Məhkəmə qərarları › İş №2-1(112)-4064/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4064/2022

01.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4064/2022 01.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «müvafiq səbəblə əlilliyin bərpa edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «hərbi travma ilə əlaqədar əlillik hüququnun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 9 sentyabr 1963-cü il tarixdə Xankəndidə doğulmuşdur. 3 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair “Birinci əl barmaq sümüyünün sınağı, odlu silah mərmi partlayışından sonra sağ və sol əlin birinci daraq sümüklərinin köhnə kafi bitişmiş sınaqları. Sol əlin 7 – 11 daraq sümükləri yumşaq toxumaları arasında təqribən 2.4 mm ölçüdə metal qəlpə. Sağ və sol əlin dəri çapığı toxumaları. Essensial birincilik hipertenziya, hipertoniya xəstəliyi İİ mər. Xroniki hepatit. Xroniki kolit. Bel-oma fəqərələrinin osteoxondrozu L4 fəqərəsinin laminoektomiyası əməliyyatından sonrakı hal. Dəqiqləşdirilməmiş polinevropatiyalar, sol mil sinirinin neyropatiyası. Xroniki xolesistit, insulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip 2. Başlanğıc qocalıq kataraktası. Başlanğıc katarakt. Parkinson xəstəliyi. Parkinson xəstəliyi Rigit əsmələrlə” rəyi verilmişdir. İddiaçı “hərbi travma ilə əlaqədar əlilliyin verilməsi” ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmişdir. Bununl əlqədar o, hospitalda yatmışdır. 3 noyabr 2021-ci il tarixdə müraciətə cavab olaraq bildirilmişdir ki, onun (iddiaçının) hərbi xidmət dövründə aldığı yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbihəkim ekspertizası haqqında Əsasnamə»nin 7.2-ci bəndinin (a) yarımbəndinə əsasən “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilmiş və ona 9 iyun 2017-ci il tarixli 1020 nömrəli qərar verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsindən verilmiş hərbi xidmətkeçmə haqqında arayışda vətəndaşın 1992ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçməsi qeyd edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən vətəndaşın aldığı hər hansı bir travmanın, xəstəliyin, yarlanmanın hərbi xidmətlə səbəb əlaqəsi yalnız onun hərbi xidmət dövründə hərbi xidmət keçərkən müalicə olunduğu tibb məntəqəsindən verilmiş çıxarış epikrizinə əsasən təyin edilir. Onun (iddaçının) hərbi xidmət dövrü hərbi xidmət keçərkən aldığı yaralanma ilə əlaqədar yaralanmanın hərbi xidmətlə əlaqəsi təyin edilmişdir. Lakin vətəndaşın təqdim etdiyi 11 dekabr 2018-ci il tarixli çıxarış epikrizi hərbi xidmət dövrünə aid olmadığından, əsas kimi götürülməmişdir və onun xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin təyini mümkün deyildir. Odur ki, verilmiş qərar düzgündür, dəyişdirilməsinə əsas yoxdur. Göstərilənlərə və İPM-in 2.2, 33, 34, 73-cü maddələrinə əsaslanaraq, iddiaçıya hərbi travma ilə əlaqədar əlillik hüququnun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazda bildirilir ki, İddiaçı əlillik vəziyyəti 6 saylı Şəhər Poliklinikasının 30 iyun 2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlikdir; X2: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri M80-M94 – Osteopatiyalar və xondropatiyalar – M91-M94 – Xondropatiyalar M93 – digər osteoxondropatiyalar – M93.9 -.; Diaqnozun mətni: Meyar: 2.2 İkinci dərəcə əlillik – Digər: bel-oma fəqərələrinin osteoxondrozu” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 1) 6 saylı Şəhər Polikinikasının 1 iyul 2015-ci il tarixli 0063003AABFP nömrəli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: Xİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri – M80.M94 – Osteoxondropatiyalar – M93.9 - . . ; Diaqnozun mətni: Bel fəqərələrinin osteoxondrozu. L4- L5 –fəqərələrarası disk yırtığının ləğvindən sonrakı vəziyyəti. L5-S1 fəqərələrin transpekulyar fiksasiyası; Meyar 2.2 İkinci dərəcə əillik – Digər: bel fəqərələrinin osteoxondrozu. L4- L5 –fəqərəarası disk yırtığının ləğvindən sonrakı vıziyyəti” səbəbi ilə bir il müddətinə əlillik verilmişdir. Elektron təyinatla 4 iyul 2016-cı il tarixdə “Səbəbi: Ümumi xəstəlik; X2: Xİİİ sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri – M80-M94 – Osteopatiyalar və xondropatiyalar – M91-M94 – Xondropatiyalar – M93 – Dogər osteoxondropatiyalar – M93.9 - ... Diaqnozun mətni: Bel fəqərələrinin osteoxondrozu L4- L5 –Fəqərəarası disk yırtığının ləğvindən sonrakı vıziyyəti L5-S1 fəqərələrin starnspedikulyar fiksasiyası; Meyar: 2.2 İkinci dərəcə əlillik – Digər: Bel fəqərələrinin osteoxondrozu L4- L5 –Fəqərəarası disk yırtığının ləğvindən sonrakı vəziyyət” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 2) 6 saylı Şəhər Poliklinikasının 15 iyul 2015-ci il tarixli 0063003AAB7A nömrəli göndərişi əsasında baxılmış və “X3: XİX Sinif – Taravmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S60-S69 – Bilək və əlin travmaları – S62 - Əl və bilək səviyyəsində sınıq – S62.2 - Birinci əl daraq sümükləri . . . Diaqnozun mətni: Birinci əl daraq sümüyünün sınığı. Odlu silah mərmi partlayışından sonra sağ və sol əlin İ daraq sümüklərinin kafi bitişmiş sınıqları. Sol əlin İ-İİ daraq sümükləri yumşaq toxumalar arasında təqribən 2.4 mm ölçüdə metal qəlpə. Sağ və sol əlin dəri çapığı toxumaları. Bel-oma fəqərələrinin osteoxondrozu. L4 fəqərələrinin lyaminoektomiyasından sonrakı hal. Parkinson xəstəliyi. Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi İİ mər. İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet tip 2. ; Mərkəzə göndərilmənin / imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması – Səbəb: Travmadan sonra sol əldə yarnan funksiya pozğunluğu qeyd olunamşdır” səbəbi ilə imtina verilmişdir. 3) 6 saylı Şəhər Poliklinikasının 8 sentyabr 2017-ci il tarixli 0063A003AAB77 nömrəli göndərişi əsasında baxılmış və “X2: XİX Sinif – Tramvalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S60-S69-Bilək və əlin travmaları – S61-əl və bilək səviyyəsində sınıq – S62.2-Birinci əl daraq sümüyü . . . Diaqnozun mətni: Birinci əl daraq sümüyünün sınığı odlu silah mərmi partlayışından sonra sağ və sol əlin birinci daraq sümüklərinin köhnə kafi bitişmiş sınıqları. Sol əlin İ-İİ darq sümükləri yumşaq toxumları arasında – 2.4 mm ölçüdə metal qəlpə, sağ və sol əlin dəri çapığı toxumaları. Onurğanın osteoxondrozu. Bel omba fəqərələrinin osteoxondrozu L4 fəqərəsinin lyaminoektomiyası əməliyyatından sonrakı hal. Parkinson xəstəliyi. İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet İİ tip.; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması – Səbəb: Əsas diaqnozda göstərilən travma əlilliyin təyininə əsas vermir, yanaşı xəstəliklərə görə alınmış müalicə və ağırlaşmaları qeyd edilməyib, əvvəlki əlillik dərəcəsi həmin xəstəliyə görə təyin edilməsi barədə məlumat yoxdur.” Səbəbi ilə imtina edilmişdir. 4) 6 saylı Şəhər Poliklinikasının 17 oktyabr 2017-ci il tarixli 0063003AAB88 nömrəıli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: Vİ Sinif – Sinir sistemi xəstəlikləri – G20-G26-Ekstrapiramid və digər hərəki pozğunluqlar – G20-Parkinson xəstəliyi; Diaqnozun mətni: Birinci əl daraq sümüyünün sınığı. Odlu silah mərmi partlayışından sonra sağ və sol əlin birinci daraq sümüklərinin köhnə kafi bitişmiş sınıqları. Sol əlin İ-İİ daraq sümükləri yumşaq toxumaları arasında təqribən 2.4 mm ölçüdə metal qəlpə. Sağ və sol əlin dəri çapığı toxumaları. Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi İİ mərh. Xroniki hepatit. Xroniki kolit. Bel-oma fəqərələrinin osteoxondrozu L4 fəqərəsinin laminoektomiyası əməliyyatından sonrakı hal. Dəqiqləşdirilməmiş polinevropatiyalar. Sol mil sinirinin neyropatiyası. Xroniki xolesistit. İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet tip 2. Başlanğıc qocalıq kataraktası, Başlanğıc katarakta. Parkinson xəstəliyi. Rigit əsmələrlə.; Meyar: 2.2 ikinci dərəcə əillik – 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 5) 6 saylı Şəhər Poliklinikasının 17 oktyabr 2017-ci il tarixli 0063003AAB88 nömrəli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbələrin təsirinin bəzi digər nəticələri – S60-S69-Bilək və əlin travmları – S62-Əl və bilək səviyyəsində sınıq – S62.2-Birinci əl daraq sü.; Diaqnozun mətni: Birinci əl daraq sümüyünün sınığı, Odlu silah mərmi partlayışından sonra sağ və sol əlin birinci daraq sümüklərinin köhnə kafi bitişmiş sınıqları. Sol əlin İ-İİ daraq sümükləri yumşaq toxumaları arasında təqribən 2.4 mm ölçüdə metal qəlpə. Sağ və sol əlin dəri çapığı toxumaları. Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi İİ mər. Xroniki hepatit. Xroniki kolit. Bel-oma fəqərələrinin osteoxondrozu L4 fəqərəsinin laminoektomiyası əməliyyatından sonrakı hal. Dəqiqləşdirilməmiş polinevropatiyalar, Sol mil sinirinin neyropatiyası. Xroniki xolesistit, İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet tip 2, Başlanğıc qocalıq kataraktası. Başlancığ katarakta. Parkinson xəstəliyi. Parkinson xəstəliyi. Rigit əsmələrlə. Meyar: 2.2 İkinci dərəcə əlillik – 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakən enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və həmin tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq «Əlilliyin müəyyən edilməsi meyarları»na əsasən həyat keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamə ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması AR ƏƏSM Nazirliyi və İTS üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, AR Səhiyyə nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəlikllərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydada əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitsiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göndəriş və əmək zəmanəti altsistemə daxil edilir. TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 3.1-ci bəndinə əsasən əlillik müəyyən edildikdən sonra sözügedən Qaydaların 1.5-ci bəndi ilə nəzərdə tutulmuş digər səbəb müəyyən edildikdə əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. İddiaçı vəziyyəti ilə əlaqədar 17 iyul 2021-ci il tarixdə keçirilmiş iddiaçının hazırkı vəziyyətinin obyektiv müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşmaları «Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»yə müvafiq olaraq ümumi səbəblərdən əlillik təyinatına əsas verdiyindən, həmin Əsasnamənin 2.2.9-cu bəndinə əsasən sözügedən səbıblə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaranmadığından, iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyil. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin qərardadı ilə iddia dəyişdirilərək «iddiaçının səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olan əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmuş və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının işdə cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Həmin Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Tibbi-Sosial Ekspertiza və X1»nin 1.1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ilə «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» təsdiq edilmişdir (1 iyul 2022-ci il tarixədək qüvvədə olmuşdur). Həmin Əsasnamənin 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 1.2-ci bəndnə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. Qaydanın 1.5-ci bəndinə görə şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (1.5.1) ümumi səbəblərdən: (1.5.1.1) ümumi xəstəlik; (1.5.1.2) istehsalat zədəsi; (1.5.1.3) peşə xəstəliyi; (1.5.1.4) Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; (1.5.1.5) hərbi xidmət dövrü ilə əlaqədar; (1.5.1.6) hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; (1.5.1.7) terror hadisəsi ilə əlaqədar; (1.5.2) xüsusi səbəblərdən: (1.5.2.1) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; (1.5.2.2) 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; (1.5.2.3) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; (1.5.2.4) Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Qaydanın 2.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, tibbi-sosial ekspert komissiyalarının müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 iş gününədək uzadıla bilər. Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət «İnzibati icraat haqqında» Qanuna və İPM-ə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Qaydanın 3.5-ci bəndinə görə əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən tibbi-sosial ekspert komissiyasının qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə ilk növbədə məhkəmə qeyd edir ki, qanunvericilik normaları şəxsə əlilliyin təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, inzibati orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi barəsində əlillik təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı İddiaçı səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmaqla ikinci dərəcə əlillik təyin olunması barədə Dövlət Tibbi-Sosial Ejspertiza və Reabilitasiya Agentliyinin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin məlum olur ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ejspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya müvafiq əlillik təyn edilməsi barədə qərar ləğv edilmədən və ayrıca qərar qəbul olunmadan ona təyin edilmiş əlilliyin səbəbini dəyişdirmiş və inzibati orqan bu hərəkətini iddiaçının xəsarət və travmasının buna imkan verməməsi ilə əsaslandırmışdır. Qeyd olunanlardan əlavə məhkəmə diqqətə çəkir ki, inzibati orqan tərəfindən iddiaçının “müddəti başa çatmamış” ikinci dərəcə əlilliyinin səbəbinin dəyişdiriməsi ilə bağlı hərəkətlər aparılarkən müvafiq qərar qəbul olunmaması ilə bərabər, həm də onun (iddiaçının) məlumatlandırılması da təmin edilməmişdir. Bununla da cavabdeh insibati orqan «İnzibati icraat haqqında» Qanunun 13, 17, 21, 24-cü maddələrinin tələblərini pozmuşdur. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı təyin edilmiş ikinci dərəcə əlilliyin səbəbini dəyişdirməsi ilə bağlı hərəkətləri qanunsuz və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Meyarların 3.1-ci bəndinə görə anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: - (3.1.1) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; - (3.1.2) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; - (3.1.3) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı təyin olunmuş səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olan ikinci dərəcə əlilliyin bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1, 69, 81, 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı təyin olunmuş səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olan ikinci dərəcə əlilliyin bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar