Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4070/2025 04.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı orderin ləğv olunaraq yeni orderin verilməsi tələbi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Baş İstehsalat İdarəsi Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 128-də yerləşən, Bakı Komvol Kombinatına məxsus olmuş 1 saylı yataqxananın 98 saylı otağına dair M.O.Kərimovanın adına verilmiş 26 noyabr 1997-ci il tarixli, 61 saylı orderin ləğv edilmsi və həmin otağa dair İddiaçı1 adına yeni order verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə məhkəmə hazırıq iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməməsinin səbəbləri barəsində isə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçıların izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi məcburetmə barədə iddia növü olmaqla, həmin iddia növünün xüsusi mümkünlük şərti iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsidir. İşin hallarından isə müəyyən edilmişdir ki, iddiaçının cavabdeh orqana belə bir müraciəti və həmin müraciətin təmin edilməsindən cavabdeh orqanın imtinası mövcud deyildir. Məhkəmə eləcə də, qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Baş İstehsalat İdarəsi Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 26 noyabr 1997-ci il tarixli, 61 saylı orderə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 128 ünvanında yerləşən yataqxananın 9 saylı otağı M.O.Kərimovaya ayrılmışdır və sonuncu həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı1 həmin yataqxana otağının Bakı Kambol Kombinatı tərəfindən ona ayrıldığını iddia etsə də, Bakı Komvol Kombinatı tərəfindən verilmiş 14/1246 nömrəli, xx.xx.1992-ci il tarixli məktubdan görünür ki, həmin yataqxana otağı ona ayrılmamış, sadəcə Bakı Komvol Kombinatı tərəfindən rayon İcra Hakimiyyətinin müvafiq orqanına müraciət edilərək onun mübahisəli ünvana qeydiyyata götürülməsi xahiş edilmişdir. Həmçinin, sözügedən məktubda iddiaçının qeydiyyata alınması xahiş edilmiş ünvan diyircəkli qələmlə məktubun mətninə sonradan əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı da, sözügedən yataqxana otağına dair iddiaçıların adına hər hansı bir hüquqmüəyyənedici sənədin verilməsi, mənzilə dair şəxsi hesab vərəqəsində onlara dair hər hansı bir qeyd aşkar edilməmişdir. Yalnız T.Səfərovanın qardaşı, Cəbrayıl rayonundan məcburi köçkün olan digər İddiaçı2 sözügedən mənzildə müvəqqəti olaraq məskunlaşmış və bina sökülən vaxtadək orada məcburi köçkün kimi məskunlaşmışdır. Mənzilə dair mübahisəli orderin sahibi olan M.Kərimova da, sözügedən ünvanda qeyd edilən səbəbdən yaşaya bilməmişdir. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 19/1 nömrəli, xx.xx.2013-cü il tarixli “ünvan 3 evin 822-ci mənzilinə T.H.Mürsəqulovanın adına icarə müqaviləsinin bağlanılması haqqında” sərəncamına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. ünvan 3 ünvanda yerləşən keçmiş yataqxana binası da, mənzil fonduna daxil edildiyindən, X2 Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına icarə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Vətəndaş T.H.Mürsəqulova 2003-cü ildən qeydiyyatda olmaqla Bakı şəhəri, Təbriz küçəsində yerləşən 100 saylı evin, yaşayış sahəsi 35,6 kv.metr olan 2 otaqlı 82 saylı mənzilində tək yaşayır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsaslanaraq, Bakı şəhəri, Təbriz küçəsində yerləşən 100 saylı evin, yaşayış sahəsi 35,6 kv.metr olan 2 otaqlı 82 saylı mənzilinə X1 adına icarə müqaviləsinin bağlanılması və onun həmin mənzilin icarədarı hesab olunması barədə sərəncam verilmişdir. Göründüyü kimi, iddiaçı 2003-cü il tarixdən başqa ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və onun adına sözügedən ünvana dair kirayə müqaviləsi bağlanılmışdır. Beləliklə qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçıların sözügedən yataqxana otağına dair hər-hansı bir hüquqmüəyyənedici sənədləri və cavabdeh inzibati orqana müraciəti olmadığından onların hazırki iddianı qaldırmağda subyektiv hüquqları mövcud deyildir. Belə olan halda iddiaçıların irəli sürdüyü iddia tələbləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən iddiaçıların qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş verməsi istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa ididaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddianın inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Odur ki, iddia tələbi mümkün sayıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4070/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4070/2025
04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver