Məhkəmə qərarları › İş №2-1(112)-4064/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4064/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4064/2023 21.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı “şəhid ailəsi kimi mənzillə təmin edilmə” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X15 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı “şəhid ailəsi kimi mənzillə təmin edilmə” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı şəhid ailəsi kimi mənzillə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr nəticəsində xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bu öz təsdiqini Naxçıvan şəhər Qeydiyyat Şöbəsindən verilən xx.xx.2020-ci il tarixli AZ-İ seriyalı N 801131 saylı ölüm haqqında şəhadətnamə ilə tapır. O, oğlu öldükdən sonra xx.xx.2022-ci il tarixli ərizə ilə Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edərək mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Sabunçu rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə 2 nəfər ailə tərkibi ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülmüşdür. O, sözügedən sərəncamla mənzil növbəsinə götürülməsinə baxmayaraq, sərəncam icra olunmamış və sözügedən mənzillə təmin olunmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək iddianın əsassız hesab edilməklə təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

4. Etiraza əsasən, şəhid X7 ailə üzvü qismində X4 Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətində xx.xx.2021-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmışdır. Sözügedən vətəndaşa xx.xx.2021-ci il tarixində Agentlik tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Yeni yaşayış kompleksindən mənzil verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014- cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncəmlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, onstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi nüəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Sözügedən Sərəncamların mətninə uyğun olaraq müvafiq kateqoriyada olan şəxslərin (yerli icra hakimiyyəti orqanlarında aşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı şəhid olmuş şəxslərin ailələrinin) mənzil və ya fərdi evlə təmin edilməsi tapşırılmışdır, yəni Sərəncamda mənzil və ya fərdi evə münasibətdə ismin kəmiyyət halı “tək” formada şləndiyindən Sərəncamın məzmunu bir şəhid ailəsinə birdən artıq mənzilin verilməsi qənaətinə gəlməyə əsas vermir. Əlavə olaraq bildirilmişdir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin sərəncamları - qeyrinormativ hüquqi aktdır və konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilir və ya digər birdəfəlik tətbiq nalları üçün nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Mövcud vəziyyətdə vətəndaşların mənzillə təmin olunması həm qanunvericilik baxımından mümkünsüzdür, həm dövlət büdcəsinin və dövlət mənzil fondunun imkanları xaricindədir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 227 saylı xx.xx.2022-ci il tarixli sərəncamına əsasən şəhid ailəsi üzvü İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, arvadı) yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülmüş və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilmişdir.

8. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən verilmiş xx.xx.2022ci il tarixli **********0 nömrəli məktuba əsasən bildirilmişdir ki, Vətən Müharibəsi şəhidi Coşqun Orucovun anası X6 Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamının icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 may 2021-ci il tarixində mənzillə təmin olunmuşdur. Azərbaycan Respublikası Mənizl Məcəlləsinin tələblərinə müvafiq olaraq şəhid ailəsi kimi verilmiş mənzil şəhidin digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur.

9. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış O-9-068 nömrəli xx.xx.2022-ci il tarixli məktuba əsasən bildirilmişdir ki, keçmiş arvadı X4 4 nəfər ailə tərkibi ilə (özü, üç övladı) Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 11 saylı sərəncamına əsasən şəhid ailəsinin üzvü kimi Suraxanı rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin edilmişdir. F.M.Bağırovanın şəhid ailəsinin üzvü kimi növbəyə alındığı və mənzillə təmin olunduğu ərəfədə aralarında olan nikahlarının xx.xx.2020-ci il tarixdən pozulduğu və həmin dövrdə onun Bakı şəhərində qeydiyyatda olmadığı müəyyən edilmişdir. Həmçinin nəzərinə çatdırılmışdır ki, onun şəhid ailəsi statusuna mlaik olması nəzərə alınaraq yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmasına münasibət bildirilməsi üçün Sosial Xidmətlər Agentliyinə məktubla müraciət edilmişdir. Nazirlikdən RİH-ə daxil olmuş xx.xx.2022-ci il tarixli **********0 nömrəli cavab məktubunda yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmasının Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən həyata keçirildiyi bildirilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2390/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən İddiaçı cavabdeh X2 qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə bağlı tərəflərin aşağıdkaı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilmişdir: 1. İddiaçı cavabdeh X1 ona “R+N İnşaat” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 3, mənzil 173 ünvanına köçüb yaşamasına razılıq verməsi müqabilində, hazırkı “ünvan 4 ünvanında yerləşən mənzilə köçürülməsi” tələbi barədə iddia ərizəsindən imtina etmişdir.

2. Cavabdeh X5 İddiaçı ona qarşı hazırkı “ünvan 4 ünvanında yerləşən mənzilə köçürülməsi” tələbindən imtina etməsi müqabilində onu “R+N İnşaat” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 3, mənzil 173 ünvanına köçüb yaşamasına razılıq vermişdir.

11. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 11 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamından çıxarışa əsasən X4 4 nəfər ailə tərkibi ilə (özü, qızı, 2 oğlu) yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir. 13 İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

18. Belə ki, məhkəmə ilk öncə qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir:

19. Mənzil Məcəlləsi: Maddə 4. Mənzil hüququnun həyata keçirilməsi üçün şəraitin təmin edilməsi 4.0. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: ... 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması ... 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. ... Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; ... 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir.

20. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.

21. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi iləəlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

2. Yerli icra hakimiyyəti orqanları: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər; ...

22. Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı … Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları: 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

3. Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları ... 3.2. Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağıdakı qaydada verilir; ... 3.2.16. mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar;

24. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının oğlu X3 Müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olmuşdur. C.Orucova “şəhid” statusu, onun ailəsinə isə “şəhid ailəsi” statusu və bunu təsdiqləyən müvafiq vəsiqə verilmişdir. İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 227 nömrəli xx.xx.2022-ci il tarixli sərəncamı ilə şəhid ailəsi üzvü kimi 2 nəfər ailə tərkibi ilə (özü və arvadı) güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilmişdir. Eyni zamanda mərhumun anası iddiaçının birinci nikahdan olan arvadı X4 da, şəhid ailəsinin üzvü kimi 4 nəfər ailə tərkibi ilə (özü, qızı və 2 oğlu) Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 11 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamına əsasən yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilmişdir. F.Bağırova cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən 2 otaqlı mənzillə təmin edilmişdir.

25. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı şəhid ailəsi statusuna və Suraxanı rayon icra hakimiyyətində ehtiyacı olan qismində mənzil növbəsində olduğuna əsaslanaraq ona şəhid ailəsinin üzvü kimi mənzil verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh şəhidin anasının, iddiaçının birinci nikahdan olan arvadının evlə təmin olunduğuna və bu səbəbdən artıq şəhid ailəsinin mənzillə təmin olunduğuna istinad edərək, onun atası olan və şəhid ailəsi kimi tanınmış iddiaçıya mənzil verilməsindən imtina etmişdir.

26. Lakin, cavabdeh tərəfindən iddiaçının da, şəhid ailəsi kimi həmin sərəncamda nəzərdə tutulmuş şərtlər daxilində mənzillə təmin olunma hüququna malik olma imkanını nəzərə almamışdır. Belə ki, şəhidin anasının mənzillə təmin edilməsi onun şəhid ailəsi statusuna malik olan atası qismində iddiaçıya mənzil ayrılmasını istisna edə bilməz.

27. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin cavabdeh tərəfindən müəyyən olunmuş halları baxımından iddiaçıya yaşayış sahəsinin verilməsindən imtinanın Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamına və müvafiq qanunvericilik aktlarına uyğunluğuna qiymət verilərkən, həm şəhidin anasının, həm də, şəhid ailəsi statusuna malik və bu qisimdə mənzil növbəsində olan iddiaçının maraqları nəzərə alınmalı və bunun üzərindən qərar qəbul olunmalı idi. Bu zaman həm də konstitusion dəyər olan ədalət prinsipi də nəzərə alınmalıdır. Başqa sözlə cavabdeh yaşayış sahəsinin ayrılması zamanı həm şəhidin anasının, həm də şəhid ailəsi statusuna malik və bu qisimdə mənzil növbəsində olan iddiaçının maraqlarını nəzərə almalıdır.

28. Həmçinin nəzərə almaq lazımdir ki, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı şəhid olmuş şəxslərin ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Suraxanı rayon İcra Hakimiyyətinin 2022-ci il 12 sentyabr tarixli, 227 saylı sərəncamı ilə şəhid ailəsi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə götürüldüyü görünür. Yəni cavabdeh tərəfindən iş üzrə qərar qəbul edilərkən bu xüsusatlar da, mütləq nəzərə alınmalı və qiymətləndirilməlidir.

29. Bu mənada, işin hallarından müəyyən olunur ki, inzibati orqan şəhidin anasının mənzillə təmin edilməsi ilə bağlı məsələni həll edərkən bununla bağlı apardığı icraata şəhid ailəsi statusuna malik olan hazırkı iddiaçını cəlb etməmiş, onun maraqlarını nəzərə almamışdır.

30. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmə tərəfindən müstəqil şəkildə məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadığından cavabdeh məhkəmənin bu qərarda qeyd olunan mövqeyi nəzərə alınmaqla məsələyə yenidən baxılaraq müvafiq inzibati akt qəbul etməlidir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 2008-ci il 13 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

32. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 21 yanvar tarixli qərarı).

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: (73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; (73.3.2.) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; (73.3.3.) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı şəhid ailəsi kimi mənzillə təmin edilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar