Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4054/2022 04.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1, X5 nümayəndəsi və vəkili X8 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və X7 qarşı “çıxarışın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 adına Bakı şəhəri, Xəzər Rayonu, Buzovna qəsəbəsi, 429N saylı sahə üzrə verilən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ********** qeydiyyat nömrəsi olan 17 mart 2021-ci il tarixli çıxarışın ləğv edilməsi və həmin ödəliyin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin üzərinə qoyulması barəsində qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 2021-ci ilin yanvar ayında tərəfimdən fərdi yaşayış evin tikilməsi məqsədi ilə mən Xəzər rayonu, Buzovna qəsəbəsində torpaq sahəsini axtarırdı. X2 ilə tanış olub, o isə Xəzər Rayonu, Buzovna qəsəbəsində yerləşən 2.25 ha torpaq sahəsini və onun üzərində yarımçıq tikili olan 2 mərtəbəli mənzili almağa təklif etmişdir. Həmin sahəni bəyənib və alınmasına razılıq verib. X13 “Ekonom” Tikinti” şirkətinin rəhbəri olduğu üçün, həmin torpaq sahəsinin və yarımçıq tikilinin alınması üçün onun “Ekonom Tikinti” şirkətinin arasında daxili kredit yolu ilə kreditin icrası ilə bağh müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 2.25ha torpaq sahəsinin və onun üzərində olan yarımçıqtikilinin alınmasının alqı-satqı qiyməti 50000 (əlli min) manat təşkil edərək, o, 16 fevral 2021-ci il tarixdə ilkin olaraq 15000 (on beş) min manat məbləğində vəsaiti ödəmişdir. Ümumi olaraq 2021-ci ilin avqust ayınadək onun tərəfindən 29500 (iyirmi doqquz min beş yüz) manat məbləğində vəsait ödənilmişdir. Lakin evin tikildiyi zaman həmin torpaq sahəsinə gələn və özünü X4 təqdim edən şəxs bildirmişdir ki, bu torpaq sahəsi ona məxsusdur, bu torpaq sahəsinin alınmasına görə pul vəsaitləri Nadirov Vüqar ona verməyib və demişdir ki, o mütləq Hüseynov Əhmədə pul ödəməlidir. X3 heç bir hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Bu hadisəyə önəm verməyib, öz müqaviləsinə arxayın olaraq, torpaq sahəsinin üzərində ev tikdirib, ailə üzvlərilə birlikdə həmin evə köçərək yaşamağa başlayıb. Ailə üzvlərilə birlikdə həmin evdə yaşayışı davam etdirib, X9 isə su işıq və qaz sayğaclarını bağlatdırmışdır. Bu hadisə barəsində tərəfindən DİN-in 102 xidmətinə müraciət olunaraq, X9 qeyd etmişdir ki, qaz, su və işıq sayğacları onun qohumu X5 adınadır. Qeyd etmək istəyirəm ki, inşa etdiyi və yaşadığı evin qonşu həyətində X6 evi idi və su, qaz, işıq sayğacları- hər bir sayğac iki ev üzrə idi. Hər ay sayğaclar üzrə ödəniş olunarkən, X9 ilə yarıbayarı ödənilirdi. 2021-ci ilin avqust ayında qeydiyyat olduğu ünvana Xəzər Rayon Məhkəməsindən bildirişi qəbul etdim. Həmin bildirişdən ona məlum oldu ki, X10 ona qarşı iddia qaldıraraq, iddia ərizəsində qeyd edib ki, həmin torpaq sahəsi ona məxsusdur. Sübut olaraq, həmin iddia ərizəsinin qoşmasında X10 adına olan torpaq sahəsi üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr tərəfindən ********** nömrəsi ilə qeydiyyata düşən 17 mart 2021-ci il tarixli əldə olunan çıxarışı təqdim etmişdir. Lakin həmin çıxarışın qanuni yolla alınmasında şübhə yaranır. Belə ki, həmin torpaq üzrə heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Bundan başqa onun tərəfindən həmin torpaq sahəsinin alınması məqsədi ilə 2021-ci ilin yanvar - fevral aylarında hüquqi şəxslə müqavilə bağlanarkən, həmin çıxarış X10 tərəfindən alınmamışdır. Çıxarışdan məlum olur ki, X10 tərəfindən bu çıxarış 17 mart 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən heç bir ilkin sənəd olmadan alınmışdır və DƏDRX-ti tərəfindən həmin torpaq sahəsinin ölçülməsi üçün heç bir mütəxəssis yaxınlaşmamışdır. Bundan başqa ona verildiyi məlumatlara əsasən həmin torpaq sahəsi bələdiyyəyə məxsusdur.
3. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 429 saylı torpaq sahəsinə dair X5 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsinin surəti Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmişdir.
4. Həmin sənədlərə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 429N saylı sahə (torpaq sahəsinin ölçüsü 0,0114 ha) X5 adına 17.03.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin çıxarış X10 ilə X14 arasında bağlanmış 04.02.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X7 verilmişdir.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur к müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi idarəsinə rəsmi müraciəti daxil olmamışdır. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmc öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
6. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək izah edilmişdir ki, mübahisələndirilən çıxarışın verilməsi üçün əsas olmuş sənəd alqı-satqı müqaviləsidir. Odur ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərin mülki məhkəmə icraatı qaydasında mübahisələndirməklə ümumi məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur.
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın mümkün sayılmamasını xahiş etmişdir.
8. İddia ərizəsində cavabdeh kimi göstərilən X5 nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak edərək bildirdi ki, İddiaçı və X15 ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., 429N saylı torpaq sahəsinə və onun üzərində olan iki mərtəbəli evə qanunsuz olaraq daxil olmuş və mülkiyyət hüququnu pozmaqla ona məxsus torpaq sahəsindən və evdən əsassız istifadə edirlər. Beləliklə də, o, ona məxsus əmlakdan faktiki olaraq istifadə etmək imkanından məhrum olub. Qeyd edirəm ki, cavabdehlər:-İddiaçı və X15 ünvan 2 ünvanda qeydiyyatda olmaqla onlara məxsus yaşayış evi sökülərək yerində yeni yaşayış binası tikildiyi üçün onlar faktiki olaraq ünvan 3 ünvanda yaşayırlar. Odur ki, İddiaçı və X11 ailə üzvləri ilə birlikdə mənim xüsusi mülkiyyətində olan Bakı şəhəri,Xəzər rayonu, Buzovna qəsəbəsi 429 N saylı torpaq sahəsindən və üzərində olan 2(iki) mərtəbəli evdən məcburi qaydada çıxarılmalarına və torpaq sahəsindən və evdən əsassız istifadəyə görə yaşadıqları hər ay üçün 500 (beş)yüz manat olmaqla mart 2021-ci il tarixdən sentyabr 2021- ci il tarixədək 7(yeddi) ay üçün cəmi 3500 (üç min beş yüz) manat pul vəsaitinin məcburi qaydada xeyrinə ödənilməsi ilə bağlı Xəzər rayon Məhkəməsində 30 avqust 2021-ci il tarixdə verdiyi iddia ərizəsi üzrə mülki iş məhkəmənin icraatındadır. İddia ərizəm üzrə mülki işin məhkəmə iclasında məlum olmuşdur ki, İddiaçı və X15 Bakı İnzibati Məhkəməsinə DƏDRX-in 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı hazırkı iddia tələbini irəli sürmüşlər. Hesab edir ki, mübahisə mülki xarakterlidir və mümkün sayılmamalıdır.
II. İddianın mümkünlüyü
9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 04 nömrəli qərarına əsasən:
17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülkihüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
18. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindəki mübahisələndirilən 17.03.2021-ci il tarixli qeydiyyat 04.02.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında aparılmışdır. Odur ki, məhkəmə hesab edir ki, mübahisə mülki xarakterlidir.
19. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil, iddiaçının qeyd edilən torpaq sahəsinə dair hüquqi marağını təsdiq edən hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilməmiş, nəticə etibarilə iddiaçının hüquqi müdafiəyə ehtiyacı yoxdur. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
20. Qeyd edilənlərə müvafiq olaraq iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım göstərilmiş, məhkəmənin hazırlıq icraatı üzrə iclasları barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı iştirak etməmişdir.
21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
22. Göstərilənlərə əsasən və İPM-in 35, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva