Məhkəmə qərarları › İş №2-1(112)-4051/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4051/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4051/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının vəkili X2 və cavabdehin nümayəndəsi X6 oğlunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 52 yaşının tamam olması ilə əlaqədar olaraq 26 iyun 2015-ci ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 57 yaşının tamam olması ilə əlaqədar olaraq 26 iyun 2020-ci ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1963-cü ildə Lerik rayonunda anadan olmuşdur və ərizədə göstərdiyi ünvanda yaşayır. 01 sentyabr 1980-ci ildən 13.07.1981-ci ilə kimi ünvan 2iki Peşə məktəbinin elektrik qanaqçısı peşəsi (ixtisası) üzrə təhsil almışdır. Təhsil müddəti 11 ay 12 gün davam etmişdir. Əmək fəaliyyəti ilə əlaqədar olaraq bildirmişdir ki, 24 iyul 1981-ci ildən 22 sentyabr 1981-ci ilə kimi Azərbacan SSR Sənayetikinti Nazirliyinin 1 salyı Trestinin 16 saylı İxtisaslaşdırılmış İdarəsində elektrik qaynaqçısi peşəsində işləmişdir. Əmək stajı 1 ay 28 gün. 13 oktyabr 1981-ci ildən 26 noyabr 1983-cü ilə kimi keşmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur, xidmət müddəti 2 il 1 ay 13 gün. Hərbi xidmətdən sonra 11 yanvar 1984-cü ildən 12 iyun 1984-cü ilə kimi Sənayetikinti Nazirliyinin 16 saylı İxtisaslaşdirılmış İdarəsində elektrik qaynaqçısi peşəsində işini davam etmişdir. Əmək stajı 5 ay 1 gün. 18 iyun 1984-cü ildən 30 oktyabr 2009-cu ilə kimi “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisədə elektrik qaynaqçısı peşəsində - əmək stajı 15 il 4 ay 12 gün. Bundan sonra fasiləsiz olaraq 06 noyabr 2009-cu ildən 05 yanvar 2012-ci ilə kimi “STP Tikinti” Lahiyyəsinin “ Tikinti” sahəsində, 05 yanvar 2012-ci ildə STP AM və EAS Departamentinin tərkibinə keçirildikdən sonra da 29 dekabr 2012-ci ilə kimi həmin departamentin 25 və 1 saylı tikinti sahələrində elektrik qaynaqçısı peşəsində işləmişdir. Əmək stajı - 3 il 1 ay 23 gün. 30 dekabr 2012-ci ildən hazıra kim "xxxx" MMC-də elektrik qaynaqçısi peşəsində işini davam edir. Əmək stajı-8 ildən artıqdir. Etdiyi müraciət əsasında “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi tərəfindən verilmiş 10 avqust 2017-ci il tarixli, 09124 saylı arayışında 18 avqust 1984-cü ildən 30 oktyabr 2009-cu ilədək həmin müəssisədə işlədiyi elektrik qaynaqçısı peşəsinin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarının 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olması bildirilmişdir. Hal-hazıra kimi onun ümumilikdə 40 ildən artıq ümumi əmək stajı vardır, ondan 38 il işlədiyi elektrik qaynaqçı peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən stajı vardır. Ona görə də güzəştli şərtlər əsası ilə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar olaraq Filiala müraciət etmişdir. Həmin idarənin 13.11.2020-ci il tarixli **********8 saylı məktubu ilə ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 40552,37 manat təşkil edir. 01.07.2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının X3 iddia tələbini müdafiə edərək təmin edilməsini barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Lerik rayonunun Zövnə kəndində doğulmuşdur. - Sumqayıt Bələdiyyəsi “Kimyaçılar qəsəbəsi Maral Göl” üzrə 2 saylı Məhəllə Komitəsinin 006 №-li, 06.01.2021-ci il tarixli arayışından görünür ki, Feyziyev X1 qəsəbəsi, Maral göl ərazisi S.Vurğun küçəsi, 5-ci keçid ünvanında qeydiyyatsız yaşayır. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 23.10.1981-ci ildən 26.11.1983-cü ilə qədər (2 il 1 ay 23 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - ünvan 2iki Peşə məktəbi tərəfindən verilmiş 167 №-li, 13.07.1981-ci il tarixli attestatın surətindən görünür ki, İddiaçı 01.09.1980-cı ildən 13.07.1981-ci ilədək elektrik qaynaqçısı peşəsi üzrə təhsil almışdır. - İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı 01.09.1980-ci ildən 13.07.1981-ci ilə qədər Sumqayıt şəhəri Peşə məktəbində təhsil (10 ay 13 gün), 24.07.1981-ci ildən 22.09.1981-ci ilə qədər Azərbaycan SSR Sənayetikinti Nazirliyinin 1 saylı Trestinin 16 saylı İxtisaslaşdırılmış İdarəsində elektrik qaynaqçısı (1 ay 29 gün), 11.01.1984-cü ildən 12.06.1984-cü ilə qədər Azərbaycan SSR Sənayetikinti Nazirliyinin 1 saylı Trestinin 16 saylı İxtisaslaşdırılmış İdarəsində elektrik qaynaqçısı (5 ay 2 gün), 18.06.1984-cü ildən 01.06.1986-cı ilə qədər SUM-23 2 №-li Trestində (Azərsənayetikinti SC-də) qaynaqçı (1 il 11 ay 14 gün), 02.06.1986-cı ildən 02.01.1989-cu ilə qədər SUM-24 2 №-li Trestində (Azərsənayetikinti SC-də) elektrik qaynaqçısı (2 il 7 ay 1 gün), 02.01.1989-cu ildən 01.06.1992-ci ilə qədər Sumqayıt şəhəri PMK-2 2 №-li Trestində (Azərsənayetikinti SC-də) 4-cü dərəcəli elektrik qaynaqçısı (3 il 5 ay), 01.06.1992-ci ildən 30.10.2009-cu ilə qədər 2 №-li Trestdə elektrik qaynaqçısı, 5-ci dərəcəli elektrik qaynaqçısı (17 il 5 ay), 06.11.2009-cu ildən 29.12.2012-ci ilə qədər "xxxx" ASC-də 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmişdir (3 il 1 ay 24 gün), 30.12.2012-ci ildən hal-hazıradək "xxxx" MMC-də 4-cü və 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləyir. - “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 №-li müəssisəsinin 09121 №-li, 10.08.2017-ci il tarixli arayışından görünür ki, İddiaçı 18.06.1984-cü ildən 30.10.2009-cu ilədək Azərsənayetikinti SC-nin 2 saylı müəssisəsində elektrik qaynaqçısı peşəsində işləmişdir. Bu peşə 23.01.2007-ci il Nazirlər Kabinetinin qərarının 35-ci bölməsi üzrə güzəştli şərtlərlə pensiya çıxmaq hüququ vermişdir. - "xxxx" ASC-nin 01-FA/245 №-li, 19.04.2021-ci il tarixli işin xarakteri haqqında arxiv arayışından görünür ki, İddiaçı 06.11.2009-cu ildə (əmr AF 79/2 İ-kş, 06.1 1.2009-cu il) "xxxx"ASC-nin Sumqayıt Texnologiyalar Parkının Tikinti Layihəsinin tikinti sahəsinə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və 29.12.2012-ci ildə (əmr AF 48/6kş. 29.12.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Zərərli iş şəraitində işlədiyi üçün İddiaçı 06.11.2009-cu ildən 29.12.2012-ci ilədək işlədiyi müddətdə əmək qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. "xxxx" ASC-nin ATÜ/442№-li, 28.12.2015-ci il tarixli əmri ilə Cəmiyyətdə elektrik qaynaqçısı işləmiş işçilər “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” hesab edilir. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr” fəsilinə əsasən elektrik qaynaqçılarının işi xüsusi zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyinə görə güzəştli şərtlərlə pensiya hüququ malikdir. Güzəştli pensiya üçün staj: 03 il 01 ay 23 gün təşkil edir. Məlumat üçün bildirilir ki, Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin 09.10.2008-ci il, 323 №-li sərəncamına əsasən "xxxx" ASC adlandırılıb. - "xxxx" MMC-nin SMS-0050-OL/21 №-li, 14.04.2021-ci il tarixli güzəştli arayışından görünür ki, İddiaçı 04.11.2020-cı il tarixindən 14.04.2021-ci ıl tarıxınədək "STP Metal Structures” MMC-nin Qaynaq Quraşdırma zavodunun Qaynaq sexinin Yüngül konstruksiyaların hazırlanması sahəsində əl ilə aparılan qaynaq üzrə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində çalışır. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarının 35-ci fəslinə əsasən bilavasitə zərərli iş hesab edilir. Güzəşt pensiya üçün staj: 5 (beş) ay 10 (on) gün təşkil edir. - "xxxx" MMC-nin 16 №-li, 14.04.2021-ci il tarixli güzəştli arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən 30.12.2012-ci il tarixindən 03.11.2020-ci il tarixinədək "xxxx" MMC-nin Qaynaq quraşdırma zavodunun qaynaq sexinin Yüngül konstruksiyaların hazırlanması sahəsində əl ilə qaynaq aparan 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində çalışmışdır. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-cİ il tarixli 12 №-li qərarının 35-ci fəslinə əsasən bilavasitə zərərli iş hesab edilir. Güzəştli pensiya üçün staj: 7 (yeddi) il 10 (on) ay 4 (dörd) gün təşkil edir. - Filial tərəfindən məhkəməyə ünvanlanan 25.02.2021-ci il tarixli, **********9 №-li məktubdan görünür ki, İddiaçı 1992-ci ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 7707,10 manat, 1992-2006-cı illər arasındakı dövr ərzində 10668,90 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 21039,98 manat olmaqla cəmi pensiya kapitalı 39415,98 manat təşkil edir. Adıçəkilən şəxsin hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 46800 manat məbləğində hesablanmışdır. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. - Filialın iddiaçının 07.09.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 13.11.2020-ci il tarixli, **********8 №-li məktubdan görünür ki, onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 37699,97 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. İddaçının 57 yaşının tamam olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 25 il 27 gün ümumi iş stajı mövcuddur. Güzəştli iş stajına dair məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi “elektrik qaynaqçısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının “Ümumi peşələr” adlanan 35-ci Bölməsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğun olmaqla sonuncunun 01.01.2006-cı ilə qədər 21 il 6 ay 14 gün güzəştli iş stajı mövcuddur. Məhkəmə cavabdeh inzibati orqanın iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə dair irəli sürüdüyü dəlili ilə bağlı qeyd edir ki, iddiaçının pensiya hüququ 01.01.2006-cı il tarixədək yarandığından və 01.01.2006cı il tarixədək qüvvədə olmuş (iddiaçının işlədiyi dövrdə qüvvədə olan) "Vətəndaşların pensiya təminatı haqqında” Qanununda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb olunması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Göründüyü kimi hər üç hal (yaş, ümumi və güzəştli iş stajları) iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 26.06.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdeh inzibati orqanın iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə həmçinin iddia tələbinin “ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi” hissəsində rədd olunması qənaətinə gəlir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda pensiyanın ödənilməmiş hissəsinin bir dəfəlik şəkildə ödənilməsi müddəası mövcud deyildir. Eyni zamanda pensiya qanunvericiliyinə əsasən pensiyaların ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (yəni DSMF) özü müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 26.06.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi qismən təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 26.06.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar