Məhkəmə qərarları › İş №2-1(112)-4051/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4051/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4051/2022 17.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7895 saylı, 14 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”14 iyul 2021-ci il tarixli **********7895 saylı Qərarına əsasən, o, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 28 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə” görə 56000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio- video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 14 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 28000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2021 tarixədək 84000 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. Bundan sonra 14 iyul 2021-ci il tarixli **********7895 saylı qərarından Dövlət Vergi Xidmətinə şikayətlə müraciət etmişdir. Həmin şikayətə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsində baxılmış və xx.xx.2021-ci il tarixdə “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********157100 saylı Qərar qəbul edilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********157100 saylı Qərardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət edilmişdir. Vergi ödəyicisinin eyni məzmunlu təkrar şikayəti Apellyasiya Şurasının icraatına qəbul edilərək xx.xx.2021-ci il tarixli iclasının gündəliyinə daxil edilmiş və Şuranın iclasında aparılan müzakirələr zamanı işin faktiki halları və qanunvericiliyin müvafiq müddəaları nəzərə alınmaqla şikayətin təmin edilməməsi qərara alınmışdır. Qeyd edilən Qərar 28 oktyabr 2021-ci il tarixdə İN-X/O- 10631/2021 saylı məktubla vergi ödəyicisinə ünvanlanmışdır. Aşağıda qeyd edilənlərlə sübuta yetirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”14 iyul 2021-ci il tarixli **********7895 saylı Qərarı vergi qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə zidd olmaqla tamamilə əsassızdır və bu səbəbdən qeyd edilən qərar ləğv edilməlidir. Belə ki, yoxlama prosesi zamanı və yoxlamadan sonrakı bütün prosedura qaydaların kobudcasına pozulmasına baxmayaraq, ən acınacaqlısı isə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun pozulmasına baxmayaraq buna göz yumulmuşdur. xx.xx.2021-ci il tarixli 004733 nömrəli akt və Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7895 saylı Qərarı dərhal, qeydşərtsiz, ləğv olunmalı olduğu halda, şikayətləri təmin edilməmişdir. O, VÖEN: **********, “Xəmsə” Şadlıq Sarayında fəaliyyət göstərmək üçün icarə müqaviləsi əsasında müəyyən bir sahəni istifadəyə götürmüşdür. Vergi Məcəlləsinə əsasən icarəyə götürülmüş sahəyə obyekt kod alınmalı və qanunla müəyyən edilmiş digər prosedurlar həyata keçirildikdən sonra fəaliyyət göstərməli idi. Operativ Qərargah tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 saylı Qərarına uyğun olaraq toy şənliklərinin keçirilməsinə icazə verildikdən sonra toy və digər şənliklərin keçirilməsi üçün sifarişlər qəbul etməyə başlamışdır. İcarə müqaviləsi əsasında tam qanuni əsaslarla istifadəyə götürdüyü obyektin Vergi Məcəlləsinə uyğun olaraq xx.xx.2021-ci il tarixli **********966900, xx.xx.2021-ci il tarixli **********211000 saylı obyektin qeydiyyat ərizələri ilə qeydiyyata qoyulmasında qanuni əsası olmayan problemlərlə üzləşmiş və hər dəfə rədd cavabları almışdır. Belə ki, vergi orqanından daxil olan xx.xx.2021-ci il tarixli **********449700, xx.xx.2021-ci il tarixli **********335700 saylı məktublarda obyektdə boş sahənin olmaması əsas gətirilərək icarə müqaviləsi əsasında istifadəyə götürdüyü obyektin qeydiyyatından imtina edilmişdir. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 saylı Qərarının 2.5-3.6-cı bəndinə əsasən şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00.00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e- gov.az portalına daxil etməlidir. Toylar üçün sifarişlərin qəbul edildiyi halda obyektin qeydiyyata alınmaması səbəbindən xx.xx.2021-ci ilədək işçi heyətlə müqavilə bağlanaraq işçi heyət barədə, obyekt barədə və digər məlumatların portala daxil edilməsi mümkün olmamışdır. Lakin, xx.xx.2021-ci il tarixə toy şənliyi üçün sifariş götürüldüyündən şənliyin keçirilməsi üçün heyət dəvət edilmiş, şəxsiyyət vəsiqələri toplanılaraq mühasibatlığa təqdim edilmiş və obyekt qeydiyyata alman kimi müvafiq sənədləşmə ilə bağlı prosedurlara başlamaq tapşırığı vermişdir. Belə ki, paralel olaraq vergi orqanı ilə obyektin qeydiyyata alınmaması səbəbləri araşdırılırdı. Vergi orqanı ilə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, obyektin əvvəlki icarədarı X1 (VÖEN: **********) məxsus **********-16001 kodlu obyektdə yalnız bir nəzarət kassa aparatı olduğu və onun ləğv edilməsi ilə bağlı müvafiq öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, ona məxsus 4613-XXX tipli İBM Pos-terminalı markalı, ******* zavod nömrəli NKA vergi orqanında 2 dəfə qeydiyyata alınmış, vergi orqanının bu səhvi nəticəsində obyekt əvvəlki icarədarın adından çıxarılmamış, ona obyektin qeydiyyatı ilə bağlı boş sahənin olmaması barədə cavab yazılaraq qanunsuz olaraq obyektin adına qeydiyyata salınaraq kod verilməsi təmin edilməmişdir. Vergi orqanına bütün dəlil və sübutlar barədə məlumat verildikdən sonra, nəhayət ki, xx.xx.2021-ci il, saat 17:10:37-də **********786400 məktubla obyektin adına qeydiyyata salınması barədə məktub imzalanmışdır. Eyni gündə, yəni xx.xx.2021-ci il tarixdə ona operativ vergi nəzarəti yoxlaması təyin edilmiş və saat 17:30-da "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (Xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX seriyalı, 004733 nömrəli Akt tərtib edilərək 42 nəfərin, o cümlədən 28 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, 14 nəfərin Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi faktı müəyyən edilmişdir. Saat 17:10:37-da qeydiyyata alınan obyektdə bu qədər işçini saat 17:30-dək qeydiyyata qoymaq mümkün idimi? Və bu, vergi orqanının öz səhvi nəticəsində baş vermişdi və onun bu işdə təqsiri yox idi. Həmçinin, vergi orqanı tərəfindən tərtib edilmiş aktda bütün işçilərin şəxsiyyət vəsiqələrinin nömrələrinin qeyd edilməsi bir daha onu göstərir ki, onun vergidən yayınmaq niyyəti olmayıb və şəxsiyyət vəsiqələri yuxarıda qeyd edildiyi kimi mühasibatlığa təqdim edilmişdi ki, vergi orqanı öz səhvini aradan qaldırdıqdan sonra obyektin qeydiyyata alınması təmin edilən kimi, işçilərin əmək müqavilələri hökumət portalına daxil edilsin və fəaliyyəti ilə bağlı digər tələb edilən proseduralar yerinə yetirilsin. Qeyd etdiyi kimi, işçilərin əmək müqavilələrinin hökumət portalına daxil edilməsi prosesi obyekt qeydiyyata alındıqdan sonra başlamış və növbəti gün başa çatdırılmışdır (vergi orqanının tərtib etdiyi aktda göstərildiyi kimi 42 nəfər deyil, 71 nəfər,). Belə ki, Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Onun üçün əlverişli olan heç bir hal araşdırılmamış, bu barədə sənədlər tələb edilməmişdir. Məqsəd, yalnız nöqsan aşkar etmək olmuşdur. Əlavə olaraq qeyd etmək istəyir ki, operativ vergi nəzarəti tədbiri zamanı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2021 -ci il tarixli 002900 saylı Protokolda sənədlərin götürülməsinə başlanılması və qurtarma vaxtları qeyd edilməmiş və bununla da, Vergi Məcəlləsinin 48.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. Həmin Məcəllənin 48.2.7-ci maddəsinə əhəmiyyət verilməyərək hərəkətin həyata keçirilməsi zamanı aşkar olunan və iş üçün əhəmiyyətli olan faktlar və hallar (onun halında - obyektin qeydiyyata alınmaması barədə yazışmalar) qeyd edilməmişdir. Eyni zamanda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”ın (KY2********) “yoxlamanın predmeti və hüquqi əsasları” hissəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi ilə bağlı yoxlama aparılmasına icazə verildiyi halda (Azərbaycan Respublikasının Vergi Məcəlləsi, maddə 50.1.7), bunun üçün icazə alınmadığı halda qanunsuz olaraq “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinin aşkar edilməsi üzrə yoxlama aparılmışdır (Azərbaycan Respublikasının Vergi Məcəlləsi, maddə 50.1.10). Qeyd edilənlərə əsasən, belə formada tərtib edilmiş qərarın heç bir hüquqi qüvvəsi yoxdur. Əlavə olaraq bildirmək istəyir ki, Vergi Məcəlləsinin 50.6-cı maddəsinə Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onu ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Vergi Məcəlləsinin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Vergi Məcəlləsinin 39.7-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Göründüyü kimi, vergi orqanının xx.xx.2021-ci il tarixli 004733 nömrəli Aktından öz yazılı izahatını (etirazını) xx.xx.2021-ci il tarixli **********975300 nömrəli məktubla bildirməsinə baxmayaraq vergi orqanı müəyyən olunmuş müddəti gözləmədən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********7895 saylı Qərar qəbul etmiş, Qərarın qəbul edilməsində iştirakı təmin edilməmişdir. Vergi Məcəlləsinin 49.1,-ci maddəsinə (bax maddə 50.6) əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində qərar çıxarır. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin, yuxarıda qeyd etdiyi kimi, xx.xx.2021-ci il tarixli 004733 nömrəli Akta öz yazılı izahatını (etirazını) xx.xx.2021-ci il tarixli **********975300 nömrəli məktubla bildirməsinə baxmayaraq vergi orqanı müəyyən olunmuş müddəti gözləmədən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7895 saylı Qərar qəbul etmiş, qərarın qəbul edilməsində iştirakı təmin edilməmiş, vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri qərarda qeyd edilməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Uçot-baza məlumatına əsasən iddiaçı xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və əsas fəaliyyətinin “şadlıq evlərinin xidmətlərindən ibarət olmuşdur. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin (bundan sonra - Baş İdarə) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********6583 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, ev 2403/04-cü məhəllədə yerləşən “Xəmsə” şadlıq evində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 28 (iyirmi səkkiz) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və 14 nəfər şəxsin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004733 nömrəli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında" aktla rəsmiləşdirildiyi, aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi, iddiaçının və 42 nəfər fiziki şəxsin operativ vergi nəzarəti tədbiri zamanı izahat verərək əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlanmadan və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etdikləri müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7895 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 84.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş idarənin xx.xx.2021-ci il tarixli, **********405400 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktub poçtdan geri qayıtmamış və elektron qutuda xx.xx.2021-ci il tarixdə oxunmuşdur. Bundan başqa aktda adları qeyd olunmuş 42 nəfər şəxs izahat verərək əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiklərini etiraf etdikləri, iddiaçının operativ vergi nəzarəti tədbirindən sonra 41 nəfər şəxsin (X4 başqa) əmək müqaviləsi bildirişlərini qeydiyyata aldığı, eləcə də nəzarət tədbiri keçirilən gün aktda adları qeyd olunan şəxslərin digər vergi ödəyicilərin də əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçməmişdir. Həmçinin iddiaçı sahibkarlıq göstərdiyi Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, ev 2403/04-cü məhəllədə yerləşən “Xəmsə” şadlıq evinin xx.xx.2021-ci il tarixdə vergi orqanı tərəfindən qeydiyyata alınması obyektdə işçilərlə əmək müqavilələrinin bağlanmasına heç bir məhdudiyyət yaratmamış və operativ vergi nəzarəti tədbiri zamanı həmin şəxslər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixli DVX seriyalı 004733 nömrəli akt iddiaçı tərəfindən imzalanaraq doğruluğu təsdiqləndiyindən, aktın bir nüsxəsi əlavələrlə birlikdə qəbul olunduğundan, aktla və ya onun hər hansı bir hissəsi ilə razılaşmaması barədə aktda qeyd aparılmadığından iddiaçının Vergi Məcəlləsinin 39.5-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində akta dair yazılı etiraz bildirmək hüququ olmamışdır. Yuxarıda qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi mülahizələr həqiqətə uyğun deyildir və operativ vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş və qanunvericiliyin tələblərinə müvafiq şəkildə rəsmiləşdirilmişdir. Digər tərəfdən yayındırılmış vergi məbləği üzrə Azərbaycan Respublikası CM-nin 162-ci maddəsində nəzərdə tutulmuş cinayət əlamətlərinin mövcud olmasını nəzərə alaraq, materiallar cavabdeh tərəfindən Hüquq Baş idarəsinə sonuncu tərəfindən isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixli 21200627 saylı cinayət işi başlanılmış ibtidai araşdırılma aparılır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili iddiaya uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının vəkili məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şifahi məhkəmə baxışı iclasına cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə işin hallarından müəyyən edilir ki, cavabdehin 14 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən inzibati şikayət vermiş, inzibati şikayəti təmin edilmədiyindən daha sonra Apellyasiya Şurasına müraciət etmiş, Apellyasiya Şurasının 14 oktyabr 2021-ci il tarixli qərarı ilə şikayəti təmin edilməmiş, bundan sonra xx.xx.2021-ci il tarixdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia mahiyyətcə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********6583 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarının surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus olan obyektdə, ünvan: AZ1029, ünvan 1a, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlər (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil omaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. İddiaçı sözügedən qərarla xx.xx.2021-ci il tarixdə tanış olmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 06 iyul 2021-cu il tarixli, KY211589601 nömrəli Çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2021-xx.xx.2021, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi qeyd olunmuşdur. Sözügedən çıxarışla İddiaçı xx.xx.2021-ci il tarixdə imza etməklə tanış edilmişdir. İşdə olan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 004733 nömrəli aktın surətindən görünür ki, İddiaçı (VÖEN **********) 42 nəfər fiziki şəxsdən 28 nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin şəxslərin (xidmətlərin) yetirilməsinə, 14 nəfəri Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən ofisiant xidmətlərinin yerinə yetirilməsinə cəlb etmiş və buna görə də, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Akta Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin və fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin siyahısı əlavə edilmişdir. İddiaçı tərəfindən akta imza edilməklə tanış olunmuşdur. İşdə olan adları xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 004733 nömrəli akta əlavə edilmiş fiziki şəxslərin izahatlarından müəyyən edilir ki, həmin şəxslər xx.xx.2021-ci il tarixdən etibarən hər biri müxtəlif tarixlərdə İddiaçı tərəfindən müxtəlif peşələr üzrə işə götürülmüşlər. İşə götürülərkən onlarla xidməti və əmək müqaviləsi bağlanmamışdır. İşdə olan “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********6586 nömrəli, xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, iddiaçıdan operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq zəruri sənədlər və məlumatların İdarəyə təqdim olunması bildirilmişdir. İşdə olan cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7895 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 28 nəfər fiziki şəxsi işlərin (xidmətləri) yerinə yetirilməsinə cəlb etdiyinə görə 56000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 14 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 28000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021-ci il tarixədək 84000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 26 avqust 2021-ci il tarixli, **********157100 nömrəli qərarından görünür ki, iddiaçının inzibati şikayətləri təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”14 iyul 2021-ci il tarixli **********7895 saylı Qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 78 nömrəli 14 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 26 avqust 2021-ci il tarixli, **********157100 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 28 fevral 2022-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərarının surətindən görünür ki, İddiaçı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə ərizə ilə müraciət edərək, 28 (iyirmi səkkiz) nəfər işçilərə görə vurulmuş ziyanı yəni, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tam olaraq tərəfindən ödənildiyini nəzərə alaraq, Azərabycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli, 395-VİQR nömrəli qərarı ilə qəbul edilmiş amnistiya aktına əsasən, barəsində istintaq olunan ********* nömrəli cinayət işinə xitam verilməsini xahiş etmişdir. İstintaq orqanının sözügedən qərarına əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 28 (iyirmi səkkiz) nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə fərdi sahibkar İddiaçı barəsində istintaq olunan ********* nömrəli cinayət işinə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli, 395-VİQR nömrəli qərarı ilə qəbul edilmiş amnistiya aktına görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, ev 2403/04-cü məhəllədə yerləşən “Xəmsə” şadlıq evində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 28 (iyirmi səkkiz) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və 14 nəfər şəxsin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli, DVX seriyalı 004733 nömrəli aktla rəsmiləşdirilmişdir. Sözügedən fiziki şəxslərin operativ vergi nəzarəti zamanı verdikləri izahatlardan da, onlarla əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlanılmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildikləri müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində təsərrüfat subyektinin vergi orqanı tərəfindən qeydiyyata alınmadığından işçilərlə əmək müqaviləsinin bağlanmamasına istinad etsə də, məhkəmə hesab edir ki, təsərrüfat subyektinin vergi orqanı tərəfindən qeydiyyata alınıb-alınmaması işçilərlə əmək müqavilələrinin bağlanılmasına və sistemə daxil edilməsinə heç bir məhdudiyyət yaratmadığından, onun bu dəlili əsassız hesab edilməlidir. Məhkəmə eləcə də, qeyd edir ki, iş materiallarında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 28 fevral 2022-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərar da, mövcuddur ki, həmin qərarla istintaq orqanının araşdırması nəticəsində iddiaçının əmək müqaviləsi bağlamadan xeyli sayda şəxslərin müxtəlif işlərin yerinə cəlb etməsi öz təsdiqini tapmış, lakin, iddiaçı tərəfindən həmin işçilərə vurulmuş ziyan ödənildiyindən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli, 395-VİQR nömrəli qərarı ilə qəbul edilmiş amnistiya aktına əsasən barəsində istintaq olunan ********* nömrəli cinayət işinə xitam verilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7895 saylı, 14 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı dəlilləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aiddir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi (50.1.7); Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddələrin baxılan məsələyə münasibətdə mənasına görə, vergi orqanı müəyyən məsələlər üzrə, o cümlədən işəgötürən tərəfindən fiziki şxəsləri hər hansı işlərin yerinə yetirilməsi ilə bağlı əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinin yoxlanılması məqsədilə operativ vergi nəzarətini həyata keçirmək hüququna malikdir. Bu məqsədlə vergi orqanı müvafiq qərar qəbul etməlidir. Daha sonra yoxlamanın nəticələrinə dair müvafiq akt tərtib edilməlidir. Əmək qanunvericiliyinin tələblərinin pozuntusu müəyyən edildiyi təqdirdə, vergi orqanı vergi ödəyicisi kimi işəgötürənə münasibətdə maliyyə sanskiyasını tətbiq etməlidir. Beləliklə, Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün Azəbraycan Respublikası Əmək Məcəlləsində (bundan sonra Əmək Məcəlləsi) əmək müqaviləsinin (kontraktı) hansı qaydada hüquqi qüvvəyə minməsi müəyyən edilməlidir. Həmin Məcəllənin: - 3-cü maddəsinin 5-ci bəndinə əsasən, əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 7-ci maddəsinin 2-ci bəndinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. -3-cü maddəsinin 5-1.-ci maddəsinə əsasən, Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. - 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. - 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Sadalanan maddələrin məzmunundan məlum olur ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlansa da, həmin müqavilə müvafiq elektron informasiya sistemində qeydiyyatdan keçdikdən sonra və bu barədə məlumat olduqdan sonra qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin vəzifəsi kimi müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar