Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4072/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (qardaşı) X5 iştirakı ilə, İddiaçı “İddiaçı cavabdeh Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə qarşı “öhdəliyin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək müraciətinin araşdırılması, iş materiallarında olan faktlara polis tərəfindən sübutlar tələb edilməsi, təqsirləndirilən şəxslərin törətdikləri əməllərə hüquqi qiymət verilməsi və iddiaçının polisə müraciətinin təhqiqat və istintaq formasında aparılması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Xətai Rayon Məhkəməsində "qəsdən böhtan atma, maddi-mənəvi və sağlamlığa ziyan vurma" ilə əlaqəli keçmiş həyat yoldaşı X3 və atası X1 qarşi iddia qaldırmışdır. xx.xx.2023-cu il tarixli iş 2(011)4741/2022 saylı Qərardadında işə X8 tərəfindən baxılması tövsiyə olunmuşdur. Sonra iddiaçı xx.xx.2022-ci il tarixində Xətai Rayon Prokurorluğuna müraciət etmişdir. Prokurorluq iş materiallarını baxılması üçün Xətai Rayon Polis İdarəsinə göndərmişdir. Xətai RPİ iş materiallarını aidiyyəti üzrə Xətai Rayon 35-ci Polis Bölməsinə göndərmiş və bu barədə iddiaçıya Xətai RPİ xx.xx.2022-ci il tarixində məktub yazaraq məlumat vermişdir. Daha sonra 2 aydan artıq müddət keçməsinə baxmayaraq, işin baxılmasına dair heç bir məlumat daxil olmadığına görə iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə xx.xx.2022,xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində e-müraciəti olmuşdur. Bundan başqa AR Prokurorluğuna və AR Daixili İşlər Nazirliyinə, Bakı Şəhər Baş Prokurorluğuna, Bakı Şəhər Baş Polis İdarəsinə iddiaçının məktubları və çox saylı elektron müraciətləri olmuşdur. Beləliklə, çox saylı müraciətlərə baxmayaraq, hər dəfə iddiaçıya eyni məzmunlu məktub göndərilmiş və işin Xətai Rayon 35-ci Polis Bölməsi tərəfindən aidiyyəti üzrə baxılacağı, nəticələri haqqında iddiaçıya məlumat veriləcəyi qeyd edilmişdir. İddiaçı dəfələrlə Xətai Rayon 35-ci Polis bölməsinin dəftərxanası ilə əlaqə saxlamış və ona işin icraatda olduğunu bildirmişlər. 35-ci Polis Bölməsi tərəfindən işə baxılmasından 6 ay sonra məktub göndərilmişdir. Məktub xx.xx.2022-ci il tarixdə yazılmış, iddiaçıya xx.xx.2023-ci il tarixdə göndərilmişdir. Nəhayət, Xətai Rayon Məhkəməsi işə X8 baxılmalı olduğunu, Polis Bölməsi isə işə Məhkəmədə baxılmasını tövsiyə etmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçının müraciətinə baxılması və icra edilməsi üçün aidiyyəti üzrə Xətai RPİ-nin 35-ci PB-nə göndərilmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-cü il tarixli məktubda bildirilmişdir ki, X2 iddiaçı barəsində yalan məlumatlar yayaraq, şərəf və ləyaqətini alçaldacaq ifadələr işlədərək, sağlamlığa zərbə vurulması faktı ilə bağlı araşdırma aparılmış, lakin göstərilən xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğu üçün aidiyyatı üzrə müraciət etmək tövsiyə olunmuşdur.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçının keçmiş həyat yoldaşı X4 tərəfindən aliment borcu səbəbi ilə təhqir və sağlamlığa qəsdən zərər vurulması faktı ilə bağlı araşdırılma aparılmış, lakin göstərilən xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğu üçün aidiyyatı üzrə müraciət etməyi tövsiyə olunmuşdur.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan xüsusatlarla bağlı araşdırılma aparılmış, lakin göstərilən xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğu üçün aidiyyatı üzrə müraciət etmək tövsiyə olunmuşdur.
7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan xüsusatlarla bağlı araşdırılma aparılmış, lakin göstərilən xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğu üçün aidiyyatı üzrə müraciət etmək tövsiyə olunmuşdur.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarda qeyd olunmuşdur ki, iddiaçının müraciətində göstərilən xüsusatlar üzrə zəruri araşdırma aparılması məqsədilə toplanmış material ərazi aidiyyəti üzrə Xətai RPİ-yə göndərilmişdir. Müraciətin nəticəsi barədə Xətai RPİ tərəfindən əlavə məlumat veriləcəkdir.
9. Məhkəmə tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli hüquqi yardım haqqında məktubda qeyd olunmuşdur ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası qanununa əsasən: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq bildirir ki, inzibati orqanların inzibati xətalardan irəli gələn fəaliyyətinə inzibati məhkəmə icraatı qaydasında baxılmır.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (qardaşı) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
II. İddianın mümkünlüyü
11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
14. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir.
15. Məhkəmənin hüquqi yardımı hər bir halda onun mümkünsüzlüyünü istisna etməyəcəkdir və işin hallarından asılı olaraq hazırki işdə olduğu kimi mütləq şəkildə iddianın mümkünlüyü ilə nəticələnməyəcəkdir.
16. Eyni zamanda məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi iddia tələbinin olduğu kimi necə ifadə edilməsini şərtləndirmir və inzibati məhkəmə araşdırmasının predmeti olmayan iddialar üzrə və ya digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bildiyi iddianın mümkünsüzlüyünü istisna etməyən hallarda iddia tələbinin (ifadə tərzinin) müəyyən edilməsi ilə bağlı məhkəmənin borcunu nəzərdə tutmur. Qeyd edilən halda məhkəmənin hüquqi yardım göstərmək vəzifəsi inzibati məhkəmə icraatı zamanı iddia tələbinin hansı meyarlara cavab verməli olduğunu izah etməklə müəyyənləşir. Odur ki, məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli məktubla müvafiq hüquqi yardım göstərilmişdir.
17. Məhkəmə hesab edir ki, iddianın məzmunundan görünür ki, hazırki iddia tələbi polisin cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətindən irəli gəlir. Belə ki, hazırda İddiaçı cavabdeh Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin hərəkətsizliyindən şikayət edərək cavabdeh orqan tərəfindən təhqiqat və istintaq hərəkətlərinin aparılmasını tələb edir.
18. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
19. “İnzibati icraat haqqında” Qanunun: 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 3.2-1. Ələt azad iqtisadi zonasında inzibati icraatın həyata keçirilməsi “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər.
20. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 04, 7.2-ci bənd).
21. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd).
22. Odur ki, iddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə (Xətai rayon Məhkəməsinə) və ya prokurorluq orqanlarına müraciət etmək hüququ izah olunur.
23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
24. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva