Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4059/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (mətndə- DGK) qarşı “yeni məlumat vərəqinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Əmək haqqı ilə birlikdə diqər növ 60% vəsaitdən (X3 xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilən 60 % vəsaitin) DSMF-ə bütün tələb olan (22%+3%=25%) məcburi dövlət siğorta haqqın ödənilməsini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında" 21 iyun 2022-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinə, 149 maddəsinin Vİİ bəndinə, həmçinin Azərbaycan Respublikası Sosial Sığorta Haqqında Qanununa əsasən, əmək pensiyasının yenidən hesablanması üçün ona aid məlumat vərəqində əmək haqqı qrafasında 60% aldığı məbləği şəxsi vərəqədə göstərilməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndrilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DGK tərəfindən DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunmuş iddiaçıya dair məlumat vərəqində işlədiyi illər boyu və aldığı vəzifə ştatına uyğun aylıq məvacibinə əlavə 60% mavacibi məlumat vərəqində göstərilmədən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ümumiyyətlə iddiaçı hesab edir ki, DGK məlumat vərəqəsini düzgün tərtib etməyərək onun hüquqlarını pozmuşdur. 30 noyabr 2018-ci il tarixli “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsində dəyişikliyə əsasən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) sözləri əlavə edildi. Qanun xx.xx.2019-cu ildə qanuni qüvvəyə mindi. Qeyd edilir ki, qanun qüvvəyə mindiyi günə görə qanunla tələb edilən 20 təqvim ilindən artıq iş stajı olduğu üçün, artıq onun təqaüdə çıxmaq hüququ yaranmış və qeyd edilən qanunda dəyişiklik, onun illər boyu aldığı aylıq məvacib və əlavələr (yəni 60%) və onlardan ödədiyi məcburi sosial sığorta haqqına baxmayaraq, onun konstitusion və sair hüquqları pozulmuşdur. Daha sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qararı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarının 1-ci hissəsində “Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir” dəyişilik edərək və həmin qərarın 2-ci hissəsinə əsasən “2023 yanvarın 1” sözləri “Bu Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir” sözləri ilə əvəz edildi. Bu dəyişikliyə əsasən, əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan ona aid məlumat vərəqində “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən (01 Yanvar 2023-cü ilə qədər qüvvədə olan sözlər(sonrakı artımlar da nəzərə alınmaqla)) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən vəzifə maişında yenidən hesablama apararaq məlumat vərəqəsinidə düzəliş edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-un Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndrilməsi xahiş etmiş, müraciətlərinə baxmayaraq məsələ öz həllini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi, imperativ xarakterli konstitusion hüquq normasının mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə “vəsaitin 60 faizi dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin tam həcmdə Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli olan əməkdaşların və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi” nə dair fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktı seriyə şamil etməyərək vəsaitin 60 faizini təminat xərcliyinə əlavə etməyərək məlumat vərəqəsi düzgün doldurmamışdır. Cavabdeh inzibati orqanın xx.xx.2024 il tarixli 3-33/2-B- 002086/1 -1/2024 saylı imtina məktubunda qeyd edirki “Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir." Yuxarıda sadalanan normalarda normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər ümumiyyətlə aşkar edilməmişdir. Sözügedən Qaydalarda müvafiq dəyişiklik edilmiş, ona münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndində qeyd edilən fiziki şəxslərə münasibətdə hüquqi vəziyyəti yaxşılaşdırılan hal geriyə şamil edilməmiş, bununla da cavabdeh inzibati orqan qanunsuz və əsassız mövqe formalaşdıraraq vəsaitin 60 faizini təminat xərcliyinə əlavə etməyərək onun konstitusion hüquqlarını pozur. Həmçinin 3-33/2- B-002086/1-1/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunda sitat ''Qeyd olunanlardan müəyyən edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.5-ci maddəsinə xx.xx.2018-ci il tarixdə edilmiş dəyişiklik xx.xx.2019-cu il tarixdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli Qərarına edilmiş dəyişikliyinin qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixədək İddiaçı xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndində qeyd olunan Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətinə xitam verilmişdirbir’ bildirərək Azərbaycan Respublikası Qanunlrına zidd olaraq cavablandırmışdı. Qanuna dəyişiklik zamanı 2019-cu ildə onun 20 ildən artıq stajı olmuş və burada şəxsin hüquqi vəziyyətini pisləşdirən yeni norma, onun əvvələr əldə etdiyi hüquqlara təsir edə bilməz prizmasının, DGK tərəfindən göndərilən məlumat vərəqəsində aldığı 60% mavacibin göstərilməməsi ilə pozmuşdur... xx.xx.2019-cu ilə qədər və xx.xx.2022-ci ildən sonra təqəüdə çıxan şəxslər və xx.xx.2019cu ildən xx.xx.2022-ci ilə gədər çıxan şəxslər 60% məvacibdən, məcburi dövlət sığorta haqqı ödəyib lakin birinə pensiya çıxarkən hesablanır 60%, digərinə bu illərin ortasında çıxan şəxslərə isə hesablanmır 60%. İddiaçı hesab edir ki, onun konstitusion hüquqları kobudcasına pozulub. Pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sosial sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında qurulmuşdur. Pensiya qanunvericiliyinin əsas məqsədi pensiya təminatı sisteminin fəaliyyətində bu prinsiplərin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanan sığorta vəsaitləri arasında tarazılığın təmin edilməsindən ibarətdir. “Sosial sığorta haqqında” Qanunun 3-cü maddəsinə əsasən, sosial sığorta subyektlərinin hüquq bərabərliyi və dövlət sosial sığortasının məcburiliyi sosial sığortanın əsas prinsipləri kimi müəyyən edilmişdir. Sosial sığorta stajını əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərtini müəyyən edir. Nümunə olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, ‘‘Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2020-ci ilin plenar iclasının qərarı. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" 2020-ci il 15 may tarixli Qərarı. Bu iki qərardan açıq görünür ki, xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə məcburi dövlət sosial sığortasına cəlb edilən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrdən məcburi dövlət sosial sığorta haqqları ödənilibsə, bu zaman əmək pensiyaların hesablanması zamanı gəlirlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta haqqını faktiki pensiya alanlara görə ödəyir, yəni iddiaçı işləyir, təqəaüd alır və təqəüd prinsipi ilə o 2019-cu ilə qədər məcburi sosial sığorta haqqını ödəmişdir. xx.xx.2019 ildə ona verilən 60 % mavacib büdcədənkənar hesab edilmiş və ondan yenə də məcburi dövlət sosial sığortası tutulmuşdur. Təqdim olunan Fərdi Hesabat arayışından açıq görünür ki, illər və aylar üzrə nə qədər gəliri olmuş və həmin gəlirdən hesablanaraq nə qədər ödənilmiş məcburi sosial sığorta haqqı (22+3%) var. Sual yaranır: aylıq məvacibə aldığım əlavə 60% vəsait ona pensiya hesablananda nəzərə alınmırsa, onda bu haqqları hara və nə üçün ödəmişdir . Həmçinin, aylıq məvacibi ortalama olaraq əlavələr ilə birlikdə 2400-2800 AZN təşkil edirdi, ondan 400-500 manat əmək haqqı, qalan hissəsi əlavələr olmuşdur. Vurğulayır ki, sosial sığorta haqqı hər ikisindən ödənilməklə, bütün fərdi kapitalı 59.000-dən yuxandır. Lakin ona pensiya 400- 500 manatdan hesablanır. Bu məbləğdən sosial sığorta haqqını hesabladıqda, fərdi kapitalı 20 mindən aşağı olmalıdır. Qalan ödənilmiş məbləğinin hara köçürülməsi sual doğurur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhməmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Gömrük orqanlarında xidmətinə xitam verildikdən sonra cavabdeh onun barəsində məlumat vərəqəsi tərtib edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərmişdir. Həmin məlumat vərəqəsində qeyd olunan məlumatlar həqiqəti özündə əks etdirmir. Bu da onun sosial təminat hüquqlarının pozulmasına səbəb olmuşdur. Əmək pensiyası şəxsin, yəni sığorta olunanın öz hesabına və əvvəlki çoxillik əməyinə, xidmətinə, cəmiyyət üçün əhəmiyyətli olan digər vəzifələrin yerinə yetirilməsinə görə qazanılır. Azərbaycan Respublikası sosial dövlətdir və hər bir vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsi, onun rifahının yüksəldilməsi dövlətin borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Həmin maddənin X hissəsində isə qeyd edilir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın 149-cu maddəsinin birinci hissəsində isə qeyd edilir ki, normativ hüquqi aktlar hüquqa və haqqədalətə (bərabər mənafelərə, bərabər münasibətlərə) əsaslanmalıdır. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarının və “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tələbi nəzərə alınmaqla barəsində yeni məlumat vərəqəsi tərtib edilməklə cavabdeh tərəfindən Filiala göndərilməlidir. Cavabdeh onun müraciətinə xx.xx.2019-cu il tarixdə qüvvəyə minmiş yeni normativ hüquqi akta qanuna zidd olaraq əsaslanaraq müraciətinə qeyri konstruktiv və standart imtina cavabı verməklə konstitusion hüquqlarını pozmuşdur. Aşağıda qeyd edilənlərə əsasən cavabdeh hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı xx.xx.2019-cu il tarixli 1000/071Ş nömrəli Komitə sədrinin əmri ilə ‘‘Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən qeyd olunan Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması" Qaydaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Qeyd olunan qaydalar “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Filiala təqdim olunması qaydalarını müəyyən edir. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2-ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikasının 1999-cu il 07 dekabr tarixli 768-İQ Ns-li Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 93-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. Həmin Əsasnamənin 113cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tətbiqinə dair münasibətdə “Normativ hüquqi aktın geriyə qüvvəsi yoxdur. Bunun mahiyyəti ondan ibarətdir ki, məhkəmə, normativ hüquqi aktı, onun qüvvəyə minməsindən əvvəl baş vermiş faktlara (münasibətlərə), bu faktların yaratdığı hüquqi nəticələri dəyişmək və ya ləğv etmək məqsədilə tətbiq edə bilməz. Normativ hüquqi akt, onu qəbul edənin diktəsidir, bu isə yalnız gələcək zamana təsir edə bilər." qeyd etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarının 2-ci bəndində bu qərarın xx.xx.2022-ci il tarixdən qüvvəyə minməsi qeyd olunmuşdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 85.1-ci maddəsində Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Həmin qanunun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. İşin mübahisəsiz hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə pensiya təyin edilsə də, iddaçının barəsində tətbiq edilməsini arzuladığı akt xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. Qeyd edilənlərdən də göründüyü kimi iddiaçı barəsində cavabdeh tərəfindən tərtib edilmiş məlumat vərəqəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 17 avqust tarixli 135 nömrəli Qərarına uyğun olaraq hazırlanmış və Filiala təqdim edilmişdir. Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasından söhbət gedə bilməz, iddiaçının cavabdehə qarşı hazırkı iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən olunmur. Buna görə də iddiaçının cavabdehə qarşı olan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən cavabdeh iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aid mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-33/2-B-002086/1-1/2024 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir. Məhkəmənin sorğusu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna iddiaçının pensiya işi məhkəməyə təqdim edilmişdir. Pensiya işinə əlavə edilmiş: -Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəi şəxs) haqqında təqdim olunan xx.xx.2019-cu il tarixli Məlumat vərəqindən görünür ki, gömrük postunun böyük inspektoru vəzifəsindən təqvim üzrə xidmət illəri 24 il 2 ay 10 gün, cəmi xidmət illəri 38 il 06 ay 25 gün olmaqla 23 iyul 2019-cu il tarixdə “Gömrük orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən (yaş həddinə əsasən) İddiaçı 318,00 manat vəzifə maaşı, 154,00 manat rütbə maaşı, 32,00 manat ərzaq payı əvəzinə kompensasiya, xidmət illərinə görə əlavə 30%, 116,70 manat hesablanmaqla, cəmi təminat xərcliyi 537,70 manat müəyyən edilmişdir. -AR ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinin **********7 nömrəli xx.xx.2019-cu il tarixli əmək pensiyasının təyin edilməsi haqqında qərarından görünür ki, Dövlət Gömrük Komitəsinin məlumat vərəqəsi əsasında iddiaçının cəmi xidmət illəri, 24 il 2 ay olduğu nəzərə alınmaqla 537,70 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. -DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2019-cu il tarixli qərarından görünür ki, yeni vəzifə maaşı əsas gətirilməklə yenidən hesablama nəticəsində pensiya məbləği 340,52 manatdan 408,85 manata, təminat xərcliyi 645,60 manata çatdırılmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçının gömrük orqanlarında xidmətinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin qərarı ilə Dövlət Gömrük Komitəsinin məlumat vərəqəsi əsasında pensiya təyin edilmişdir. Pensiya təyin edilərkən qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq təminat xərcliyinə büdcədənkənar vəsaiti hesabına hesablanan əlavələr və digər ödənişlər daxil edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarı ilə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasında edilmiş dəyişikliyin ona münasibətdə nəzərə alnıraq yeni məlumat vərəqəsinin tərtib olunaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi tələbini irəli sürür. Məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş xx.xx.2019-cu il tarixli dəyişikliyə müvafiq olaraq həmin dövrdə büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlərin təminat xərcliyinin tərkibinə daxil edilmədiyini nəzərə alaraq, iddiaçının yenilənmiş məlumat vərəqinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi tələbində haqlı olmadığı qənaətindədir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakı qanunvericilik normalarına istinad edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir;-hazırda qüvvədə olan redaksiya (1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir;-xx.xx.2019-cu il tarixli Qanuna əsasən edilmiş dəyişiklikdən sonrakı redaksiya) ... 3.3. Bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. ... 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; ... “"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli, 499 №-li Fərmanının: 2.4. həmin Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1-ci bəndinə əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2-ci bəndinə əsasən dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; ... 22.7-1-ci bəndinə əsasən Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2-ci bəndinə əsasən qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasının: 1.1-ci bəndinə əssaən bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) hesabına köçürülən vəsaitlərdən (bundan sonra - vəsait) istifadə qaydasını müəyyən edir. 1.2-ci bəndinə əsasən “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, vəsaitin qalan hissəsinin 60 faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir. 1.3-cü bəndinə əsasən vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.-iddiaçı pensiyaya çıxdığı zaman qüvvədə olan redaksiya (1.3. Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.-xx.xx.2022-ci il tarixli Qərarla edilmiş dəyişiklikdən sonrakı redaksiya) 1.4. Vəsait Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur və Komitənin sərəncamındadır. Vəsaitin sərəncamçısı dəyişdirilə bilməz. 1.5. Vəsaitdən kommersiya fəaliyyətinə sərmayələr qoyulmur və kreditlər verilmir. 1.6. Vəsaitin xərclənməsinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) nəzarət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: ... “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin: 113-cü bəndinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailə üzvlərinin pensiya təminatının təşkili müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: -1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir; -2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Beləliklə, işin müəyyən edilmiş hallarına görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2019-cu il tarixdə edilmiş dəyişikliyə əsasən təminat xərcliyinin tərkibinə daxil edilən komponentlər sırasından büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna edilmişdir. İddiaçıya qanunvericiliyə uyğun olaraq hərbi qulluqçu kimi pensiya təyin edilərkən həmin tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq təminat xərcliyinə büdcədənkənar vəsaiti hesabına hesablanan əlavələr və digər ödənişlər daxil edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasında müvafiq dəyişiklik edilmi, və qeyd edilən dəyişikliklə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edildiyi nəzərdə tutulmuşdur. Bu dəyişikliklə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına verilən əlavə təminat xərcliyinə daxil edilmişdir. Qeyd edilən dəyişiklik 1 iyul 2022-ci il tarixdə qüvvəyə minmiş və həmin müddətdən sonra yaranan münasibətlərə şamil edilir. Hazırkı iddia ilə iddiaçı xx.xx.2022-ci il tarixli Qərarla edilmiş dəyişikliyin ona da şamil edilməli olduğu qənaətindədir. İddiaçı tələbini onun vəziyyətini yaxşılaşdıran hüquqi aktın qüvvəsinin geriyə şamil edilməli olması ilə əsaslandırır. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının istinad etdiyi Qərarda onun 1 iyul 2022-ci il tarixdən qüvvəyə mindiyi qeyd edilmişdir. Həmin Qərar yalnız qüvvəyə mindikdən sonra sonra yaranan münasibətlərə şamil edilir və geriyə tətbiq edilmir. Çünki həmin müddəa yeni prosedur qaydası müəyyən edir. Bu qayda ilə Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilməsi nəzərə alınır. Odur ki, həmin tarixədək ödənilən əmək haqqına əlavənin mənbəyi “büdcədənkənar” hesab edilmiş, qeyd edilən tarixdən sonra isə müvafiq ödənişlər dövlət büdcəsinə köçürüldüyündən “dövlət büdcəsi” vəsaiti hesabına aparılan ödəmələr hesab edilir. Beləliklə, qeyd edilən normaların tələbini hazırkı işin hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, Qanunvericiliyə uyğun olaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiya hüququ yaranmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilmir və əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən nəzərə alınmır. Belə ki, qeyd edildiyi kimi həmin əlavələr qeyd edilən tarixədək büdcədənkənar vəsaitlər, müvafiq dəyişiklikdən sonra isə (ödənişin statusu dəyişərək) dövlət büdcəsi vəsaiti hesabına verilən ödəniş hesab edilmişdir. Göstərilənlərə əsasən, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmənin qənaəti belədir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır, odur ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun: -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov