Məhkəmə qərarları › İş №2-1(112)-4065/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4065/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4065/2023 04.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzil növbəsinə alınması və kirayə haqqının ödənilməsi tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu ailə üzvləri ilə birlikdə istefaya buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və ona kirayə haqqının ödənilməsi barədə sərəncam verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yəni İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. xx.xx.1994-cü il tarixdən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası DSX rəisi SQK-nın xx.xx.2009-cu il tarixli müvafiq əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin “b” bəndinə əsasən (xəstəliyə görə) həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Hərbi xidmət dövrü xidməti vəzifələrini layiqincə yerinə yetirmişdir. Hərbi xidmət dövrü daimi yaşayış sahəsi ilə təmin olunmamışdır. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı var. Mənzil növbəsinə götürülmə ilə əlaqədar Cavabdehnə müraciət etsə də, ona Naxçıvan MR Şahbuz Rayon İcra Hakimiyyətinə müraciət etməli olduğu bildirilmişdir. Əsas kimi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi göstərilərək, “ehtiyyata buraxılan zaman Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunu seçərək, həmin rayonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsində qeydiyyata alındığı bildirilmişdir. Hesab edir ki, Cavabdeh imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə iddiaya dair yazılı etiraz təqdim olumamışdır. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhər Cavabdeh nümayəndəsi X6 izahatında, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan; - iddiaçıya məxsus AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. - AA 3L3H6GZ №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 xx.xx.1971-ci ildə doğulmuşdur. - Şahbuz rayon VVAQ şöbəsi tərəfindən verilmiş İV Ж seriyalı 469865 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X2 arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra arvada Nəbiyeva soyadı verilmişdir. - AZ-İ seriyalı 179155 nömrəli doğum haqqında şəhadətnamənin və AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X8 xx.xx.2002-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası isə X4dır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* №-li, xx.xx.2022-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən müəyyən olunur ki, İddiaçı (xx.xx.1964) Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yaşayış yeri üzrə pasport qeydiyyatındadır. Həmin ünvanda qeydiyyatda başqa şəxslər yoxdur. - İddiaçıya məxsus ZE seriyalı ******* № li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci il tarixədək hərbi xidmətdə olmuş və xidmət müddəti başa çatdığı üçün SSRİ MN-nin xx.xx.1985-ci il tarixli 72 №li əmrinə əsasən xx.xx.1985-ci ildə hərbi xitmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 431 nömrəli arayışından görünür ki, 1964-cü il təvəllüdlü istefada olan mayor İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2009-cu il tarixədək Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası DSX rəisi SQK-nın xx.xx.2009-cu il tarixli 436 ş/h saylı əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin “b” bəndinə əsasən (xəstəliyə görə) istefaya buraxılmışdır. xx.xx.2022-ci il tarixdən pasport qeydiyyatındadır, lakin pasport qeydiyyatın son yaş həddi çatdığına görə hərbi qeydiyyatdan silinmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən arayışlardan görünür ki, X5 və X1 adlarına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2022-ci il tarixli ********** və ********** qeydiyyat nömrəli müraciətlərinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli “mənzillərin, evlərin (bağların) müvəqqədi istifadəyə verilməsi müqaviləsindən (kirayə müqaviləsi) görünür ki, kirayə verən – X11 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə-2595, ev 3, mənzil 164 (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 12, M15, m 11) kirayəçi İddiaçı ailə üzvləri ilə birlikdə kirayə verilmişdir. İddiaçı tərəfindən hazırki tələblə cavabdeh inzibati orqana müraciət olunmuş, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, N-131-068 nömrəli məktubda göstərilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə müvafiq olaraq ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular getdikləri yaşayış yerində Yerli İcra Hakimiyyətləri tərəfindən mənzillə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilirlər. İddiaçı istefaya buraxılan zaman Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunu seçərək, həmin rayonda Şəfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsində qeydiyyata alınmışdır. Buna görə də onun qeyd edilən məsələ ilə bağlı Naxçıvan MR-nın Şahbuz Rayon İcra Hakimiyyətinə müraciət etməsi göstərilmişdir. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. - 43-cü maddəsinin İİ hissəsinə görə Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli qərarından müəyyən edilir ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat. Həmin Qərarın 2-ci bəndində qeyd edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Beləliklə iş materiallarından görünür ki, iddiaçının hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq üçün mənzil növbəsinə qəbul edilməsi və mənzillə təmin olunana qədər müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqının ödənilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarında göstərilən əsaslar mövcuddur. Belə ki, iddiaçı - istefada olan mayor İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2009-cu il tarixədək həqiqi hərbi xidmət keçmiş və qanunun tələblərinə əsasən mənzillə təmin olunmaq üçün hərbi xidmətdən istefaya xəstəliyə görə buraxılmışdır. Məhkəmə hesab edir ki, İddiaçı mənzil növbəsinə götürülməsi və onun ailə üzvləri (arvadı xx.xx.1971-ci il təvəllüdlü X4 və oğlu xx.xx.2002-ci il təvəllüdlü X8) ilə birlikdə yaşayış sahəsi ilə təmin olunanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqı ilə təmin olunması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə həvalə olunmalıdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1964-cı il təvəllüdlü İddiaçı ailə üzvləri (arvadı xx.xx.1971-ci il təvəllüdlü X4 və oğlu xx.xx.2002-ci il təvəllüdlü X8) ilə birlikdə istefaya buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqı ilə təmin olunmaları vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar