Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4064/2021 07.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Bakl - 1 küçəsi, ev 7a, mənzil 4) cavabdeh – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov küçəsi, 43) qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrədək ödənilməmiş fərq məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrədək ödənilməmiş fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia iddia ərizəsində bildirilir ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət etmişdir. Müraciətin nəticəsi barədə 23 noyabr 2020-ci il tarixli rəsmi cavab məktubu təqdim edilmiş və onun "xxxx" QSC-də işlədiyi hərəkət qatarlarının maşinist köməkçisi və qatar maşinisti vəzifə güzəştli işlər olmadığı bildirilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçının 14 oktyabr 2016-cı tarixdə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Həmin əmək stajıın 12 il 6 aydan artıq müddətini "xxxx" QSC-də zərərəli işlərlə müxtəlif vəzifələrdə, yəni hərəkət qatarlarının maşinist köməkçisi və qatar maşinisti işləmişdir. Onun 2006-cı ilədək 27 il 3 ay 22 gün əmək stajı vardır ki, həmin iş stajın 12 il 6 aydan artıq zərərli işlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun güzəştli şərtlərlə əmək pensiya almaq hüququ 57 yaşdan yaranmışdır. "xxxx" QSC-nın 26 oktyabr 2020-ci il tarixli A/283 saylı məktubundan görünür ki, iddiaçı 2 yanvar 1992-ci il tarixdən 18 iyul 2014-cü il tarixədək N.Nərimanov adına elektrik deposunun istismar sahəsində hərəkət qatarlarının maşinist köməkçisi və qatar maşinisti peşələrində çalışmışdır. 1 yanvar 2006-cı il tarixdən 13 il 11 ay 29 gün güzəştli şərtlərlə zərərli işlərdə işləmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq qaydada təyin edilir. Əvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 1 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabinetini tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşma çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, onun 14 oktyabr 2016-cı il tarixdə 57 yaşım olduğundan əmək stajının 13 il 11 ay 29 gün güzəştli şərtlərlə əmək şəraiti zərərli və ağır olan işlər təşkil edir. «Əmək pensiyaları haqqında» AR Qanununun 21.2.3-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına həmin Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRl-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icrahakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. "xxxx" QSC-nin 26 oktyabr 2020-ci il tarixli arayışından göründüyü kimi, iddiaçının işlədiyi peşələr AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 nömrəli Siyahısı”nın XXVİİİ bölməsinin 230001000—14409 şifrinə əsasən elektrik qatarlarının (seksiyalarının) maşinistləri 230001000—16887 şifrinə əsasən elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilı müraciət edərək əmək pensiyasının 57 yaşdan yarandığı nəzərə alınaraq hesablanmasını və ödənilməsini xahiş etmişdir. Ona 23 noyabr 2020-ci il tarixli məktubla güzəştli şərtlərlə əmək pensiyası almasına əmək stajı olmadığı bildirərək qanunsuz olaraq imtina verilmişdir. Belə ki, həmin imtinada onun əmək şəraiti zərərli və ağır olan işlərdə işlədiyi peşələrin AR Nazirlər Kabinetinin 23 yanvar 2007ci tarixli 12 nömrəli qərarı ilə təsdiq edilməməsi göstərilmişdir. Lakin onun işlədiyi həmin peşələr AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli, 320 nömrəli qərarının 2 nömrəli əlavə siyahısında göstərilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyanın 38, 60, 71-ci maddələrinə, İPM-in 2.2, 8-ci maddələrinə, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinə, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarına əsaslanaraq, iddiaçıya 57 yaşım tamam olduğu 14 oktyabr 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyamın təyin edilməsi və həmin vaxtdan hazırki dövrədək pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin məhləməyə iddiaya qarşı təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə X6 Süleymanovun iddiasını qəbul etmir (etiraz edir). O, iddia edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyası hüququnun yarandığı 14 oktyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunu iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun İddiaçıya şamil edilməsi onun 1 yanvar 2006-ci il tarixədək (yəni, «Əmək pensiyaları haqqında» AR Qanunu qüvvəyə minənədək) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) malik olması; 3) iddiaçının işlədiyi peşənin AR Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında» 1993cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər – 57 yaşma çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının əmək kitabçasından və "xxxx" QSC tərəfindən təqdim edilmiş 26 oktyabr 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı metropolitendə “qatar maşinistinin köməkçisi” və “qatar maşinisti” peşələrində işləmişdir. AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahının 28-ci bölməsinin (“Nəqliyyat”) 2-ci hissəsində (“Metropolitenlər” - ********) həmin sahə üzrə güzəştli hesab edilməli olan peşələr öz əksini tapmışdır: yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr, metropoliten müəssisələrinin briqadirləri, drezinaların sürücüləri, drenajçılar, hidroqaldırıcıların maşinistləri, zumpf aqreqatlarının maşinistləri, daxili yanma mühərriki olan səyyar kompressorların maşinistləri, geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər, dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarət ilə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər), bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri), qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər və elektrik mexanikləri. Göründüyü kimi, bu peşələr arasında İddiaçı işləmiş olduğu peşələr mövcud deyildir. "xxxx" QSC tərəfindən təqdim edilmiş 26 oktyabr 2020-ci il tarixli arayışda iddiaçının işlədiyi peşələrin güzəştli olması onun Bakı Metropolitenində həftədə 36 saat, 16% xüsusi zərərli və ağır əmək şəraitində işləməsi olmuşdur. Həmin qurumda işləyənlərin əksəriyyətinin həmin şəraitdə işləməsinə baxmayaraq, həmin vəzifələrin heç də hamısı «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na daxil edilməmişdir. AR Əmək Məcəlləsinin 92-ci maddəsinə görə, əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. AR Nazirlər Kabinetinin 6 noyabr 2004-cü il tarixli, 175 saylı qərarı ilə «İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı» təsdiq edilmişdir. İstinad edilən müddəalardan göründüyü kimi, onlar pensiya təyinatı ilə bağlı şəxsin pensiya hüququnun güzəştli şərtlərlə qazanması ilə bağlı deyil, əmək fəaliyyətinin həyata keçirilməsi zamanı qısaldılmış iş vaxtının müəyyən edilməsi ilə bağlıdır. İddiaçının güzəştli staj illəri 12 il 6 aydan azdır. Belə olan halda, ona münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunu tətbiq edilə bilməz. Göründüyü kimi, həmin qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayı tamamlamamışdır. Bu mənada, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Şərh edilənlərə əsaslanaraq və İPM-in tələblərini rəhbər tutaraq, İddiaçı iddiasının təmin olunmaması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırarq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxxxxx 1959-cu il tarixdə doğulmuşdur. O, «Əmək pensiyaları haqqqında» AR Qanununun 9.8-ci maddələrinə istinad edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir (müvafiq sənədləri təqdim etməklə). Lakin cavabdeh orqan onun işlədiyi peşənin AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda öz əksini tapmadığını, yəni 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının olmamasını əsas gətərək məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını və ödənilməımiş pensiya məbləğinin ödənilməsini tələb edir. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Məhkəmə qeyd edir ki, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsinin 2-ci bəndi “Metropiltenlər"də çalışan işçilərin təsnifatını nəzərdə tutur. Həmin bənddə “hidroqaldırıcıların maşinistləri”, “zumpf aqreqatlarının maşinistləri” və “daxili yanma mühərriki olan səyyar kompressorların maşinistləri” göstərilsə də, “qatar maşinisti” və “qatar maşinistinin köməkçisi” peşələri əksini tapmamışdır. Belə olan halda, İddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə 12 il 6 ay iş stajı toplamış sayılmır və bu səbəbdən də onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə iyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Odur ki, iddiaçının “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi əsassızdır. İddiaçının ikinci tələbi – “hazırkı dövrədək ödənilməmiş fərq məbləğinin ödənilməsi” tələbi birinci tələbdən birbaşa asılı və törəmədir. Həmin tələb “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi əsassız olduğu halda, əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından və ödənilməmiş fərq məbləğinin ödəınilməsindən cavabdehin imtinası qanuna zidd sayılmamalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrədək ödənilməmiş fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 37, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrədək ödənilməmiş fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4064/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4064/2021
07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver