Məhkəmə qərarları › İş №2-1(112)-406/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-406/2023

04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-406/2023 04.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı1, İddiaçı2 cavabdeh Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2cavabdeh Nizami rayon İcra Hakimiyyətinə qarşı “maddi zərərin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə Maliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin qərardadı ilə Nizami Rayon İcra Hakimiyyətinin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti və Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində prosessual iştirakına xitam verilərək cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verilərək Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin cavabdehlər siyahısından çıxarılması, Maliyyə Nazirliyinin üçüncü şəxs qismində icraatda iştirakına xitam verilməsi, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti 3-cü şəxs qismində cəlb edilməsi, cavabdehin Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi olmasının müəyyən edilməsi xahiş edilmiş, ərizə icraata qəbul edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə yeganə cavabdeh Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi olmaqla kompensasiyanın ödənilməsi tələbi həmin Birliyə qarşıdır. İddia onunla əsaslandırılmışdır ki, binanın qarşısında tikilmiş qaraj sərəncam əsasında M.Hüseynovun istifadəsinə verilmiş, yenidənqurma işləri aparmış və nəticədə 35 kv.m-lik daş qaraj tikilmişdir. Həmin şəxsin vəfatından sonra qarajdan vərəsə İddiaçı1 istifadə etmişdir. İddiaçı digər İddiaçı2 əşyalarının həmin qarajda saxlamağa icazə vermişdir. 20 iyun 2019-cu il tarixdə Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən heç bir xəbərdarlıq edilmədən adıçəkilən qaraj sökülmüşdür. Bu zaman orada olan əşyalar da digər iddiaçıya qaytarılmamışdır. Bu səbəbdən də iddiaçılar hesab edir ki, qarajda olan əşyalar, eləcə də qaraja görə onlara kompensasiya ödənilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia istər cavabdehin düzgün müəyyən edilməsi, həmin tələblə bağlı ilkin olaraq inzibati orqana müraciət və prosessual həmiştirakçılıq baxımından da mümkün iddiadır. Belə ki, iş materiallarında surəti olan Əsasnamədən görünür ki, cavabdeh Birlik Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində olan qismən büdcədən maliyyəşən, təsərrüfat hesabı əsasında fəaliyyət göstərən, müstəqil balansa malik olan hüquqi şəxsdir. Əsasnamədən də göründüyü kimi Birlik Departamentin ona vermiş olduğu səlahiyyətlər çərçivəsində publik sferaya aid olan səlahiyyətlərin də həyata keçirir. Ayrıca hüquqi şəxs olması isə onun cavabdeh qismində iştirakına əsas yaradır. Belə ki, İnzibati orqanların Təsnifatı”nın V bölməsinə əsasən hüquqi şəxslər də inzibati orqan xarakterikinə malik ola bilir ki, cavabdeh də publik sferada fəaliyyət göstərən hüquqi şəxs olduğundan kompensasiyanın ödənilməsinə münasibətdə iddiaya cavab verməli olan inzibati orqan qismində çıxış edir. Bu zaman müraciətin ilkin olaraq inzibati orqana edilməsi baxımından isə, məhkəmə qeyd edir ki, iddiaçının müraciəti istər Nizami Rayon İcra Hakimiyyətinə edilmiş və həmin müraciət Birliyə münasibət bildirilməsi üçün də məhkəməyə iddia verilənədək iddiaçılar tərəfindən həyata keçirilmiş, eləcə də məhkəmə icraatı gedişində də Departamentə həmin tələblə bağlı müraicət edilmişdir ki, istər Birliyin hazırkı tələbdən məlumatlı olsa da müsbət həllinə yönəlmiş hərəkət etməməsi, istər özünə də olmasa onun üst qurumu kimi Departamentə müraciət edilməsi kompensasiya növündə hazırkı iddianın ilkin müraciətin olması baxımından mümkün edir. Bu zaman iddia ərizəsinə etiraz verməklə cavabdehin iddianın təmininə etiraz etdiyi də mümkünlük baxımından məhkəmə hesab edir ki, nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, prosessual həmiştirakçılıqla bağlı tələb də hazırkı iş üzrə ödənilmiş, iddiaçıların bir iddia ilə müraciət etməsinə münasibətdə mümkünlük şərtləri yerinə yetirilmişdir. Prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü ilə bağlı isə qeyd edilməlidir ki, AR İPM-nin 30-cu maddəsinə əsasən bir iş üzrə bir neçə birgə iddiaçının və ya cavabdehin iştirakının mümkünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Göründüyü kimi inzibati prosessual qanunvericiliklə hansı hallarda birgə iddiaçıların və ya cavabdehlərin bir iddia tələbində qeyd edilməsinin, bundan əlavə bir-neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsinin mümkünlüyünə qiymət verilmişdir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən, həmçinin mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da birgə iddiaçı və ya cavabdeh qismində prosessual həmiştirakçılığı mümkün hesab edilir. Hazırkı işin faktiki hallarından isə müəyyən edilir ki, inzibati mübahisə qarajın sökülməsi və məhz həmin qarajda yerləşən əşyaların götürülməsi ilə bağlı olmuş, qaraj bir iddiaçının, əşyalar isə digər iddiaçıların istifadəsində olmuş, cavabdehin layihə çərçivəsində qarajın söküntüsünə yönəlmiş hərəkəti ilə hər iki iddiaçı mülkiyyət hüququndan məhrum olmuşdur ki, ən azından uyğun faktiki və hüquqi əsaslar hazırkı iş üzrə müəyyən edilmişdir. Bu isə iddiaçılar prosessual həmiştirakçı qismində bir iddia ilə cavabdehə müraciətinə prosessual imkan vermişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sərəncamdan görünür ki, 18 kv.m ölçüdə qaraj M.Hüseynovun istifadəsinə verilmişdir. Notariat ofisinin məktubundan görünür ki, adıçəkilən şəxsin vəfatı ilə əlaqədar İddiaçı1 qaraja dair vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı müraciət etmişdir. Yerli icra hakimiyyətinin məktubundan görünür ki, qarajın yerləşdiyi torpaq sahəsi aparılan tikinti və abadlıq işləri zaanı, layihədə nəzərdə tutulan avadanlıq və qurğuların quraşdırılmasına mane olduğuna görə sökülmüşdür. Nizami bələdiyyəsinin 15 may 2019-cu il tarixli arayışından görünür ki, daş qaraj 35 kv.m olmuş və həmin daş qaraja görə bələdiyyəyə iddiaçının borcu olmamışdır. Yerləşmə sxemindən də görünür ki, daş qarajın ölçüsü 35 kv.m təşkil edir. Nizami rayonu Mənzil Kommunal Təsərrüatı Birliyinin məktubundan görünür ki, mübahisəli qaraj Birlik tərəfindən götürülmüş, avadanlıqlar götürülərək Birliyin anbarına təhvil verilmişdir. Sözügedən qaraj ilin olaraq dəmir qaraj olmuş, sonradan daş qaraja çevrilmişdir. Aktdan qeyd edilmişdir ki, qarajda olan əşyaların götürülməsindən iddiaçı tərəfindən imtina edildiyindən Birliyin arxivində saxlanca verilmişdir. Nizami Bələdiyyəsinin qərarından görünür ki, daş qarajdan istifadəyə görə iddiaçı bələdiyyə ödənişlərinə cəlb edilmişdir. Nizami Bələdiyyəsinin məktubundan görünür ki, qaraj qeydiyyata alınarkən daş qaraj olmuş, sahə cizgidə göstərildiyi kimi 35 kv.m olmuşdur. Qarajın əvvəllər dəmir qaraj olması barədə məlumatları yoxdur. İddiaçı tərəfindən fotoşəkillər təqdim edilərək qeyd edilmişdir ki, əşyaların bir qismi yararsız vəziyyətdə olmuş, bir qismi cavabdeh tərəfindən istifadə edilməkdədir ki, inzibati binanın qarşısında yerləşən şəkli əlavə edilmiş güzgü də iddiaçının istifadəsində olmuş güzgü olmuşdur. Birlik tərəfindən də fotoşəkillər təqdim edilmişdir. Mənzil Kommunal Təsərrüfat Departamentinin məktubundan görünür ki, söküntü onlar tərəfindən həyata keçirilməmişdir. X1 rəyində qeyd edilmişdir ki, qaraj ikiqat mişar daşından inşa edilmiş, üstündə beton panellər atılmışdır. Qarajın orta bazar dəyəri 33250.0 manat, qarajda olan əşyaların orta bazar dəyəri 7210 manatdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, qarajın 1 kv.m-nin orta bazar qiyməti 910 manat, əşyaların istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 4140 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin: -21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür -1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. Məhkəmə diqqətə çatdırır ki, maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Eyni zamanda, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Nəzərə alınmalıdır ki, AR İPM-nin 14-cü maddəsinə uyğun olaraq kompensasiya növündə hazırkı iddianın təminini konkret istisna edən halların müəyyən edilməsi cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdeh isə həmin halları sübut edə bilməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi İddiaçı1 sökülmüş daş qarajın faktiki istifadəçisidir, qaraj atasından ona qalmışdır, bələdiyyə orqanının qərarı ilə bələdiyyə ödənişlərinə cəlb edilmişdir ki, qaraj sökülənədək də hər hansı bələdiyyə ödənişlərinə dair borcu olmamış, vicdanlı istifadəçi kimi çıxış etmişdir. Bu səbəbdən də layihə çərçivəsində iddiaçı əmlakından məhrum olmuşdursa və məhrumiyyət publik sferada hərəkət edən inzibati orqanın hərəkətləri ilə bağlı olmuşdursa buna uyğun ödənişlər də iddiaçıya həyata keçirilməlidir. Əks halda konstitision hüquq kimi mülkiyyət hüququnun pozuntusu öz təsdiqini tapar. Bu zaman nəzərə alınmalıdır ki, Nizami Rayon İcra Hakimiyyətinin sərəncamı da, bələdiyyə orqanının qərarı da inzibati akt xüsusiyyətinə malik olmaqla ləğv edilməmiş, qüvvədə olmuşdur. Qeyd olunur ki, bələdiyyə qərarının istinad edilən 3-cü hissəsi də vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, qərardan görünür ki, məhz Bələdiyyənin ilkin tələbi ilə etiraz edilmədən torpaq sahəsinin geri qaytarılması öz əksini tapmışdır ki, Birlik yerli özünüidarəetmə orqanı ilə yerli icra hakimiyyəti orqanı arasında səlahiyyət bölgüsü baxımından fərqləndirmə olmasını nəzərə almamışdır. İş materiallarından isə görünür ki, bələdiyyə orqanının göstərilən formada etirazı ümumiyyətlə daxil olmamışdır. Nəzərə alınmalıdır ki, qarajın daş qaraj olması, eləcə də faktiki ölçüsünün 18 kv.m yox, 35 kv.m olması və kompensasiyanın da məhz həmin ölçü nəzərə alınmaqla ödənilməli olması da qanunvericiliyin tələblərinə uyğundur. İlk olaraq bu barədə qeyd edilməlidir ki, daş qaraj məhz bələdiyyə ödənişləri daş qaraj formasında məhz 35 kv.m ölçüdə sxem tərtib edilməklə bələdiyyə ödənişlərinə cəlb edilmiş və iddiaçının istifadəsində olmuşdur. Bu səbəbdən də ümumiyyətlə 35 kv.m istifadənin özbaşına artırma kimi qiymətləndirilməsi yolverilməzdir. Digər bir məsələ isə faktiki mübahisəsiz 35 kv.m iddiaçı tərəfindən istifadə edilməkdə olmuş və ödənişlər edilmişdir ki, həmin 35 kv.m sahəyə hər hansı sənədin olmaması, ödənişlərin edilməsi zamanı mütləq qaydada ödəniş 18 kv.m edilməlidir anlamına gəlmir. Əks halda mövcud inzibati məhkəmə praktikasının əsasında duran özbaşına tikililərin sökülməsi ilə bağlı kompensasiya işlərində məhkəmə qərarları ilə ödənilmiş olan kompensasiyalar qanunsuz hesab edilməlidir. Həmin təcrübə qərarlarından da müəyyən edilə bilər ki, kompensasiya ödənişləri heç bir sənəd olmadan məhz iddiaçının faktiki istifadədən məhrum edilməsi, gözlənilən mülkiyyət hüququnun da mühafizəsi baxımından qiymətləndirilir ki, hazırkı iş üzrə qarajı daş qaraj olması, iddiaçının mübahisəsiz məhz 35 kv.m ölçüdə olması, texniki sənədinin olması, bələdiyyə qərarı ilə məhz göstərilən ölçüdə vergiyə cəlb edilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1904/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, ddiaçılara məxsus tikili özbaşına tikili olsa da və həmin əmlak üzərində iddiaçıların mülkiyyət hüququ qeydə alınmasa da, onlar həmin tikilinin sahibi olmaqla, müvafiq məhkəmə qərarı olmadan həmin tikilinin sökülməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz və iddiaçıların əmlakına zərər vurulmasına yönəlmiş hüquqa zidd hərəkət olmuşdur. Göründüyü kimi hətta özbaşına tikili ilə bağlı məhrumetmə halı belə kompensasiyanın ödənilməsi üçün əsas hesab edilmişdir. Həmçinin, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1[102]-413/2023 saylı iş üzrə qəbul etdiyi 03 aprel 2023-cü il tarixli qərarında qeyd etmişdir ki, müəyyən ərazidə şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyəti ilə bağlı əmlakın mülkiyyətçidən alınmasına ehtiyac yarandığı hallarda da, sözügedən alınma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə hallarda da torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyətə müdaxilə ilə bağlı nəzərdə tutulmuş tələblərin tətbiq olunması zərurəti nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman həm də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalara, tələblərə və şərtlərə də əməl olunması zəruridir. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən iddiaçıya məxsus dəmir qarajın alınması məqsədi və əsasları barədə qərarın qəbul edilməsi, onun dəyərinin müəyyən edilməsi, iddiaçı ilə müqavilənin bağlanması və ona əmlakın dəyərinin ədalətli şəkildə, həm də əvvəlcədən ödənilməsi ilə bağlı tələblərə riayət olunmamışdır. Nəticədə iddiaçıya məxsus qaraj qanuna zidd olaraq və onun iradəsi əleyhinə cavabdeh tərəfindən sökülmüş və iddiaçının hüququna qanunsuz müdaxilə edilmişdir. Məhkəmə kollegiyasının mövqeyindən aydın olur ki, hazırkı növ mübahisələr üzrə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun müddəaları nəzərə alınmalıdır. Adıçəkilən Qanunun 7-ci maddəsindən görünür ki, nəinki mülkiyyətçi və ya istifadəçi faktiki məhrumedilmə olduğu halda, hətta yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər də Alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Qarajın ilkin hüquqmüəyyənedici sənəddə 18 kv.m, sonradan isə bələdiyyə qərarı və sxemdə göründüyü kimi 35 kv.m olması yuxarıda qeyd olunan mövqe nəzərə alınmaqla qiymətləndirildikdə belə məhz faktiki ölçülər nəzərə alınmaqla ödənişin edilməsi üçün əsas verir. Belə ki, hətta 35 kv.m özbaşına artım olsa belə alınmaya məruz qalan şəxs kimi ödənişin edilməsi qanunvericilik və inzibati məhkəmə praktikası ilə nəzərdə tutulmuşdur ki, məhkəmə isə hesab edir ki, ümumiyyətlə 35 kv.m ölçülər istifadə edilənə qədər mübahisəsiz istifadədə olmuş, məhz həmin ölçülər nəzərə alınmaqla bələdiyyə vergisinə cəlb edilmiş, yerləşmə sxemi tərtib edilmişdir. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 35 kv.m ölçüdə olan qaraja görə ödənilməli olan məbləğ iddiaçının iddia ərizəsində, eləcə də iddiaçı tərəfindən təqdim edilən ekspert rəyi əsasında yox, məhz mötəbərliyi şübhə doğurmayan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyi əsasında müəyyən edilməlidir. Həmin rəydən də görünür ki, qarajın hər kv.m-nə görə 910 manat qiymət müəyyən edilmişdir ki, 35 kv.m ölçüdə daş qaraja əsasən həmin məbləğ 31850 manat təşkil etməkdədir. Məhkəmə hesab edir ki, ekspert qiymətləndirilməsi baxımından inzibati orqanın tabeliyində olan və AR CMnin aidiyyəti maddəsi baxımından cinayət məsuliyyətinə dair xəbərdarlıq olunan Mərkəzin ekspertləri tərəfindən verilən rəy işin faktiki hallarına uyğun olmaqla real bazar dəyərinin müəyyən edilməsi üçün mötəbər sübutdur və həmin mötəbərliyin digər mötəbərliyi təsdiq edilməyən rəylə şübhə altına alınması üçün əsas mövcud deyil. Belə ki, adıçəkilən rəydən də göründüyü kimi dəyərlə bağlı gəldiyi nəticənin əsasında duran hallar Mərkəzin rəyindən fərqli olaraq əsaslandırılmamış, məbləğ hansı qaydada alınmışdır, müəyyən edilməmişdir. Məhkəmə qarajda olan əmlakların dəyərinin ödənilməli olması ilə bağlı isə qeyd etməyi zəruri hesab edir ki, həmin hissədə də iddia tələbi üzrə lazımı qaydada araşdırma aparılmış və müəyyən edilmişdir ki, iddia həmin hissədə qismən, ödənişin məbləği hissəsində fərq nəzərə alınmaqla ödənilməlidir. Belə ki, hər nə qədər cavabdeh akt tərtib edilməklə həmin əşyaların saxlancda olduğunu qeyd etsə də, 2 illik icraat müddəti ərzində yalnız işin yekunlaşması ərəfəsində məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmiş, aktda nəzərdə tutulan əşyaya baxış keçirilməsi ilə bağlı ekspert rəyinin tərtibatında heç bir üzrlü səbəb olmadan iştirak etməmiş, təqdim edilən fotoşəkillərdən isə görünür ki, əmlaklar düzgün aktlaşdırmadan istifadə yararlılığı lazımı qaydada mühafizə edilmədən saxlanılmışdır. İddiaçı fotoşəkil təqdim etməklə aktda nəzərdə tutulan güzgünün Birliyin inzibati binasında istifadə edilməsi barədə fotoşəkil təqdim etmişdir ki, həmin fotoşəkilin məhz həmin güzgü ilə bağlı olub-olmaması hissəsində məhkəmə əlavə araşdırmaya zərurət duymadan, istər iddiaçı, istər cavabdehin özü tərəfindən təqdim edilən digər şəkillərdə əmlakın yararlılıq vəziyyəti gözlənilmədən saxlanıldığını müəyyən etmiş, iddiaçının həmin əmlakların naturada qaytarılması əvəzinə dəyərinin ödənilməli olması ilə bağlı tələbini qanuni və əsaslı hesab etmişdir. Lakin, məhkəmə ödənilməli olan əmlakların dəyəri ilə bağlı iddia tələbi və iddiaçının təqdim etdiyi rəydə olan qiymətlərlə razılaşmamaqla yuxarıda göstərilən əsaslandırmaya istinad edərək məhz Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş rəyə istinad etməklə hesab edir ki, ödəniş həmin rəydə göstərilən qiymətdə, yəni 4140 manat məbləğində olmalıdır. Göründüyü kimi iddia qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı1 31850 manat məbləğində maddi zərərin ödənilməsi öhdəliyi cavabdeh Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə həvalə edilsin. İddiaçı2 4140 manat məbləğində maddi zərərin ödənilməsi öhdəliyi cavabdeh Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar