Məhkəmə qərarları › İş №2-1(112)-4075/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4075/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4075/2022 07.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının qaraja mülkiyyət hüququ qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının qaraja mülkiyyət hüququ qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 9 avqust 1999-cu il tarixli 254 nömrəli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 77, mənzil 8 yaxınlığında yerləşən sahədə qaraj quraşdırılması üçün icazə verilmişdir. 1999-cu ildən həmin ərazidə qaraj tikilmiş və fasiləsiz olaraq iddiaçının istifadəsindədir. Sözügedən qaraja dair texniki pasport tərtib edildmiş, həmin texniki pasportda qarajın sahəsi 18 kv.m göstərilmişdir. İddiaçı 20 oktyabr 2021-ci il tarixdə həmin qarajın özəlləşdirilməsi ilə bağlı müvafiq sənədləri toplayıb cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sənəd üzrə sahənin və ölçüləri ilə faktiki vəziyyətdə uyğunsuzluq mövcuddur. Cavabdehin 20 oktyabr 2021-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət, müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq onun təqdim etdiyi sənədlərə əlavə olaraq torpaq sahəsinin ayrılması haqda adiyyatı icra hakimiyyəti orqanının qərarı və ayrıc aktı təqdim edildikdən sonra müraciətə baxılacaqdır. İddiaçı hesab edirəm ki, cavabdehin imtinası onun konstitusiyon hüquqlarını pozur. «Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında» Əsasnamənin 12-ci bəndinə əsasən torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir. Həmin Əsasnamənin 13-cü bəndinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir. Eyni zamanda, Əmlak Məsələləri Dövlət Komitəsi imzalanmış müqavilənin surətini yerli icra hakimiyyəti orqanına göndərir. Torpaq sahəsi üzərində alıcının mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi andan yaranır. Vətəndaşların, idarə müəssisə və təşkilatların mülkiyyət hüququ ali qanunumuz Konstitusiya ilə də qorunur. Lakin cavabdeh tərəfindən verilən 20 oktyabr 2021-ci il tarixli imtina məktubu onun hüquq və azadlıqlarını pozur. Bundan başqa, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsindən bir neçə ildir ki, mübahisəsiz, açıq-aydın istifadə nümayiş etdirir. Bununla belə, mübahisəli qeyri-yaşayış sahəsinə verilən sənədlər qanunidir və bu sənədlər səlahiyyətli orqan tərəfindən verilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 146.1, 152.1, 157.2, 158-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.4, 8, 19, 21.2-ci maddələrinə əsaslanaraq, İPM-nin 45 – 46-cı maddələrini rəhbər tutaraq, məhkəmədən Bakı şəhəri Xətai RİH başçısının 9 avqust 1999-cu il tarixli 254 nömrəli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 77, mənzil 8 yaxınlığında yerləşən sahədə qaraja dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində mövcud vəziyyətdə qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki posportun verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı 20 oktyabr 2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, qeyri-yaşayış binasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, göstərilən qeyri-yaşayış binasının (qaraj) sənəd üzrə sahə və ölçüləri ilə faktiki vəziyyətdə uyğunsuzluq mövcuddur. Belə ki, qarajın sahəsi sənədə əsasən 18 kv.m (6.0 m x 3.0 m) göstərilsə də, faktiki olaraq 24.4 kv.m (5.95 m x 4.1 m) təşkil edir. Sözügedən əlavə sahəyə dair iddiaçı tərəfindən hüquq müəyyənedici sənədlər İdarəyə təqdim edilməmişdir. Müvafiq qaraja dair Bakı şəhəri Xətai RİH başçısının 15 noyabr 1999-cu il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 5 mart 2006-cı il tarixli “Qarajların texniki inventarlaşdırma və qiymətləndirilməsinə aid Texniki Pasport” verilmişdir. Bu səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa 12 noyabr 2021-ci il tarixli **********43 saylı cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.9, 8.0.9.2, 8.0.10.1, 10.2, 11-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 4.11.11.5, 4.11.12, 4.18.2-ci bəndlərinə (və əlavəsinə), Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2014 tarixli 302 saylı qərarına əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, həmin qarajın tikintisinə icazə ona şəhid ailəsi olduğuna görə verilmişdir. X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaət göstərərək həlak olmuş və ona “Milli Qəhrəman” adı verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı mddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Laçın rayon VVAQ şöbəsi tərəfindən verilmiş 16 noyabr 1988-ci il tarixli İV-ЖГ seriyalı 447118 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 ilə İddiaçı arasında 16 noyabr 1988-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai RİH başçısının 444 nömrəli 15 noyabr 1999-cu il tarixli sərəncamından çıxarışın surətindən görünür ki, həmin sərəncamla Xətai rayonu, M.Hadi küçəsi, ev 77, mənzil 8-də yaşayan şəhid ailəsi vət. İddiaçı yaşadığı evin yaxınlığında cizgidə göstərilən sahədə (3x6)m ölçüdə qaraj tikintisinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabietinin yanında Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 15 mart 2006-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 77 saylı binanın qarşısında yerləşən və İddiaçı Növruz qızına məxsus olan (Bakı şəhəri Xətai RİH başçısının 444 nömrəli 15 noyabr 1999-cu il tarixli sərəncamına əsasən) sənəd üzrə 18 kv.m, faktiki 24,36 kv.m ölçüdə qaraj sahəsinə texniki pasport verilmişdir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xətai rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPMin 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Xətai rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur – (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - (8.0.9.2) çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, İddiaçı şəhid ailəsi kimi mənzili yerləşən binanın qarşısında qaraj tikintisinə icazə verilməsi barədə RİH-in sərəncamı ləğv edilmədiyindən, geri çağırılmadığından, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtarmadığından, eləcə də başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən mötəbər sayılır. Bununla yanaşı nəzərə alınmalıdır ki, müvafiq dövrdə qeydiyyatı orqanı tərəfindən sözügedən tikiliyə dair iddiaçının adına (lakin 18 kv,m ölçü üzrə) texniki pasport tərtib edilmişdir və həmin sənəd də ləğv olunmamışdır, hazırda qüvvədədir. Müvafiq səlahiyyətli orqan kimi RİH-in belə sərəncamının qəbul edilməsi və texniki pasportun tərtib edilməsi isə, özülüyündə tikilinin iddiaçıya məxsus olduğunu və qanunsuz inşa edilmədiyini təsdiqləyən xüsusatdır. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına görə iddiaçının mərhum X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş, eləcə də iddiaçıya bununla əalqədar şəhid ailəsi statusu təqdim edilmişdir. Qeyd olunan faktiki hal iş üzrə hüquqi dəyərləndirmənin predmetinə aid olmasa da, məhkəmə zərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həm ötən əsrin 90-cı illərində, həm də 2020-ci ilin sentyabr – noyabr aylarında döyüş əməliyyatlarında şəhid olmuş şəxslərə dövlət dəstəyinin davamı kimi xüsusi qrup şəxslər qismində şəhid ailələri üçün nəzərdə tutulmuş dövlət tərəfindən güzəştləri (o cümlədən, torpaq sahəsi ayrılması, mənzil, qaraj tikintisi və s. ilə bağlı) vurğulamağı zəruri hesab edir. Ədalət mühakiməsinin həyata keçirilməsi baxımından hər hansı qrup şəxsə qeyd olunan formada müvafiq güzəştin tətbiqi konkret müəyyən edilməsə belə, məhkəmə ailə üzvünü şəhid vermiş, şəhid ailəsi hesab edilən ailə başçısı torpaq uğrunda şəhid olmuş qadının ailəsinin zəruri ehtiyaclarının ödənilməsi (kirayəyə vermək və s. yolu ilə) baxmından qanuni əsaslarla ayrılan torpaq sahəsində inşa edilmiş müvafiq tikili üzərində sərəncam vermək hüququnun həyata keçirilməsi üçün mülkiyyət hüququnun qeydiyyat alınmasının zəruriliyini də nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Qeyd olunanlara əsaslanaraq məhkəmədə belə qənaət yaranır ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 77, mənzil 8 yaxınlığında yerləşən sahədə tikilmiş 18 kv.m ölçüdə qaraja mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 15, 17-ci maddələrinin tələblərinə ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, qeyri-yaşayış sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “texniki pasport”ün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 77, mənzil 8 yaxınlığında yerləşən sahədə tikilmiş qaraja İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki posportun verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 77, mənzil 8 yaxınlığında yerləşən sahədə tikilmiş qaraja İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki posportun verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar