Məhkəmə qərarları › İş №2-1(112)-4060/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4060/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4060/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, iddiaçının nümayədəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 15 fevral 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı barəsində məlumat vərəqəsinin tərtib edilib Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına göndərilməsi üçün cavabdehə etdiyi müraciət Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarına istinad edilməklə təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində məlumat vərəqəsinin tərtib edilib Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci ildən Azərbaycan Respublikası Baş X3 Nəsimi rayon X4 əmək fəaliyyətinə başlamışdır. xx.xx.1999-cu ildə Nəsimi rayon X4 dövlət vergi müfəttişi vəzifəsinə, xx.xx.2001-ci ildən Suraxanı rayon üzrə Vergilər İdarəsində dövlət vergi müfəttişi vəzifəsinə təyin olunmuşdur. 2001-ci ildən 2018-ci il sentyabr ayınadək vergi orqanlarında xüsusi rütbəli şəxs kimi xidmət etmişdir. xx.xx.2018ci il tarixdə Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə öz xahişi ilə Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsi rəisi vəzifəsindən (gömrük xidməti polkovniki rütbəsində) azad olunmuşdur. Dövlət Vergi Xidmətində və Dövlət Gömrük Komitəsində xüsusi rütbəli şəxs kimi 21 ildən artıq xidmət etmişdir. İddiaçının xx.xx.2022-ci il tarixdən “xüsusi rütbəli şəxs” kimi güzəştli pensiya hüququ qazanmışdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, gömrük orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərarın 1-ci hissəsinin 8-ci abzasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyini yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyəti vəzifələrində xidmət müddəti pensiya təyin edilməsi üçün uzun müddət xidmətə daxil edilir. Qeyd olunan Qərarda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində digər vəzifələrdə iş müddətinin gömrük orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiyanın təyin edilməsi üçün uzun müddət xidmətə daxil edlməsi həmçinin dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi və pensiya təyin edilərkən hesablanması nəzərdə tutulmamışdır. “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydasfnm təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2006-cı il tarixli 4 nömrəli Qərarının 2-ci bəndinin 13-cü abzasına əsasən dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı yalnız gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illəri və onlara verilən əlavələr hesablanarkən nəzərə alınır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2001-ci ildən Suraxanı rayonu üzrə Vergilər İdarəsində dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə öz xahişi ilə Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsi rəisi vəzifəsindən (gömrük xidməti polkovniki rütbəsində) azad olunmuşdur. Dövlət Vergi Xidmətində və Dövlət Gömrük Komitəsində xüsusi rütbəli şəxs kimi 21 ildən artıq xidmət etmişdir. Hazırda iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2018-ci il tarixədək mövcud olan iş stajı gömrük orqanlarındakı iş stajına hesablanaraq pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib olunaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi tələbini irəli sürür. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; ... 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. ... 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; ... “"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli, 499 №-li Fərmanı: 2.4. həmin Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; ... 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: ... Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyəti vəzifələrində xidməti vəzifəyə təyin olunma günündən; (xx.xx.2022-ci il tarixdən əlavə edilmişdir)

“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə:

113. Gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailə üzvlərinin pensiya təminatının təşkili müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilir.

“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamə:

15. Vergi orqanlarının vəzifəli şəxslərinə tutduqları vəzifəsinə, ixtisasına və iş stajına görə xüsusi rütbələr verilir.

42. Vergi orqanlarının vəzifəli şəxsləri digər hüquqi-mühafizə orqanların xidmətə keçirilərkən onların vergi orqanlarında xidmət illəri göstərilən orqanlarda xidmət illərinə daxil edilir. Digər hüquq-muhafizə orqanlarından vergi orqanlarına xidmətə qəbul edilmiş vəzifəli şəxslərin həmin orqanlarda xidmət illəri vergi orqanlarında xidmət illərinə daxil edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”:

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir;

2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: İlk növbədə qeyd edilməlidir ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə ilə gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatının "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilməsi təsbit edilmişdir. Lakin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xidmət keçmiş şəxslərin pensiya təminatı üçün müstəqil əsaslar nəzərdə tutulmamışdır. Belə olan halda, həmin Qanunun 3.3-cü maddəsinə əsasən hərbi qulluqçuların pensiya təminatı ilə bağlı müddəalar şamil edilməlidir. İşin mübahisəli halı iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Dövlət Vergi Xidmətində xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş şəxs kimi həmin dövrün gömrük orqanlarında xidmət illərinə əlavə edilib-edilməməsi ilə bağlıdır. Məhkəmə nəzərə alır ki, “Dövlət qulluğu haqqında” Qanunun (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada) 2.3-cü maddəsinə əsasən, ədliyyə orqanlarında qulluq dövlət qulluğunun xüsusi növüdür; həmin Qanunun 22.7-1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Eyni ilə, həmin Qanunun 23.1-ci maddəsində də dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirildiyi təsbit edilmişdir “Əmək pensiyaları haqqında” Qanunun 3.3, 9.5-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilməsi üçün şəxsin gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə işləməsi və eyni zamanda xüsusi rütbəyə malik olması şərtdir. Məhkəmə yuxarıda göstərilən normaların məzmunundan çıxış edərək hesab edir ki, iddia olunan məzmunda tələb “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsinə uyğun olaraq o halda təmin oluna bilərdi ki, şəxs gömrük orqanında qulluğa qəbul edilənədək digər dövlət orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş olsun. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə əsasən vergi orqanlarının vəzifəli şəxsləri digər hüquqi-mühafizə orqanların xidmətə keçirilərkən onların vergi orqanlarında xidmət illəri göstərilən orqanlarda xidmət illərinə daxil edilir. İddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Dövlət Vergi Xidmətində xüsusi rütbədə işləməsi işin mübahisəsiz halı olduğundan həmin dövr gömrük orqanlarında xidmət illərinə əlavə edilməlidir. Belə olan halda isə, xx.xx.2022-ci il tarixdə işdən azad olunduğu vaxtdan pensiya hüququ qazanmış olur. Məhkəmənin hazırkı qənaəti həmçinin, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-1576/2023 saylı, xx.xx.2023-cü il qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarın 29-cu bəndində göstərilmişdir ki, Məhkəmə kollegiyası bu qərarın 15-18-ci bəndlərində nəzərdə tutulmuş normaların məzmunundan çıxış edərək hesab edir ki, iddia olunan məzmunda tələb “Əmək pensiyaları haqqında” Qanunun 9.7, 9.7.1-ci maddəsinə uyğun olaraq o halda təmin oluna bilərdi ki, şəxs ədliyyə orqanında qulluğa qəbul edilənədək digər dövlət orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş olsun və “Əmək pensiyaları haqqında” Qanunda həmin kateqoriyaya aid şəxslərin pensiya təminatı üçün müstəqil əsaslar nəzərdə tutulmuş olsun. Bu baxımdan, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslərin pensiya təminatına dair əsasları müəyyən edən “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinin müddəalarında prokurorluq orqanlarında qulluq etmiş və xüsusi rütbələrdən məhrum edilməmiş şəxslər (9.4-cü maddə), fövqəladə hallar orqanlarında və miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş və xüsusi rütbələrdən məhrum edilməmiş şəxslər (9.7- 1 və 9.7-2-ci maddələr) üçün müstəqil, eyni zamanda, oxşar əsaslar üzrə pensiya təminatı nəzərdə tutulduğundan, onlar həmin orqanlarda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdəki qulluq illərinin məcmusundan çıxış edə bilərlər. Həmin kateqoriya şəxslərə, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.4-cü maddəsində həmin Qanunun məqsədləri üçün anlayışı verilmiş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxsləri də aid etmək olar. “"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli, 499 №-li Fərmanının 2.4-cü bəndinə uyğun olaraq, həmin şəxslərin dairəsinə fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslərdən əlavə, daxili işlər, vergi və gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslər aid edilmişdir. Qaldı ki, cavabdehin dönə-dönə vurğuladığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda istinad olunan xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarında qeyd edilmiş Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyəti vəzifələrində xidmət müddətinin gömrük orqanlarında uzun müddət xidmət vaxtının hesablanması ilə bağlı müddəaya münasibətdə məhkəmə qeyd edir ki, həmin müddəa xx.xx.2022-ci il tarixdən sözügedən qərara əlavə edilmişdir. İddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Dövlət Vergi Xidmətində xüsusi rütbədə işlədiyi müddətdə belə bir tənzimləmə olmamışdır. Sözügedən əlavənin qüvvəyə minməsindən əvvəlki dövrdə vergi orqanlarında (və ya yalnız Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində) xidmətin uzunmüddətli xidmət dövrünə daxil edilib-edilməməsini nəzərdə tutan hər hansı qanunvericilik norması qəbul edilmədiyindən, AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının qeyd olunan müddəasının iddiaçıya münasibətdə tətbiqi qanunvericiliyin, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə uyğun deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, İddiaçı barəsində (xx.xx.2001-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr uzun müddət xidmətə daxil edilməklə) məlumat vərəqəsinin tərtib olunaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı barəsində (xx.xx.2001-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr uzun müddət xidmətə daxil edilməklə) məlumat vərəqəsinin tərtib olunaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar