Məhkəmə qərarları › İş №2-1(112)-4050/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4050/2024

09.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4050/2024 09.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Qaradağ RİHB-nın xx.xx.1995-ci il tarixli sərəncamı ilə Sahil qəsəbəsində ona ayrılmış 150 kv.m bağ sahəsinin üzərində hüquqlarının qeydiyyata alınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ :

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Qaradağ RİHB-nın xx.xx.1995-ci il tarixli sərəncamı ilə Sahil qəsəbəsində ona ayrılmış 150 kv.m bağ sahəsinin üzərində hüquqlarının qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsində göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində hüququn qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2023-cü il tarixli müraciətə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, sözügedən daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınmasına dair Daşınmaz əmlakın dövlət reysteri haqqında Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Daşınmaz əmlakın dövlət reysteri haqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərin əlavə edilməməsi qeyd olunmuşdur. Dövlət Arxiv İdarəsinin 25 may 2023-cü il tarixdə verdiyi cavab məktubundan göründüyü kimi Qaradağ Rayon İH başçısının xx.xx.1995-ci il tarixli sərəncamı ilə Sahil qəsəbəsində X1 150 kv. m bağ sahəsində yaşayış evinin tikintisi üçün icazə verilmişdir. Əmlak Ekspert Mərkəzinin təqdim etdiyi 14 noyabr 2023-cü il tarixli ərazinin döngə nöqtələri koordinatlarında ərazinin xəritə üzrə yerləşməsi öz əksini tapır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsinə əsasən iddiaçının tələbi olan Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli sərəncamı ilə Sahil qəsəbəsində ona ayrılmış 150 kv.m bağ sahəsinin üzərində hüquqlarının qeydiyyata alınmasındən ibarətdir. İddiaçının iddia ərizəsində istinad etdiyi: Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 18 nömrəli Sərəncamına əsasən, Sahil qəsəbə sakini X2 ona məxsus olan 150 kv.m bağ sahəsində yaşayış evinin tikintisinə icazə verilmişdir. Göründüyü kimi, fərdi evin tikintisinə icazənin mövcud olmasına baxmayaraq, evin yerləşdiyi torpağın iddiaçıya ayrılması, ilkin torpaq-ayırma və - yerləşmə sənədlərin mövcud olması barədə məlumat iddia ərizəsində göstərilməmişdir.

4. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddiaçının iddiaya istinad etdiyi sənədlərdən görünür ki, iddiaçının fərdi yaşayış evi kimi qeydiyyata alınmasını arzuladığı fərdi yaşayış evinin yerləşdiyi Sahil qəsəbəsində ona ayrılmış 150 kv.m bağ sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Belə olan halda, iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən onun hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Bundan başqa, məhkəmə elektron informasiya sisteminin sorğusundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ölmüşdür. Məhkəmə işin faktiki hallarını və mübahisənin vəziyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Qaradağ RİHB-nın xx.xx.1995-ci il tarixli sərəncamı ilə Sahil qəsəbəsində ona ayrılmış 150 kv.m bağ sahəsinin üzərində hüquqlarının qeydiyyata alınması” barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar