Məhkəmə qərarları › İş №2-1(112)-4060/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4060/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4060/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs X4 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X9 və X7) “qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X9 və X7) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 123, 11 saylı mənzilin 02.04.2005-ci il tarixli X4 adına ilkin qeydiyyatının - özəlləşdirilməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16.02.1995-ci il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 14.02.2019-cu il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəmənin 18.06.2019cu il tarixli, 2(102)-4473/2019 saylı Qərarı ilə hazırkı iddianın verilməsi üçün subyektiv hüququ yaranmışdır. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi Bakı Hərbi Qarnizonu tərəfindən 10.06.1993-cü il tarixli order əsasında həmin dövrdə hərbçi olan İddiaçı verilmiş, lakin qeyd edilən mənzil Laçın rayonundan məcburi köçkün X9 tərəfindən zəbt edildiyindən iddiaçı mənzildən istifadə edə bilməmişdir. İddiaçı verilən mənzilin balans saxlayıcısı Bakı Hərbi Qarnizonu olduğundan, mənzil isə özəlləşməyən mənzil olduğundan, lakin məhz həmin dövrdə hərbçi olan İddiaçı verildiyindən Bakı Hərbi Qarnizonu iddia ilə məhkəməyə müraciət etmiş və X4 və ailə üzvlərinin mübahisəli mənzildən çıxarılması barədə qətnamə qəbul edilmişdir. Həmin vaxt cavabdeh X9 məhkəmədə iştirak edib izahat versə də, 27 il sonra bunu danaraq həmin qətnamədən şikayət vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 14.02.2019-cu il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 16.02.1995-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, X4 apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəmənin 18.06.2019-cu il tarixli, 2(102)-4473/2019 saylı Qərarı ilə dəyişdirilmədən saxlanılmşdır. Mənzildə yaşadığı müddətdə Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 123, 11 saylı mənzil 02.04.2005-ci il tarixdə Yasamal Rayon İcra Hakimiyyətinin 10.10.1997-ci il tarixli, 1648 saylı sərəncamına əsasən verilmiş 14.11.2001-ci il tarixli, 030458 saylı Orderə əsasən X4 adına ilkin qeydiyyatdan keçmişdir. Tərəflər arasında olan inzibati mübahisənin araşdırılması zamanı arxivdən alınan arayışa əsasən müəyyən edilmişdir ki, Yasamal Rayon İcra Hakimiyyətinin 10.10.1997-ci il tarixli, 1648 saylı sərəncamında və sərəncama əlavə edilmiş adlı siyahıda X4 adı yoxdur, lakin buna baxmayaraq, sərəncamda adı olmayan şəxsin adına özəlləşmə proseduru başa çatmışdır. Qeyd edilən sənədlər əsasında mənzilin özəlləşdirilməsi, ilkin qeydiyyatın aparılması qanunsuz və əsassızdır. Bununla əlaqədar inzibati orqana müraciət edilsə də, 26.10.2020-ci il tarixli cavab məktubu ilə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısının 10.10.1997-ci il tarixli 1648 saylı sərəncamına əsasən verilmiş 14 noyabr 2001-ci il tarixli 030458 nömrəli order əsasında sözügedən mənzilə dair mülkiyyət hüququ ilkin olaraq X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi Bakı şəhəri Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 123, 11 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyat qanunvericiliyin tələblərinə uyğundur. Daha sonra X9 ilə X8 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 07.06.2005-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında müvafiq mənzil sonuncunun adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 123, 11 saylı mənzil “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli Qərarının 13-cü bəndinə əsasən reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Yenə həmin Qərarda qeyd olunmuşdur ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, iddiaçının sözügedən mənzilə heç bir aiddiyyəti yoxdur, həmin mənzilə dair iddiaçının əlində heç bir sübutu yoxdur. İddiaçı bundan əvvəl iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 123, 11 saylı mənzilə verilən Yasamal İcra Hakimiyyətinin 10.10.1997-ci il tarixli, 1648 saylı sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmsasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-l(81)-398/19 saylı, 11.12.2019-cu il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddiaçı şikayət verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edib yeni baxışa göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-l(81)-398/19 saylı, 11.12.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)- 1870/2020 saylı, 10 fevral 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-934/2020 saylı 10 iyun 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı həmin mənzilə subyektiv hüququ yoxdur və bundan əvvəl də verilən iddiada da göründüyüyü kimi iddiaçının heç bir sübutu olmadan, mənzilə dair heç bir sənədi olmadan həmin mənzilə dair sərəncamın ləğv edilməsini xahiş etmişdir. Həmin sərəncam 1997-ci ildə qəbul olunmuş və sərəncamın qəbul olunmasından 20 ildən çox vaxt keçir. Ötən 20 il ərzində iddiaçının sərəncamdan xəbərdar olmaması inandırıcı deyil. Belə ki, iddiaçı artıq 1995-ci ildən etibarən mübahisəli mənzildə F.Yusifovun yaşadığını bilirdi və ötən illər ərzində iddiaçının bu məsələni araşdırmaması, F.Yusifovun hansı hüquqla həmin evdə yaşamasını müəyyən etməməsi ağlabatan deyil. Hal-hazırki iddia ərizəsi üzrə də iddiaçı yenidən ilkin qeydiyyat - özəlləşdirmənin ləğv edilməsini xahiş etmişdir. İddiaçı mübahisəli mənzilin ona məxsus olduğunu bildirsə də həmin mənzilə dair hər hansı bir hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Əvvəla, qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə özəlləşdirmənin, ilkin qeydiyyatdan əvvəlki sənədin yəni sərəncamın ləğvinə dair tələb üzrə iddia mümkünsüz sayılmışdır. Ona görə də Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Bakı şəhər Suraxanı rayon üzrə sektorunun 4304 №-li 16.11.2018-ci il tarixli arayışından müəyyən olunur ki, X1 rayonundan məcburi köçkündür, ünvan 3 ünvanında müvəqqəti məskunlaşmışdır. X9 1992-ci il tarixindən 22.07.2005-ci il tarixədək Yeni Günəşli “AB” y/s, ev 123 mənzil 11 ünvanında yaşayıb. Cavabdehin mənzilə subyektiv hüququnun olmaması bunu göstərir ki, iddiaçı sadəcə absurt bir iddia verərək dövlət orqanlarının vaxtını almaqla məşğuldur. İddiaçının hazırki iddianın qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmələr tərəfindən artıq buna münasibət bildirilmişdir. Göstərilənlərə əsasən iddianın mümkünsüz hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər üçüncü şəxs X7 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusu əsasında məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısının 10.10.1997-ci il tarixli 1648 saylı sərəncamına əsasən verilmiş 14 noyabr 2001-ci il tarixli 030458 nömrəli order əsasında Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 123 saylı evin 11 saylı mənzilinə dair mülkiyyət hüququ ilkin olaraq X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra X9 ilə X7 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 07.06.2005-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin mənzil X3 adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-398/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Yasamal rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxslər X9, X7 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə Yasamal rayon İcra Hakimiyyətinin 10.10.1997-ci il tarixli 1648 saylı sərəncamının ləğv edilməsinə dair iddiası, İddiaçı həmin sərəncamı mübahisələndirməyə subyektiv hüququ olmadığından mümkün sayılmamışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-934/2020 saylı 10 iyun 2020-ci il tarixli qərardadından görünür ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 398/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1870/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-934/2020 saylı 10 iyun 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısının 10.10.1997-ci il tarixli 1648 saylı sərəncamına əsasən verilmiş 14 noyabr 2001-ci il tarixli 030458 nömrəli order əsasında Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 123 saylı evin 11 saylı mənzilinə dair mülkiyyət hüququ ilkin olaraq X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-398/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı Yasamal rayon İcra Hakimiyyətinin 10.10.1997-ci il tarixli 1648 saylı sərəncamının ləğv edilməsinə dair iddiası, onun həmin sərəncamı mübahisələndirməyə subyektiv hüququ olmadığından mümkün sayılmamışdır. Hazırda iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 123 saylı evin 11 saylı mənzilin X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyatın ləğv edilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının ilkin qeydiyyatın əsasını təşkil edən Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısının 10.10.1997-ci il tarixli 1648 saylı sərəncamını mübahisələndirməyə subyektiv hüququ olmadığından iddiaçı onun əsasında aparılmış qeydiyyatı mübahisələndirmək üçün də subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Qeyd olunan qərardakı hüquqi mövqeyə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar