Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4079/2021 30.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı kompensasiya ödənilməsi tələbinə dair iddiasına ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı Xətai rayon İcra Hakimiyyətinin əməkdaşlarının, xüsusi ilə başçının müavini Etibar Əhmədov və 66 saylı MİSin rəisi Füzulinin ona, ailəsinə və mülkiyyətinə edilən təhdidlərinin qarşısını almaq üçün qərar çıxarılması, onun mülkiyyətinə dəyən zərərin Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Əhmədov Etibar və 66 saylı MİS-in rəisi Fizulinin şəxsi vəsaitləri hesabına bərpa etmələri üçün qərar çıxarılması, söküntü zamanı 66 saylı MİS-in rəisi Fizulinin anası Nəsirova Rubabə və 6 yaşlı qız uşağı İsmayılova Ruqiyyənin qətlinə təşəbbüsünə hüquqi qiymət verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus ünvan 2 ünvanında yerləşən mülkiyyətində olan, şəxsi evinə 01.02.2020-ci il tarixində Xətai rayon İcra Hakimiyyətinn əməkdaşları tərəfindən basqın təşkil edilmişdir. Evinin hasarını, yardımçı tikilini, ikinci mərtəbənin bir hissəsini, mansard və birinci mərtəbəni iki divarını uçurtmuşlar. Evin ikinci mərtəbəsinin qapısını sındırıb, evə girən 66 saylı MİS-in rəisi evin əşyalarını küçəyə atmış, 1200 AZN pulu və 12 qram 583 əyyarlı qızıl boyunbağını oğurlamışdır. Qaz, işıq, su xətlərini kəsmişlər, qaz və işıq sayğacını oğurlamışlar. Ən dəhşətlisi isə odur ki, bu hadisələr evdə olan kiçik yaşlı qız uşağının və anasının gözü qarşısında baş vermiş, onların evdən çıxmasına imkan verməmişlər. Bu hadisəyə dözə bilməyən qonşular cavabdehin əməkdaşlarının qeyri-insani hərəkətlərinə dözə bilməyib, onları hadisə yerindən uzaqlaşdırmışlar. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 4 ünvanında yerləşən xüsusi mülkiyyətində olan talan və viran edilmiş şəxsi evinin tam bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək ididanın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 15.03.2019-cu il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvnanında yerləşən ümumi sahəsi 312.9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan sənədlərdən görünür ki, ərazidə aparılan yenidənqurma və abadlıq işləri ilə əlaqədar Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən bir sıra yaşayış və qeyriyaşayış sahəsinin sökülməsinə zərurət yaranmışdır. Bu və yaxın ərazidə aparılmış sorğulara əsasən Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin yaşayış sahəsinin 1 kv.m-üçün 20 % əlavə hesablanmaqla birlikdə tikilinin yaşayış sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 1000 (bir min) manat, həyət tikilisi sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 300 (üç yüz) manat, qazanxana sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 200 (iki yüz) manat, mansard sahəsinin 1 kv.m-nin alğısatqı orta bazar qiyməti 500 (beş yüz) manat, talvar sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 100 (bir yüz) manat, torpaq sahəsinin 1 sotunun alğı-satqı orta bazar qiyməti 15000 (on beş min) manat müəyyənləşdirilərək, İddiaçı, ünvan 5 ünvanında yerləşən və İddiaçı mülkiyyətində olan 618.0 kv.m tikilisi və 2.5 sot torpaq sahəsi üçün cəmi alacağı təzminat məbləği – 278530 manat təklif edilmişdir. Həmin pul vəsaiti cavabdeh tərəfindən "xxxx" ASCnin Xətai Filialında olan bank hesabına köçürülmüşdür. Ödəniş tapşırığında, ödənişin təyinatı – “Ağ şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi göstərilmişdir. 16.02.2021-ci il tarixli kassa məxaric orderinə əsasən İddiaçı 278530.00 AZN məbləğində vəsaiti təhvil almışdır. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 544 nömrəli, 03.06.2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı Ağ Şəhər Layihəsi ilə əlaqədar BŞİH-ti Başçısının 225 saylı, 10.06.2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturun daha da, inkişaf etdirilməsi üçün bir çox küçə və prospektləri birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin kömçürülməsi zərurəti yaranmışdır. Göstərilən sərəncamın icrası ilə əlaqədar köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai rayon İcra Hakimiyyəti Başçısının 22.05.2017-ci il tarixli, 157 saylı Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Sözügedən sərəncamın icrasının təmin edilməsi istiqamətində 17.02.2017-ci il tarixdə, 52/1 saylı məktubla Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" Qiymətləndirmə (Əmlak Qiymətləndirilməsi) Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmuşdur. "xxxx" Qiymətləndirmə MMC-nin 53/M saylı, 24 fevral 2017-ci il tarixli cavabında qeyd olunmuşdur ki, Xətai rayon Turşu küçəsi üzrə yaşayış evlərinin yaşayış sahəsinin bir kv.m üçün 1000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750.0 manat, əlavə tikililərin 1 kv.m üçün 50.0-350 manat ödənilmişdir. İddiaçı yuxarıda qeyd olunan şərtlər əsasında komissiyaya dəvət olunmuş və fərdi yaşayış evi 278.530 (iki yüz yetmiş səkkiz min beş yüz otuz) manat dəyərində qiymətləndirilərək pul vəsaiti X2 filialına köçürülmüş və həmin vəsaiti müvafiq sənədlərə imza ataraq qəbul etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 5 ünvanında yerləşən, iddiaçının mülkiyyətində olan ümumi sahəsi 618.0 kv.m olan tikili və 2.5 sot torpaq sahəsi Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınmış yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşmüş, əmlakın sökülməsi ilə əlaqədar tikililərin texniki vəziyyətindən və iş həcmindən asılı olaraq sahibkarın obyekti qiymətləndirilmişdir. Qiymətləndirmə nəticəsində 618.0 kv.m olan tikili və 2.5 sot torpaq sahəsinin real bazar dəyəri 278.530 manat müəyyənləşdirilərək, iddiaçıya təklif olunmuş, iddiaçı sözügedən kompensasiya məbləği ilə razılaşmış və həmin kompensasiya məbləğini "xxxx" ASC-nin Xətai filialından almışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mövcud tələbi evin bərpa olunmasıdır ki, hazırki halda işin yuxarıda sadalanan hallarına görə inzibati orqanın üzərinə evin bərpa edilməsi öhdəliyinin qoyulması mümkün deyildir. Bu halda, İPM-nin 71.3-cü maddəsinə əsasən kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, inzbati orqan tərəfindən iddiaçıya artıq kompensasiya ödənilmişdir. Bu hal, məhkəmə iclasında iddiaçının özünün etirafı və işdə olan sənədlərlə öz təsdiqini tapır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehə qarşı irəli sürülmüş hazırki iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 71.3-cü maddəsinə əsasən inzibati aktın icrasının nəticələrini aradan qaldırmaq mümkün olmadıqda, məhkəmə inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X1 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məşhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4079/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4079/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver