. Bu səbəblərdən sənədin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı hazırda mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun mərhum atası N.Yəhyayevə məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, yerli icra hakimiyyəti orqanlarının aktlarını bu əsaslardan birinə aid etmişdir, hansı ki, iddiaçı bu əsası – Nadir Yəhyayevə torpaq sahəsi ayrılması haqqında Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1785 nömrəli sərəncamı cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı atasına ayrılmış həmin torpaq sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən mübahisəli torpaq sahəsinin yerləşmə cizgisini mübahisələndirmiş, lakin həmin cizginin qeyri-mötəbər olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdeh cizginin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyənləşdirməyin mümkün olmamasına istinad etsə də, həmin ərazinin cizgidə qeyd olunan sahə olmasını təkzib edə biləcək əsasları da təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının atasına ayrılmış torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məsqədilə ayrılmış torpaq olmaqla, həmin dövrdə torpaq sahəsini ayırma səlahiyyətinə malik qurum tərəfindən ayrılmışdır. Qanunvericiliyin həmin sənədi hüququların dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutması isə iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt mövcud olmuşdur. Bundan başqa, işdən görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının iddiaçının atası N.Yəhyayevə torpaq sahəsinin ayrılması barədə sərəncamı ləğv olunmamışdır və hazırda qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci bağlar döngəsi ünvanında yerləşən 56A saylı, 1200 kv.metr sahəsi olan torpaq sahəsinə mülkiyyət hüququnun vəfat etmiş X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar