Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-408/2020 23.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı kirayə pulunun ödənilməsinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 540) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşıxx xxxxxxxx 2016-cı il tarixdən başlayaraq hər ay olmaqla, onun şəxsi mülkiyyətində olan mənzilin ərazisinə uyğun, orta bazar qiymətləri nəzərə alınmaqla kirayə pulunun (mərburi köçkün çıxana qədər) ödənilməsi və xx xxxxxxxx 2016-cı ildən hal-hazırki günə qədər yığılmış pul vəsaitinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, himayəsində olan qızı, İİ qrup əlil, özü xəstə halda 25 ildir ki, qohumların evlərində, kirayələrdə yaşayırlar. Ona verilən ev məcburi köçkün tərəfindən zəbt edilmişdir. Məcburi köçkünün özünə və ailə üzvlərinə məxsus avtomobilləri, evi, mağazası vardır. Qaçqın və məcburi köçkünün yerləşdirilməsi bir başa cavabdehə aiddir. Ona məxsus şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilindən qanunla nəzərdə tutulmuş qaydada istifadə edə bilmir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(008)-2078/2017 saylı qətnaməsi ilə ilk iddiası təmin olunaraq, X1 və onun ailə üzvlərinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Vurğun küçəsi, 40/41 saylı evin, 14 saylı mənzilindən çıxarılması qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia təmin edilməməişdir. Bu qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-5627/2018 saylı qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Bu qətnamədən narazı qalan cavabdeh Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(202)- 2330/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-5627/2018 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edilərək, bildirilmişdir ki,iddiaçı Cəfərov X6 müraciət etmiş və xx.xx.2019-cu il tarixli cavab verilmişdir. İddiaçının müraciəti onun mənzilində yaşayan məcburi köçkünlərə yaşayış sahəsinin verilməsi ilə bağlı olmuşdur. Həmin müraciətə uyğun olaraq Dövlət Proqramı əsasında onun mənzilində yaşayan məcburi köçkün ailəsinin mənzillə təmin edilməsi məsələsinə qanunla nəzərdə tutulan qaydada baxılacağı bildirilmişdir. İddiaçıya məxsus ünvan 2 mənzil 14 ünvanındakı yaşayış sahəsində müvəqqəti məskunlaşmış Cəbrayıl rayonundan məcburi köçkün X1 və onun ailə üzvləri digər məcburi köçkün ailələri kimi həmin mənzildə müstəqil şəkildə məskunlaşıb, məcburi köçkün ailəsi həmin mənzildə Komitə tərəfindən yerləşdirməyib və eyni zamanda Komitə ilə iddiaçı arasında hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlanmadığından hər hansı öhdəliyin yerinə yetirilməsinin tələb edilməsi tamamilə əsassız və qanunsuzdur. Eyni zamanda başqasına məxsus mənzillərdə müstəqil şəkildə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə görə kompensasiya və ya kirayə haqqlarının ödənilməsi ilə bağlı məsələlərin Komitənin səlahiyyət və funksiylarına aidiyyəti yoxdur, eyni zamanda Komitənin büdcə hesabında bu kimi məqsədlər üçün vəsait nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi dövlət büdcəsi hesabına maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatı dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməz. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin həm ötən illər ərzində, həm də 2019-cu il üçün təsdiqlənmiş xərclər smetasında Respublikanın şəhər və rayonlarında, o cümlədən Bakı və Sumqayıt şəhərlərində xüsusi mülkiyyətdə olan yaşayış və ya qeyri-yaşayış sahəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə görə mülkiyyət sahiblərinə kirayə haqqı və ya kompensasiya ödənilməsi məqsədilə vəsait nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikasının dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız “Azərbaycan . Respublikasının vahid büdcə təsnifatı”na əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Komitə tərəfindən məcburi köçkünlərə yardım və maddi köməklik göstərilməsi yalnız təsdiqlənmiş xərclər smetasına uyğun olaraq həyata keçirilir və təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlardan kənar hər hansı kompensasiyanın ödənilməsi mümkün deyildir. Qeyd edirlər ki, başqasına məxsus mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün Komitə tərəfindən kompensasiya və ya kirayə haqqının verilməsi ilə bağiı məsələlərə görə Komitə heç bir öhdəlik daşımadığından cavabdeh şəxs qismində göstərilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə əsasən məcburi köçkünlər məskunlaşdırılması və başqa yaşayış sahəsinə köçürülməsi məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Bu sahədə qəbul edilmiş Dövlət Proqramına və Dövlət Proqramına edilmiş Əlavələrə uyğun olaraq ölkə ərazisində salınmış yeni qəsəbələrə yalnız həmin Dövlət Proqramında və ona edilmiş Əlavələrdə göstərilən ictimai binalarda və digər obyektlərdə işğaldan sonra müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürülür.Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəri yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Daha sonra təqdim edilmiş siyahı Komitənin, yerli rayon icra hakimiyyətlərinin və məskunlaşma obyektinin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş komissiya tərəfindən bir daha dəqiqləşdirildikdən sonra, təsdiq edilmiş yekun siyahıda göstərilən ailələrin sayına və ailə tərkibinə uyğun olaraq mənzillərin tikintisini sifariş edlir.Yeni tikilən mənzillər Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən qəbul edilmiş Dövlət Proqramında nəzərdə tutulmuş obyektlərdə məskunlaşmış məcburi köçkün ailələri üçün nəzərdə tutulub və həmin ailələrin sayına uyğun tikinti işləri lahiyələndirilərək aparılır. Tikiniti zamanı əlavə mənzil nəzərdə tutulmadığından həmin evlərə digər mənzilə ehtiyacı olan ailələrin sonradan köçürülməsi mümkün deyil.Həmçinin ölkə Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.Azərbaycan Respublikası Prezidentinin 2004-ci il 01 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na əsasən mərhələli şəkildə həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə yaşayış evlərinin tikilməsi nəzərdə tutulmuş və İddiaçı mənzilində məskunlaşmış məcburi köçkün X1 ailəsinin adı da daxil edilmişdir.Həmin Dövlət Proqramına əsasən başqasına məxsus mənzillərdə müvəqqəti məskunlaşan məcburi köçkünlərlə bağlı köçürülmə prosesi həyata keçirildiyi zaman, iddiaçı şəxsin də mənzillində müvəqqəti məskunlaşan məcburi köçkün X1 ailə üzvlərinin də mənzillə təmin edilmsi məsələsinə qanunvericliyin tələblərinə uyğun olaraq baxılacaqdır.Başqasına məxsus mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzildən çıxarılmalarına dair qəbul edilmiş Qərarların icrası ilə bağlı Komitə və Azərbaycan Respublikası Ədlliyə Nazirliyi tərəfindən hökümətə müraciət olunmuş və məcburi köçkünlər mənzillə təmin olunduqdan sonra həmin qərarların icrası həyata keçiriləcəkdir.Həmçinin, ölkə üzrə müxtəlif məhkəmələr tərəfindən 600-dən çox məhkəmə qətnamələri qəbul edilmiş və Komitə tərəfindən hər il həmin qətnamələrə əsasən mənzillə təmin edilməli olan məcburi köçkünlərin evlə təmin edilməsi məqsədilə hökümətə müraciətlər olunur.Ümumiyyətlə məcburi köçkünlərin Dövlət Proqramında nəzərdə tutulandan başqa fərdi və ya növbədənkənar yaşayış sahəsi ilə təmin edilməsi Komitə tərəfindən həyata keçirilmir və Komitənin imkani xaricindədir.Eyni zamanda başqa şəxslərə məxsus mənzillərdə məskunlşamış məcburi köçkünlər müstəqil olaraq həmin mənzillərdə yerləşdiyindən, Komitə tərəfindən yerləşdirilmədiyindən, Komitə ilə iddiaçı arasında hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlanmadığından hər hansı öhdəliyin yerinə yetirilməsinin tələb edilməsinə dair iddia tələbi əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxıla bilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddiaya qarşı təqdim edilmiş etirazı müdafiə edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, tərəflərin nümayəndələrinin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan ərizədən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmişdir. İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2078/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin iş üzrə ilkin iddia təmin edilmiş, X3 və ailə üzvləri arvadı Cəfərova Şövqiyyə Əli qızı, X7 və oğlu X4 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd Vurğun küçəsi 40/41 saylı evin, 14 saylı mənzilindən çıxarılması, X1 İddiaçı qarşı çıxarışın ləğv olunması və istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5627/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə cavabdeh X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(009)-2078/2017 saylı işi üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(1102)-2330/2019 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-5627/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Aşağıdakı qanunvericiliyin normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 2-ci maddəsinə əsasən Komitənin əsas vəzifələri aşağıdakılardır: qaçqınların və məcburi köçkünlərin miqrasiyasının tənzimlənməsində iştirak etmək; qaçqınların və məcburi köçkünlərin mövcud vəziyyəti, ehtiyacları onların ölkədaxili miqrasiyası barədə məlumat toplamaq, təhlil etmək, ümumiləşdirmək və tövsiyələr hazırlamaq; qaçqınların və məcburi köçkünlərin məcburi tərk etdikləri yaşayış yerlərinə qayıtmasına şərait yaratmaq məqsədilə müvafiq dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatlan ilə məqsədyönlü iş aparmaq; qaçqın və məcburi köçkünlər üçün ayrılmış büdcə vəsaitindən səmərəli istifadəni təmin etmək; məcburi köçkünlərin yığcam məskunlaşdıqları yerlərdə və qəsəbələrdə kommunal xidmətlərin yaxşılaşdırılmasını təmin etmək; qanunvericiliklə müəyyən olunmuş qaydada və əsaslarla "qaçqın" və "məcburi köçkün" statusu verilməsi ilə bağlı müraciətlərə baxmaq və müvafiq qərarlar qəbul etmək; öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək; müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Komitəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir:Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir;qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının beynəlxalq və yerli ictimaiyyətə çatdırılmasını aidiyyəti icra hakimiyyəti orqanları vasitəsilə həyata keçirir;qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi üzrə təkliflər verir;qaçqınlar və məcburi köçkünlər üçün mənzil, sosial və texniki infrastruktur obyektlərinin tikintisinə cəlb olunmuş tikinti təşkilatlarının işinə sifarişçi kimi nəzarət edir;qaçqınlar və məcburi köçkünlər üçün zəruri sosial obyektləri olan qəsəbələrin və yığcam yaşayış məntəqələrinin layihələşdirilib tikilməsi ilə bağlı təkliflər verir, onlar üçün iş yerlərinin açılması məqsədilə istehsal infrastrukturunun yaradılmasında müvafiq qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir;məskunlaşma yerləri üzrə qaçqınların və məcburi köçkünlərin uçotunun aparılmasını, onlar haqqında vahid informasiya bazasının yaradılmasını təşkil edir;müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin işlə təmin edilməsi, peşə hazırlığı kurslarının təşkili, onların mikro və kiçik sahibkarlıqla məşğul olmaları üzrə tədbirlər görür; qaçqınların və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdə və repatriasiya dövründə müxtəlif növ reabilitasiya və reinteqrasiya tədbirləri həyata keçirir;işğal olunmuş ərazilər barədə məlumat toplusunun hazırlanması, həmin ərazilərin işğaldan əvvəlki sosial-iqtisadi vəziyyətinin, qaçqınların və məcburi köçkünlərin problemlərinin, ehtiyaclarının, mövcud həyat şəraitinin beynəlxalq və yerli ictimaiyyətə çatdırılması üçün aidiyyəti icra hakimiyyəti orqanları ilə əlaqəli tədbirlər görür; qaçqınların və məcburi köçkünlərin miqrasiyasının səbəblərini təhlil edir, onun tənzimlənməsi üzrə təkliflər hazırlayır və səlahiyyətləri daxilində müvafiq tədbirlər görür;müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin miqrasiyası ilə bağlı işlərin həyata keçirilməsini təmin edir;qaçqınların və məcburi köçkünlərin qəbulu, yerləşdirilməsi və sosial müdafiəsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə tədbirlər həyata keçirir;beynəlxalq qeyri-hökumət təşkilatları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin miqrasiyası sahəsində əməkdaşlıq məsələlərinə dair müəyyən olunmuş qaydada məsləhətləşmələr və danışıqlar aparır;əmək kollektivlərindən, ictimai və özəl təşkilatlardan, xarici dövlətlərdən və ayrı-ayrı şəxslərdən daxil olan, qaçqın və məcburi köçkünlərin ehtiyacları üçün nəzərdə tutulmuş müxtəlif növ yardımların qəbulu, qeydiyyatı, saxlanılması, bölüşdürülməsi və ünvanlı çatdırılması işini müəyyən edilmiş qaydalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə təmin edir;qaçqınlar və məcburi köçkünlərlə aparılan işin vəziyyətinə dair materialları təhlil edir, analitik məlumat hazırlayır və müvafiq kitablar, broşürlər, sorğu-məlumat bülletenləri və s. nəşr etdirir; məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş və Komitənin balansına götürülmüş mənzil fondunun qorunub saxlanılmasını və istismarını təmin edir;qaçqın və məcburi köçkünlər üçün salman qəsəbələrin və yığcam yaşayış məntəqələrinin və həmin məntəqələrdə müəssisələrin, yaşayış və sosial-mədəni obyektlərin yerləşdirilmə sxemini müvafiq qurumlarla razılaşdırmaqla təsdiq edir, müəyyən olunmuş qaydada obyektlərin layihələndirilməsi tapşırığını yerinə yetirir;öz səlahiyyətləri daxilində mənzil, sosial, mədəni-məişət obyektlərinin tikilməsi, qaçqınların və məcburi köçkünlərin müvəqqəti məskunlaşması, işlə təmin edilməsi, onlara torpaq sahələrinin ayrılması ilə bağlı təkliflər hazırlayır; qaçqınların və məcburi köçkünlərin əvvəlki daimi yaşayış yerlərinə qayıtması problemləri ilə məşğul olur, işğaldan azad edilmiş yaşayış məntəqələrinin, qəsəbə və kəndlərin bərpası, kommunikasiya xətlərinin, avtomobil yollarının, elektrik xətlərinin, su və qaz kəmərlərinin, istehsal sahələrinin, sosial obyektlərin normal vəziyyətə salınması sahəsində işləri müvafiq icra hakimiyyəti orqanları, beynəlxalq, yerli qeyri-hökumət təşkilatlan və maliyyə qurumlan ilə qarşılıqlı əlaqədə həyata keçirir;qaçqınların və məcburi köçkünlərin dövlət tərəfindən maliyyə təminatı ilə bağlı dövlət büdcəsi layihəsi üzrə hesablamalarda iştirak edir, bu sahədə təkliflərini aidiyyəti dövlət orqanlarına təqdim edir;qaçqınların və məcburi köçkünlərin şəhər və rayonlarda müvəqqəti yerləşdirilməsini və məskunlaşmasını planlı surətdə təmin etmək üçün onların mənzil-məişət problemləri üzrə layihələrə müvafiq dövlət orqanları ilə birlikdə baxılmasını təşkil edir;qaçqınların və məcburi köçkünlərin məşğulluğunun artırılması, yoxsulluğunun azaldılması və digər problemlərinin həlli ilə əlaqədar məsələləri müvafiq dövlət orqanları və beynəlxalq təşkilatlar tərəfindən keçirilən konfranslarda, seminarlarda və başqa tədbirlərdə müzakirə edir;tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi, obyektlərin istismara verilməsi və vəsaitin xərclənməsi haqqında hesabatlan qanunvericiliyə uyğun olaraq müvafiq orqanlara təqdim edir;səlahiyyətlərinə aid məsələlər üzrə beynəlxalq əməkdaşlığı həyata keçirir, beynəlxalq müqavilələrin (sazişlərin) layihələrinin hazırlanmasında iştirak edir, konfransların, seminarların və s. tədbirlərin keçirilməsini təşkil edir;qaçqınlara və məcburi köçkünlərə onların müraciətləri əsasında mövcud imkanlar hesabına humanitar ərzaq və qeyri-ərzaq yardımının verilməsini təmin edir;qaçqınların və məcburi köçkünlərin ərizə və şikayətlərinə baxır və qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görür;qanunvericiliyə uyğun olaraq digər funksiyaları həyata keçirir. Məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus mənzildə məcburi köçkünlərin məskunlaşması səbəbindən Komitə tərəfindən ona kirayə haqqının verilməsi ilə bağlı tələb irəli sürsə də, başqasına məxsus mənzillərdə müstəqil şəkildə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə görə kompensasiya və ya kirayə haqqlarının ödənilməsi ilə bağlı “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında” Əsasnamədə Komitənin belə bir vəzifə və funksiyaları nəzərdə tutulmamış, bundan əlavə Komitə tərəfindən məcburi köçkünlərə yardım və maddi köməklik göstərilməsi yalnız təsdiqlənmiş xərclər smetasına uyğun olaraq həyata keçirilir və təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlardan kənar hər hansı kompensasiya ödənilməsi mümkün deyildir. Bu səbəbdən də, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-408/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-408/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver