Məhkəmə qərarları › İş №2-1(112)-4061/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4061/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4061/2025 11.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə) qarşı yeni məlumat vərəqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı yeni məlumat vərəqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh məlumat vərəqəsində işlədiyi illər üzrə vəzifə ştatına uyğun aylıq məvacibə əlavə olunan 60 faiz məvacibi məlumat vərəqəsində göstərməmiş, hüququnu pozmuşdur. 30 noyabr 2018-ci il tarixli Qanunla “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə dəyişiklik edilərək büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla sözü əlavə edilmişdir. Qanun 01 yanvar 2019-cu il tarixdə qüvvəyə minmişdir. Halbuki, o, 20 təqvim ilindən artıq iş stajı Qanun qüvvəyə minənədək olduğu üçün təqaüdə çıxmaq hüququ yaranmışdır. və aylıq məvacib və əlavələrdən sosial sığorta haqqı tutulmuşdur. Sonradan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda 21 aprel 2022-ci il tarixli qərarla dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən məlumat vərəqəsində 01 yanvar 2023-cü il tarixdən qüvvədə olan sözlər (sonrakı artımlar nəzərə alınmaqla) vəzifə maaşında yenidən hesablama apararaq məlumat vərəqəsində düzəliş edilərək göndərilməsi xahiş edilmişdir. Lakin, cavabdeh tərəfindən həmin tələb yerinə yetirilməmiş, 60 faiz təminat xərcliyinə əlavə edilməmişdir. Etiraz onunla əsaslandırılır ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində dəyişiklik 01 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir. Nazirlər Kabinetinin 17 oktyabr 2017-ci il tarixli 437 nömrəli Qərarına edilmiş dəyişikliyin qüvvəyə mindiyi 01 iyul 2022-ci il tarixədək iddiaçı 23 iyul 2019-cu il tarixdə yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Onun barəsində məlumat vərəqəsi Filiala təqdim edilmişdir. İddiaçıya 23 iyul 2019-cu il tarixdə pensiya təyin edilsə də, tətbiq edilməsini arzuladığı akt 01 iyul 2022-ci il tarixdə qüvvəyə minmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Məhkəmə işin materiallarını araşdıraraq iddia tələbinə mahiyyəti üzrə qiymət verilməsi ilə bağlı isə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: 17 oktyabr 2024-cü il tarixli imtina məktubunda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində dəyişiklik 01 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir. Nazirlər Kabinetinin 17 oktyabr 2017-ci il tarixli 437 nömrəli Qərarına edilmiş dəyişikliyin qüvvəyə mindiyi 01 iyul 2022-ci il tarixədək iddiaçı 23 iyul 2019-cu il tarixdə yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın məktubundan görünür ki, mübahisəli dövrlər üzrə Bakı Baş Gömrük İdarəsinin işçisi kimi iddiaçı barəsində məcburi dövlət sosial sığorta haqqları ödənilmişdir. Əmək kitabçasından görünür ki, iddiaçı 23 iyul 2019-cu il tarixli əmrlə xitam keçməsinə xitam verilmişdir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın:

2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın: 1.2. “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, vəsaitin qalan hissəsinin 60 faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlərin əmək pensiyasının hesablanması üçün əsas olan məlumat vərəqəsi tərtib edilərkən nəzərə alınmalı olubolmaması ilə əlaqədardır. Belə ki, iddiaçı hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər xarakteri daşıyan Qanunlarla 01 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş və 01 iyul 2022-ci il tarixədək qüvvədə olmuş 1.0.5-ci maddənin tələbinə əsasən əmək pensiyasının hesablanması zamanı nəzərə alınmadığı qeyd edilən büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlərlə bağlı Qayda ona şamil edilməməlidir. Məhkəmə iddiaçının həmin dəlili ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 23 iyul 2019-cu il tarixli əmr əsasında gömrük orqanlarında xidmətinə xitam verildiyindən, məlumat vərəqəsi həmin tarixdə mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla tərtib edilərək aidiyyəti inzibati orqana təqdim edilməlidir. Qeyd olunur ki, 01 yanvar 2019-cu il tarixə qədər “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin redaksiyasında büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlərin nəzərə alınmasından istisna müəyyən edilməsə də, həmin istisna 01 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş redaksiya üzrə qüvvədə olmuşdur ki, iddiaçı barəsində tərtib edilmiş məlumat vərəqəsi və pensiya təyinatı həmin məbləğin əmək pensiyasında nəzərə alınmalı olması barədə 01 iyul 2022-ci il tarixli yeni normativ tənzimləmə ilə müəyyən edilmişdir ki, iddiaçı barəsində tərtib edilən məlumat vərəqəsi onun ehtiyata buraxılma dövrünün 2019-cu il tarixə aid olması nəzərə alınmaqla tətbiq edilə bilməz. 01 yanvar 2019-01 iyul 2022-ci il tarixləri arasında qüvvədə olan normativ hüquqi aktın tələbləri isə konkretdir və büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlərin təminat xərcliyində nəzərə alınmaması ilə bağlı konkret tələb müəyyən edir. Qeyd olunur ki, Ali Məhkəmənin 2-1(102)-691/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, Nəzərə almaq lazımdır ki, iddiaçının hüququnun yarandığı 2020-ci il tarixdə artıq “Əmək pensiyaları haqqında” Qanunla 1 yanvar 2019-cu il tarixdən, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları” ilə isə 27 mart 2019-cu il tarixdən təminat xərcliyinin hesablanması zamanı büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələrin və digər ödənişlərin nəzərə alınması imperativ qaydada istisna edilmişdir. Ali Məhkəmənin 2-1(102)-1162/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında qeyd edilir ki, , “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci və 20.30-cu maddələri 01 yanvar 2019-cu il tarixdən əvvəl təyin olunmuş əmək pensiyalarında qulluq stajına görə əlavə hesablanarkən büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınan şəxslərə münasibətdə geriyə tətbiq edilmir. İddiaçıya əmək pensiyası göstərilən tarixdən sonra təyin edilmişdir ki, bu hal da “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin onun hüquqi sferasına birbaşa təsirini şərtləndirir. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd edilməlidir. Ali Məhkəmənin 2-1(102)-1321/2022 xx.xx.2022-cü il tarixli qərarında qeyd edilir ki, pensiya hüququ verən xidmət illərinə görə iddiaçının gömrük orqanlarında xidmətinə 08 may 2019-cu il tarixdən xitam verilmişdir. İddiaçının hüququnun yarandığı 08 may 2019-cu il tarixdən artıq “Əmək pensiyaları haqqında” Qanunla 01 yanvar 2019-cu il tarixdən, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları” ilə isə 27 mart 2019-cu il tarixdən təminat xərcliyinin hesablanması zamanı büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələrin və digər ödənişlərin nəzərə alınması imperativ qaydada istisna edilmişdir. Ali Məhkəmənin 2-1(102)-139/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, iddiaçılar 2019-cu ilin iyul ayında əmək pensiyasına çıxdıqları vaxt artıq “Əmək pensiyaları haqqında” Qanun 2019-cu il 1 yanvar tarixdən, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları” isə 2019-cu il 27 mart tarixdən büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlərin təminat xərcliyində (pul təminatında) nəzərə alınmasını imperativ qaydada qadağan etmişdi. Ali Məhkəmənin 2-1(102)-840/2021 saylı xx.xx.2021-ci il qərarında qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə isə dəyişiklik isə daha sonrakı vaxtda-30 noyabr 2018-ci il tarixdə edilmiş, 26 dekabr 2018-ci il tarixdə “Azərbaycan” qəzetində dərc edilmiş, 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə edilən dəyişikliyə qədər cavabdehə müraciət etməsinə dair məhkəmələrə sübut təqdim etməmişdir. Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 8 oktyabr 2020-ci il tarixli 03/2020 saylı qərardadın işığında hazırkı mübahisə ilə bağlı hüquqi qiymətləndirmə apararaq bildirir ki, yeni tənzimləməni nəzərdə tutan qanun 30 noyabr 2018-ci il tarixdə qəbul edilmiş, 26 dekabr 2018-ci il tarixdə mətbuatda dərc edilmiş, 1 yanvar 2019-cu il tarixdən etibarən isə qüvvəyə minmişdir. Bu qaydada faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmə hüququ Azərbaycan Respublikası Prezidentinin 29 fevral 2016-cı il tarixli 810 nömrəli Fərmanı (1 mart 2016-cı il tarixdə dərc edilmişdir) və Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanı (25 yanvar 2017-ci il tarixdə dərc edilmişdir) əsasında yaranmış iddiaçının hüququnun həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. İddiaçı qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özünün hüququnun Prezident fərmanlarının müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən 01 yavar 2019cu il tarixdən 01 iyul 2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiyaya çıxmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlaələr təminat xərcliyinə daxil edilməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, Qərar yalnız qüvvəyə mindikdən sonra sonra yaranan münasibətlərə şamil edilir və geriyə tətbiq edilmir. Çünki həmin müddəa yeni prosedur qaydası müəyyən edir. Bu qayda ilə Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilməsi nəzərə alınır. Odur ki, həmin tarixədək ödənilən əmək haqqına əlavənin mənbəyi “büdcədənkənar” hesab edilmiş, qeyd edilən tarixdən sonra isə müvafiq ödənişlər dövlət büdcəsinə köçürüldüyündən “dövlət büdcəsi” vəsaiti hesabına aparılan ödəmələr hesab edilir. Qeyd edilən normaların təhlilinə əsasən məhkəmə müəyyən edir ki, qanunvericiliyə uyğun olaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiya hüququ yaranmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilmir və əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən nəzərə alınmır. Belə ki, qeyd edildiyi kimi həmin əlavələr qeyd edilən tarixədək büdcədənkənar vəsaitlər, müvafiq dəyişiklikdən sonra isə (ödənişin statusu dəyişərək) dövlət büdcəsi vəsaiti hesabına verilən ödəniş hesab edilmişdir. İddiaçının xidmətinə 23 iyul 2019-cu il tarixdə xitam verildiyindən və bu halda onun təminat xərcliyi xidmətinə xitam verildiyi dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq hesablanması və buna müvafiq məlumat vərəqinin verilməsi əsaslı olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar