Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4074/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2019-cu il tarixindən yaşa görə əmək pensiyasının tam ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona xx.xx.2019-cu il tarixindən yaşa görə əmək pensiyasının tam ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2-1(112)-3142/2021 saylı iş üzrə müraciət edərək xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təmin edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixində 2-1(112)3142/2021 saylı iş ilə Bakı İnzibati Məhkəməsi 2-1(103)-278/2022 saylı iş ilə xx.xx.2022-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, 2-1(102)1032-2022 saylı iş ilə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında bildirilmişdir ki, İddiaçı 15 sentyabr 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Bu günə qədər iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrə müraciət etmiş, lakin müraciətlərinə baxılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçıya əmək pensiyasından (330 AZN) əlavə 130 AZN ödəniş edir, lakin bu məbləğ iddiaçını qane etmir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan “keçmiş dövr üçün yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi barədə” xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, əmək pensiyalarının ödənilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsi, Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) ilə tənzimlənir. Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir) göstərilən şərt nəzərə alınmaqla ödənilir.
4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan iddianın mümkünsüzlüyünə dair ərizədə qeyd olunmuşdur ki, iddiaçı iddia ərizəsində ona xx.xx.2019-cu il tarixdən təyin edilmiş yaşa görə pensiyanın əvvəlki illər üzrə fərq məbləğinin birdəfəlik ödənilmədiyini və keçmiş dövr üçün ödənilən məbləğin onu qane etmədiyini bildirmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, icraatda olan 2-1(112)- 4074/2024 nömrəli is üzrə iddia mümkün hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. İstinad olunan Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyqun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki avların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş üzrə icraat materiallardan da göründüyü kimi iddiaçı M.Xasıyevayanın ona xx.xx.2019-cu il tarixdən yaşa görə pensiyanın təyin edilməsi tələbilə məhkəmə mübahisəsi olmuş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)- 3142/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(1121-3142/2021 nömrəli qərarı ilə iddiaçı M.Xasıyevaya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının hal-hazırki tarixə aylıq pensiya məbləği 327,21 manat, keçmiş dövr üzrə pensiya məbləği isə 133,96 manat, yəni ümumilikdə 461,17 manat (327,21+133,96=461,17) təşkil edir və sözügedən məbləğ müvafiq plastik kart hesabına köçürülür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4) qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmaması; 5) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi; 6) prosessual həmiştirakçılığın yol verilənliyi; 7) tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Yəni inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.ldrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Qeyd olunanlarda da aydın olur ki, iddiaçının hazırki tələbi mümkün hesab edilməməlidir. Belə ki, onun tələbi üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3142/2021 nömrəli qərarı qanuni qüvvəsini almış və icra edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1032/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarına əsasən Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021ci il tarixli, 2-1(112)-3142/2021 nömrəli qərarı ilə (hakim A.P.Oruczadə) iddiaçıya 15 sentyabr 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2-1(103)-278/2022 nömrəli qərarı ilə (hakimlər: E.E.Nağıyeva/ sədrlik edən və məruzəçi, C.A.Yusifov və H.Ü.Həmidov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1032/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarı ilə kassasiya şikayəti rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2-1(103)-278/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək qüvvədə olan məhkəmə aktının icra olunmalı olduğunu bildirdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verərək qüvvədə olan məhkəmə qərarı olduğunu və cavabdeh tərəfindən bu qərarın icra olunduğu bildirdi.
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
9. Məhkəmə qərarının icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır.
10. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
11. X1 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X1 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).
12. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
13. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
15. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında təmin edilməlidir.
16. Məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və X1 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının tam və ya lazımi icra edilməməsi məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər.
17. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-3142/2021 nömrəli qərarı ilə iddiaçıya 15 sentyabr 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2-1(103)-278/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1032/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2-1(103)-278/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə hesab edir ki, hazırkı tələb qüvvədə olan məhkəmə qərarının icrası qaydası ilə bağlıdır. Odur ki, iddiaçı məhkəmə qərarının lazımi qaydada icra olunması ilə bağlı iddia ərizəsi deyil, icra qaydasında həmin iş üzrə ərizə təqdim edə bilər.
19. Qeyd edilənlərə əsasən, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
21. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva