Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4052/2024 07.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı “Əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı “Əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının 1961-ci ildən 2008-ci ilə kimi Xəzər X1 troktarist (maşinist) vəzifəsində işləməsi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasını Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə bir vəzifə olaraq qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1938-ci ildə anadan olmuşdur. 1958-1961-ci illərdə Həqiqi Hərbi Xidmətdə olmaqla Baltik dənizində Mina axtaran vəzifəsində xidmət etmişdir. 1961-ci ildən əmək fəaliyyətinə başlamışdır. Belə ki, 1961-ci ilin oktyabr ayının 14-dən 1962-ci ilin noyabr ayın 1-nə kimi Bakı Dəniz limanında fəhlə işləmişdir. 1963-cü ildən 1977-ci ilə kimi Bakı Dəniz limanında (Xəzər X1) traktorist maşinst vəzifəsində çalışmışdır. Bununla yanaşı xx.xx.1982-ci il - xx.xx.1987-ci illərdə Xarici Dövlətdə (yəni Polşa Dövlətində) ezamiyyətdə olmaqla gəmilərin qəbulu vəzifəsində çalışmışdır. 1993-cü ildə yaşa görə Əmək pensiyasına çıxmasına baxmayaraq Xəzər X1 2008-ci ilədək işləmişdir. Ümumilikdə 47 il iş stajı vardır, Hərbi xidmətlə birlikdə 51 il təşkil edir. Aylıq əmək haqqı 1000 manatdan çox təşkil edirdi. İddiaçının sığorta hissəsində yığılan pul 100 min manatı keçmiş olar. İddiaçı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə fonduna və Xəzər rayon Dövlət Sosial Müdafiə fondunun şöbəsinə müraciət edərək bildirmişdir ki, onun pensiyası 456 manat təşkil edir. Halbuki həmin vaxtları ən yüksək əmək haqqı X1 işləyən əməkdaşlar alırdı. Hesab edir ki, hər iki Dövlət orqanı onun pensiyasını düzgün hesablamır. Dəfələrlə onlara əmək kitabçasını təqdim etməklə uzun müddət Xəzər X1 işləməklə yüksək əmək haqqının alınmasını, Xarici Dövlətlərdə ezamiyyətdə olmasını və ezamiyyət vaxtı yüksək əmək haqqının alınmasını bildirsə də heçbir nəticəsi olmamışdır. Odur ki, iddiaçı məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə tərəfindən Azərbaycan Respunlikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq hazırki iddia tələbinin qeyri-mümkün sayılmasına dair xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq iddiaçıya hüquqi yardım olunmuş, qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. İş materiallarında olan poçt xəbərnaməsindən (SX005269576AZ) görünür ki, göndərilmiş hüquqi yardım haqqında məktub iddiaçıya xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının vəsatətində göstərilənləri müdafiə edərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının yazılı vəsatətində göstərilmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixdə Fondun Xəzər rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçıya pensiyanın ödənişi Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən həyata keçirildiyindən, iddiaçıya təyin olunmuş əmək pensiyasının yenidən hesablanması da həmin filialın səlahiyyətləri çərçivəsindədir. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 54.1-ci bəndini rəhbər tutaraq, hazırki iddia tələbi üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunu əsl cavabdeh olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı ilə əvəz edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbardar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;
3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri tələbin iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsidir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi əsl olmayan cavabdehə qarşı yönəldilmişdir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı Fondun Xəzər rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçıya pensiyanın ödənişi Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən həyata keçirilir. Hazırkı iddia tələbi ilə iddiaçı onun 1961-ci ildən 2008-ci ilə kimi Xəzər X1 troktarist (maşinist) vəzifəsində işləməsini nəzərə alaraq əmək pensiyasının yenidən hesablanması öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasını tələb edir. Bununla bağlı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki iddia da öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl inzibati orqana hazırki tələb ilə müraciət etməsi eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri tələbin iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi və hüququ pozulmuş şəxs tərəfindən ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl inzibati orqana həmin tələb ilə müraciət etməsi eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir və tərəflər arasında yaranan mübahisə publik hüquq münasibətlərindən irəli gəlməlidir. Hazırki iddia tələbi publik hüquq münasibətlərindən irəli gəlsə də, iddia tələbi əsl olmayan cavabdehə qarşı yönəldilmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı hazırki iş üzrə əsl olan cavabdeh inzibati orqana müraciət etmədən birbaşa məhkəmədə iddia qaldırmışdır. Hazırki iddia tələbi iki əsasla mümkünsüz hesab edilməlidir.
1. ilkin müraciətə görə.
2. cavabdeh qurum düzgün müəyyən olmadığına görə. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mövcud qanunvericiliyə uyğun olaraq cavabdeh Dövlət Sosial Müdafiə Fondu hazırkı iddiaya cavab verməli olan cavabdeh olmadığından və iddia ona cavab verməli olmayan orqana qarşı qaldırıldığından və iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılığının olmasına dair ərizə ilə məhkəməyə müraciət etmədiyindən, habelə iddiaçının hazırkı iddia tələbi ilə əvvəlcə əsl cavabdehə müraciət etməsi iş materialları ilə müəyyən edilmədiyindən, hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd edilmişdir ki, 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər.
Hakim Elvin Əliyev