Məhkəmə qərarları › İş №2-1(112)-407/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-407/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-407/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək keçmiş X4 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.1983-cü il tarixli, 13511 nömrəli müqavilə ilə Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən 0,20 hektar sahədən ibarət 249 nömrəli bağ sahəsi üzərində mərhum atası, X1 hüquqlarının dövlət qeydiyyatına alınıb adına dövlət reyestrindən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə X9 3-cü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X4 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.1983-cü il tarixli, 13511 nömrəli müqaviləyə əsasən ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,20 hektarlıq 249 nömrəli bağ sahəsinin mərhum atası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, keçmiş X4 və İstismarı Birliyi ilə iddiaçının mərhum atası X3 arasında bağlanmış xx.xx.1983-cü il tarixli, 13511 nömrəli müqavilə ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,20 hektar torpaq sahəsindən ibarət 249 nömrəli bağ sahəsi atasına icarəyə verilmişdir. Həmin bağ sahəsi icarəyə verildiyi vaxtdan vəfat etdiyi günədək atasının istifadəsində olmuşdur. Atası xx.xx.2021-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra iddiaçı həmin bağ sahəsindən vərəsə kimi iddiaçı istifadə edir. Bağ sahəsinin mərhum atasına məxsus olması haqqında arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tələbinin icrasından əsassız olaraq imtina etmişdir. Cavabdeh orqanın həmin əsaslarla bağ sahəsinə hüquqların qeydiyyatından imtina etməsi əsassızdır. Belə ki, 249 nömrəli bağ sahəsi bağlanmış müqavilədə göstərilən həcmdə hazırda mövcud olan faktiki sərhədlər daxilində və yerləşdiyi qaydada atasına verilmişdir. Həmin bağ sahəsini qonşu bağ sahələrindən ayıran sərhəd hasarı çəkilmiş və bağ sahəsində çoxillik üzüm və əncir ağacları var. 249 nömrəli bağla sərhəd qonşuluğunda 248 və 250 nömrəli bağlar yerləşir. İddiaçının atasının istifadəsində olmuş 249 nömrəli bağ sahəsinin mövcud sərhədi ilə bağlı qonşu bağların sahibləri ilə aralarında heç bir narazılıq olmamışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, 249 saylı bağ nömrəsinin faktiki göstərilən əraziyə aidiyyəti yoxdur. Həmçinin torpaq sahəsinin bir hissəsinə digər fiziki şəxsin (X8) müraciəti idarəyə daxil olmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır və bu barədə **********64 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Cavabdehə və üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, hal-hazırda həmin bağ sahəsi onun istifadəsindədir və hasarlanmışdır. Bağ sahəsi onun atasına verilmişdir. Heç bir şəxsin həmin bağ sahəsinə iddiası və tələbi yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. X4 və İstismarı Birliyi ilə X3 arasında bağlanmış xx.xx.1983-cü il tarixli, 13511 nömrəli müqavilənin təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsi olan 249 saylı bağ sahəsi X2 icarəyə verilmişdir. Ölüm haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.2021-ci ilsə vəfat etmişdir. ünvan ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Ə.D.Dadaşovun vəfat etməsilə əlaqədar mərhumun vərəsəsi İddiaçı vərəsəliyin qəbulu haqqında ərizəsi əsasında xx.xx.2022-ci il tarixli vərəsəlik işi açılmışdır. Öz ərizəsində vərəsə mirasa Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 249 saylı bağ sahəsinin daxil olduğunu bildirmiş, lakin bu barədə hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Bunları nəzərə alaraq vərəsənin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 249 saylı bağ sahəsinə dair mərhum X1 adına sorğunu təqdim edən şəxsə çıxarış verilməsi xahiş edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış **********84 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubunda iddia ərizəsinə yazılı etirazda göstərilən məzmunda iddiaçının tələbindən imtina edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş “bağların sxematik xəritəsi”ndən görünür ki, 249 nömrəli bağ sahəsi 248, 307, 250 və 193 nömrəli bağ sahələri ilə qonşuluqda yerləşir. Cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 2000 m2 olsa da, faktiki olaraq 2077 m2 təşkil edir. Torpaq sahəsinin üzərində tikili mövcud deyil. Sözügedən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, qeyd olunan bağ sahəsinin göstərilən əraziyə aidiyyatı yoxdur. Ərazidə hasarlanma işlərini bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparmadığından sahənin hansı bağ sahəsinin yerinə uyğun olubolmamasını araşdırmaq mümkün olmamışdır. Göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 150 və 200 sayı ilə başlayan bağların ərazisinə uyğun gəlir. X4 və İstismarı Birliyi ilə X6 arasında bağlanmış xx.xx.1967-ci il tarixli, 15048 nömrəli müqavilənin təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsi olan 150 saylı bağ sahəsi X5 icarəyə verilmişdir. Ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.1982-ci ildə vəfat etmişdir. Bu səbəbdən onun hüquqi varisi olaraq X9 iş üzrə üçünc şəxs kimi cəlb edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1389 №-li məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X4 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.1983-cü il tarixli, 13511 nömrəli müqaviləyə görə X2 icarəyə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 249 nömrəli bağ sahəsinin düzbucaqlı formasında olmaqla (20 metr x 100 metr), bağ sahəsinin sxemində qeyd olunan qonşuluqların sxematik xəritəyə uyğun olduğu və təqdim olunan bağ sahəsinin sxematik xəritəyə uyğun olaraq 249 №-li bağ sahəsinin yerinə uyğun gəldiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sxematik xəritədə qeyd olunanlara əsasən, 249 №-li bağ sahəsinin uzunluğu boyunca bir tərəfdən 248 №-li, digər tərəfdən 250 №-li bağ sahələri ilə, eni boyunca bir tərəfdən 193 №-li bağ sahəsi ilə, digər tərəfdən yol ilə həmsərhəd olmasını nəzərə alaraq, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X4 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.1983-cü il tarixli, 13511 nömrəli müqaviləyə görə X2 icarəyə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 249 nömrəli bağ sahəsi ilə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X10 ilə bağlanmış xx.xx.1967-ci il tarixli, 15048 nömrəli müqaviləyə görə X5 icarəyə verilmiş Bakı şəhəri, Zirə qəsəbəsində 150 nömrəli bağ sahəsinin ilə eyni bağ sahələri olmadığı, faktiki yeri koordinatları ilə kəsişmədiyi müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində X4 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.1983-cü il tarixli, 13511 nömrəli müqaviləyə əsasən ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,20 hektarda 249 nömrəli bağ sahəsinin mərhum atası, X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir (22.2.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsi olan 249 saylı bağ sahəsi X4 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.1983-cü il tarixli, 13511 nömrəli müqaviləyə əsasən X2 icarəyə verilmişdir. X3 xx.xx.2021-ci il tarixində vəfat etmiş, onun vərəsəsi olan iddiaçı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Həm imtinanın, həm də etirazın əsası kimi qeyd etmişdir ki, torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, 249 saylı bağ nömrəsinin faktiki göstərilən əraziyə aidiyyəti yoxdur. Həmçinin torpaq sahəsinin bir hissəsinə digər fiziki şəxsin (X8) müraciəti idarəyə daxil olmuşdur. Həmçinin cavabdehin mütəxəssis rəyində qeyd edilmişdir ki, torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, qeyd olunan bağ sahəsinin göstərilən əraziyə aidiyyatı yoxdur. Göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 150 və 200 sayı ilə başlayan bağların ərazisinə uyğun gəlir. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq, iş üzrə obyektiv həqiqətə nail olmaq üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1389 №-li məhkəmə tikinti-texniki ekspertizasının rəyində qeyd edilmişdir ki, bağ sahəsinin sxemində qeyd olunan qonşuluqların sxematik xəritəyə uyğun olduğu və təqdim olunan bağ sahəsinin sxematik xəritəyə uyğun olaraq 249 №-li bağ sahəsinin yerinə uyğun gəldiyi, bağ sahəsinin Bakı şəhəri, Zirə qəsəbəsində 150 nömrəli bağ sahəsi ilə eyni bağ sahələri olmadığı, faktiki yerin koordinatları ilə kəsişmədiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyi ilə ekspert rəyi arasında ziddiyətlər mövcud olsa da, məhkəmə hesab edir ki, cavabdeh iş üzrə tərəf olmaqla işin nəticəsində maraqlıdır və cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyi iş üzrə digər mötəbər sübutlarla öz təsdiqini tapmır. Bu səbəbdən məhkəmə iş üzrə ekspert rəyinin mötəbərliyini daha üstün hesab edir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi onun atasına icarəyə verilmiş torpaq sahəsi ilə sahəsinə və yerləşmə yerinə görə tam uyğunluq təşkil edir. Cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər-hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X4 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.1983-cü il tarixli, 13511 nömrəli müqaviləyə əsasən ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,20 hektarda 249 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun X2 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1389 saylı məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat göstərilmişdir. İPM-də göstərilmişdir ki, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (108.1). Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (110.1). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X4 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.1983-cü il tarixli, 13511 nömrəli müqaviləyə əsasən ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,20 hektar torpaq sahəsindən ibarət 249 nömrəli bağ sahəsinin X2 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar