Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4069/2025 07.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş İddiaçı məxsus xx.xx.1997-ci il tarixli, 298 saylı doğum haqqında akt qeydində düzəliş edilərək doğum tarixinin xx xxxxxxxx 1997-ci il olaraq düzəlişin edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. İddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsində onun doğum tarixi xx xxxxxxxx 1997-ci il qeyd olunmuşdur. Həmçinin, ona məxsus bütün sənədlərdə həmçinin EZ seryialı, ******* saylı hərbi biletində, C03659163 nömrəli ümumivətəndaş pasportunda, ******* saylı əmək kitabçasında da doğum tarixi xx xxxxxxxx 1997-ci il qeyd olunmuşdur. Lakin, Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydində iddiaçının doğum tarixi 27 oktyabr 1997-ci il qeyd edilmişdir. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydində müvafiq düzəlişin edilməsi ilə bağlı qeydiyyat şöbəsinə müraciət olunsa da, Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən müracəti təmin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/7-10-2447/24 nömrəli imtinasında doğum tarixinə düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmamasını bildirərək aidiyyəti üzrə məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. Cavabdeh orqanın imtinası ilə bağlı qeyd olunur ki, iddiaçıya məxsus olan bütün sənədlərdə doğum tarixi xx xxxxxxxx 1997-ci il olaraq göstərilmişdir. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydinin digər sənədlərlə ziddiyyət təşkil etməsi vətəndaşın günahı ola bilməz və bu səbəblə dövlət orqanı tərəfindən vətəndaşın hüquqlarını pozması qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1997-ci il təvəllüdlüdür. EZ № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci il təvəllüdlüdür. C03659163 nömrəli ümumvətəndaş pasportuna əsasən İddiaçı xx.xx.1997-ci il təvəllüdlüdür. 0741850 nömrəli əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasında İddiaçı xx.xx.1997-ci il təvəllüdlü olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/7-10-2447/24 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1997-ci il tarixdə tərtib olunmuş 298 nömrəli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində doğum tarixi xx.xx.1997-ci il”, AA******* nömrəli şəxsiyyət vəsində doğum tarixi “xx.xx.1997- ci il” qeyd olunmuşdur. Tibbi ərazi bölmələrini idarəetmə birliyinin “X10” publik huquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 55 nömrəli məktubuna əsasən X3 xx.xx.1997-ci il tarixdə oğlan uşağı dünyaya gətirdiyi müəyyən edilmişdir. Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi “X10” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən X7 3 nömrəli doğum evində vətəndaş X2 nömrəsi 979, doğum tarixi N° 1028, xx.xx.1997-ci il tarixində saat 22:20-də diri oğlan uşaqı ( çəkisi 3700.0, boyu 52 sm) dünyaya gətirmişdir. Məlumat 1997- ci ilin 3 saylı Doğum evinin doğuş jurnalından götürülmüşdür. 298 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun valideynləri X1 Məlahət İdris qızıdır. Azərbaycan Respublikası Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi “X10” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-11//2-594/2024 nömrəli sorğuya cavab məktubuna əsasən vətəndaş X5 xx.xx.1997-ci ildə, çəkisi 3700.0, boyu 52 sm olan oğlan uşağı dünyaya gətirmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla xx.xx.2012-ci il tarixdə AZE10449810, xx.xx.2014-cü il tarixdə AZE 14551956 nömrəli, xx.xx.2022-ci il tarixdə AA ******* nömrəli şəxsiyyət vəsiqələri ilə, xx.xx.2023-cü il tarixdə isə C03659163 nömrəli ümumvətəndaş pasportu ilə təmin edilmişdir. Qeyd olunan şəxsə ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti bitdi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyildir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1. Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 2.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5-1. Doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda bu Qaydanın 2.5.3-cü, 2.5.5-ci və 2.5.6-cı yarımbəndlərində nəzərdə tutulan sənədlər barədə məlumatlarla elektron müraciətdə qeyd olunan məlumatlar arasında uyğunsuzluq olduqda doğumun qeydə alınması üçün müraciət və sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. 4-cü maddəsinə (ilkin redaksiyasına) əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini dəyişdirməlidir. Məhkəmə vurğulayır ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənəd - şəxsiyyət vəsiqəsidir. İddiaçının doğulduğu tarixə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın doğum haqqında şəhadətnaməsinin mövcudluğu mütləq şərt kimi müəyyən edilmişdir. Doğum haqqında şəhadətnamə isə şəxsin doğum haqqında akt qeydi əsasında tərtib olunur. Beləliklə, şəxsiyyət vəsiqəsi faktiki olaraq vətəndaşın doğum haqqında akt qeydləri əsasında verilməli idi. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda Azərbaycan Respublikasının vətəndaşıdır və onun vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsində təvəllüdü xx.xx.1997-ci il kimi göstərilmişdir. Lakin doğum haqqında akt qeydində bu tarix xx.xx.1997-ci il kimi əks olunmuş və iddiaçı bu ziddiyyəti mübahisələndirərək, faktiki doğum tarixinin xx.xx.1997-ci il olduğunu, bütün sənədlərində bu məlumatın təsdiqini tapdığını irəli sürmüşdür. Bu məsələnin hüquqi həlli üçün iddiaçının doğumunun və doğum haqqında qeydiyyatının hansı əsaslarla aparıldığının müəyyən edilməsi zəruridir. Qanunvericiliyə uyğun olaraq, şəxsin doğumu tibb müəssisəsində və ya tibb müəssisəsindən kənarda baş verməsindən asılı olaraq fərqli əsaslarla qeydə alınır. Əgər doğum tibb müəssisəsində baş vermişdirsə, bu zaman doğumun qeydə alınması üçün həmin müəssisədən doğum faktını, vaxtını və yerini təsdiq edən rəsmi sənəd təqdim edilməlidir. Əgər doğum tibb müəssisəsindən kənarda baş vermişdirsə, bu halda qanunvericilikdə nəzərdə tutulmuş digər sübutlar (doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd) əsasında qeydiyyat aparılır. Hazırkı işin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixində anadan olmuş və bu barədə onun anası X5 barəsində müvafiq qeydiyyat aparılmışdır. Bu məlumat Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi – "X10" publik hüquqi şəxs tərəfindən verilmiş arayış və “doğum qeydiyyatının aparılması” kitabçasında əks olunmuş məlumatlarla da təsdiq olunur. Məhkəmə göstərilən sənədlərin etibarlılığını şübhə altına almaq üçün əsas görmür və hesab edir ki, “doğum qeydiyyatının aparılması” kitabçasına əlavə olunmuş çıxarışda iddiaçının anası ilə yanaşı, 1997-ci ilin oktyabr ayında doğulan digər şəxslərin doğumlarının da qeydiyyata alınması sənədin rəsmi xarakterini gücləndirir. Məhkəmə belə nəticəyə gəlir ki, baxmayaraq ki, iddiaçının bütün digər sənədlərində (hərbi bilet və s.), o cümlədən şəxsiyyət vəsiqəsində təvəllüdü xx.xx.1997-ci il kimi göstərilmişdir, bu sənədlər doğum haqqında akt qeydi ilə uzlaşmalıdır. Lakin hazırda doğum haqqında akt qeydində hər hansı səhvin mövcudluğunu sübut edən heç bir hüquqi və ya faktiki əsas aşkar edilməmişdir. Əksinə, doğum haqqında akt qeydinin tibb müəssisəsinin rəsmi məlumatları əsasında aparıldığı müəyyən edilmiş və bu qeydin düzgünlüyünü şübhə altına alan hüquqi əsaslar ortaya çıxmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində doğum tarixi ilə bağlı qeydiyyat orqanı tərəfindən yanlışlığın yol verilməsi müəyyən olunmur. Bu isə iddiaçının tələbinin əsassız olmasına və cavabdehin imtinasının qanunamüvafiq olmasını təsdiq edir. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-4069/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4069/2025
07.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver