Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4074/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq : TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0,02 ha (200 kv.m) torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi, torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmış, bu hüquqlarının yaranmasının əsasında torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən sərəncam dayanır. İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyət arasında perimetrik ölçü və sahə fərqi var. Həmçinin, torpaq sahəsinin ayrılmasına dair Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 437 saylı sərəncamının 1-ci bəndində qeyd edilən “İnşaat Təmir Tikinti Kooperativinə” ayrıldığı bildirilən 2,2 ha ümumi torpaq sahəsinin Ayrıcı (yerləşmə vəziyyətini bildirən cizgisi) barədə İdarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir. Belə ki, ayrılması nəzərdə tutulan 0.02 ha torpaq sahəsinin həmin Ayrıc daxilində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, mövcud vəziyyətdə göstərilən torpaq sahəsi şərq tərəfdə yerləşən 110/35/10 kvluq elektrik yarımstansiyasının ərazisinin istinad hasarına bitişik yerləşir və həmin ərazilər yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayan sahələrdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********48 saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş ünvanlanmışdı ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Xətai rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2000-ci il tarixli, 437 nömrəli sərəncamı ilə Gen.Mehmandarov küçəsi 2942-D saylı məhəllədə “İnşaat” TTK-nə yaşayış evləri tikintisi üçün ayrılmış ərazidən İddiaçı 0,02 ha (200 kv.m) ölçüdə torpaq sahəsinin ayrılması və fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə sorğusuna cavab olaraq bildirmişdir ki, “İnşaat” Təmir Tikinti Kooperativinin adına sözügedən ərazidə 2,2 ha torpaq sahəsinin qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Təqdim olunan kadastr məlumatlarına əsasən sahənin bir tək şimal qonşusunun (Bakı şəhəri, Xətai rayonu, R.Əsgərov küçəsi, ev 39) məhkəmə qərarı əsasında qeydiyyata alınmasına dair məlumat mövcuddur və sözügedən əmlak ilə bağlı ilkin hüquqmüəyyənedici sənədlərdə Bakı şəhəri, General Mehmandarov küçəsi, 2942-D saylı məhəllədə “İnşaat” TTK-ya fərdi yaşayış evləri tikintisi üçün ayrılmış ərazidə X2 torpaq sahəsinin ayrılması barədə məlumat vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün aşağıdakı halları əsas gətirmişdir: - “İnşaat Təmir Tikinti Kooperativinə” ayrıldığı bildirilən 2,2 ha ümumi torpaq sahəsinin ayrıcı (yerləşmə vəziyyətini bildirən cizgisi) barədə İdarənin arxiv və elektron bazasında məlumatın aşkar edilməməsi; - Torpaq sahəsinin şərq tərəfdə yerləşən 110/35/10 kvluq elektrik yarımstansiyasının ərazisinin istinad hasarına bitişik yerləşməsi; - Torpaq sahəsinin yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayan sahə olmasıdır. Məhkəmə cavabdeh tərəfindən verilmiş imtinanın əsaslı olub-olmaması istiqamətində dəyərləndirmənin aparılmasını aşağıdaki qanunvericiliyin və normativ hüquqi aktların müddəaları ilə həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır ki, həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində saxlanılan Xətai rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2000-ci il tarixli, 437 nömrəli sərəncamından görünür ki, həmin sərəncam ilə Gen.Mehmandarov küçəsi 2942-D saylı məhəllədə “İnşaat” TTK-nə yaşayış evləri tikintisi üçün ayrılmış ərazidən İddiaçı 0,02 ha (200 kv.m) ölçüdə torpaq sahəsinin ayrılması və fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Göründüyü kimi yerli icra hakimiyyəti öz səlahiyyətləri çərçivəsində mübahisə predmetini təşkil edən 0,02 ha torpaq sahəsini iddiaçıya ayırmışdır. Sərəncamın hüquqi qüvvəsi ilə bağlı qeyd olunur ki, sözügedən sərəncam ləğv olunmadığından, dəyişdirilmədiyindən və hal-hazırda qüvvədə olduğundan, iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən iddia etdiyi torpaq sahəsinə gözlənilən mülkiyyət hüquqları yaranır. Buna baxmayaraq, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtina əsası kimi üç halı əsas gətirmişdir. Məhkəmə hər bir əsasa ayrı ayrılıqda münasibət bildirilməsini zəruri hesab edir. Məhkəmə ilk növbədə cavabdehin imtina əsası kimi istinad etdiyi birinci hala münasibət bildirir. Belə ki, cavabdehin imtinasının birinci əsası – “İnşaat Təmir Tikinti Kooperativinə” ayrıldığı bildirilən 2,2 ha ümumi torpaq sahəsinin ayrıcı (yerləşmə vəziyyətini bildirən cizgisi) barədə İdarənin arxiv və elektron bazasında məlumatın aşkar olunmaması, bu səbəbdən də iddia olunan torpaq sahəsinin ayrıc daxilində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmaması ilə bağlıdır ki, cavabdeh inzibati orqan bu halı əsaslandıra bilməmiş, bu halı təsdiq edən sübutları məhkəmə icraatı zamanı da təqdim edə bilməmişdir. Bundan başqa Məhkəmə qeyd edir ki, hətta torpaq sahəsi ayrıc aktından kənarda yerləşsəydi belə, bu hal vəziyyəti iddiaçının ziyanına dəyişməzdir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-301/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki dəlillərlə bağlı vurğulayır ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində “Avtonəqliyyattexnika” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında A.Qədimlinin adına 27 deyil 22 saylı bağ sahəsinin ayrılmasının qeyd olunması, həmçinin həmin bağ sahəsinin elektron kadastr məlumatlarına əsasən digər bağçılıq-yoldaşlığının – “Avtomobil Nəqliyyat Nazirliyi” təsərrüfatının ayrıc aktının daxilində yerləşməsi iddiaçının təqsiri deyil və qeyd edilən hallar torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh “İnşaat Təmir Tikinti Kooperativinə” ayrıldığı bildirilən 2,2 ha ümumi torpaq sahəsinin ayrıc aktının müəyyən edilməməsini imtina əsası kimi göstərir. Halbuki, “İnşaat Təmir Tikinti Kooperativinə” ayrılan 2,2 ha torpaq sahəsinin ayrıcının olmaması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasına daxil deyil. Bu səbəbdən həmin imtina əsası iddiaçının iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istisna edə bilməz. Son olaraq Məhkəmə vurğulamağı zəruri hesab edir ki, “İnşaat Təmir Tikinti Kooperativinə” ayrılan 2,2 ha torpaq sahəsinə dair ayrıc aktı təqdim olunmadığından, hazırki iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi və ya yerində müayinə keçirilməsi ilə bağlı əlavə tədbirlərin görülməsinə zərurət yaranmamışdır. Məhkəmə cavabdehin imtina əsası kimi istinad etdiyi ikinci hala münasibət bildirir. Belə ki, cavabdehin imtinasının ikinci əsası – iddia olunan torpaq sahəsinin şərq tərəfdə yerləşən 110/35/10 kvluq elektrik yarımstansiyasının ərazisinin istinad hasarına bitişik yerləşməsi ilə bağlıdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, cavabdehin imtinası həmin hissədə də əsassızdır. Belə ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı vaxtda qüvvədə olan 1999-cu il 25 iyun tarixli Qanunla təsdiq edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Eyni tələb 1991-ci il 9 noyabr tarixli Torpaq Məcəlləsinin 81-ci maddəsində də təsbit olunmuşdur. Həmin normaya əsasən, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, sahibləri və istifadəçiləri aidiyyəti üzrə mülkiyyət, sahiblik və istifadə hüququndan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, torpaq sahibləri və torpaq istifadəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarıxli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxari olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 3-cü bəndində qeyd edilir ki, elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin Qaydaların 5-ci bəndində qeyd edilir ki, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində >1≤20 Un, KV gərginliyində 10 metr elektrik şəbəkəsinin mühafizəsi zonası müəyyən edilmişdir. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfındən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6-cı bənd); Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə «Tikinti Normaları və Qaydaları»na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların yolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir (9-cu bənd); Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; Beləliklə, qüvvədə olan qanunvericilik elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadəyə verilməsini istisna etməsə də, mühafizə zonasına aid torpaq sahəsinin istifadəçisi qeyd olunan Qaydaların 12-ci bəndinə nəzərdə tutulmuş işləri elektrik şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan apara bilməz. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Eyni zamanda məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-239/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. “ Analoji hüquqi mövqə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1405/2020 saylı iş üzrə 01 iyul 2020-ci il tarixli qərarında, 2- 1(102)-864/2020 saylı iş üzrə 02 iyun 2020-ci il tarixli qərarında, 2-1(102)-445/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il qərarında da öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, qüvvədə olan qanunvericiliyin və mövcud məhkəmə təcrübəsinin tələblərinə əsasən torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün maneə yaratmır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsinin elektrik yarımstansiyasının ərazisinin istinad hasarına bitişik yerləşib-yerləşməməsindən asılı olmayaraq, bu hal onun mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün maneə yaratmadığından, cavabdehin imtinası həmin hissədə də əsassızdır. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi üçüncü dəlilə münasibət bildirir. Belə ki, cavabdehin imtinasının üçüncü əsası - iddia olunan torpaq sahəsinin yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayan sahə olması ilə bağlıdır. Baxmayaraq ki, cavabdeh iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirmək istədiyi torpaq sahəni yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulan sahə olmadığını bildirsə də, məhkəmə qərarı əsasında həmin torpaq sahəsinin şimalında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində X1 mülkiyyət hüquqlarını qeydiyyata almışdır. Göründüyü kimi cavabdeh mübahisə predmetini təşkil edən torpaq sahəsi ilə bağlı iddiaçıya münasibətdə fərqli mövqeyi nümayiş etdirərək torpaq sahəsinin yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayan sahə olduğunu bildirmişdir. Halbuki, cavabdeh iddia olunan ərazinin şimalında yerləşən torpaq sahəsi ilə bağlı bu halı (torpaq sahəsinin yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayan sahə olması) imtina əsası kimi gətirməmişdir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Məhkəmə qeyd etmək istəyir ki, Bakı şəhəri, General Mehmandarov küçəsi, 2942-D saylı məhəllədə “İnşaat” TTK-ya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 250 kv.m torpaq sahəsi üzərində X1 mülkiyyət hüquqları qeydiyyata alınarkən, cavabdeh həmin torpaq sahəsinin yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulan sahə olub-olmamasını mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsinin yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulan sahə olmaması sübuta yetirilmədiyindən, o cümlədən də qonşuluqda yerləşən torpaq sahəsi üzərində digər fiziki şəxsin mülkiyyət hüquqları qeydiyyata alındığından, bərabərlik hüququnun məfhumu baxımından cavabdehin imtina əsası kimi istinad etdiyi 3 əsas imtina əsası kimi qiymətləndirilə bilməz.İddiaçıya münasibətdə fərqli yanaşmanın tətbiqi Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində əks olunan mövqeyin pozulmasına səbəb ola bilər və iddiaçının digər şəxs ilə müqayisədə bərabərlik hüquqlarının pozulması ilə nəticələnə bilər. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-560/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Analoji mövqe 2-1(102)-557/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında da təkrarlanmışdır. Eyni zamanda Məhkəmə qeyd edir ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifəsidir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirildiyi zaman, eyni zamanda cavabdeh tərəfindən həmin torpaq sahəsinə münasibətdə plan-ölçü sənədinin verilməsi də təmin olunmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 0,02 ha (200 kv.m) torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bunu təsdiq edən çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-4074/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4074/2023
16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver