Məhkəmə qərarları › İş №2-1(112)-4056/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4056/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4056/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X8, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 saylı evin yaxınlığında yerləşən, ümumi sahəsi 18.64 kv.m ölçüsündə qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 201 saylı evin yaxınlığında yerləşən qeyri-yaşayış obyekti onun mülkiyyətindədir. Belə ki, qardaşı X3 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. X1 şəhid ailəsinin üzvü kimi 1996-cı ildə köşk quraşdırmış, sonradan obyektdə müasir üslubda yenidənqurma işləri apararaq qeyri-yaşayış sahəsi kimi istifadə edilmişdir. 2006-cı ildə atası vəfat etdikdən sonra obyekt onun istifadəsində olmuşdur. Həmin obyekt onun tərəfindən müasir üslubda təmir edilmiş və istismara yararlı olmaqla hazırda da qanuni sahibliyində və istifadəsindəsindir. “Qeyri-yaşayış obyektinin mövcud vəziyyətdə sənədləşdirilməsi barədə” Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 320 saylı sərəncamının 1-ci bəndinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 201 saylı evin yaxınlığında yerləşən, uzun illər İddiaçı istifadəsində olan qeyri-yaşayış obyekti mövcud vəziyyətində, ümumi sahəsi 18,64 kv.metr, tikintialtı sahəsi 24,65 kv.metr olmaqla onun adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 3-cü bəndinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq sənədləşmənin aparılması xahiş edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 201 saylı evin yaxınlığında yerləşən, ümumi sahəsi 18,64 kv.metr ölçüsündə qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq qaydada rəsmiləşdirilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə tələb olunan sənədlərlə birlikdə cavabdeh təşkilata müraciət etmiş, müraciəti qəbul olunaraq, ********** nömrə ilə qeydiyyata alınmış və xx.xx.2021-ci il tarixli **********28 saylı məktubla müraciətinin icrasından imtina edilmişdir. Hesab edir ki, imtina tamamilə qanunsuz və əsassızdır, eyni zamanda onun qanunla qorunan hüquqları pozulmuşdur. Belə ki, cavabdeh imtinada “Daşımaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1, 8.0.9 və 8.0.10-cu maddələrinə əsassız olaraq istinad etmiş, işin bütün hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, hazırki obyekt ona məxsus olmuş və heç bir halda dövlətə və ya bələdiyyəyə məxsus olmamışdır. İşin hallarından göründüyü kimi, hazırki obyekt “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış obyekt olduğundan “qeyri-yaşayış obyektinin mövcud vəziyyətdə sənədləşdirilməsi barədə” Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 320 saylı sərəncamına əsasən həmin obyekt onun adına sənədləşdirilməlidir. Həmçinin, Yasamal rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları əsasında daşınmaz əmlakın üzərində hüquqlar dövlət reyestrində cavabdeh təşkilat tərəfindən qeydiyyata alınmışdır. Belə olan halda, qeydiyyat orqanı tərəfindən imtina edilməsi ümumiyyətlə qanunsuzdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə **********0 daxil olma nömrəli, xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reeystri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya **********28 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Yasamal rayon İcra Hakimiyyəti başçısı tərəfindən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisinə ünvanlanmış xx.xx.1996-cı il tarixli, 118/k nömrəli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 14 fevral 1996-cı il tarixli, 7- 3995/7 saylı məktubu ilə Yeni Yasamal -1, bina 42, mənzil 4-də yaşayan şəhid ailəsinin üzvü Ş.Allahverdiyevə köşk quraşdırılmasına icazə vermişdir. Qeyd olunanları nəzərə alaraq, köşk quraşdırılacaq sahənin cizgisi razılaşdırılması üçün göndərilmişdir. İşdə olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 320 saylı, xx.xx.2016-cı il tarixli sərəncamın surətindən görünür ki, Yasamal rayon İcra Hkimiyyətinə İddiaçı müraciət edərək, A.M.Şərifzadə küçəsi, 201 saylı evin yaxınlığında yerləşən, mərhum atasına məxsus olmuş qeyri-yaşayış obyektinin onun adına sənədləşdirilməsini xahiş etmişdir. Müraciəti araşdıran zaman təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, İddiaçı qardaşı X3 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. X1 şəhid ailəsinin üzvi kimi 1996-cı ildə köşk quraşdırmış, sonradan obyektdə müasir üslubda yenidənqurma işləri apararaq qeyri-yaşayış sahəsi kimi istifadə etmişdir. 2006-cı ildə Ş.Q.Allahverdiyev vəfat etdikdən sonra obyekt İddiaçı istifadəsindədir. Onun tərəfindən müasir üslubda təmir edilmiş qeyri-yaşayış sahəsinin texniki vəziyyəti qənaətbəxş olmaqla istismar üçün yararlıdır. Qeyd olunanlara əsaslanaraq, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 201 saylı evin yaxınlığında yerləşən, uzun illər İddiaçı istifadəsində olan qeyriyaşayış obyekti mövcud vəziyyətində, ümumi sahəsi 18.64 kv.m, tikintialtı sahəsi 24.65 kv.m olmaqla onun adına sənədləşdirilməsi, qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin icarə xərclərinin ödənilməsi üçün İddiaçılə müvafiq qurumlar arasında müqavilə bağlanması, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq sənədləşmənin aparılması xahiş edilmişdir. İşdə olan cizginin surətindən görünür ki, ünvan 3 ünvanın yaxınlığında yerləşən Qarabağ müharibəsi şəhidinin ailəsinə məxsus “qeyri-yaşayış” obyektinin mövcud vəziyyətdə cizgisi Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 320 nömrəli sərəncamı ilə təsdiq edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********28 saylı, xx.xx.2021ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 201 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış bnası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli, ********** nömrəli müraciətinə baxılaraq bildirilmişdir ki, qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakmiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. İşdə olan icarəyəverən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi İddiaçı arasında bağlanmış “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” 1924 nömrəli, 28 aprel 2022-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin predmetinə əsasən icarəverənin icarəyə verdiyi ünvan 4 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 21.2 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtlərli əsasında müvəqqəti istifadəyə qəbul edilir. Müqavilə ilə icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 09 avqust 2022-ci il tarixli, **********928 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, yuxarıda sadalanmış sənədlərdən məlum olur ki, iddiaçının qardaşı X3 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. X2 şəhid ailəsinin üzvü kimi 1996-cı ildə köşk quraşdırmış, sonradan obyektdə müasir üslubda yenidənqurma işləri apararaq qeyri-yaşayış sahəsi kimi istifadə etmişdir. 2006-cı ildə Ş.Q.Allahverdiyev vəfat etdikdən sonra obyekt İddiaçı istifadəsindədir. Onun tərəfindən müasir üslubda təmir edilmiş qeyri-yaşayış sahəsinin texniki vəziyyəti qənaətbəxş olmaqla istismar üçün yararlı hesab edilərək, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 320 saylı, xx.xx.2016-cı il tarixli sərəncamına əsasən mövcud vəziyyətdə, ümumi sahəsi 18,64 kv.m, tikinti altı sahəsi 24.65 kv.m olmaqla iddiaçının adına sənədləşdirilməsi qərara alınmış, qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə cizgisi təsdiq edilmişdir. Sözügedən qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlı İddiaçı arasında 1924 nömrəli, 28 aprel 2022-ci il tarixli torpaq sahəsinin icarə müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilməsinin əsası kimi ididaçı tərəfindən qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi göstərilmişdir. Halbuki iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçının mərhum atasına Bakı şəhər İcra Hakimiyyətinin 14 fevral 1996-cı il tarixli, 7-3995/7 saylı məktubu ilə şəhid ailəsinin üzvü kimi köşk quraşdırılmasına icazə verilmişdir. Sonradan obyektdə müasir üslubda yenidənqurma işləri apararaq qeyri-yaşayış sahəsi kimi istifadəetmişdir. 2006-cı ildə Ş.Q.Allahverdiyev vəfat etdikdən sonra obyekt iddiaçının istifadəsində olmuşdur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 320 nömrəli, xx.xx.2016-cı il tarixli sərəncamı ilə qeyri-yaşayış obyekti mövcud vəziyyətdə, ümumi sahəsi 18.64 kv.m, tikintialtı sahəsi 24.65 kv.m olmaqla İddiaçı adına sənədləşdirilmişdir. Göründüyü kimi, iddiaçıya sözügedən qeyri-yaşayış sahəsi qanuni əsaslarla ayrılmışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin iş materiallarına əlavə olunmuş icarəyəverən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi İddiaçı arasında bağlanmış “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” 1924 nömrəli, 28 aprel 2022-ci il tarixli müqaviləyə əsasən sözügedən qeyri-yaşayış binasının yerləşdiyi 21.2 kv.m torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək icarə müqavilə bağlanmışdır. Göründüyü kimi, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olan icarə müqaviləsi mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13n” Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.0-ci bəndinə əsasən DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 2.0.3. dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək; 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; 2.0.5. yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək; 2.0.6. torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; 2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; 2.0.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinin 1-ci hissəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 201 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 18.64 kv.m olan qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar