Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4059/2022 07.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı X1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “12.07.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı 12.07.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 27 oktyabr 2021-ci il tarixli **********2 nömrəli imtina məktubunda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ( istehsalatın, peşələrin, vəzifələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və hərbi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90% və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə 21.11.1986-26.01.2010-cu illər tarixi arasındakı dövr ərzində “Sumqayıt” X3 işlədiyi qeyd olunmuşdur. Həmin müəssisənin ona dair 12.07.2021-ci il tarixli 12 nömrəli arayışında 27.03.1994- 30.11.1995-ci il və 07.01.1996-26.01.2010-cu il il tarixləri ərzində dövrlər ərzində (ümumilikdə 15 il 8ay 22 gün) ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Qanunvericiliklə məcburi sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün yuxarıda göstərilən stajı onun iş stajına daxil etmək mümkün deyil, buna görə də ümumi iş stajı 20 ildən az (14 il 2 ay 29 gün) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alnmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 31066,30 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 10856, 42 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İmtina əsassızdır. Belə ki, o, 01.01.2006-cı ilə kimi 20 ildən artıq ümumi staja və 10 ildən artıq güzəştli iş stayına malikdir. İmtiyazlı iş stajı barədə arayışları və əmək kitabçasının surətini ərizəsinə əlavə etmişdir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 —ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunun tələblərinə uyğun pensiya hüququ vardır. 06 mart 2007-ci il tarixinədək qüvvədə olan olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin“b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 10 ildən zərərli işlərdə işləyib. Onun “Əmək pensiyaları haqqında” qanun qüvvəyə minənə kimi on ildən artıq zərərli və ağır sahələrdə işçi kimi güzəştli iş stajına, iyirmi ildən artıq ümumi iş stajı var. Belə ki, qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək qanununun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq təyin edilir. 3 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Sadalanan hüquq normalarının qarşılıqlı təhlilinə görə 2 nömrəli Siyahı üzrə mənim 50 yaş+2 yaş=52 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranır. O, 07 aprel 2021-ci ilə kimi əliliyə görə pensiya alıb. Əlliliyə görə 12.07.2021-ci ilədək pensiya aldığına görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı müracət etməyib.
3. İddiaçının cavabdeh quruma müraciəti 20 oktyabr 2021-ci il tarixdədir. Güzəştli şərtlərlə pensiya təyinatından imtinanın əsasları iddia ərizəsində göstərilmişdir.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təmina Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş arayışa əsasən müəyyən olunur ki, “pensiya” altsisteminə əsasən, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən 2-ci dərəcə əlilliyə görə 259,78 manat əmək pensiyası alıb. Təyinatın başlama tarixi: 12.07.2016-cı il, təyinatın bitmə tarixi: 31.07.2021.
5. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
6. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
7. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
8. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
9. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
11. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
12. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
13. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 27.10.2021ci il tarixdə imtina edilmişdir.
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
15. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.
21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.
22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrinvə göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).
24. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı 01.01.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), 01.01.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).
01.01.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılmaqla; 01.08.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 47) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 ilini əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); 01.01.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); 10.03.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.
25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.
26. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli Siyahısı” (bundan sonra 1 və 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 1 və 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.
IV. Qeyd edilənlərin hazırki işə tətbiqi
27. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.
28. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. Əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixə qədər: - 11.12.1979-04.11.1986; 21.11.1986-01.01.2006-cı il ümumi əmək stajı ən azı 26 ildir.
29. Cavabdeh qurum tərəfindən iddiaçının ödənişsiz əmək məzuniyyətində olduğu dövrün staja daxil edilməməli olduğu bildirilir.
30. "xxxx" ASC tərəfindən iddiaçıya aşağıdakı arayışlar verilmişdir: - O, 11.12.1979-cu il tarixdən 07.02.1980-ci il tarixinədək Kimya sənayesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1№-li siyahısının Vİİİ bölməsinin 1-ci bəndində göstərilmiş istehsalatlara uyğun olaraq ftorlu alüminium sexində köməkçi fəhlə vəzifəsində işləmiş; - O, 08.02.1980-ci il tarixdən 04.11.1986-cı il tarixinədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2№-li siyahısının XXVİİİ bölməsinin 1-ci bəndində göstərilmiş istehsalatlara uyğun olaraq ftorlu alüminium sexində kimyəvi analiz üzrə laborant işləmiş;
31. "xxxx" ASC tərəfindən iddiaçıya aşağıdakı arayış verilmişdir: - O, 21.11.1986-cı ildən 09.02.1988-ci ilədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1№-li siyahısının İİİ bölməsinin 3a bəndində göstərilmiş istehsalatlara uyğun olaraq yayma istehsalı koduna uyğun 1072103a-16350 əlvan metalların yandırıcıları peşəsi üzrə işləmiş; - O, 09.02.1988-ci ildən 27.03.1994-cü ilə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2№-li siyahısının İV bölməsinin 4a bəndində göstərilmiş istehsalatlara uyğun olaraq soyuq metalın yaymaçıları koduna uyğun 2092303a-11357 soyuq metalın yaymaçıları peşəsi üzrə işləmiş; - O, 01.12.1995-ci ildən 07.01.1996-cı ilə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2№-li siyahısının İV bölməsinin 4a bəndində göstərilmiş istehsalatlara uyğun olaraq soyuq metalın yaymaçıları koduna uyğun 2092303a-11357 soyuq metalın yaymaçıları peşəsi üzrə işləmiş; - Əlipənahova (İsmayılova) Aybəniz Nəriman qızı "xxxx" ASC-nin Sumqayıt “Alüminium” İstehsalat Sahəsində aşağıdakı göstərilən tarixlərdə ödənişsiz məzuniyyətlərdə olmuşdur. 27.03.1994-30.11.1995-dək; 07.01.1996-26.01.2010-cu il tarixədək.
32. Məhkəmə hesab edir ki, kimya istehsalı həm 1№-li, həm də 2№-li siyahıda nəzərdə tutulsa belə, zərərli maddələrin təsiri meyarına görə sahələr müvafiq olaraq təsnifləşdirilmişdir. İddiaçının işlədiyi sahələr əmək kitabçasına əsasən, məhz ftor, onun birləşmələri sahəsinə uyğundur. Eyni zamanda əmək kitabçasına əsasən iddiaçının "xxxx" ASC-də 08.02.1980-ci il tarixdən 04.11.1986-cı il tarixinədək işlədiyi peşə daha əvvəl 11.12.1979-cu il tarixdən 07.02.1980-ci il tarixinədək həmin 1№li siyahıda nəzərdə tutulan sexdə (ftorlu alüminium sexində) olmuşdur. İddiaçının "xxxx" ASC-nin 08.02.1980-ci il tarixdən 04.11.1986-cı il tarixinədək işlədiyi dövrə dair arayışında isə 2№-li siyahının XXVİİİ bölməsinə istinad olunur ki, həmin bölmə iddiaçının işlədiyi sahəyə (ftorlu alüminium sexində) uyğun olmayan “Nəqliyyat” bölməsinə aiddir.
33. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı "xxxx" ASC-də 11.12.1979-cu il tarixdən 04.11.1986-cı il tarixinədək 1№-li siyahı üzrə 1080A010 koduna uyğun xüsusilə zərərli işlərdə işləmişdir. (1080A010 koduna uyğun gələn peşələr - fosfor, fosfor turşuları, onların törəmələri; bütün siniflərin freonları; frigitlər; ftor, onun birləşmələri; ftorxlor üzvü birləşmələr; kimyəvi preparatlar: rezin, kauçuk, kənd təsərrüfatı, bağçılıq, tibbi preparatlar, benzinlər, sürtkü yağı, toz ilə mübarizədə transformator yağı, flotoreagentlər, plastik kütlələr, süni liflər, rəngli, ağ-qara rəngli kino-foto lenti üçün, kino foto sənayesi üçün kağız; bitkilərin, zəhərlərin, qorxudan vasitələr, kimyəvi maddələr, onların əsasında alınan preparatlar; kimya uducular; xlor, onun birləşmələri; xlorvinil, onun polimerləri; polimer kimiləri; sellozolvlar; sian, rodan birləşmələri; sianatlar, diizosianatlar, onların törəmələri; ekstralin; element üzvi birləşmələr; emallar, qiymətli metallardan preparatlar; piy qarışıqlarının həlməşik məhlulları, onların yumşaldıcıları, etil mayesi; zəhərli kimyəvi preparatlar;)
34. Beləliklə, iddiaçının 21.11.1986-cı ildən 09.02.1988-ci ilədək "xxxx" ASC-də işlədiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1№-li siyahısının İİİ bölməsinin 3a bəndində göstərilmiş istehsalatlara uyğun olaraq yayma istehsalı koduna uyğun 1072103a-16350 əlvan metalların yandırıcıları peşəsi üzrə işlədiyi nəzərə alınarsa, iddiaçı 1 №-li siyahı üzrə xüsusilə zərərli işlərdə 08 il 01 ay 13 gün işləmişdir.
35. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (15 il iş stajı, bu müddətin azı 7 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər) və yaş.
36. İş yerindən arayışlar olduğu kimi nəzərə alınsa belə, iddiaçının 2№li siyahı üzrə zərərli və ağır olan işlər kimi stajı 14 il, 04 ay 09 gündür.
37. İddiaçının güzəştli stajı ilə bağlı mübahisə mövcudd deyil. Mübahisəli məsələ iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrün staja daxil edilməsi ilə bağlıdır. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu 27.03.1994-30.11.1995-dək; 07.01.1996-26.01.2010-cu il tarixədək olan dövrün əmək stajına daxil edilməməsi ilə bağlı dəlilə münasibətdə məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə (Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər) əsasən, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri məzuniyyət hüququ verən əmək stajına işçinin faktik işlədiyi vaxtdan savayı aşağıdakı dövrlər də daxil edilir (Qeyd edilən qanun 19 iyul 1994-cü il tarixdə qəbul olunmaqla 01 fevral 1999-cu il tarixə qədər qüvvədə olmuşdur). Məhkəmə qeyd edir ki, həmin maddə əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri deyil, məhz məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri nəzərdə tutduğundan işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrün əmək stajına daxil edilməsini istisna etmir. Digər tərəfdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti iş stajına daxil edilir.
38. Odur ki, məhkəmə işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrün dövlət tərəfindən mütləq sosial sığorta edilməli olmayan qənaətinə gəlməsi üçün əsas görmür və hesab edir ki, həmin dövr (işçinin ödənişsiz məzuniyyətdə olduğu dövr) işçinin sığorta stajına daxil edilməlidir.
39. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, qüvvədə olan Əmək Məcəlləsinin aşağıdakı müddəalarını nəzərə alır: 87-ci maddəsinin 1-ci hissəsi. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 111. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. 132-ci maddənin 2-ci hissəsi. Bu Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.
40. Göründüyü kimi qüvvədə olan Əmək Məcəlləsi də əmək stajı və məzuniyyət hüququ verən əmək stajı anlayışlarını fərqləndirir və əmək stajını işçinin işə daxil olduğu və işdən çıxarıldığı qeydlərlə müəyyən edir. Məzuniyyətin növünü işçinin əmək stajına daxil edilməsinə şərt kimi müəyyən etmir. Qismən ödənişli sosial məzuniyyət müddətinin isə məzuniyyət hüququ verən əmək stajına daxil edilmədiyi qeyd edilir.
41. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2- ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
42. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin sonuncu hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
43. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının zəruri ümumi stajı həmin 1 yanvar 2002-ci il tarixədək yaranmış olduğundan məcburi dövlət sosial sığorta haqqının ödənilməmiş olması ödənişsiz məzuniyyətdə olduğu müddətin işçinin stajına daxil ediməsini istisna etmək olmaz.
44. Eyni zamanda nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
45. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 34.Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
46. Odur ki, cavabdeh qurumun iddiaçının əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilməsi hüququnun təmin edilməməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, qanunun qeyd edilən mənasına görə iddiaçının əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilmə hüququ (qanunun 34-cü maddəsi) iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməklə təmin edilir (qanunun 31.2-ci maddəsi). Bu səbəbdən əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçmə hüququ təmin edilməli, iddiaçının 31.07.2021-ci il tarixə kimi əlilliyə görə pensiya aldığı nəzərə alınmalı (öz arzusu ilə əlilliyə görə pensiya təyin edildiyi) və iddiaçının əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilməsinə dair inzibati orqana 20.10.2021-ci il tarixdə müraciət etdiyi (həmin tarixədək yaşa görə pensiya təyinatı ilə bağlı müraciəti olmamışdır) nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 01.11.2021-ci il tarixdən təyin olunmalıdır.
47. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
48. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
49. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
50. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
51. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia qismən təmin edilsin. İddiaçı X2 01.11.2021-ci il tarixdən tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva